O, hər birimizin
yaxşı əməlində, diləyində, ürəyində
yaşayır...
Baharın gəlməyinə az qalırdı, hamı sonuncu çərşənbəni qeyd etməyə hazırlaşırdı. Əndişəli idik, çünki baş redaktorumuz bir neçə gün idi ki, xəstə yatırdı. İlk günlər ürəkaçan xəbərlər alsaq da, son vaxtlar işlərin o qədər də yolunda getmədiyini bilirdik. Hər kəs əllərini Tanrının dərgahına açıb hamımız üçün əziz, doğma olan bu insana şəfa diləyirdi. Sən demə, o, sayılı günlərini, saatlarını yaşayırmış.
Bu dünya sirli dünyadır və insanlıq yaranandan onun nə vaxt bu dünyadan gedəcəyi də açılmayan, bilinməyən sirr olaraq qalır. Teymur müəllimin qismətinə də bir bahar günündə həyatla vidalaşmaq düşürmüş. Novruzun son çərşənbəsi redaksiya kollektivinə, onun doğmalarına acı, kədərli bir xəbərlə gəldi. 2021-ci il 16 mart... Teymur Əkbər oğlu Əhmədovun əbədi dünyaya qovuşduğu tarix. Bu tarix bundan sonra yaddaşımızda belə qalacaq. Əslində, 16 mart “Respublika” qəzetinin hər bir əməkdaşı üçün başqa bir səbəbdən də yaddaqalan idi. Çünki mətbuatımızın ağsaqqalı Teymur Əhmədovun rəhbərliyilə ulu öndərin xeyir-duasıyla bu rəsmi dövlət qəzetinin ilk nömrəsi 1996-cı il martın 16-da işıq üzü görmüşdü. Biz qəzetimizin 25 illiyini qeyd etməyə hazırlaşırdıq, lakin onunla vida mərasiminə toplaşmalı olduq. Nə qədər ağır, nə qədər çətin idi. Tər qərənfillərə bürünmüş iri portreti önündə lal-dinməz dayanmışdıq, o an sözün bitdiyi yerdə idik. Bir dəqiqəlik sükut, xatirəsinə son ehtiram və sonra. Sonra yenə səssizlik... Bu, belə görünürdü, hər kəs acını, kədəri içinə ötürüb öz dünyasına çəkilmişdi. Xoş anlar, yarımçıq qalan işlər, xatirələr çözələnirdi... Onsuz keçən 40 gün. Bu 40 gün necə gəlib keçdi bilmədik, hər gün xatırladıq, hər gün danışdıq, bu günlərdə bizə ucadan-uca, böyükdən-böyük göründü Teymur müəllim. Deyirlər sənət, peşə qısqanc olur, o tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin. O, bütünlüklə ömrünü elmə, jurnalistikaya həsr etdi. Bunu onun ağarmış, bəmbəyaz saçları deyirdi. Bunu onun adı çəkiləndə üzlərinə, dodaqlarına təbəssüm qonan işçiləri, yetirmələri, qələmdaşları, əqidə, məslək yoldaşları deyirdi.
Həyat var ki, ölümdən betər, ölüm var ki, həyatdan dəyərli, qiymətli. Belə yaşayıb, yaratdı, yüzləri öz ocağına yığdı, yaxşılıqdan usanmadı, öyrətməkdən yorulmadı. Kollektiv cəsarətinə, mübarizliyinə görə onu həmişə sevir, onunla fəxr edirdi. Fəxr edirdik ki, onunla eyni məslək sahibləriyik. Biz sənətimizi məhz onun yanında daha çox sevmişik. Biz onu görməyə adət etmişdik, adət məhəbbət deyilmi? Onu görməyəndə xiffət etmişik, xiffət məhəbbət deyilmi? Gözündəki mehribanlığa, heyrət, şəxsiyyətinə ehtiram, hörmət etmişik. Heyrət də, hörmət də məhəbbətdən, sevgidən yaranmırmı?
Qırx gündür ki, ahəstə yerişinə, mülayim danışığına, xoş sözünə, lap elə danlağına həsrət qalmışıq. Adama elə gəlir ki, bax, indi adəti üzrə yenə kabinetinin qapısını açıb kimisə yanına çağırtdıracaq, hansısa tapşırığı verəcək, sonra “Respublika” qəzetinin növbəti nömrəsinin maketini tutmaq üçün əməkdaşları ilə birlikdə planlaşdırma aparacaq. Sonra da özünün dediyi kimi: “Füyuzat”ın uşaqları ilə jurnalın növbəti nömrəsinin materiallarını müzakirə edəcək.
