QARABAĞIN YERÜSTÜ SU EHTİYATLARI VƏ ONLARDAN SƏMƏRƏLİ İSTİFADƏ

22 aprel Yer kürəsi günüdür

 

Erməni işğalından azad olunmuş Qarabağ bölgəsi əkinəyararlı münbit torpaqları, qar örtüklü möhtəşəm dağları, dağ aşırımları, çoxnövlü ağaclardan ibarət füsunkar mənzərəsi olan meşəlikləri, yüksəkliklərdə yerləşmiş yaşayış məntəqələri, təmiz havası, çoxsaylı bulaqları və çayları ilə digər regionlardan seçilir.

Qarabağda əhalinin su təchizatında və əkin sahələrinin suvarılmasında kəhriz sularından geniş istifadə olunub. Respublikamızda mövcud olan kəhrizlərin təxminən 70 faizi Qarabağ bölgəsindədir.

 

 

Azərbaycan Respublikasında axan çaylarda illik su ehtiyatları 32,3 kubkilometr qəbul edilir ki, bunun da 10,0 kubkilometri sərhədlərimiz daxilində formalaşır.

Ümumi su ehtiyatımızın təxminən 25 faizi Qarabağ bölgəsindədir, yəni Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir (şəkil 1.)

Qarabağda başlanğıcını Kiçik Qafqazın dağ silsilələrindən götürən çaylarımızdan Tərtərçay, Xaçınçay, Qarqarçay suyunu Kür çayına, Köndələnçay, Quruçay və Həkəri çayları isə suyunu Araz çayına axıdır. Qarabağın yerüstü su ehtiyatları dedikdə əsasən bu çayların illik axın həcmləri və hövzələrində tikilmiş su anbarlarında toplanmış sular nəzərdə tutulur.

Tərtərçay: Mənbəyi Kəlbəcər rayonu ərazisindəki 3120 metr yüksəklikdir. Kür çayına qovuşan yerdə yer səthinin yüksəkliyi 3 metrdir. Çayın su yığdığı sahə, yəni çay hövzəsi 2650 kvadratkilometr, uzunluğu 200 kilometr, hövzənin orta eni 13,2 kilometr, hövzədə yer səthinin orta yüksəkliyi 1820 metrdir. Çayın 31 qolu var, bunlardan 11-i sağ sahildən, 20-si sol sahildən çaya qovuşur. Çayda orta maillik 0,0016-dır. Çay hövzəsinin mənbəyə yaxın İstisu ətrafındakı hissələrdə sərt maillik müşahidə olunur (orta maillik 0,0055). Kəlbəcər rayonu ərazisində çayın sol sahilində Zəlxagöl, Qamışlıgöl, Zəligöl və Qapıgöl adlandırılmış kiçik həcmli təbii göllər var.

Çayda çoxillik orta sərfin qiyməti Suqovuşanda saniyədə 147 kubmetr, maksimal daşqın sərfi saniyədə 647 kubmetr müşahidə olunub.

Suqovuşan su anbarı: 1975-ci ildə istismara verilib. Tərtərçay Turağaçaydan qidalanır. Tam həcmi 5,85 milyon kubmetr, faydalı həcmi 5,21 milyon kubmetrdir. Anbara yığılmış su ilə Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam Ağcabədi rayonlarının ərazilərində 96217 hektar əkin sahələrinin suvarılması nəzərdə tutulub. Anbardan saniyədə 70 kubmetr su Magistral kanala verilir (şəkil 2).

Magistral kanalın uzunluğu 5,2 kilometrdir. Kanalın sonunda saniyədə 50 kubmetr su Sağ Sahil kanalına, saniyədə 20 kubmetr su isə Sol Sahil kanalına axıdılır. Anbar 28 il işğal altında qaldığından bu sistem işlədilməyib. Sağ Sahil kanalı onun təsir zonasında olan ərazilər hazırda Rusiya sülhməramlılarının nəzarət etdikləri sahələrdir. Sol Sahil kanalının təsir zonasında olan ərazilər işğaldan azad edildiyinə görə hazırda bu kanalın yenidən qurulması işinə başlanıb. Sol Sahil kanalından işğalçılar müdafiə səddi kimi istifadə ediblər (şəkil 3).

