Mir CƏLAL: sadəliyin müdrikliyi
Yazı, söz, sənət dünyasında olanlar bunu yaxşı bilir. Hər kəsin ürəyində yazmaq üçün məqam gözlədiyi mövzular olur. Böyük mətbuata gəldiyim andan jurnalistika fakültəsində oxuyarkən mənə dərs deyən müəllimlərim haqqında yazmaq üçün mən də məqam gözləmişəm. Redaksiyadan Mir Cəlal Paşayevin doğum günü ilə bağlı yazı hazırlamaq tapşırığı alanda ilk öncə düşündüm: Hə, bu da sənə məqam... Müəllim haqqında yazmaq həmişə böyük şərəfdir, o ki qaldı sənə dərs deyən müəllim ola...
“Heyhat! Qoca dünya - bəzən öz gərdişini sərt bir sükut, daş bir ürək, kor bir məntiq, daimi bir amansızlıqla keçirən qoca dünya, kimsə ilə hesablaşmır”. Mir Cəlalın müdrik kəlamlarından birində belə deyilir. Doğrudan da, dünya öz işindədir...
Mir Cəlal müəllim haqqında çox deyilib, çox danışılıb və düşünürəm ki, onun barəsində yeni bir söz demək də çətindir. Ancaq bir halda ki, anım yazısıdır, onda bu böyük, sadə, təvazökar insanın yaddaşlarda qalan izi ilə yola çıxaraq mənim əziz müəllimimin obrazını canlandırmağa çalışacağam.
1976-cı il 1 sentyabr. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin I kurs tələbələri kimi ilk dərsimiz ixtisasla bağlı oldu. Növbəti dərsimiz “Ədəbiyyat nəzəriyyəsi” idi. Mir Cəlal müəllim tədris etməliydi. O zaman BDU-nun fakültələri indiki kimi kompakt şəkildə yerləşmirdi, humanitar fənlərin bir neçəsi “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsində fəaliyyət göstərirdi. Mir Cəlal müəllimin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrası da Azərbaycan İqtisad Universitetinin indiki əsas binasında yerləşirdi. Biz “Pasaj” kimi tanınan ticarət obyektinin arxasında kiçik binada yerləşən jurnalistika fakültəsindən üzüaşağı, Kommunist küçəsinə düşməliydik. İxtisas müəllimimiz bunu nəzərə alıb bizi zəngdən bir qədər əvvəl buraxdı. Mir Cəlal müəllimi görməyə hamımız maraqlı, həvəsli idik. Əsərləri ilə böyüyüb, tərbiyə olunduğumuz yazıçı, indi bizim müəllimimizdi axı. Müdrik çağlarını yaşayırdı o zaman, 70 yaşı hələ tamam olmamışdı. Kiçik kabinetinə girib salamlaşdıq, oturmaq üçün yer göstərdi. Otağı kiçik auditoriyanı xatırladırdı, çünki say hesabı qoyulan stullar hamımıza çatdı. Qrup nümayəndəsini soruşdu. Mən ayağa qalxdım, adımı soruşdu. Dedim. Əlinin işarəsilə məni yanına çağırdı: “Əvvəlcə, tanış olaq” - dedi. Mən adları bir-bir çəkdikcə qrup uşaqları ayağa durur, özünü təqdim edirdi. Gəlməyənlər də vardı, əhəmiyyət vermədi. Bu, yarım semestr ərzində Mir Cəlal müəllimin ilk və son yoxlaması oldu. Dərsdə iştirak etməyənləri xüsusi nəzarətə götürmədi, onu adi, təbii hal kimi qəbul etdi: “Həyatdır, insanıq axı, hər şey ola bilir” - deyib üstündən keçirdi. Sonralar bir dəfə dərsdə olmadığına görə müəllimin qara siyahısına düşənləri çox gördük. Müəllim var idi ki, bir qaibə görə tələbədən on qat artıq heyfini çıxırdı. Bax, onda Mir Cəlal müəllim bizə ucadan-uca, böyükdən-böyük görünürdü. Əslində, onun maraqlı mühazirələrini, bəlkə də həyat dərsini dinləməkdən uşaqlarımız böyük zövq alırdı, Mir Cəlal müəllimin dərsindən üzrsüz yerə heç kəs qalmırdı. Əsərlərini sevdiyimiz Mir Cəlal müəllimi bir pedaqoq kimi də kəşf etmişdik...
