Qəlbimizdə yaşayan kaman ustadı

 

Əsl sənət fədaisi, hər zaman öz kaman ifası ilə qəlblərə sərinlik gətirən, musiqiləri ilə qəlbimizdə yaşayan, vaxtsız dünyadan köçən sevimli kaman ustadı, respublikanın Əməkdar artisti Ədalət Səfərəli oğlu Vəzirovun 70 yaşı tamam olur.

 

1951-ci il aprel ayının 27-də Bakıda, tanınmış qarmon ifaçısı Səfərəli Vəzirovun ailəsində dünyaya göz açan Ədalət Səfərəli oğlu Vəzirov hələ uşaqlıqdan xalq musiqisinə böyük maraq göstərərək, əvvəlcə Bakının 6 saylı uşaq musiqi məktəbinə, 1963-cü ildə isə Bülbül adına orta ixtisas musiqi məktəbinin kamança sinfinə daxil olur. O, burada məşhur kaman ifaçısı, təcrübəli pedaqoq Elman Bədəlovdan dərs alır. 1969-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib, sənədlərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına verərək tələbə adını qazanır. Tələbə ikən Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində və 6 saylı uşaq musiqi məktəbində pedaqoji işlə yanaşı, Azərbaycan Konsert Birliyində, Xalq artisti, dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarovanın ansamblında solist kimi fəaliyyətə başlayır. 1974-cü ildə Konservatoriyanı bitirən 23 yaşlı Ədalət Vəzirov sənət aləmində artıq öz dəst-xətti, ifaçılıq məharəti ilə seçilirsevilirdi.

 

Bakı Musiqi Akademiyasının dosenti kimi Ədalət müəllim öz ixtisası sahəsində elmi-metodiki işlə də mütəmadi məşğul olurdu. O, kamança sənətinin tədrisi ilə bağlı dəyərli elmi əhəmiyyətli müxtəlif metodiki tövsiyələrin, rəylərin, işləmələrin, köçürmələrin müəllifidir.

 

Zakir Bağırovun, Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün konsertlərin ifasına dair metodiki tövsiyələri, bakalavr dərəcəsi alanlar üçün ixtisasmuğam proqramları ilə yanaşı, uşaq musiqi məktəblərində, musiqi texnikumlarında açıq - nümunəvi dərslərin keçirilməsi, sinif konsertlərinin, solo çıxışların təşkili kimi əyani metodiki işlər də Ədalət müəllimin pedaqoji fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Onun yaradıcılığı həm muğam üçlüyü, həm simfonik orkestr ilə solo ifaçılığı, həm də pedaqoji fəaliyyəti ilə çox yüksəklərdə dayanırdı.

 

Ə.Vəzirov dünyanın qırxdan çox ölkəsində solo, muğam üçlüyü və ansamblın tərkibində möhtəşəm konsertlər vermiş və nailiyyətlər qazanmışdır. O, ABŞ, Kanada, İspaniya, Yaponiya, Almaniya, İran, Türkiyə, Fransa, Hollandiya, Tunis, Əlcəzair, Avstraliya, Gürcüstan, Rusiya, Özbəkistan və s. kimi ölkələrdə dəfələrlə konsert proqramı ilə çıxış etmiş, Azərbaycan musiqisini dünyanın bir çox ölkəsində təmsil etmişdi.

 

1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” adı altında keçirilən muğam simpoziumunda xanəndə Simarə İmanovaXalq artisti, görkəmli tarzən Zamiq Əliyevlə birlikdə ən yüksək mükafat olan “QRAN PRİ” mükafatına layiq görülmüşdür.

 

1997-ci ildən Türkiyənin “TEKFEN” Qaradəniz Filarmoniyasının orkestrində Azərbaycan musiqisini öz solo ifası ilə təmsil edən ilk azərbaycanlı kaman ifaçısı məhz Ədalət Vəzirov olmuş, həmin orkestrdə Hacı Xanməmmədovun və Zakir Bağırovun “Kamançasimfonik orkestr üçün konsertini dəfələrlə Türkiyənin ən möhtəşəm konsert salonlarında yüksək ifaçılıq məharəti ilə milyonlara sevdirmişdir. Ədalət Vəzirov 2002-ci ilin oktyabr ayında 51 yaşında dünyasını dəyişmişdir.

 

Respublikanın Əməkdar artisti, məşhur kaman ifaçısı Ədalət Vəzirovun əziz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır.

 

 

 

Elşad DAĞLI,

 

AYB-nin üzvü,

 

Cabir Novruz” Mədəniyyət Fondu mətbuat xidmətinin rəhbəri

 

Respublika.- 2021.- 18 aprel.- S8.