“Böyüklərin əkdiyi ağacın meyvəsi “Füyuzat” olar!” “Qoca Füyuzat”dan qəbul etdiyi varisliyi qoruyub yaşadan, səhifələrini vərəqləyən hər kəsə yetişdirdiyi meyvənin feyzini daddıran bu günümüzün “Füyuzat”ı bu epiqrafı təsadüfi seçməyib, çünki o, baş redaktor, professor Teymur Əhmədovun rəhbərliyi ilə “Füyuzat”dan “Füyuzat”a varislik, milli irs, mədəni tarix gətirib, “Füyuzat”ı “Füyuzat”la birləşdirdi, gələcəyə feyzlərlə, ətirlərlə, milli duyğu, milli hisslə, milli təpər, milli güclə, milli birlik, həmrəyliklə yola çıxdı. Bu yolun yolçuları, ədəbi-mədəni intibah tariximiz üçün paralel: romantik və satirik istiqamətdə işıq seli rolunu oynayan, milli mədəniyyət nümunəsinə, Azərbaycanda dünya standartlarına cavab verən bədii sənət yaddaşına çevrilən, Əli bəy Hüseynzadə yadigarı “Füyuzat”dan ruh aldı, hər nömrəsi oxucusuna feyz yaşatdı və son nömrəsi Teymur müəllimin ölümündən təxminən bir həftə sonra çapdan çıxdı... Düşünmək, xatırlamaq belə çətindir. Acımızın, yaramızın qövr etdiyi o ağır günlərdə “Füyuzat”ın əməkdaşlarından birinin redaksiyaya gəlib: “Füyuzat”ın son nömrəsini gətirmişik, kimə təhvil verək?” sözlərini eşitmək bilsəniz nə qədər çətin idi. Axı, Teymur müəllim yox idi ki, çapını həyəcanla gözlədiyi doğma jurnalını həmişəki kimi təhvil götürüb, heç özü vərəqləmədən işçilərinə paylayıb: “Götürün, oxuyun, münasibət bildirin!” - desin...
O, “Füyuzat”ı bir övlad qədər sevirdi, Azərbaycan mətbuatının tacının qaşlarından biri olan “Füyuzat”a həyat, nəfəs, can verdi və dəyərli ömrünü də “Füyuzat”la taclandırdı, 90 illik ömrünün 14 ilini həm də “Füyuzat”ın qayğıları ilə yaşadı.
Saysız-hesabsız mətbu orqanına ömür verən Teymur müəllimin çoxillik fəaliyyətində “Respublika” qəzetinin də xüsusi yeri vardı. “Azərbaycan” nəşriyyatının yeddinci mərtəbəsində yerləşən redaksiyaya düz 25 il baş redaktorluq etdi. Zarafat deyil, 25 il bir igidin ömrüdür. Bu illər onu yormadı, yaşının üstünə yaş gəldikcə, gözümüzün önündə bir qədər də cavanlaşır, gümrahlaşırdı, çünki ruhu cavan, sağlam idi, Teymur müəllimin.
Rəhbər kimi analoqu yox idi bəlkə də, özünəməxsus müraciət formaları vardı: gənc xanım işçilərinə “nənə” deyə, kişilərə çox vaxt “dədə” deyə müraciət edərdi, “qadan alım” kəlməsi dilindən düşməzdi. İndi 40 gündür ki, doğma üzünü, xoş simasını görmür, mehriban səsini eşitmirik. Yetim, boynubükük uşaqlar kimi qəbul otağında qoyduğumuz iri portretinə məlul-məlul baxmaqdan başqa çarəmiz qalmır. Hərdən toplaşır, danışır, xatirələri, maraqlı məqamları yada salır, sevinir, qüssələnirik. Hər birimizin içinə hopan xoş duyğulardan vəcdə gəlib aramızdaymış kimi haqqında danışır, zamanı belə çaşbaş salırıq. Bəzən göz yaşlarımız da sözümüzə baxmır. Əslində, bu, elə belədir, aramızda, qəlbimizdədir, Teymur müəllim.
Sadə yaratmışdır onu təbiət
Sadəni sevərlər, belədir adət.
Teymur müəllim hələ uşaqlıqda yoldaşlarından həmişə fərqlənərdi. Bütün fənləri əla oxuyur, məktəbin ictimai işində fəal iştirak edir, müəllim və şagird kollektivinin hörmətini, rəğbətini qazanırdı. İstedadı, qabiliyyəti ilə hamını heyran qoyurdu. “Molla Nəsrəddin” adlı məktəb divar qəzetinin redaktoru kimi bütün bacarığını ortaya qoyur, yaradıcılığa olan həvəsi daha da artırdı. Elə onu mətbuata, elm dünyasına çəkib gətirən də bu həvəs oldu. Paralel olaraq hər iki sahədə öz sözünü deyib, mövqeyini möhkəmləndirdi. Akademik Cəmil Quliyevin də dediyi kimi: “... jurnalistik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində yaxşı jurnalist” oldu.