Sərsəng su anbarı: 1976-cı ildə istismara verilib. Ümumi həcmi 560 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetr, bəndin hündürlüyü 125 metr, suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulan əkin sahələri 144,8 min hektardır. Anbarın yerləşdiyi əraziyə Rusiya sülhməramlıları nəzarət edir.

Xaçınçay: Mənbəyini Hacıyurd, Uyuxlu, Gilqiyas, Çiçəkli Alaqaya yüksəkliklərindən (2100 metr) götürür. Çayın uzunluğu 119 kilometr, hövzəsinin sahəsi 657 kvadratkilometrdir. Çayın 5 kilometrdən uzun olan 12 qolu var. Qollardan 5-i məcranın sağ sahilində, 7-si isə sol sahilindədir. Çay məcrasında Xaçınçay su anbarı 1964-cü ildə tikildikdən sonra çay axını Kür çayına demək olar ki, çatmır. Çoxillik orta su sərfi saniyədə 3,08 kubmetr, maksimal su sərfi isə saniyədə 121 kubmetr müşahidə olunub.

Çay hövzəsində yer səthinin orta yüksəkliyi 1558 metrdir. Xaçınçay su anbarının bəndi tikilən yerdə yer səthinin yüksəkliyi 480 metr, anbarın ümumi sututumu 23 milyon kubmetr, faydalı həcmi 20 milyon kubmetr, suvarma suyu ilə təmin olunan əkin sahəsi 16,8 min hektar, bəndin hündürlüyü 38 metr, su anbarının çay boyunca uzunluğu 2,5 kilometr, eni isə 1,5 kilometrdir. Anbar tam dolduqda su səthinin sahəsi 1,76 kvadratkilometrdir.

Qarqarçay: Xəlfəliçay Zarıslı çaylarının qovuşmasından yaranır. Mənbəyini 2080 metr yüksəklikdən götürür. Çay suyunu Kür çayına çatdırmır Ağcabədi rayonu ərazisində Ağgöl dövlət qoruğunun ətrafında itir. Uzunluğu 115 kilometr, hövzəsinin sahəsi 1490 kvadratkilometr, uzunluğu 5 kilometrdən artıq olan 11 qolu var. Qollardan 5-i sağ, 6-sı isə sol sahildən çaya qovuşur. Hövzədə yer səthinin orta yüksəkliyi 1241 metr, meşə örtüyünün sahəsi 345 kvadratkilometrdir. Qarqarçayın çoxillik orta sərfi saniyədə 1,7 kubmetr, maksimal sərfi isə saniyədə 116 kubmetr müşahidə olunub. Əsasən Şuşa, Xocalı, Xankəndi, Əsgəran, Ağdam və Ağcabədi rayonları ərazisindən axır.

Həkəriçay: Mənbəyini Kəlbəcər rayonu ərazisində 3080 metr yüksəklikdən götürür. Şəlvə və Qoçazsu çaylarının qovuşmasından yaranır. 947,6 metr yüksəklikdə Bazarçayla (Bərgüşadçay) qovuşduqdan sonra suyunu Araz çayına axıdır. Çayın uzunluğu 128 kilometr, hövzəsinin sahəsi 5540 kvadratkilometrdir. Uzunluğu 5 kilometrdən artıq olan 15 qolu var. Bunlardan 10-u sol sahildən, 5-i isə sağ sahildən çaya qovuşur. Çay hövzəsində yer səthinin orta yüksəkliyi 1835 metrdir, hövzədə 248 kvadratkilometr sahədə meşə örtüyü var. Əsasən Laçın və Qubadlı rayonları ərazisində axır. Çay əsasən yeraltı sularla qidalanır. Maksimal daşqın sərfi saniyədə 106 kubmetr, çoxillik orta sərf saniyədə 9,73 kubmetrdir.

