ŞƏHİDİN AD GÜNÜ QEYD OLUNUB

 

Əli Rzalı Yardımlı rayonunun Bilnə kəndində dünyaya göz açıb.  2020-ci ilin yazında həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 2-də döyüş tapşırığnı icra edərkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Şəhidin uyuduğu Bilnə kəndində doğum günü qeyd olunub. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Milli Məclisin deputatı Musa Qasımlı, şəhidin ailə üzvləri,  ağsaqqallar, ziyalılar, kənd sakinləri iştirak edib. Şəhidin məzarı üstünə tər gül dəstələri düzərək unudulmaz xatirəsini ehtiramla yad ediblər.

 

Şəhidin babası Əlihüseyn Paşayev Əlinin keçdiyi qısa, lakin şərəfli ömür yolu barədə danışıb. Şəhidlərin hər birinin həyat yolunun gənc nəslə örnək olduğunu bildirib.

 

Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı müzəffər ordumuzun şanlı qələbəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımlarından, respublikamızda şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açıb. Yardımlı rayonununda da şəhid ailələrinə, qazilərə dövlətimiz tərəfindən xüsusi qayğı göstərildiyini vurğulayıb.

 

Şəhidin dayısı, jurnalist Elşad Paşasoy, ağsaqqal həkim Himayət Mahmudov, şəhid valideynlərindən  Yaşar Nəzərov, Azad Zahidli, Nazim Sultanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisi, polkovnik-leytenant Yusif Əhmədov, Bilnə kənd məktəbinin müəllimi Ələsgər Əsgərov, Yardımlı Xeyriyyə Cəmiyyətinin koordinatoru Əsədulla Sadıqov, Vətən müharibəsində Yardımlı gənclərinin şücaətindən, fədakarlıqlarından, torpaqlarımızın azad edilməsi yolunda canlarından keçməsindən söhbət açıblar.

 

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısından, “Yaşatfondu tərəfindən onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

 

Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Rövşən Süleymanov bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, müzəffər ordumuz qalib gəlib, illərlə düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad edilib, düşmən məğlub olub.  Şəhid ailələri daim dövlətin qayğısı ilə əhatə olunublar. Onlara maddi və mənəvi dəstək göstərilir. Yaxın vaxtlarda Vətən müharibəsinin şəhidlərinin ailələri üçün yeni evlər tikiləcək.

 

Vətənpərvərlik təkcə yaxşı gündə deyil, çətin məqamda da ölkə Prezidentinin, Ali Baş Komandanın yanında olmaqdır, - deyə Rövşən Süleymanov bildirib. Yardımlılı gənclər istər I Qarabağ savaşında, istərsə də  Vətən müharibəsində sözünü canı, qanı ilə deyiblər. Qarabağ uğrunda gedən döyüşlərdə Yardımlı 100-dən çox şəhid verib.

 

Tədbirdə şairlərdən Sakit İlkin, İqbal Nəhmət və Pənah Dumanoğlu şəhidin xatirəsinə həsr etdikləri şeirləri oxuyublar.  Məktəblilərin ifasında şair Elşad Baratın və digər şairlərin şəhidlər haqqında şeirləri səslənib, kompozisiya nümayiş olunub.

 

Şəhidin atası Nuru Rzalı övladının qəhrəmanlığı ilə fəxr etdiyini vurğulayaraq şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 22 aprel.- S.5.