Yazıya başlamazdan əvvəl kiçik bir araşdırma aparmışdım. Xalq yazıçısı Elçinin “Sadəlik və müdriklik” məqaləsi qarşıma çıxanda sevindim. Axı, o da müəllimi haqqında söz söyləmişdi: “...Mir Cəlal müəllimin mühazirələri də, bədii və elmi əsərləri də sadəliyin arxasında dayanan müdrikliyin ifadəsi idi. O, təbiəti etibarilə necə sadə idisə, danışığı da, elmi və bədii təhkiyyəsi də eləcə sadə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də yaradıcılığındakı o sadəlik qətiyyən primitivlik yox, müdrikliyin nəticəsi idi”.
Bəli, həqiqətən belədir, bəzən Mir Cəlal müəllim obrazlı danışanda da onun bənzətmələri sadə, dəqiq və aydın olurdu, ifadə etmək istədiyi fikri, mülahizəni görümlü edirdi. Mir Cəlal müəllim klassik ədəbiyyatımızın tədqiqatçısı idi. “Füzulinin poetik xüsusiyyətləri”, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadənin realizmi haqqında” və s. kimi monoqrafiyaları mövzu etibarilə klassik ədəbiyyata aid idi.
Mir Cəlal müəllim
cəsarətli insan idi. Tələbələrindən biri professor Firudin Hüseynov müəllimi haqqında danışarkən
belə bir epizodu
xatırlayaraq deyirdi:
“Əllinci illərin ortalarında müəllimlə
bir axşam dənizkənarı bulvarda
gəzəndə, birdən
Kirovun projektor işığı altında
işıldayan heykəlini
gördüm: “Mir Cəlal
müəllim, sizcə,
o heykəlin yerində
kimin heykəlini qoymaq olar?” - deyə soruşdum.
Heç özüm də bilmədim
ki, bu sualı necə
verdim, bu sözlər ağzımdan
necə çıxdı.
Bütün bədənimi həyəcan
bürümüşdü. Axı, söhbət KQB-nin, hakim sovet rəsmi-inzibati ideologiyasının fironluq
etdiyi bir dövrdən gedir.
Mir Cəlal müəllim
qolumdan tutub bir an dayandı və Kirovun heykəlinə baxa-baxa:—Qardaş, (o belə müraciət etməyi xoşlayırdı) kim o heykəli oradan yıxa bilsə, onun da heykəlini
orada qoymaq lazımdır” - dedi.
O çətin, mürəkkəb
bir zamanda Mir Cəlal müəllimin cavan bir aspiranta
verdiyi bu cavab, əlbəttə ki,
onun daxili cəsarətindən xəbər
verirdi. Hətta, dəhşətli 37-ci il qasırğası zamanında
belə, qələm əhli bir-birinə dəyəndə, bir-birlərinə
siyasi-sosioloji ittihamlar
irəli sürəndə
Mir Cəlal müəllim
Füzulini təhlil edir, Mirzə Cəlilin tədqiqilə məşğul olur, əsrin əvvəllərində
Azərbaycanda fəaliyyət
göstərən ədəbi
məktəbləri araşdırırdı.
İstiqanlı, qayğıkeş, xeyirxah...
Mir Cəlal müəllimi
başqalarından fərqləndirən
keyfiyyətlər bu idi.
Haşiyə: Birinci kursun birinci semestrinin qış imtahan sessiyası başlamışdı.
Yanvar ayı idi, bərk
qar yağmışdı,
yollar buz bağladığından nəqliyyat
yaxşı işləmirdi.
Mir Cəlal müəllimin
fənnindən imtahan
verməliydik, hərə
bir təhər gəlib çıxmışdı.
Vaxt keçir, Mir Cəlal müəllim görünmürdü. Dekanlıqda hamı narahat
idi, evinə zəng vursalar da dəstəyi heç kəs götürmürdü. Müəllimlərimizdən
biri: “Mir Cəlal müəllimin evi bura yaxındır, oğlanlardan biri getsə, yaxşı olardı,” - dedi. İçimizdə diribaşlığı
ilə fərqlənən
uşaqlardan ikisi irəli çıxıb:
“Biz gedirik” - dedi. Ünvanı
götürüb getdilər.
Bir qədər sonra Mir Cəlal müəllimlə
birgə qayıtdılar.