Köndələnçay: Başlanğıcını 1780 metr yüksəklikdə yerləşən sahələrdən götürür. Araz çayına tökülən yerdə, mənsəbdə yüksəklik 90 metr, hövzədə yer səthinin orta yüksəkliyi 708 metrdir. Mənbədən Qırmızı Bazar qəsəbəsinə kimi orta yüksəklik 1130 metrdir. Hövzədə 49 kvadratkilometr meşə örtüyü olan sahələr vardır. Maksimal daşqın sərfi saniyədə 90 kubmetr, çoxillik orta sərf saniyədə 0,52 kubmetrdir, çayın uzunluğu 102 kilometr, hövzənin sahəsi 536 kvadratkilometrdir. Füzuli rayonu ərazisində çay üzərində bir-birinə yaxın məsafədə 3 su anbarı tikilib.

Köndələnçay su anbarı I: 1951-ci ildə istismara verilib. Ümumi həcmi 3,7 milyon kubmetr, faydalı həcmi 2,1 milyon kubmetr, anbarın təsir zonasında suvarılan sahə 2,7 min hektar, bəndin hündürlüyü 14,0 metr, anbar tam dolduqda su səthinin sahəsi 4,2 kvadratkilometrdir.

Köndələnçay su anbarı III: 1962-ci ildə istismara verilib, ümumi həcmi 3,9 milyon kubmetr, faydalı həcmi 3,6 milyon kubmetr, suvarılan əkin sahəsi 7,1 min hektar, bəndin hündürlüyü 23,35 metr, su səthinin sahəsi 5,2 kvadratkilometrdir.

Aşağı Köndələnçay su anbarı: 1980-ci ildə istismara verilib, ümumi həcmi 9,5 milyon kubmetr, bəndin hündürlüyü 9,5 metr, faydalı həcmi 9,0 milyon kubmetr, suvarılan əkin sahəsi 6,2 min hektardır.

Quruçay: Uzunluğu 82 kilometr, hövzəsinin sahəsi 512 kvadratkilometrdir. Çayın mənbəyi Böyük Kirs dağında 2320 metr yüksəklikdədir. Araz çayına tökülən yerdə, mənsəbdə yer səthinin yüksəkliyi 108 metrdir. Hövzədə orta yüksəklik 1160 metrdir. Çayın əsas iki qolu var: soldan İkaxçay, sağdan Atautçay. Maksimal sərf Tuğ kəndində saniyədə 41,3 kubmetr, çoxillik orta sərf saniyədə 1,6 kubmetrdir.

Xudafərin su anbarı: Cəbrayıl rayonu ərazisində, Xudafərin körpülərindən bir az yuxarıda tikilib. Su anbarının layihə sənədləri Bakıda hazırlanıb. İran İslam Respublikası ilə Sovetlər dönəmində tikintisinə başlansa da sonradan 1993-cü ildə erməni işğalı ilə bağlı tikintisi yarımçıq qalmışdır. Sonrakı illərdə İran İslam Respublikası tərəfindən bu anbarının tikintisi başa çatdırılmışdır. Hazırda bizim tərəfdə SES binasının tikintisindən başqa, demək olar ki, su anbarında nəzərdə tutulmuş bütün işlər görülüb.

Anbarın layihə göstəriciləri: bəndin hündürlüyü 70,0 metr, üstdən uzunluğu 500 metr, ümumi sututumu 1,61 milyard kubmetr, faydalı həcmi 1,5 milyard kubmetr, hər iki sahildə gücü 100 min kvt olan SES binası.

Hazırda ərazi erməni işğalından azad olunduğuna görə Azərbaycan tərəfindəki SES binasının tikilməsi istiqamətində İran İslam Respublikası ilə danışıqlar aparılır.

Anbarın tikilməsində əsas məqsəd yaz gursulu dövrdə axının müəyyən hissəsini su anbarında saxlamaq yay aylarında Horadiz şəhərindəki Mil-Muğan hidroqovşağını Bəhrəmtəpə hidroqovşağını tələbata uyğun su ilə təmin etməkdir. Mil-Muğan hidroqovşağından hər iki sahilə su verilir. Mil-Muğan hidroqovşağından Baş Mil kanalına su verilir ki, bu kanalın təsir zonasına Füzuli, Ağdam, Beyləqan, Xocavənd, Ağcabədi rayonlarında əkin sahələri su ilə təmin olunur. Bəhrəmtəpə hidroqovşağından isə əsasən Baş Muğan kanalı, Əzizbəyov kanalına su verilir. Xudafərin su anbarının bəndindən 13 kilometr aşağıda hazırda Qız qalası hidroqovşağı tikilir.

