Qondarma erməni soyqırımına aparan yol

 

Real tarixi faktlar bu saxtakarlığı tam ifşa edir

 

“Erməni məsələsi” Osmanlı imperiyasını bölüşdürmək məqsədilə Qərb dövlətləri tərəfindən gündəliyə gətirilən “Şərq məsələsi”nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış, 3 mart 1878-ci il tarixli San-Stefano müqaviləsində və 13 iyun 1878-ci il tarixli Berlin Konqresində rəsmiləşdirilmişdir. Türkiyədə ermənilərin yaşadıqları vilayətlərdə islahatlar aparılmasını təsbit edən bu qərarlar, əslində maraqlı dövlətlərə Türkiyənin daxili işlərinə qarışmaq və erməniləri silahlı üsyanlara təhrik etmək məqsədini daşıyırdı. Bir-birinin ardınca erməni siyasi partiyaları yaranmış, onların silahlı dəstələri meydana çıxmışdı. XIX əsrin 90-cı illərindən etibarən Türkiyədə ermənilərin kompakt yaşadıqları ərazilərdə aramsız silahlı üsyanlar baş qaldırmışdı.

 

 

XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın xüsusi maraqları var idi. Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti Birinci Dünya müharibəsinın əvvəllərindən etibarən ağırlaşmışdı. Rusiyanın boğazlara və İstanbula (Konstantinopola) yiyələnmək uğrunda mübarizəsi yenidən baş qaldırmışdı və “Şərq məsələsini” öz xeyrinə həll etmək istəyirdi. 1913-cü ildə Rusiya da “məzlum ermənilərin” müdafiəsi uğrunda açıq çıxış edərək Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdü. Türkiyə hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər Şərqi Anadolunun 6 vilayətində “Ermənistan” dövləti yaratmaq istəyirdilər.

1914-cü ilin sonunda Qafqazda tərkibində 10 min silahlını birləşdirən dörd könüllü erməni drujinası yaradılmışdı və onların Şərqi Anadoluya hücumundan ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistanı” azad edib müstəqil dövlət qurmaq fürsətini əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək türkləri məhv etməyə başlamışdılar. Aparılan araşdırmalar nəticəsində həmin bölgədəki müsəlman kəndlərində yüzlərlə toplu məzarlıqlar aşkar edilmişdir. Maraqlıdır ki, Şərqi Anadoluda ermənilər yaşamış kəndlərdə bir dənə də olsun ermənilərə aid toplu məzarlığın izinə rast gəlinməmişdir. Bunları o zaman erməni iddialarının doğruluğunu sübut etmək üçün ABŞ prezidentinin tapşırığı ilə Şərqi Anadoluya göndərilən general Harbordun başçılıq etdiyi missiya da təsbit etmişdi.

Türkiyə hökuməti ermənilərin türk ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə məcburiyyət qarşısında qalıb müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanılmışdı. Köçürmə şərtləri o dövrün imkanlarına görə ədalətli idi və hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Bu, o demək idi ki, Osmanlı dövləti mülki erməni əhalisinə qarşı ədalətlə davranmış, əslində onları qorumuşdu.

Ermənilər hər il aprelin 24-nü “soyqırımı günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri Tələt paşa əmr imzalamışdı. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, bu əmrin veriləcəyindən əvvəlcə xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin.” Həmin teleqram aprelin 24-də, yəni əmr imzalanan günü artıq ABŞ prezidentinə çatdırılmışdı.

Əslində, ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, yuxarıda qeyd etdiyimiz köç haqqında qərardan sonra onların “Ermənistan” dövlətini yaratmaq istədikləri 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma enmiş, bununla da onların dövlət yaratmaq iddiaları puç olmuşdu.

Əgər 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımı törədilmiş olsaydı, məntiqlə, həmin ərazilərdə ermənilərin kökü kəsilmiş olmalıydı. Lakin istər I Dünya müharibəsi dövründə Şərqi Anadolunun işğalı zamanı, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsindən istifadə edən ermənilər Şərqi Anadoluda və Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı əsl soyqırımı törətmişlər. Avstriya tədqiqatçısı professor Erix Fayql Balkanlardan tutmuş, Qafqaz və Şərqi Anadolu daxil olmaqla böyük bir coğrafi məkanda 1915-1918-ci illərdə erməni yaraqlılarının 2,5 milyon müsəlmanı qətlə yetirdiyini göstərir.

