Şəhidin xatirə bulağı

 

Bu günlərdə Göyçay rayonunun Qaraman kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Xəyal Zeynəddin oğlu Həsənovun doğum günü münasibətilə inşa edilmiş xatirə bulağın açılışı olub. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı M.Səlimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri, ağsaqqallar, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

 

Şəhidin məzarı önünə gül-çiçək dəstələri düzülüb, qəhrəmanın xatirəsi etiramla yad edilib.

 

Xəyal Həsənov 2020-ci il oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xəyal Zeynəddin oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Dövlət bayrağı və əklillərlə bəzədilmiş xatirə bulağının ətrafında bir araya gələn tədbir iştirakçıları şəhidin Vətən müharibəsində göstərdiyi fədakarlıqdan söz açaraq, eyni zamanda Göyçay rayonundan müharibədə iştirak etmiş igidlərin də döyüş yoluna işıq salmışlar.

 

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razılıq bildirərək, ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ünvanlamışlar.

 

Maarif RZAYEV

 

Respublika.- 2021.- 24 aprel.- S.4.