Ekoloji vəziyyəti
yaxşılaşdırmaq dövlətin diqqət mərkəzindədir
22 aprel Yer kürəsi
günüdür
Bəşəriyyət üçün zəruri olan təbiəti çox güman ki, sevməyən insan tapılmaz. Təbiətə nəsə vermək, ona qayğı göstərmək günümüzün ən vacib məsələsidir. Təəssüflə qeyd etməliyik ki, bu gün Yer kürəsi, bizi əhatə edən ətraf mühit qlobal problemlərlə üzləşib. Qlobal istiləşmə, radioaktiv tullantılar, havanın, suyun çirkləndirilməsi, yaşıllıqların məhv edilməsi və s. ətraf mühitin üzləşdiyi problemlərin ən cüzi hissəsidir. Bu problemləri yaradan da, onun zərərini çəkən də insanın özüdür.
BMT-nin ətraf mühit və inkişaf üzrə konfransında qəbul edilmiş Davamlı İnkişaf Konsepsiyasında ətraf mühitin mühafizəsi ilə yanaşı, həm də dünyanın müxtəlif ölkələrində insanla ətraf mühitin qarşılıqlı dialektik vəhdəti, uzun müddətli sosial və ekoloji inkişaf strategiyasının yerinə yetirilməsi nəzərdə tutulur. Konsepsiyada təbiət əlaqələrinin hazırkı mövcud vəziyyəti ilə insan həyatının, fəaliyyətinin, demək olar ki, bütün sahələri öz real əksini tapmışdır. Bu gün təbiət-cəmiyyət münasibətlərinin kəskinləşməsi və pik nöqtəyə çatması bütün beynəlxalq təşkilatların və dünya ölkələrinin çox ciddi narahatlığına səbəb olmuşdur. Doğrudan da, təbiətə göstərilən antropogen təsirlər, ona vurulan ağır zərbələr ekosistemlərin, biosferin və onun amillərinin təbii və normal ahəngini ağlasığmaz dərəcədə pozmuş, bəşəriyyətin həyatını təhlükə qarşısında qoymuşdur.
Daim dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması, son illər dünyada ekoloji tarazlığın pozulması nəticəsində bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri etmişdir. Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq, ölkədə sanitariya mədəniyyətini yüksətmək və s. məsələlər həmişə dövlətimizin diqqət mərkəzində olub və bu istiqamətdə olduqca böyük işlər görülüb. Bu proses ardıcıl olaraq bu gün də davam etdirilir. Ən önəmlisi odur ki, bu tədbirlərin həllinə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində başlanılmışdı. Dahi rəhbərin xalqımız qarşısında saysız-hesabsız xidmətlərindən biri də paytaxtda yaşıllığın, ekologiyanın, əhalinin sağlam həyat tərzinin qorunmasına göstərdiyi diqqət və qayğı olmuşdur. Hələ 1969-cu ildə respublika rəhbərliyinə yeni gəldiyi vaxtlarda Bakı şəhərinin Baş Planının müzakirəsinə həsr olunmuş konfransda çıxış edən ulu öndər Heydər Əliyev paytaxtın yenidən qurulmasını, havanı çirkləndirən, səs-küy yaradan obyekt və müəssisələrin şəhərin kənarına köçürülməsini, bəzilərinin yenidən tikilməsini, bəzilərinin ləğv olunmasını, əhalinin su təchizatının yaxşılaşdırılmasını, şəhərin baş kanalizasiya sisteminin qaydaya salınmasını, yaşıllıqların sayının artırılmasını, çimərliklərin abadlaşdırılmasını və s. bu kimi məsələlərin həllini mühüm məsələ kimi qarşıya qoyurdu. Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-1980-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır.
Bakının yaşıllaşdırılması və onun ekoloji vəziyyətinin sağlamlaşdırılmasında ölkənin birinci xanımı Mehriban Əliyevanın xidməti xüsusi qeyd olunmalıdır. Onun “Hərəmiz bir ağac əkək!” təşəbbüsü indi təkcə paytaxtda deyil, ölkənin hər yerində rəğbətlə qarşılanır, yeni yaşıllıq sahələri yaradılır. Böyüməkdə olan nəslin düzgün ekoloji təcrübə əldə etməsində mühüm rol oynayan “Təmiz şəhər” və “İDEA” İctimai Birliyinin həyata keçirdiyi layihələr də əvəzsizdir.