Sovet hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdir. Əgər ermənilər Türkiyədə “soyqırımına” məruz qalmış olsaydılar və yaxud həmin ərazilərdən təmizlənsəydilər, onda belə dekret verməyə heç ehtiyac belə qalmazdı. Bu dekret Türkiyə ərazisində erməni dövləti yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermənilər 1918-20-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş, Qars vilayətinədək böyük bir ərazidə türklərə qarşı soyqırımı həyata keçirmişdilər. Məcburiyyət qarşısında qalan türk ordusu iki ildə - 1918-ci və 1920-ci illərdə həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmişdi.

1921-ci ildə Qars müqaviləsinin imzalanmasından sonra Türkiyə ilə Ermənistan arasında mehriban qonşuluq münasibətləri yaranmışdı. Həmin vaxtlarda rəsmi İrəvan Türkiyəyə qarşı hər hansı iddia irəli sürməmişdi. 1965-ci ildən etibarən “soyqırımı” iddiası erməni lobbisinin və Türkiyəyə qarşı təzyiq göstərmək, onu nədəsə güzəştə getməyə vadar etmək istəyən dövlətlər tərəfindən vaxtaşırı olaraq qabardılır.

Bəs Türkiyədə ümumilikdə

qədər erməni yaşamışdır?

1914-cü ildə Tiflisdə dərc olunan “İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin xəbərləri” seriyasının XXII cildinin 2-ci buraxılışı toplusunda A.Arakelyanın 22 may 1913-cü ildə adıçəkilən cəmiyyətin ümumi yığıncağında etdiyi məruzəsinin mətni çap olunub. Məruzə belə adlanır: “Kiçik Asiyanın erməni əhalisinin statistikası”. A. Arakelyan yazır ki, o, həmin məqaləni yazarkən Türkiyə, Avropa və erməni mənbələri vasitəsilə Asiya Türkiyəsində, xüsusən də islahatlar keçirilməsi tələb olunan 6 vilayətdə ermənilərin sayını müəyyən etməyi qarşısına məqsəd qoymuşdur.

Müəllif əvvəlcə 1878-ci ildə erməni patriarxlığı tərəfindən Berlin konqresinə ermənilərin sayı barədə təqdim edilən və yuxarıda qeyd olunan statistik rəqəmləri sadalayır. Sonra o, 1892-1894-cü illərdə Vital Cuinetin Parisdə dərc edilən dörd cildlik “Sarı kitab”ından ermənilərin sayı barədə statistik rəqəmləri təqdim edir. 12 il Türkiyədə ermənilərin yaşadıqları ərazilərdə ekspedisiya aparan V. Cuinet Şərqi Anadolunun 6 vilayətində 666.435, digər ərazilərdə isə 448.576 erməninin, yəni Kiçik Asiyada cəmi 1.115.011 erməninin yaşadığını təsbit etmişdir.

A. Arakelyan yazır ki, alman missioneri İohann Lepsiusun 1913-cü ildə “Der Christliche Orient” jurnalında dərc etdirdiyi məqaləsində isə Asiya Türkiyəsində yaşayan ermənilərin sayı 1.181.066 nəfər göstərilmişdir. Nəhayət, A. Arakelyan yenidən erməni mənbələrinə müraciət edir. O, göstərir ki, 1912-ci ildə Balkanlarda müharibənin başlanması yenidən erməni məsələsini gündəliyə gətirmişdir. Türkiyə tərəfi bir daha erməni əhalisinin sayının islahatlar aparmaq üçün yetərli olmadığını iddia etmişdir. Bundan sonra Türkiyədəki erməni patriarxı (xatırladırıq ki, ermənilər bir qayda olaraq həm də kilsələrdə siyahıya alınırdılar) ermənilərin sayı barədə daha dəqiq statistika təqdim etmişdir. Həmin statistikaya görə, 6 vilayətdə ermənilərin ümumi sayı 1.018.000 nəfər olmuşdur. O cümlədən, Ərzurum vilayətində 215 min, Vanda 185 min, Bitlisdə 180 min, Xarputda 168 min, Diyarbəkirdə 105 min, Sivasda 165 min erməni yaşamışdır.

