Yeni turizm infrastrukturu yaradılır

 

Məlum olduğu kimi, aprelin 22-də Abşeron rayonunun  Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm  Kompleksinin təməli qoyulmuşdur. Tədbirdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.

 

Dövlət başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin tədbirdə iştirak etməsini dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirmək olar. Məhz ölkə rəhbərinin 2018-ci il 20 aprel tarixdə imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncama əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması bu diqqətin nümunəsidir. Dövlət Turizm Agentliyi fəaliyyət göstərdiyi qısa müddətdə turizm sənayesinin formalaşdırılması, ölkəmizin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyində olan qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir.

 

Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksi paytaxtdan 59 kilometr aralıqda, Şamaxı istiqamətindəki əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşəcək. Yaradılacaq kompleksin ərazisi “Qılınc” palçıq vulkanları kimi tanınır. Təbii ki, əvvəlcədən əraziyə mütəxəssislər tərəfindən baxış keçirilmiş, müvafiq dəyərləndirmə işləri aparılmış və  yerin turizm imkanları  hərtərəfli şəkildə qiymətləndirildikdən sonra bu ərazidə yeni turizm  kompleksinin tikintisi məqsədəuyğun hesab edilmişdir. Yeni turizm  infrastrukturunun yaradılması “Regionların 2019-2023-cü  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda öz əksini tapmış lahihələrin icrası çərçivəsində reallaşdırılır.

 

Sirr deyil ki, dünyadaOdlar Yurdukimi tanınan respublikamız özünün zəngin neft və təbii qaz resursları ilə məşhurdur. Odur ki, Azərbaycan dünyada palçıq vulkanlarının  nadirklassik inkişaf regionlarından biridir. Ümumiyyətlə, müasir elmə məlum olan 1700-dək palçıq vulkanları mövcuddur ki, onların təxminən 700-ü, o cümlədən 300-ü aktiv olmaqla ölkəmizdə, daha çox Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqında yerləşir.

 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat vermişdir ki, işlənib hazırlanmış konsepsiyaya uyğun olaraq, kompleksin əsas binası yuxarıdan krater şəklində inşa ediləcək. Bununla yanaşı, kompleksin əraizisində emalatxana fəaliyyət göstərəcək, habelə uşaqlar üçün dərslər təşkil olunacaq, sərgi zalı və kafe ziyarətçilərə xidmət edəcəkdir.

 

Agentliyin sədri həmçinin bildirmişdir ki, məhz “Qılınc” palçık vulkanlarının yerləşdiyi ərazidə dünya standartlarına tam cavab verən müasir turizm kompleksinin yaradılması layihəsi bir sıra üstünlüklərə malikdir. Belə ki, yanaşı ərazilərdə yerləşən “Torağay” palçıq vulkanı bu gün dünyanın ən böyük bu qəbildən olan vulkanlarından biridir.

 

Həmçinin, yanaşı yerləşən digər vulkanlara da mənzərənin açılması, turistlərin gəzintisi üçün rahat və əlverişli şərait yaradan üç müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun bitişik ərazidə yerləşməsi kimi faktorlar bu məkanın turizm nöqteyi-nəzərdən əhəmiyyətini daha da artırır.

 

Ümumi sahəsi 12 hektar təşkil edən turizm kompleksində müxtəlif əyləncə məkanların fəaliyyəti, piyada yürüş yollarının təşkili, zipline və baxış qülləsinin turistlərin ixtiyarına verilməsi planlaşdırılır. Gələnlərin asudə vaxtlarının rahat və səmərəli keçməsi üçün avtodayanacaq, suvenir dükanı, habelə müalicəvi vannalar da nəzərdə tutulmuşdur.

 

Əraziyə yaxın yol infrastrukturunun yenidən qurulması məqsədilə Qobustan qoruğundan “Qılınc” və ətrafda yerləşən vulkanlara rahat gediş-gəlişi təmin edəcək, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm klasterinin yaranması ilə nəticələnəcək 20 kilometrlik müasir yol şəbəkəsinin formalaşdırılması nəzərdə tutulmuşdur.

 

Ümumiyyətlə, son illər ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Görülən işlər, həyata keçirilən zəruri tədbirlər nəticəsində turizm qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməkdədir, lakin ötən ilin əvvəlindən dünyanı bürümüş pandemiya səbəbindən Azərbaycanda da bu sahə çətinliklərlə üzləşmişdir. Çünki koronavirus xəstəliyinin geniş yayılması ölkələrarası sərhədlərin bağlanması və bir sıra qadağaların tətbiq olunması ilə nəticələnmişdir.

 

Azərbaycanın  zəngin tarixi, mədəni və təbii irsi, günəşli təbiəti, dənizi, mineral su qaynaqları, dünyada yeganə müalicəvi əhəmiyyəti olan  Naftalan nefti, qədim memarlıq abidələri,  özünəməxsus mədəniyyəti, milli mətbəxi, o cümlədən dünyadakı 11 iqlim qurşağından 9-nun respublikamızın ərazisində olması turizmin bir çox növlərinin inkişafına imkan verir. Bunların sırasında işgüzar, müalicəvi, ekzotik, çimərlik, idman, dağ xizəyi,  kənd turizmis. əsas yer tutur. Aprelin 22-də Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulması isə ölkəmizdə turizmin yeni bir  növünün yaradılmasından və inkişafından xəbər verir. Əlbəttə, kompleks istifadəyə verildikdən sonra bura istər ölkə sakinləri, istərsə də xaricdən  gələnlər üçün maraqlı turizm məkanına  çevriləcəkdir.

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2021.- 24 aprel.- S.3.