Şeir gövhərinin tacı
NİZAMİ
Qaf dağının boynuna dolanan pəmbə buludlara bürünüb, yaşıl-yaşıl ormanların arxasınca düşərək, söz xəzinəsindən bərli-bəzəkli don geyib heyrətamiz hekayələr, şeirlər, gövhərlər yurdundan qazax elinə gəlib yetişib. Burada qazaxların könlünə dolub, ən gözəl mahnı, şeir kimi karvan-karvan yollardan ötüb, bütün qazax mahalına yayılıb. Bu hekayələrdəki pəri və iblislərin, simurq quşları və əjdahaların, büllur gözlü bulaqların, dəryalardakı balıqların da öz dili, öz vəsfi, öz məqamı vardır. Bu gözəllikləri qələmə alan qardaş Azərbaycan xalqının sevimli oğlu, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, türk dünyasının tanınmış şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünyaya gəlişinin 880 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi.
Nizami Gəncəvinin dünyaya gəldiyi qədim Gəncə şəhəri o dövrdə Yaxın və Orta Şərqdə, Qafqazda ən mühüm ticarət və sənətkarlıq, elm və mədəniyyət mərkəzi sayılırdı. Gəncədə böyük rəngkar, zərgər, xəttat, filosof və memarların yetişməsi onun intibah dövründən xəbər verirdi. Bura həm də digər yerlərdən sənətkarlar, alimlər, şair və fikir adamları gəlib, yaşayıblar. Yaşadığı ailənin nüfuzuna və dövrün tələblərinə görə İlyas ibn Yusif parlaq təhsil almışdı. Yazdığı əsərləri təhlil edəndə məlum olur ki, böyük filosof türk, ərəb və fars dillərinə, dünya ədəbiyyatına, riyaziyyat, astronomiya, astrologiya, kimya, fiqh, tibb, islam fəlsəfəsi ənənələrinə bələd olub, ezoterika, musiqi və təsviri sənət, eləcə də Quranın təfsirini bütünlüklə əxz edib. Xristianlıq, iudaizm, zərdüştlük, türk və İran mifologiyasına dərindən vaqif olub. Onun elm dəryasında bir inci olması, gövhərlər dənizində bərq vurması yazdığı əsərlərdən də bəllidir.
Bizə yadigar qalan beş dastandan ibarət “Xəmsə”də X-XII əsrlərdə İran, Qafqaz, Turan ellərində baş verən ictimai-siyasi hadisələr türk, ərəb və fars dilində böyük ustalıqla və elmi əsaslarla lirik dildə qələmə alınıb. Bu epik və məhəbbət dastanlarında Nizami Gəncəvi özünün iştirakçısı olduğu tarixi məqamlara, həmçinin dövrünün ictimai - siyasi hadisələrinə toxunmaqla, tarixi hadisələri böyük ustalıqla nəzmə çəkir. Həmin dövrlərdə hökmdarların həyatları, onların dövləti hansı üsul-vasitə ilə idarə etməkləri “Xəmsə” divanında toplanan 5 dastanda 60 min beyt, 6 qəsidə, 116 qəzəl, 2 qitə, 30 rübai və digər məsnəvilər şəklində bu günümüzə qədər gəlib çatıb.
Böyük mütəfəkkirin şah əsərləri Şərqdə və Qərbdə poeziyanın inkişafına, yeni nəsil şairlərin yetişməsinə böyük təsir göstərmişdir. Hafiz Şirazi, Cəlaləddin Rumi, Sədi Şirazi kimi böyük dühalar da Nizami Gəncəvinin müasirləri olmaqla yanaşı, həm də onun əsərlərinin təsiri altında poeziya aləminə qədəm qoymuşlar. Məsələn, Füzuli, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Höte, Abay kimi dünya klassikləri də Nizaminin “Xəmsə”sinin sirlərinə vaqif olduqdan sonra, onun bu bənzərsiz əsərinə nəzirələr yazmışlar. Demək olar ki, Şərqdə yetişən bütün tanınmış şairlər Nizaminin kövsər bulağından su içmişlər. Saray Berkedəki qıpçaq şair Qütb 1383-cü ildə şairin “Xosrov və Şirin” poemasını çağatay dilinə tərcümə edib. Onun məktəbindən digər klassiklər də bəhrələniblər. Klassik alman şairi və dramaturqu Yohann Volfqanq Höte Şillerin “Turandot”unun “Yeddi gözəl” poemasının sujet və motivləri əsasında yazıldığını qeyd etmişdir.