Məqalə müəllifi qeyd edir ki, 6 vilayətdə yaşayan ermənilərin sayının üzərinə Kilikiyada (yəni Adana və Hələb vilayətlərində), habelə, İstanbulda və digər yerlərdə yaşayan ermənilərin sayı gəlinərsə, onda Türkiyə imperiyasında ermənilərin sayı böyük ehtimalla 1,5 milyona çata bilər.

Əslində, rəsmi Türkiyə statistikası bu rəqəmin də xeyli dərəcədə erməni patriarxı tərəfindən şişirdilmiş olduğunu sübut etmişdir. Bununla belə, yekun qənaət belədir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşamışdır.

Erməni tarixçiləri göstərirlər ki, Birinci Dünya müharibəsi dövründə Türkiyəyə hücum edən rus ordusunun tərkibində 150 min erməni var idi. Türkiyənin içərilərində yaşayan ermənilər gizli silahlı dəstələr təşkil edərək, arxadan türk ordusuna zərbələr endirir, təxribatlar törədirdilər.

Ermənilərin itkilərinin sayını Türkiyə ərazisində müharibəyədək yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin sayı aşağıdakı kimidir: Rusiyaya (o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdür. Erməni tədqiqatçısı Riçard Hovannisyana görə, müharibədən sonra Suriyada 100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, İranda 50 min erməni mühaciri qeydə alınmışdır. Bütün bu rəqəmləri üst-üstə gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalan 123 min erməninin sayını əlavə etsək, cəmisi 998 min nəfər edir. Deməli, 1,3 milyon ermənidən təqribən 1 milyonu sağ qalmışdır.

Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlmişdir ki, ermənilərin köçürülməsi zamanı hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olmuşdur. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülmüşlər.

Deməli, 1,5 milyon erməninin Türkiyədə “soyqırımına” məruz qoyulması iddiası cəfəngiyatdan başqa bir şey deyil. Ümumiyyətlə, Birinci Dünya müharibəsi dövründə Türkiyədə ermənilərin “soyqırımına” məruz qoyulmaları barədə həmin dövr erməni müəllifləri hər hansı fikir söyləməmişlər.

“Erməni soyqırımı” ideyasının müəllifləri kimlərdir?

Qərb dövlətləri və Rusiya Osmanlı İmperiyasını parçalamaq üçün 19-cu əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızır, həmin planları həyata keçirmək üçün yollar axtarırdılar. Osmanlı hökumətinin daxili işlərinə müdaxilə etmək üçün ən tutarlı vasitə kimi Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “müdafiəsi” məsələsi qabardılırdı. İmperiya ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən - satqınlığından, şəraitə uyğun olaraq din və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək, onları himayə etmək adı altında Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar. Qriqorian erməniləri fransızlar katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha çox pul buraxırdısa, ermənilər də həmin istiqamətə meyllənirdilər. Amerikalı missionerlər hələ 19-cu əsrin əvvəllərindən etibarən erməniləri protestant xristiana çevirmək üçün daha çox vəsait buraxır, məktəblər açır, millətçilik ideyalarını daha geniş şəkildə təbliğ edirdilər. 19-cu əsrin sonlarından etibarən missionerlər protestantlığı qəbul etmiş erməni gənclərinin Amerikada təhsil almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradırdılar. ABŞ-da antitürk kampaniyası ilə məşğul olan erməni koloniyası beləcə yaradılmışdı. Ermənilərin 1896-cı il üsyanlarından sonra isə alman və ingilis missiyaları da bölgədə yerləşərək erməniləri Türkiyə əleyhinə təşviq edirdilər.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni məsələsi”nin gündəliyə gəlməsi və Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinin imzalanmasından sonra erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri gərgin səy göstərirdilər. “Daşnaksütyun” və “Hnçak” partiyaları da Anadoluda gizli silahlı dəstələr təşkil edirdilər.