Baş redaktor kimi özəllikləri çox idi. O, tanınmış imzalara həmişə hörmətlə yanaşardı. Deyərdi ki, bu imzalar qəzetə hörmət gətirər. Yaxşı adamları, ustad sənətkarları sevindirmək lazımdır. Təkcə hörmətli, şöhrətli sənətkarların imzasına, yaradıcılığına qayğı ilə yanaşmazdı, o, eyni zamanda, istedadlı gənclər üçün də redaksiyanın qapılarını geniş açmışdı və bunu işçilərindən də tələb edərdi. Deyərdi ki, istedadlı gənclərsiz gələcək, inkişaf yoxdur, onları qorumaq, onlara geniş yol açmaq lazımdır. Bu, bizim hər birimizin borcu və vəzifəsidir.
Teymur müəllimin gözündən heç nə yayınmazdı, tükü-tükdən seçər, hər kəsin, hər işçinin əməyini layiq və lazım olduğu miqdarda dəyərləndirərdi. Ömrü boyu xeyirxahlıqlar, yaxşılıqlar edib, həmişə qurub, yaradıb, əl tutub, qayğı göstərib, yıxılanı qaldırıb, ağlayanı kiridib, güldürüb, ac-yalavaclara çörək, susuzlara su verib, təşnələri söndürüb. İşçiləri, dost-tanışları, o cümlədən kim onu deyib, sayıb gəlibsə, qapısını hər hansı bir xahişlə açıbsa, heç kəsdən bilik və bacarığını, kömək və qayğısını, yaxşılığı əsirgəməyib.
Teymur müəllim ona verilən ömrü mərd-mərdanə yaşadı, bir kimsədən çəkinmədən, bir kimsəyə əyilmədən. Vətənpərvər ziyalı idi Teymur müəllim. Qərbi Azərbaycandan soydaşlarımızın qovulması, ermənilərin təmizləmə siyasəti, onların gizli niyyətləri haqqında usanmadan yazır, soydaşlarımızda mübarizlik ruhunu alovlandırırdı. “Tarixdə misli görünməyən kütləvi terror, sui-qəsd bağışlanılmazdır, erməni daşnak quldurlarının bu cinayətinə hələ indiyədək siyasi qiymət verilməmişdir. Bu, Azərbaycan xalqının öz taleyi üçün narahatçılığına səbəb olmuşdur. Hər bir Qərbi azərbaycanlı bilməlidir ki, isti ata-baba ocağı, örüşlər, bərəkətli torpaq, doğma yurd, əcdadlarımızın müqəddəs məzarı kimsəsiz qala bilməz...”. Teymur müəllim qaçqın taleyi yaşamasa da, qaçqın və məcburi köçkünlərin probleminə biganə qalmadı, ömrünün sonunadək azərbaycanlıların başına gətirilən faciənin günahkarlarını yazılarında kəskin tənqid edir, onların tarix qarşısında cavab verəcəklərinə əminlik ifadə edirdi.
44 günlük Vətən müharibəsinin gedişatını böyük həyəcan, narahatlıqla izləyir, gündəlik xəbərləri səbirsizliklə gözləyirdi. Əsgərlərimiz irəlilədikcə sevinir, itkilərimiz qəlbini göynədirdi. Ölkə başçısı Ali Baş Komandanın düşmən üzərində tarixi qələbə xəbərini eşidəndə göz yaşlarını saxlaya bilməmişdi. Müharibə bitər-bitməz “Respublika” qəzetinin xüsusi buraxılışı olan “Qarabağ Azərbaycandır! Vətən müharibəsi. 44 gün” adlı tarixi kitabını qısa zamanda nəşr etdirdi və ictimaiyyət tərəfindən maraqla qarşılandı. Arzuları çox idi. Əgər ömür vəfa etsəydi...
Ağıllı adamlar, müdrik insanlar həyatdan gedəndən sonra da öz yerlərini dəqiq bilib, müxtəlif şəkildə xalqına, millətinə çoxlu sayda yadigarlar qoyub gedirlər. Dahi Nizami özünü tanımasaydı, yüz illər sonra xalqın yaddaşında necə qalacağını, necə xatırlanacağını bilməsəydi heç vaxt belə deməzdi:
Yüz il sonra
sorsan: “Bəs o, hardadır?”
Hər beyti səslənər: “Burda, burdadır!”
Bu gün Teymur müəllimin yetirmələri,
onu yaxından tanıyanlar bir səslə deyir: “Teymur müəllim burdadır, yəni aramızda, qəlbimizdədir.
Mayası xeyirxahlıqdan
yoğrulan bir insanın əbədi yeri ürəkdən savayı harda ola bilər ki?!.
Teymur müəllim bu gün bizim
hər birimizin yaxşı əməlində,
diləyində, ürəyində yaşayır və yaşayacaq...
Respublika.- 2021.- 25 aprel.- S.4.