Farsdilli ədəbiyyatda bir qayda olaraq, Sədi, Firdovsi, Ənvarini poeziyanın peyğəmbərləri hesab edirlər. Firdovsinin “Şahnamə”sindən təsirlənərək, “Xəmsə”ni yaradan, bununla dünya ədəbiyyatına yeni nümunə - beş böyük dastanın bir arada toplandığı “Beşlik” bəxş edən Nizami Gəncəvi, “Şairlərin peyğəmbəri” sayılan Firdovsini kölgədə qoyub, öz müasirləri və əsrlər boyu ondan təsirlənən ədiblər arasında “Şairlərin Tanrısı” adlandırılıb.
Şərq ədəbi ənənəsinə yeni bir tərz gətirən Nizami Firdovsi və Sənai kimi sələflərinin ədəbi irsinin sadə davamçısı kimi deyil, həm də onu yaradıcı, tənqidi şəkildə inkişaf etdirən və yüksəldən bir mütəfəkkir kimi tanınır. Şair ölməz sevgini, adil və ya qəddar hökmdarların ədalətini və zülmünü, insan hansı mərtəbədə mövqe tutmasından asılı olmayaraq, sadəliyin əsas şərt olduğunu, var-dövlətin insana hər zaman rahatlıq gətirmədiyini, insan ruhunun təmizliyinin hər şeydən üstün olduğunu əsərlərində göstərməyə çalışır. “Xəmsə”yə daxil olan əsərlərində Nizami estetik-fəlsəfi baxışları, ideyaları, ensiklopedik biliklərini poeziya dilinə çevirərək Şərq intibahının mənəvi-estetik dəyərlər tablosunu yaradıb, bəşər ədəbi irsinin, dünya şeir xəzinəsinin dəyərli sərvətinə çevrilib.
“Kömək qapısını aç ey yaradan, Göstər Nizamiyə düz yolu hər an” - deyən qüdrətli sənətkar saray şairi olmadığını göstərir, hökmdarları vəsf etməklə bərabər, həm də sarayın görünməyən üzündə baş verən hadisələri qələmə alır, azad ruhunun bülbül kimi qəfəsdə saxlanmasına imkan vermir. Şeirlərində təsəvvüf izləri aydın görünür. Təsadüfi deyil ki, nücum elminin əbcəd əlifbası ilə hesablananda Nizaminin adının hərflərinin cəmi 1001 nəticəsini verir.
Didaktik-fəlsəfi və lirik ədəbi-fəlsəfi fikirlərlə zəngin olan əsərlərində şair dünyanın və insanın yaranışından, ömür deyilən bir həyatın bir gün bitəcəyindən bəhs edir. Onun fikirlərinə görə insan kainatda ən adil və zəngin varlıqdır. İnsanın xislətində olan sevgi də onu dünyada yaşamağa sövq etdirir. Dünyanın yaranmasına isə sevginin səbəb olduğunu insanlara çatdırmaq istəyir.