XIX əsrin sonlarından etibarən Anadoluda bir-birinin ardınca baş qaldıran erməni üsyanları xarici ölkələr tərəfindən qızışdırılır, ermənilər silahla və pulla təchiz edilirdilər. Belə bir şəraitdə ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü.

Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarına göstəriş verilmişdi ki, türklərin “qaniçən”, “cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə etsinlər. Erməni üsyanlarını alovlandırmaq və türkləri əks tədbirlər görməyə vadar etmək məqsədilə kütləvi qırğınlar törədilməsi də həmin planın tərkib hissəsi idi. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi. Ermənilər həm Avropada, həm də Rusiyada türklərə qarşı vuruşmaq üçün səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə hər yerdə “məzlum xristian ermənilərin” kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.

“Erməni soyqırımı”nın həyata vəsiqə almasında o dövrdə Türkiyədə fəaliyyət göstərən diplomatların və xristian missionerlərinin müstəsna “xidmətləri” olmuşdur. “Erməni soyqırımı” (hərçənd ki, “soyqırımı” (yaxud “genosid”) beynəlxalq hüquq termini kimi 1944-cü ildən işlənir. Hitler rejiminin yəhudilərə qarşı törətdiyi kütləvi qırğınlar soyqırımı adlandırılmışdır) kimi bu gün bəşəriyyətə təqdim olunan “erməni qırğınları” ideyasının xaç atası 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Henri Morqentau (1856-1946) sayılır. Osmanlı İmperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın prezidenti Vudro Vilson H. Morqentaunu səfir təyin edərkən demişdi: “Tezliklə ondan əsər-əlamət qalmayacaq ki, onu Türkiyə adlandırmaq mümkün olsun”. İstanbula gələn kimi, H. Morqentau erməni liderləri və komitəçiləri ilə əlaqə qurur, onları silahlı mübarizə aparmağa şirnikləndirir. O, erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin etmişdi. H. Morqentau ABŞ-ın Türkiyədəki konsulluqlarının, xristian missionerlərinin, erməni komitələrinin uydurduqları yalanları və dərc etdirdikləri böhtanların bir nüsxəsini Vaşinqtona göndərirdi. O, yalan məlumatları ilə ABŞ-ı müharibəyə cəlb etmək məqsədi güdürdü. ABŞ-a qayıtdıqdan sonra o, həmin uydurma sənədlər əsasında “Səfir Morqentaunun xatirələri” kitabını dərc etdirir. Həmin kitabda o, 600 mindən 1 milyonadək erməninin məhv edildiyini iddia etmişdir. Həmin dövrdə Türkiyə Teleqraf Agentliyinin müdirinin erməni olması nəzərə alınsa, ermənilərin və onların havadarlarının yalan məlumatlarla dünya ictimaiyyətini necə asanlıqla aldada bildiklərini təsəvvür etmək olar.

Məşhur ingilis tarixçisi Arnold Toynbi (1889-1975) də uydurma soyqırımın ideya müəlliflərindən hesab olunur. 1916-cı ilin fevralında A.Toynbi Lord Bricin razılığı ilə onun adından dünyanın müxtəlif ölkələrin və bütün erməni komitələrinə müraciət edir ki, ona antitürk məzmunlu məlumatlar təqdim etsinlər. Mənbələri göstərilmədən A.Toynbinin ünvanına həddindən artıq məlumatlar göndərilmişdi. 1916-cı ilin may ayında A. Toynbi məktubla Lord Bricə müraciət edərək “erməni sənədləri”nin çapına nəşriyyatdan icazə aldığını bildirir və ondan xahiş edir ki. Həmin sənədlərin onun lordun özü tərəfindən incələndiyini və şübhə doğurmadıqlarını nəşriyyata bildirsin.

