Görkəmli şəxsiyyətlər və
həmkarları Mir Cəlal haqqında
Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanımızda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatımızdan keçir. Bu, bizim şairlərimizin, yazıçılarımızın əsərlərinin hamısından keçibdir. Klassik adlandırdığımız Səməd Vurğunun, Rəsul Rzanın, Mir Cəlalın, İlyas Əfəndiyevin, Osman Sarıvəllinin, Süleyman Rəhimovun, Mehdi Hüseynin də əsərlərindən yan keçməyibdir...
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri.
Mir Cəlalın yaradıcılığının şahidi olmaq, əksər əsərlərinin ilk oxucusu olmaq taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi.
Hafiz PAŞAYEV,
professor.
Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğruluq, çörəyi halal, əməyə bağlılıq, sənətin mücahidi ola bilmək, böyüyə hörmət, kiçiyə mərhəmət, ailəyə sədaqətli olmaq kimi yüksək insani keyfiyyətlərlə zəngin olan gənc qələm sahibi Mir Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala çevrildi.
Mirvarid DİLBAZİ,
Xalq şairi.
Azərbaycan xalqının XX əsrin sonlarında qazandığı müstəqillik heç şübhəsiz, bir neçə yüzillik tarixi olan milli-azadlıq ideallarına, bu idealların həyata keçirilməsi uğrunda aparılmış ardıcıl mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib daha məqsədyönlü xarakter almasında, bu və ya digər dərəcədə kütləviləşib ümumxalq səciyyəsi daşımasında XX əsrin əvvəllərindən başlayaraq sürətlənən ictimai-siyasi, mənəvi-mədəni və ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa doğru yol göstərmək missiyasını mütəvaze bir məsuliyyətlə yerinə yetirən ziyalı mütəfəkkirlər yetişmişdir ki, onlardan biri də böyük ədibimiz Mir Cəlal Paşayev olmuşdur.
Nizami CƏFƏROV,
Akademik.
Mir Cəlalın qəhrəmanları olduqca təbii, inandırıcı, koloritli bir şəkildə danışırlar... Mir Cəlal peyzajı da canlı və təbii verir, peyzaj əsərdəki hadisələrlə o dərəcədə bağlıdır ki, o, əsərin ayrılmaz, üzvi bir parçasına çevrilir.
Məmməd ARİF,
akademik.
Mir Cəlalın “Bir gəncin manifesti” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idi.
Mehdi HÜSEYN,
Xalq yazıçısı.
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Onun əsərləri
bütöv bir dövrün mənzərəsini
yaradır. O, böyük pedaqoq kimi Azərbaycan
cəmiyyəti üçün
minlərlə açıqfikirli
tələbə yetişdirmişdir.
Mehriban
ƏLİYEVA,
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti.
Mir Cəlal yaradıcılığının
ən üstün cəhətlərindən biri
də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili,
xalq danışıq
tərzinə uyğun,
son dərəcə canlı,
təbii ifadələrlə
zəngin və bədii dildir.
Bəxtiyar VAHABZADƏ,
Xalq şairi.
Mir Cəlal deyəndə,
hər şeydən əvvəl, gözəl romanlar və hekayələr müəllifi
olan ədib təsəvvürümüzdə canlanmış olur. Çünki o, xalqımızın bədii
yaddaşında ictimai
tariximizin, xalq taleyinin mühüm problemlərini təhlil edən, həyat və tarix haqqında
xalqı ilə ürəkdən, səmimi
dərdləşə bilən,
onunla sevinc və dərd şəriki olan ustad sənətkar kimi silinməz izlər buraxmışdır.
Nərgiz PAŞAYEVA,
akademik.
Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim kimi dərin zəkasına, analitik təfəkkürünə, erudisiyasına, zəhmətkeşliyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı deyilmiş, həm də mütəfəkkir ədəbiyyatşünas-alim imiş. Bunu mən onun ədəbi məktəblər haqqında yazdığı monumental tədqiqat əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi, Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmalarını oxuduqca, sanki kəşf etdim.
Teymur
ƏHMƏDOV,
filologiya elmləri
doktoru, professor.
Mir Cəlal müəllim
hər şeydən əvvəl çox orijinal və qüdrətli bir pedaqoq idi. O, təbiəti,
davranışı və
əməlləri ilə
tələbələrinə ibrətli, təsirli örnək idi. Aspirant olanda da,
müəllim kimi bir yerdə işləyəndə də
hər bir fikrimizi, hərəkətimizi
yerindəcə, “redaktə”
etməyi unutmazdı.
Həyata, yaradıcılığa böyük amallarla, müqəddəs ideyalarla
baxardı və tələbələrinə də
bunu təlqin edərdi.
Təhsin
MÜTƏLLİMOV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi.
Respublika.- 2021.- 25 aprel.- S.3.