“Xosrov və Şirin” dastanında şair insana yaşamaq üçün gərək olan ən fəzilətli xarakterlərdən, düşüncələrdən, ədalətdən söz açır. Zülmün qarşılıqsız qalmayacağına inandırır. Kainatın, yaradılışın da ədalətlə, nizam-intizamla bərqərar olduğunu, hökmdarlara ədalətsizliklərinə və zülmkarlıqlarına görə, Allah tərəfindən cəzalanacağını xəbərdar edir. Nizaminin təbirincə, ədalət insanın yaradılışında onun xislətinə hopdurulan sevgidir. Rəiyyətin haqqını yeyən padşahın xalq tərəfindən sevilmədiyini bəyan edir. İnsanlıq mərtəbəsinin bütün xilqətlərdən üstün olduğunu göstərməyə çalışır. Və bu keyfiyyətləri ibrətamiz hekayətlərlə nəzmə düzərək beytlər şəklində insanın ruhuna axıdır. “Xosrov və Şirin” əsərində ülvi məhəbbətdən bəhs edərkən, Şirinin də gözəlliyini və müdrikliyini xüsusi bir şövqlə vəsf edir. “İsgəndərnamə” əsərində isə hökmdar İsgəndər Zülqərineyi - Makedoniyalı İsgəndərin hökmranlığını, ədalətini, böyük zəka sahibi olduğunu göstərməyə müvəffəq olub. Bu möhtəşəm əsərində şair əslində arzuladığı ideal adil hökmdarın - İsgəndərin bütün müsbət sifətlərini oxucuya göstərməklə, onun düha sahibi, səxavətli, ağıllı, sakit, zehinli, zəhmətkeş olmasını, birinə cəza verdiyi təqdirdə yüz ölçüb-bir biçdiyini, filosof məclislərində oturan, elm adamlarını dinləyən adil bir hökmdar kimi təqdim edir. Böyük qazax yazıçısı Muxtar Auvezov qazax mütəfəkkiri Abayın “İsgəndər” əsərini Nizamidən təsirlənərək yazdığını qeyd edir.
“Xosrov və Şirin” dastanınıın ədəbi qəhrəmanları qədim poeziya ənənələrinin əksəriyyətindən fərqlənir. Bir qadın gözəlliyinin belə tərənnümünə qədim ədəbiyyatlarda demək olar ki, rast gəlinmir.
“Xəmsə”də baş verən vaqeələr macəra dolu hekayətlərlə, rəvayət və maraqlı əfsanələrlə, insanı heyran edən hadisələrlə zənginləşir. Şairin istedadı və böyüklüyü bir də ondadır ki, onun bir qəhrəmanı o birisinə bənzəmir. Hər dövrün öz qəhrəmanı, hər hadisənin öz süjet xətti var. Hətta obrazlar bir-biri ilə fikir, söz yarışmalarına girərək, həqiqətin harada olduğunu axtarırlar. Məsələn, Xosrovla Fərhadı qarşılaşdıran şair, onları bir-biri ilə deyişdirir, bu da qədim türk ənənələrindən gələn danışıq mədəniyyətidir:
Xosrov əvvəl
sordu: “Hardansan, cavan?”
Fərhad
cavab verdi: “Dost diyarından”.
Dedi: “O
diyarda hansı sənət var?”
Dedi: “Qəmi
alıb, canı satırlar”.
Dedi:
“Canı satmaq heç ədəb deyil”.
Dedi:
“Aşiqlərdə bu əcəb deyil”.
Şairin fikirincə, nə olursa-olsun, insanın
qarşısında duran vəzifə yüksək təfəkkürə
və kamilliyə can atmasıdır. O, öz şeirləri ilə
insanların ürəyinə və beyninə məhəbbət,
vəfa, mərhəmət toxumu səpir. Hiyləgərlikdən
uzaq ədalətli cəmiyyət, əməksevər və
namuslu insan yetişməsi üçün hətta qədim
türklərin Ötükən əfsanələrindən də
misallar gətirir, ədalətli bir dünya düzəni olan
cəmiyyəti arzu edən Əbu Nasir Əl-Fərabinin fikirləri
ilə hesablaşdığını obrazların dili, məkanı
və yeri ilə qələmə almaqla həm şair filosof,
şair sənətkar kimi özünün, həm də cəmiyyətin
qarşısına məqsədlər qoyur.
“İsgəndərnamə” poemasında şairin
yaratdığı İsgəndər obrazı öz ölkəsinin
rifahı üçün çalışır. Onun fikrincə,
hökmdar güclü olmadan əvvəl elmli-bilikli
olmalıdır. Ona görə də
İsgəndəri rəiyyəti hesab etdiyi filosofların
arasında göstərir. Ən çətin
məqamlarda, vəziyyətlərdə hökmdar İsgəndər
Ərəstun, Əflatun, Valis, Sokrat, Fərfuryus,
Hörmüzün əhatəsində görünür.
Filosoflarla görüşlərində
sual-cavablar, mülahizələr və mükamilələr əsas
yer tutur. Müharibə səhnələri
belə, bu müzakirələrdə öz yerini elmə verir.