Beləliklə, ermənilərin və ermənipərəst mənbələrin yoxlanılmamış məlumatları əsasında İngiltərə hökumətinin adından ilk “Mavi kitab” - “Ermənilərə qarşı vəhşiliklər, xalqın məhv edilməsi” adı ilə nəşr edilir. Maraqlıdır ki, A.Toynbinin sağlığında bir daha təkrar çap olunmayan həmin “Mavi kitab”ı ABŞ-dakı erməni nəşriyyatı müəllifin ölümündən sonra bir sıra saxta sənədlərlə “zənginləşdirərək” çap etməklə ona yeni süni nəfəs vermişlər.

“Erməni soyqırımı”nın digər xaç atası İohann Lepsius (1858-1926) sayılır. Alman protestantı, şərqşünas İ. Lepsius missioner kimi Şərqi Anadolunu gəzib dolaşmış, 1896-cı ildə “Ermənistan və Avropa” kitabını dərc etdirmişdir. O, 1914-cü ildə Berlində “Alman-Erməni Cəmiyyəti”ni yaratmışdır. Cəmiyyətin məqsədi Şərqi Anadoluda Almaniyanın təsirini artırmaqdan ibarət olmuşdur. İ. Lepsius 1916-cı ildə “Türkiyədəki erməni xalqı haqqında hesabat” kitabını əlyazma şəklində çap etdirir və missionerlərə göndərir. Onun 1919-cu ildə “Almaniya və Ermənistan” kitabı dərc edilir. İ. Lepsius 1921-ci ildə Berlində Tələt paşanın qətli ilə bağlı keçirilən məhkəmə prosesində şahid qismində çıxış etmişdir. İ. Lepsiusun 46 cildlik şəxsi arxivi 1998-ci ildə İrəvana gətirilib və hazırda “Soyqırımı Muzey-İnstitut”da nümayiş etdirilir. Həmin muzeydə İ. Lepsiusun xatirəsinə xüsusi guşə düzəldilmişdir.

Uydurma “erməni soyqırımının müəlliflərindən biri də ingilis Ceyms Braysdır (1838-1922). İxtisasca hüquqşünas olan C. Brays Lordlar Palatasının üzvü və İngilis-Erməni Cəmiyyətinin sədri olmuşdur. O, 1876-cı ildə Qafqaza səyahət etmişdir. 1877-ci ildə Londonda “Transqafqaz və Ararat” kitabını dərc etdirmişdir. 1916-cı ildə isə yenə orada 626 səhifəlik “Osmanlı İmperiyasında ermənilərə münasibət” kitabını “sənədlər toplusu” kimi dərc etdirmişdir. Kitaba xristian missionerlərinin, xristian dövlətlərinin diplomatik nümayəndələrinin uydurduqları “kütləvi erməni qırğınları” barədə saxta sənədlər daxil edilmişdir.

Armin Teofil Veqner (1886-1978) də uydurma “erməni soyqırımının” həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Alman publisisti, şair və fotoqrafı kimi tanınan A. Veqner 1915-1916-cı illərdə Mesapotamiyada sanitar zabiti kimi xidmət etmişdir. O, Türkiyədə erməni qırğınlarının şahidi olduğunu iddia etmişdir. Ermənilərin türklərə qarşı törətdikləri qırğınlara aid fotoları da “erməni soyqırımı” kimi qələmə vermişdir. O, çəkdiyi şəkillərin diapozitivlərini nümayiş etdirərək Almaniyanın böyük şəhərlərində “mühazirələr” oxumuşdur. Onun “Qayıtmayan yollar”, “Armeniada”, “Erməni anaları” oçerkləri çap olunmuşdur. A.Veqner Tələt paşanın qatili Soğomon Teyleryanın məhkəməsində müdafiəçi kimi çıxış etmiş və məhkəmənin kitab halında dərc edilən stenoqramına ön söz yazmışdır. O, 1927 və 1967-ci illərdə Ermənistanda olmuşdur. Onun adına İrəvanda küçə vardır. “Soyqırımı Muzey-İnstitut”da A.Veqnerin qəbirindən götürülmüş torpaq nümayiş etdirilir.

