Qəhrəman igidlərimizin qanı yerdə
qalmadı
Mübaliğəsiz demək olar ki, bütün dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünün, iradəsinin, birliyinin şahidi oldu. Düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənib, istehkamlar qurub, səngərlər, sığınacaqlar qazmışdı. Bütün bunlara baxmayaraq, rəşadətli Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni ağır və biabırçı məğlubiyyətə uğradıblar.
Qanlı döyüşlərdə Sərhəd Hüseynov da qorxmaz və igid əsgər kimi tanınıb. Döyüş əməliyyatlarının qızğın çağında, sentyabrın 29-da iki yaralı yoldaşını xilas edir, üçüncü yaralını da atəş altından çıxararkən Sərhəd düşmən tərəfindən vurulur.
Aprelin 21-də şəhidin
25 yaşı tamam olub. Ailəsi, əzizləri, dostları,
həmyerliləri ad gününü
onsuz qeyd ediblər. 1996-cı ildə Füzuli rayonunun Yağlıvənd
kəndində dünyaya
göz açan Sərhədi indi bütün ölkə tanıyır.
Uşaqlıqdan Sərhədin ən böyük arzusu hərbçi kimi torpaqlarımızı işğaldan
azad etmək olub. O, həqiqi hərbi
xidməti bitirdikdən
sonra da müddətdən artıq
Vətənin keşiyində
dayanıb. Ermənistanın təxribatlarına qarşı əks-hücum
əməliyyatlarında Sərhəd
həmlə qrupunun tərkibində döyüşlərə
atılıb. Onun döyüş
yolu da elə
ata-baba yurdu Füzulidən başlayıb.
Gərgin döyüşlərdə düşmənə ağır
zərbələr endirilməsində
Sərhəd və döyüşçü yoldaşları
əsl şücaət
göstəriblər.
Şəhidin anası Sevda Həsənova deyir ki, övlad itkisi nə qədər ağır olsa da, təsəllim
odur ki, şəhidlərimizin intiqamını
qəhrəman ordumuz döyüş meydanında
aldı. Şəhidlərimizin qanı yerdə
qalmadı. Şəhidin əmisi Adil Həsənov da Sərhədin qəhrəmanlığı
ilə fəxr etdiyini bildirir. Deyir ki, igid oğullarımızın
qanı bahasına Qarabağ düşmən
tapdağından azad olunub. İkinci Qarabağ müharibəsi
bizim şanlı tariximizdir. Xalqımız bu müharibə
ilə bağlı qürur hissi keçirir.
Sərhəd Hüseynov döyüşlərdə
göstərdiyi şücaətə
görə ölümündən
sonra “Cəsur döyüşçü” və
“Vətən uğrunda”
medalları ilə təltif olunub. Hər bir şəhid ailəsi kimi Sərhədin də ailəsi dövlət qayğısı ilə əhatə olunub.
Salman
ALIOĞLU
Respublika.- 2021.- 24 aprel.- S.4.