Elm bütün müzakirələrdə qalib gəlir.
Bu söhbətlərin vaqeə olduğu
vaxtlarda da insanın əxlaqlı olması diqqətə
çatdırılır.
İsgəndər dünyanı dolaşıb,
Nüşabənin hökmdarı olduğu Azərbaycana, Bərdə
şəhərinə gəlir. Nüşabə
böyük qonağın şərəfinə ziyafət təşkil
edir və süfrə açır. Onun süfrəyə
yemək əvəzinə daş və inciləri düzməsi
İsgəndəri təəccübləndirir və bunun səbəbini
soruşduqda belə bir cavab alır:
“Daşın
ki boğaza yolu yox daha,
Faydasız,
yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq
neçün?
İndi
ki, yeməyə yaramaz bu daş,
Dünyada onunla ucalarmı baş?
Dəyərsiz
bir daş ki, olmayır yemək,
Onunçün bu qədər zəhmət nə gərək?
Yollardan
daşları almaq lazımkən,
Daşı daş üstünə qoyursan nədən?
“İsgəndərnamə” poemasında şair əsərinin qəhrəmanı İsgəndəri “Firavan şəhər” axtarışına çıxarır. O, bir şəhərə rast gəlir. Şəhər əhli firavanlıq içərisində yaşayır. Bu şəhərin darvazaları, evlərinin qapıları bərli-bəzəkli və qıfılsızdır. İsgəndər şəhərdə yaşayan qocalardan belə bir ideal cəmiyyəti necə qurduqlarını soruşur. Onlar cavab verirlər ki, onların həyat meyarı dürüstlük və sədaqətdir. Onların cəmiyyətində bərabərlik hökm sürür. Belə bir firavan, ədalətli, xoşbəxt cəmiyyətin türk diyarında olması haqqında türk xalqlarının qədim dastanlarında və əfsanələrində yazılıb. Əbu Nasir Əl-Fərabi də özünün traktatlarında təsvir edərək onu “Mənqi el” - “Əbədi el” adlandırır.
N.Gəncəvinin fəlsəfi dünyagörüşü, sosial-utopik baxışları belə deməyə əsas verir ki, o, sözün əsl mənasında orta əsrlərdəki mötəbər türk ideallarını, yaşam tərzini, ədalətini, türk və milli düşüncəsini öz əsərlərində təbliğ edir. Onun bu düşüncələri qədim türk əlyazmalarında bu gün də qorunub saxlanmaqdadır. Nizami türk düşüncə tərzinin, mədəniyyətinin milli sərvətidir, desək yanılmarıq. Şərqin bütün məşhur şair və filosofları, mütəfəkkirləri Nizami yaradıcılığından, dünyagörüşündən, fəlsəfi fikir məktəbindən yararlanıblar. Bu mənada qazax poeziyasının görkəmli imzaları olan Şortanbay, Dulat, Abay, Şəkərim, Şəngerey, Şədi, Məşhur Jusup, Akan Seri, Turmahambet kimi söz ustadları da öz yaradıcılıqlarında mahir zərgər kimi Nizami xəzinəsinin daş-qaşından istifadə ediblər.
Ötən il bütün dünyada 175 illik yubileyi qeyd edilən ulu Abayın da Nizami Gəncəvi irsindən dərindən faydalandığı açıq-aşkar hiss olunur. Abayın “İsgəndər” şeiri də milli ənənələrə uyğun olaraq qələmə alınıb. Böyük mütəfəkkir Abayın əsərlərini oxuyanda şahidi olursan ki, o həqiqətən də, ustadı Nizaminin qoyduğu yol ilə getməyə çalışır, öz yaradıcılığında Nizaminin utopik cəmiyyət ideyalarını, ədalət və firavan dövlət, habelə, insanın elm öyrənməsinin əsas şərt olduğunu təbliğ edir. N.Gəncəvi “Xəmsə”sində Makedoniyalı İsgəndərin adil və mərhəmətli, səxavətli, mərd və qüdrətli obrazını yaratdığı halda, digər padşahların zülmkar və qəddarlıqlarını, ədalətli olmadıqlarını tənqid edir, yaşadığı dövrün real mənzərisini yaradır. Nizami Gəncəvidən ilhamlanaraq, eyni yolu davam edən Əlişir Nəvai də Nizami ideyalarına sadiq qaldığı halda, Abay İsgəndər obrazını yaradarkən onu xəsis, qaniçən, acgöz, qəsbkar kimi qələmə verir, onun müasiri olan Ərəstunu müdrik, ağıllı və ədalətli bir obraz kimi təqdim edir. Yazır ki: “Varı başdan aşan şah olmaqdansa, həyatı dərk edən bir qul olasan”. “Bəndənin doymayan gözü, yalnız bir ovuc torpaq töküləndən sonra doyur” məsəli ilə cəmiyyəti rəzilliklərdən, ədalətsizliklərdən ibrət götürməyə çağırır.