“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, erməni katoliklərinin təsiri altında olmuşdur. Onun imzası ilə saxta sənədlər əsasında 1934-cü ildə işıq üzü görən “Musa dağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir. Qəribəsi odur ki, həmin kitabı 1999-cu ildə Hakan Sarakul adlı erməni 4 min nüsxə ilə İstanbulda türk dilində dərc etdirmişdir. 2000-ci ildə isə tərcüməçinin iştirakı ilə İrəvanda həmin kitabın təqdimat mərasimi keçirilmişdi.

Diqqəti çəkən odur ki, vaxtilə “erməni soyqırımı ideyasına “xaç atalığı” edən xristian müəlliflərinin törəmələri bu gün də erməni lobbisinin diqqət mərkəzindədirlər. Məsələn, H. Morqentaunun nəvəsi üçüncü Henri Morqentau Kembric Universitetində çıxış edərək Türkiyəni Almaniyadan nümunə götürməyə (Almaniyanın yəhudi xolokostunu tanımasını nəzərdə tuturdu) çağırmışdır. İ. Lepsiusun və A.Veqnerin törəmələri də 24 aprel ərəfəsində İrəvanda “Soyqırımı Muzey-İnstitut”a baş çəkirlər.

Yuxarıda adları sadalanan müəlliflərin saxta əsərləri erməni tədqiqatçılarının istinad mənbəyidir və erməni lobbisinin köməyi ilə tərcümə edilib dünyaya yayılır. Bütün bunlarla yanaşı, “erməni soyqırımı”na “xaç atalığı” edən xristian müəlliflərinin də əsl niyyətləri, onların ermənilərdən alət kimi istifadə etmələri barədə tutarlı əsərlər yazılır.

Niyə 1923?

İrəvan və erməni lobbisi 2015-ci ildə uydurma “erməni soyqırımı”nın 100 illiyini dünya miqyasında qeyd etmək üçün güclərini səfərbər etmişdilər. Lakin uydurma “soyqırımın” konkret olaraq hansı tarixdə baş verdiyini irəli sürmək barədə erməni elmi dairələrində hələ də yekdil rəy yoxdur. XX əsrin 60-cı illərinin ortalarında ermənilərin “1915-ci il soyqırımı” kimi dövriyyəyə buraxdıqları tezis sonradan dəfələrlə yeni biçimdə ortaya atılıb. Bu mövzuya aid istər erməni müəlliflərinin, istərsə də ermənilərin sifarişi ilə yazılan kitablarda “erməni soyqırımı”nın müxtəlif modifikasiyalarına rast gəlmək olar.

1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra “soyqırımı ideoloqları” fikirləşdilər ki, müasir Türkiyə dövlətindən təzminat qoparmaq və ərazi iddiası irəli sürmək üçün “soyqırımı” illərini müasir Türkiyə Cümhuriyyətinin yaranmasınadək uzatmaq lazımdır. Məhz bundan sonra “1915-1923-cü illərdə ermənilərə qarşı soyqırımı” ideyası dövriyyəyə buraxılmışdır.

Qarabağ avantürasının ideoloqlarından biri, on minlərlə günahsız insanın qırılmasının baiskarlarından olan Zori Balayan 2004-cü il aprelin 8-də “Qolos Armeniya” qəzetindəki məqaləsində yazırdı ki, 1915-ci ildə ermənilərin “soyqırımına” məruz qaldığını söyləmək türklərin dəyirmanına su tökmək kimi bir şeydir. O, “erməni soyqırımı” inkar edən tədqiqatçılardan birinin arqumentini misal gətirir: “Ermənilər 1915-ci il “soyqırmı”nın tanınması məsələsini qaldırırlar. Kimə məlum deyil ki, 1915-ci il Birinci Dünya müharibəsinin şiddətli dövrüdür və Türkiyə Rusiyaya qarşı müharibə aparır. Kimə məlum deyil ki, Türkiyədə yaşayan ermənilər həmişə Rusiyanın tərəfini saxlayırmışlar. Əgər Türkiyə müharibə dövrünün qanunlarına əsasən “erməni elementlərini” müharibə meydanından köçürmək məcburiyyətində qalıbsa, hansı soyqırımdan söhbət gedə bilər? Bəli, orada qəddarlıq olmuşdur. Lakin hər bir müharibədə olduğu kimi”.