Yüz ildən çox bir zamanı əhatə edən dövrdə neft sənayesi və digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantıların ərazilərdə toplanması da ekoloji vəziyyətə mənfi təsir göstərmişdir. Bu amilin aradan qaldırılması üçün möhtərəm Prezidentin göstərişinə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və dünya standartlarına uyğun yeni sənaye müəssisələrinin yaradılması prosesi davam etdirilir və bu öz müsbət nəticəsini verməkdədir. Dövlət başçısının diqqəti sayəsində regionlarda da ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədyönlü şəkildə aparılır, bu sahədə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllığın rolu danılmazdır. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, ötən illərdə nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilmiş, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılmışdır. Görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilmiş, o cümlədən 36.1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Bundan başqa 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılmışdır. Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarınlarının payına düşmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşələrin effektiv mühafizəsi, giriş və çıxışlarına nəzarət edilməsi, meşə ərazilərinin yanğından mühafizə olunması məqsədilə Azərbaycan meşələrinin ən yüksək nöqtələrinə kameralar quraşdırılıb. Quraşdırılmış kameralar 360 dərəcə ətrafında fırlanır və vahid mərkəzdən idarə olunur. Bununla da, ərazi daim müşahidə edilir, hər hansı kənar şəxs daxil olduqda, tüstü çıxdıqda dərhal reaksiya verilir. ETSN tərəfindən respublikanın Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarındakı meşələrə kameralar quraşdırılıb. Ölkənin digər ərazilərində də yerləşən meşələrdə kameraların quraşdırılması prosesi davam edir. Eyni zamanda nazirlik tərəfindən plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə “Tədbirlər Planı”nın icrası ilə əlaqədar bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərə başlanılmış, həmin materialların alternativləri, yəni kağız, parça, kətan torbaların istehsalının genişləndirilməsi nəzərdə tutulmuşdur.
Müəssisələrdə ekoloji tədbirlərin genişləndirilməsi, ətraf mühiti çirkləndirən istehsalatlarda zəruri tədbirlərin görülməsi Dövlət proqramlarında nəzərdə tutulan vacib istiqamətlərdən biridir.
“Suraxanı Maşınqayırma Zavodu” ASC də ekoloji problemlərin həllinə dəstəyi daim yüksək qiymətləndirən müəssisələrdən biridir. Zavodda bu məsələlərə mühüm əhəmiyyət verilir, ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilir. Neft və qazçıxarma sənayesində istifadə olunan avadanlıqlar istehsal edilən zavodda əsasən mexaniki emal sexləri fəaliyyət göstərir. Kəsmə və itiləmə dəzgahları abraziv tozları udan toztutucu vasitələrlə təchiz olunmuşdur. Atmosferə atılan zərərli maddələrin mənbələrinin inventarizasiya edilməsi, bu mənbələrdən atmosferə və su axarlarına qaz, maye və ya bərk hissəcik şəklində tullantıların qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda zavodda su itkisinin qarşısının alınması üçün içməli su borularının, siyirtmələrinin yararsız hissələri plastik borularla əvəz edilir, zavod ərazisində yeni şam və meyvə ağacı növləri əkilir , istehsalat və məişət tullantıları zavod ərazisindən daşınır. Mexaniki emal sexindəki toz uducu “Zil-900” qurğusunun yararsız kisələri yeniləri ilə əvəz edilir, boru birləşmələrində hermetik qurğunun effektliyi təmin olunur. Müəssisə ərazisindəki çirkab su axar boru xətləri, quyular təmizlənir ki, bu da çirkab sularının ətrafa yayılmasının qarşısını alır. Müəssisədə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı mütəmadi olaraq əsaslı tədbirlər görülür.
Lakin ekologiya, təbiət, ətaf mühit— onunla bağlı problemlər təkcə ölkələrin, dövlətlərin, dövlət rəhbərlərinin problemi deyil, Yer kürəsində yaşayan hər bir insanın problemidir. Hamımızın ümumi evi olan ana təbiətimizi - torpağımızı, suyumuzu, birlikdə nəfəs aldığımız havamızı qorumaq hər birimizin mənəvi borcudur. Gəlin, nə qədər gec deyil, hər birimiz təbiətə vurduğumuz ziyanın aradan qaldırılmasına çalışaq, təbiətə, ətraf mühitə ögey münasibətimizi dəyişək. Yoxsa, ekoloji problemlərin miqyasının yolverilməz həddə qədər genişlənərək ekoloji fəlakətə çevrilməsi təhlükəsi bütün bəşəriyyət üçün ciddi təhdiddir.
Mehparə ƏLİYEVA
Respublika.- 2021.- 22 aprel.- S.6.