Belə müqayisələri apardıqda görünür ki, Nizami ilə Abay yaradıcılığının qanunauyğun və oxşar cəhətləri çoxdur:
Nizami:
Başlanğıc
da, son da taledir ancaq
Yaxşılıq insandan miras qalacaq.
Abay:
Deməsinlər
həyat bu gün parlaqdır,
Bəşər
bu gün insan, sabah torpaqdır.
Ulu Abaydan sonra yetişən qazax şairləri də
onun yaradıcılıq ənənələrinə sadiq
qaldılar.
1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə
qazax şairləri T.Jarakov, T.Əlimkulov, Q.Ormanov, K.Amanjolov,
J.Sızdıkov, D.Əbilov, A.Jumaqaliyev kimi şairlər
“Leyli və Məcnun” poemasını qazax dilinə
çevirdilər. 1980-ci ildə isə şair
K.Bekkoxin “Yeddi gözəl” əsərini tərcümə
etdi.
Nizami Gəncəvi otuz yaşından sonra
qıpçaq qızı Afaq ilə evləndi. Əsərlərindəki
ən gözəl obrazların simasında gözəl və
məlahətli Afaqa məhəbbət dastanları, şeirlər
həsr elədi. Nizami Gəncəvinin həyat
və yaradıcılığını, şəcərəsini
dərindən öyrənən şair K.Bekkoxin 1974-cü ildə
“Afaqnamə” dastanını yazdı. Qazaxıstanın
K.Kuanışbayev adına Musiqili Dram
Teatrı isə 2019-cu ildə “Leyli və Məcnun” əsərini
səhnəyə qoydu.
Beləliklə,
hər sətri bir hikmət xəzinəsi olan, hər nəsnənin
bu dünyadan köçəcəyini, yalnız sözlərin
yadigar qalacağını söyləyən türk
xalqlarının dahi şairi Nizami Gəncəvi və onun
yaradıcılığındakı ziya insanlıq dünya
durduqca şəfəq saçaraq, könülləri
nurlandıracaqdır.
Beynəlxalq Türk Akademiyası da Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, 2021-ci ili Qazaxıstanda “Nizami İli” elan edib. Bununla bağlı yubiley tədbirləri təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına salınıb.
Akademiya 2018-ci ildə böyük mütəfəkkirin bəzi əsərlərini qazax dilinə tərcümə edib və “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından “Azərbaycan ədəbiyyatı antologiyası”na dahi şairin həmin əsərlərini daxil edib. Bu il isə şairin “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin yer aldığı nəfis tərtibatlı xüsusi nəşr hazırlanıb.
Eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda şairin doğulduğu Gəncə şəhərində Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkil olunması istiqamətində hazırlıq gedir. Orada Nizaminin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir. Bu tədbir çərçivəsində şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən K.Kuanışbayev adına Qazaxıstan Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakı şəhərlərinə səfəri və orada əsərin tamaşaya qoyulması nəzərdə tutulur. Eyni zamanda, 2020-ci il dekabrın 30-da böyük filosof şairin ideyalarını dünya miqyasında təbliğ etmək məqsədilə Bakıdakı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb.
Beləliklə, Nizami Gəncəvi irsinin tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır. Bu baxımdan, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək layihələr əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaqdır.
Darxan KIDIRƏLİ,
Beynəlxalq Türk Akademiyasının prezidenti,
professor.
Respublika.- 2021.- 23 aprel.- S.5.