Qaniçən Z. Balayan 24 aprel “soyqırımı günü”ndə heç bir qırğın törədilmədiyini etiraf edir. Z. Balayan 22 noyabr 1988-ci ildə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi qanunun “1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqqında” adlandırılmasından da narazıdır. Z. Balayan Ermənistan parlamentinə tövsiyə edir ki, həmin qanunun adında dəyişiklik edilərək “1893-1923-cü illərdə Osmanlı İmperiyasında və Şərqi Ermənistanda ermənilərin soyqırımı haqqında Ermənistan Respublikasının qanun”u kimi yeni redaksiyada müzakirəyə çıxarsın.

Uydurma erməni soyqırımının tarixinin 1923-cü ilədək uzadılmasında məqsəd müasir Türkiyə Cümhuriyyətini suçlamağa hüquqi əsas əldə etməkdən, maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir.

Vaxt gələcək, Ermənistan parlamenti soyqırımı iddiasını təkcə 1915-ci ilə bağlamaqdan imtina edəcək və onun müddətini 1923-cü ilədək uzatmaq haqqında qərar qəbul edəcək.

Ermənilər müzakirələrdən

vaxtadək qaçacaqlar?

Rəsmi Türkiyənin mövqeyi belədir ki, “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, Osmanlı dövrünün arxivləri xarici ölkələrin, o cümlədən də erməni tarixçilərinin üzünə açıqdır. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq Türkiyə arxivlərinə üz tutmurlar. Tərəfsiz xarici tədqiqatçılar isə Türkiyə arxivlərində tədqiqat apardıqdan sonra “erməni soyqırımı” iddiasının uydurma olması qənaətinə gəlmişlər və bu səpkidə artıq onlarla kitab dərc edilmişdir.

Son illərdə Türkiyənin xarici ölkələrdəki səfirliklərinin təşəbbüsü ilə erməni və türk tarixçilərinin ayrı-ayrı elm mərkəzlərində görüşləri təşkil edilib. Erməni və türk tarixçilərini bir araya gətirmək üçün 2003-cü ilin dekabrında Vyana Universitetinin təşəbbüsü ilə Türk-Erməni Platforması (TEP) təşkil edilmişdi. Əldə edilən ilkin razılaşmaya görə, TEP-ə göndərilən arxiv materiallarının və digər sənədlərin müzakirəsinə Türkiyə tərəfindən Türk Tarix Qurumunun başqanı professor Yusuf Halacoğlu və doktor İnanc Atılcan, Ermənistan tərəfindən isə İrəvandakı “Soyqırımı Muzey-İnstitut”un direktoru professor Lavrenti Barseğyan qatılmalı idilər. Türk və erməni tarixçiləri əllərində olan sənədləri əvvəlcə TEP-ə göndərəcək, o da öz növbəsində Türkiyədən göndərilən sənədləri Ermənistan Elmlər Akademiyasına, Ermənistandan göndərilən sənədləri isə Türk Tarix Qurumuna göndərəcəkdi. 2004-cü il iyulun 16-da erməni və türk tarixçiləri Vyanada görüşərək arxiv sənədlərini mübadilə etmişdilər. Lakin sonra ermənilər Vyana görüşünə qatılmaqdan imtina etmişdilər. Erməni tarixçiləri masanın üzərinə qoyulan sənədləri araşdırmaqdan boyun qaçırmışdılar. Çünki bilirdilər ki, tarixdə olmayan faktı sübut etmək olmayacaq. Ona görə də, türk tarixçilərini “soyqırımın” deyil, guya olmuş hadisə kimi, onun nəticəsini müzakirə etməyə çağırırdılar. Vyana görüşlərinə erməni tarixçilərinin getməmələri bir daha sübut etdi ki, onlar ifşa olunacaqlarından qorxurlar.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzalamışdılar. Protokola əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin dəqiqləşdirilməsi üçün komissiya yaradılmalı idi. ABŞ-dakı “Hay Dad” təşkilatının rəhbəri Kiro Manoyan tarixi sənədlərin araşdırılması üçün komissiya yaradılmasına razılıq verilməsini “soyqırımı” iddiasının tanınmasına qarşı çıxan qüvvələrin əlinə fürsət verdiyini bildirmişdi.

