Ölüm var ki, həyat qədər dəyərli...
Vətənə olan sevgi insanın ən ülvi, ən müqəddəs duyğusudur. Bu sevgi ana südü ilə verilir hər birimizə, “Vətən anadır” kəlməsi ilə böyüyürük hamımız. Ayaq tutub bu torpağın üstündə addımladıqca, havasını udub, suyunu içdikcə bütün varlığımızla bu yurda, bu torpağa bağlanır, ata-babalarımızın qanı ilə yoğrulan, əcdadlarımızın əmanəti olan torpağa “Ana Vətən” deyirik. Tarix boyu Ana Vətənin ər oğulları, sinəsini Vətənə sipər edib, yurdunun bir ovuc torpağını canından əziz tutan qəhrəman övladları bu torpağı göz bəbəyi kimi qorumağı, uğrunda canından keçməyi müqəddəs borc biliblər özlərinə. Torpağı Vətən edən oğullar vətən sevgisinin gücü, vətən məhəbbətinin atəşi ilə kül edib yağı düşmənin bağrını.
Bu dəfə də Vətənin qəhrəman oğulları elimizə, obamıza qələbə ərməğan etdilər, illərlə içimizdə böyüyüb qol-budaq atan torpaq nisgili, Vətən yarasına məlhəm çəkdilər. Səsimizdə, sözümüzdə, həsrətimizdə, ağrı-acımızda harayladığımız, illərdir həsrətində olduğumuz, ürəyimizdə qubara çevrilən düşmən caynağındakı ata-baba torpaqlarımıza qovuşdurdular bizi. Güclü dövlət, iradəli, yenilməz xalq olaraq son sözümüzü deməyi, lazım gələrsə Vətən yolunda canımızdan keçməyi bacardıq. Haqqın, ədalətin, Vətənə olan məhəbbətin zəfərinə əmin olduq.
44 günlük hərbi əməliyyatlar xalqımızın uzun illər həsrətində olduğu qələbə ilə sonlandı. Ordumuzun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı böyük zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu tarixi yazan oğullar qanları-canları bahasına torpağımız uğrunda döyüşüb ən ali, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaldılar. Vətənin igid oğulları gözlərini qırpmadan canlarını fəda etdilər Vətən yolunda. Azadlığımız, qürurumuz, qalibiyyətimiz uğrunda canlarından keçdilər. Vüqarı, gücü, əzmi ilə sinəsini sipər edərək Azərbaycanın şanlı tarixini qanları ilə yazan, bu torpaq, bu yurd, bu xalq yolunda ərlik, kişilik zirvəsini fəth edən qəhrəman oğullarımızın rəşadəti sayəsində Odlar yurdu Azərbaycan haqlı olduğunu, qalib olduğunu dünyaya bəyan etdi. Vətəni ürəklərində yaşadan Vətən oğulları isə xalqın ürəyində əbədi məskən saldılar.
Uşaqlıqdan hərbçi olmaq arzusunda olan Mayis Yaqubov da ürəklərdə öz taxtını qurmağı bacaran mərd oğullarımızdan biridir. 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olan Mayis hələ 14 yaşında hərbçi olmaq istəyi ilə C. Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Akademiyada 4 il hərbin sirlərinə daha dərindən yiyələnir. Ali təhsilini başa vurduqdan sonra erməni dilini mükəmməl bilən Mayis Yaqubova akademiyada qalıb müəllim işləmək təklif olunur. Lakin təbiətcə sakit, sirr saxlamağı bacaran, qorxmaz, ölümün gözünə dik baxan, düşmənə qan uddurmaq, axırına çıxmaq üçün onun dilini belə mükəmməl öyrənən Mayis bu təklifi qəbul etmir və uşaqlıqdan ən böyük arzusu olan hərbi xidməti - kəşfiyyatçı olmağı üstün tutur. İlk hərbi xidmət yolu isə Naxçıvandan başlayır Mayisin. Bu müddət ərzində xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafata layiq görülən M.Yaqubov Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olur. Elə Vətən müharibəsinə də Naxçıvandan Xüsusi Təyinatlı Qüvvələrin tərkibində yollanır. Uşaqlıqdan idmanın bir neçə növü ilə məşğul olan 22 yaşlı kəşfiyyatçı təkcə silahla deyil, həm də qolunun gücü, qüvvəti, eyni zamanda uzaq məsafədən sərrast bıçaq atışı ilə düşməni məhv edirdi. Hadrut uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Mayisə cəbhə yoldaşları “əjdaha” ləqəbi vermişdilər. Hadrut alındıqdan sonra isə Füzulinin alınmasında da yaxından iştirak edir. Qələbəyə doğru inamla addımlayan qorxmaz, cəsur, düşmənə qan udduran, işğal olunmuş torpaqlarımızın azad olunmasında şücaət göstərən kəşfiyyatçı leytenant Mayis Yaqubov oktyabr ayının 17-də Xocavənd rayonunun Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olur. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı leytenantı Yaqubov Mayis Rəhim oğlu Hadrut, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Etibar Yaqubov qardaşı haqqında fəxrlə danışır: “Mayis təbiətcə çox sakit idi. Dünya tarixinə aid kitabları çox sevər, döyüş filmlərinə böyük həvəslə baxardı. 14 yaşından C. Naxçıvanski adına hərbi məktəbdə oxuduğundan çox az görürdük bir-birimizi. Amma bir-birimizə o qədər bağlı idik ki .... Mayis yaşca məndən böyük idi və böyük qardaşlığını hər yerdə hiss etdirər, düzgün yol göstərməyə çalışardı hər zaman. Bu dəfə də Vətəni, torpağı necə böyük ürəklə, məhəbbətlə sevməyi öyrətdi mənə. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parada hazırlıq zamanı təlimlərdə qardaşımla çiyin-çiyinə addımladığımız gün həyatımın ən gözəl günü idi. Mayisə baxdıqca, onun yerişində, duruşundakı mətinliyi, əzmi gördükcə ürəyimdə bir fəxarət, qürur hissi oyandı o gün. Sən demə, fəxr edəcəyimiz, qürur duyacağımız günlərimiz hələ qabaqda imiş. Mayis cismən yanımda olmasa da onun arzuları, istəkləri, məsləhətləri hər an mənimlədi. Onun ən böyük arzusu torpaqlarımızın yağı düşməndən azad olunması idi. Çox şükürlər olsun ki, Ali Baş Komandanımız başda olmaqla Mayis kimi oğulların sayəsində düşmənə qalib gəldik. Qardaşımın ən böyük arzusu yerinə yetdi. Valideynlərimin də ən böyük təsəllisi torpaqlarımızın düşməndən azad olunmasıdır. Əminik ki, Mayisin ruhu şaddır”.
Səni gözləyən gözlər yollardan yığılmayacaq, Mayis. Doğmalarının göz yaşına, ürəyinin ağrısına, dilinin ağısına, hər şeydən öncə isə Vətəninin fədaisinə çevrildin sən. Ürəyində Vətən, millət, bayraq sevgisi yaşadaraq ölümə meydan oxudun. Lakin elə bir zirvəyə ucaldın, elə bir zirvəni fəth etdin ki, o zirvədən baxanda fəxarət hissi hər acıya qalib gəlir. Qalibiyyətin mübarək, Şəhidim.
Xaqani KOSAYEV
Respublika.- 2021.- 24 aprel.- S.4.