Qız qalası hidroqovşağı: Anbarın tikilməsində əsas məqsəd Xudafərin su anbarının SES-dən çıxan suyun sutkalıq nizamlanmasıdır. Torpaq bəndin hündürlüyü 36,0 metr, üstdən uzunluğu 1050 metr, hər iki sahildə SES binasının tikilməsi nəzərdə tutulur. Anbarın ümumi həcmi 60 milyon kubmetr olacaq. Bəndin sağ sol sahillərində hər iki ölkəyə saniyədə 10 kubmetr su ötürəcək magistral kanalların tikilməsi nəzərdə tutulur. Qız qalası hidroqovşağından kanala qəbul edilən su ilə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində 10 min hektar əkin sahəsi suvarılacaqdır.

Qarabağdan axan əsas çayların hövzələrindəki mənbəyə yaxın sahələrdə atmosfer yağıntılarının illik miqdarı və bu sahələrdə olan buxarlanmanın həcmi mənsəbə yaxın sahələrlə müqayisədə kəskin fərqlənir. Məsələn, Cəbrayıl şəhərində yağıntının orta illik miqdarı 415 mm (yəni hektara 4150 kubmetr), Hadrutda 560 mm, Füzuli şəhərində 488 mm, Qubadlı şəhərində 430 mm, Laçın şəhərində 595 mm, Ağdam şəhərində 460 mm, buxarlanmanın miqdarı isə təxminən 378-420 mm intervalında dəyişir. Müqayisə üçün Araz çayı ətrafı düzən hissədə Horadiz şəhərində yağıntının orta illik miqdarı 284 mm, buxarlanma isə 800-900 mm intervalındadır.

Yuxarıdakı rəqəmlərdən aydın olur ki, Araz çayı boyu düzən ərazilərdə, yəni Qarabağ-Mil düzlərində suvarma meliorasiya tədbirləri həyata keçirmədən əkilən bitkilərdən məhsul götürmək mümkün olmur. Qarabağın dağətəyi düzənliklərində suvarma meliorasiya tədbirləri həyata keçirmədən, yəni dəmyə şəraitində dənli bitkilər: buğda, arpa, qarğıdalı, noxuds. bitkilərdən, üzüm və digər meyvə bağlarından nəzərdə tutulan məhsuldarlığı qismən də olsa götürmək mümkündür. Qarabağ bölgəsində yer səthinin yüksəkliyi artdıqca, yəni dağlara doğru becərilən bitkilərdən götürülən məhsulun çəkisi artır.

İşğaldan azad olunmuş Qarabağ bölgəsində əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə etmək məqsədilə yeni suvarma sistemlərinin tikilməsi istiqamətində layihələr həyata keçirilməlidir. Mövcud su anbarlarının və suvarma sistemlərinin təmirinə və ya yenidən qurulmasına ehtiyac vardır.

Digər məsələ isə əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə etmək məqsədilə bölgədə olan çayların hövzələrində əlverişli relyef şəraitində yeni su anbarlarının tikilməsi olacaq.

“Azdövsutəslayihə” İnstitutunda 1989-cu ildə hazırlanmış sənədlərə istinad edərək tikilməsi nəzərdə tutulmuş bəzi su anbarlarının adlarını çəkmək olar: Daşbulaq kəndi yaxınlığında Xocalıçay su anbarı, Tatlar kəndində Quruçay su anbarı, Qubadlı rayonu ərazisində Bərgüşadçay su anbarı, Həkəriçay su anbarı və digərləri.

Qarabağın su ehtiyatlarından səmərəli istifadə olunması istiqamətində həyata keçiriləcək layihələrin əsaslandırılması üçün yeni axtarış-tədqiqat işləri aparılmalıdır.

 

Fərzalı HƏSƏNOV,

Azərbaycan Memarlıq və İnşaat

Universitetinin dosenti.

 

Respublika.- 2021.- 22 aprel.- S.6.