Lakin ermənilər nə birgə komissiya yaradılmasına razı olurlar, nə də “soyqırım” iddasından əl çəkirlər. Çünki ifşa olunacaqlarından qorxurlar. Ermənilərin ifşa olunmaları onunla nəticələnəcək ki, rəsmi İrəvanın xarici siyasətinin əsas istiqamətinə çevrilmiş uydurma “erməni soyqırımı”nın ayrı-ayrı dövlətlər tərəfindən tanınması prosesinə son qoyulacaq. Ermənistan Türkiyəyə qarşı ərazi və təzminat iddiasından əl çəkmək məcburiyyətində qalacaq. Nəticədə ermənilərin saxta və həyasız millət olduqları bütün dünyaya bəlli olacaq.

Bu gün erməni rəsmləri iddia edirlər ki, guya beynəlxalq aləmin “aksiom kimi” qəbul etdiyi “erməni soyqırımı”nın hər hansı müzakirəyə ehtiyacı yoxdur və Türkiyə tərəfi özündə iradə tapıb bu “cinayəti” etiraf etməli və onun nəticələrinə qatlaşmalıdır.

Ermənilər 2015-ci ildə uydurma soyqırımının 100 illiyi tədbirlərinin gözlədiklərindən qat-qat aşağı səviyyədə qeyd edilməsinin şahidi oldular. İrəvanda keçirilən mərasimlərə dəvət edilən əksər xarici dövlətlərinin birinci şəxsləri ya qatılmadılar, ya da ikinci, üçüncü dərəcəli rəsmiləri göndərdilər. Yalnız uydurma soyqırımı iddiasından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən dövlətlərin rəsmiləri mərasimlərə qatılmışdılar.

Gözlər ABŞ prezidentinə dikilib

Hazırda 30 ölkə və ABŞ-ın 50 ştatından 49-u (Missisipi ştatından başqa) “soyqırımı” iddialarını qanunvericilik orqanı səviyyəsində qəbul etmişdir. Uydurma erməni soyqırımını həmçinin Avropa Şurası, Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası da tanımışdır. Hər il aprelin 24-ü ərəfəsi rəsmi Ermənistan və ABŞ-dakı erməni lobbisi bu ölkənin prezidentinin erməni xalqına ənənəvi müraciətində “soyqırımı” ifadəsini işlətməsi üçün dəri-qabıqdan çıxırlar. 2019-cu il oktyabrın 29-da - yəni Türkiyə Cümhuriyyətinin qurulduğu gün ABŞ Konqresinin Nümayəndələr palatası 1915-1922-ci illərdə Osmanlı imperiyasında ermənilərin “soyqırımına” uğradılması haqqında qətnamə qəbul etmişdir. Lakin ABŞ-ın sabiq prezidenti Donald Tramp özündən əvvəlki prezidentlərin yolu ilə gedərək, 2020-ci ildə “böyük qırğın” ifadəsini işlətdi. Ümid ABŞ-ın yeni prezidenti Co Baydenə qalıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyi təqdirdə Türkiyə-Amerika münasibətlərinə xələl gələcəyini və bu ifadənin Türkiyəyə qarşı hüquqi təsiri olmayacağını bildirib.

Türkiyənin yüz il öncə baş verməyən bir cinayəti bu gün öz üzərinə götürməsi absurddur. Lakin reallıq odur ki, Türkiyə dövləti ermənipərəst dövlətlərin və ikili standartlarla çıxış edən beynəlxalq qurumların qərəzli mövqeləri ilə hələ uzun illər üzləşməyə məhkumdur.

 

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2021.- 24 aprel.- S.5:6.