Sən demə, imtahanın vaxtını unudubmuş,
güclü qar telefon xətlərini sıradan çıxardığından
mənzildəki telefon
da işləmirmiş.
Mir Cəlal müəllim
imtahan otağına keçdi, məni yanına çağırıb:
“Bu gün assistentliyi sən edəcəksən”
- dedi. Uşaqları siyahı üzrə
çağırır, düşən
suallara hazırlaşmaq
üçün vaxt verirdik. O dəmdə:
“Bu, necə oxuyur, əvvəlki imtahanlardan qiymətləri necədir?”
- deyə soruşur, özündə
qeydlər aparırdı.
Tələbəni çox
çətinə salmır,
incitmirdi: “Bax ha, gərək elə edək ki, uşaqlar
təqaüddən qalmasınlar”
- deyirdi. Onun imtahanından hamı yüksək qiymət aldı...
Mir Cəlal müəllimin xasiyyəti elə idi ki, ona
razılıq bildirmək,
təşəkkür etmək
mümkün deyildi, o
saat adamın qolundan tutub: “Başqa şey danış!” - deyirdi.
Güclü yumor hissinə malik idi. Üzündə, gözlərinin dərinliyində
daim işıqlı,
munis, nurlu bir təbəssüm olardı. Mənəvi
cəhətdən saf,
təmiz bir insan idi, tamah
hissindən uzaq aza-çoxa qane olan,
gözü-könlü
tox, təmiz bir ziyalı idi, Mir Cəlal müəllim.
Haşiyə: Biz idman dərslərini
ya universitetin idman zalında (əsas binada), ya da “Fəxri
xiyaban”ın arxasında
yerləşən “Dinamo”
İdman Cəmiyyətində
keçirdik. Bir gün
yenə idman dərsinə gedirdik.
Axundov bağının qarşısında
5 nömrəli trolleybusa
mindik. Adam az idi, qızlardan
biri trolleybusa minən kimi: “A, Mir Cəlal müəllim də burdadır” - dedi. Biz hamımız
ona yaxınlaşdıq.
Oturmağa yer olsa da, ayaq
üstə üzü
trolleybusun pəncərəsinə
dayanmışdı: “Hamımız
bir səslə:
“Salam, Mir Cəlal müəllim!”
- deyəndə yana döndü, salamlaşdı. Qızlar onu söhbətə
tutmuşdular. Öyrəndik ki, universitetin əsas binasına gedir. Birdən gözü yanında dayanan qızlardan birinə sataşdı, özünəməxsus tərzdə
gülümsəyə-gülümsəyə,
qayğıkeşliklə onun
qolundan tutub: “Pələng dərisi geyinmiş pəhləvan,
yolunuz hayanadır?” - deyə soruşdu
(Xatırladım ki, həmin qızın əynində pələng
dərisi zolağında
təbii kürk vardı). Qızların qəh-qəhəsi trolleybusu bürümüşdü.
İçimizdən biri:
“İdman dərsinə
gedirik” - dedi. Başını razılıqla
yelləyib: “Sağlam
bədəndə sağlam
ruh olar” - dedi. Növbəti dayanacaqda onunla sağollaşıb düşdük,
yol boyu onun sözlərini yada salıb düşüncələrə dalırdıq...
Mir Cəlal müəllimi
hamı sevirdi, xüsusən də tələbələri. Ün yetməz, səs çatmaz bir uzaqlıqda qalan o xatirələr yada düşdükcə düşünürəm:
Belə bir insanın müasiri həm də tələbləri olduğumuz
üçün nə
qədər şanslı
imişik. Biz o illərdə
hər mühazirəsində
Mir Cəlal müəllimi
hiss etdik, şəxsiyyətinin
xüsusiyyətlərini, xasiyyətinin
çalarlarını daha
yaxından gördük.
Gördük və sevdik.
Mən bu yazını tamamlayarkən
Xalq şairi Nəriman Həsənzadənin
müəlliminə həsr
etdiyi dramatik poemasını xatırladım:
“Xəlvətdə yanan
şam”. Bəli, o doğrudan da
belə idi. Etdiyi yaxşılıqlara görə
heç kəsdən
heç nə ummayan Mir Cəlal müəllim xəlvətdə
yanan şam kimi ətrafa nur saçırdı.
O, bunu heç kəsin görməsini, duymasını istəmədən
edirdi. Bax, budur sadəliyin müdrikliyi...
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 25 aprel.- S.3.