Qəbələ: Təbiət oyanıb, el tarlaya çıxıb
bolluq yaradır
2020-2021-ci ilin qışının ağ örpəyini soyundurub tarixə qovuşduran yaz gəlib. Torpaq qış yuxusundan oyanıb, meşələr, dağlar, dərələr özünün min bir bəzəkli libasını geyinməyə başlayıb. Bərəkətli torpağa alın təri axıtmaqla onun qoynunda bol məhsul yetişdirmək həvəsi ilə çalışan kənd adamları elliklə tarlaya çıxıb əkməklə, becərməklə 2021-ci ilin məhsul bolluğu üçün əzmkarlıqla çalışmağa başlayıb. Vəndamlı bir el ağsaqqalının dediyi kim, qəbələlilər yaxşı bilirlər ki, hər bir namuslu əmək əvvəl- axır mükafatlandırılır, əməksiz saf və şən həyat ola bilməz, bir sözlə, əmək bütün sevinclərin, yer üzündə bütün yaxşı şeylərin mənbəyidir.
Qəbələdə aqrar sahə ilə məşğul olan, bu sahəyə rəhbərlik edən adamlarla həmsöhbət olanda da, ayrı-ayrı kəndlərdə torpaqlardakı, bağlardakı əmək coşqunluğunu görəndə də bunun şahidi olduq. Azərbaycanın dünyaya açılan ikinci turizm pəncərələrindən biri olan Qəbələdə bu gün aqrar həyatda da böyük coşqunluq hökm sürür. Rayon aqrar inkişaf mərkəzinin direktoru Rahib Əhmədovla bu barədəki söhbətimizdən aldığımız təəssüratlar da bu fikrimizin əyani təsdiqi oldu. Rahib müəllim öncə bizə rayondakı bugünkü işgüzarlıq üçün müvafiq qurumlar tərəfindən lazımi diqqət və qayğı yaradıldığı, bunun müqabilində güclü iqtisadi baza yaradıldığı barədə bəzi məlumatlar verdi. Bildirdi ki, ötən il rayonda kənd təsərrüfatı müəssisələri, ailə kəndli və ev təsərrüfatlarında 103596,1 min manatlıq məhsul istehsal olunmuşdur. Bu da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. İstehsal olunmuş məhsulun 41,9 faizi bitkiçiliyin, 58,1 faizi isə heyvandarlığın payına düşür.
Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş 22820 hektar sahənin 75,8 faizi, ailə kəndli ev təsərrüfatlarının, 24,2 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşmüşdür. Mövcud əkinlərin 85,2 faizini keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş arpa və buğda, 1,7 faizini əvvəlki illərdən əkilmiş çoxillik otlar, 13,1 faizini isə yazlıq bitkilər əkini təşkil etmişdir.
Qəbələ ötən il hər hektardan 33,1 sentnerdən çox dənli bitkilər istehsalına nail olmuşdur. Rayonun təsərrüfatlarında 8748,6 ton kartof, 3555,2 ton tərəvəz, 100 ton bostan bitkiləri istehsal edilmişdir. Qəbələ meyvəçilərinin, üzümçülərinin nəticələri də ürəkaçan olmuşdur. ümumiyyətlə, aqrar rayon kimi Qəbələdə kənd təsərrüfatının, demək olar, bütün sahələrinin inkişafına diqqət unudulmur. Həmsöhbətimin məlumatından, ayrı-ayrı təsərrüfat ünvanlarında gördüklərimdən də bu qənaətə gəldim və canlı şahidi oldum ki, qəbələlilər ötən ilki göstəricilərini bu il daha da artırmaq üçün hələ ötən ildən möhkəm baza yaratmış və bu potensialdan yüksək əzmkarlıqla istifadə edirlər. Yazın gəlişi, təbiətin füsunkarlığı adamları sanki daha əzmlə, həvəslə işləməyə sövq etmişdir.
2020-ci ilin heyvandarlıq məhsulları istehsalına dair bütün tapşırıqlarını layiqincə yerinə yetirən Qəbələ əməkçiləri 2021-ci ildə də öz ənənələrinə sadiq qalacaqlarına söz veriblər.
Qəbələni dünya bazarına çıxarıb şöhrət qazandıran neçə-neçə sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələri də çoxdur. Burada bir saatda 5 ton qabıqlı və ya 1300 kiloqram təmizlənmiş fındıq ləpəsi emal etmək gücünə malik, bir dəfəyə 250 ton qabıqlı fındıq qəbul edən, qurutma sahəsi olan emal müəssisəsi fəaliyyət göstərir. “Aspi-Aqro”MMC-nin Qəbələnin Savalan kəndindəki “Savalan” üzüm emalı və şərab istehsalı zavodunun şöhrəti dünyanı gəzir. Həmin müəssisə müasir texnologiyaların tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq üzümün yetişdirilməsindən başlamış yüksək keyfiyyətli şərab məhsullarının buraxılışınadək bütöv istehsal prosesini özündə cəmləşdirir. “Savalan” üzüm tingləri istehsalı və satışı üzrə dünyanın ən böyük və qabaqcıl şirkətləri olan İtaliyanın “VİVA”,”Cooperativi Rausedo”, “VCR və Fransanın”, “GONTARD”, “FRERES” şirkətləri ilə sıx əlaqə yaratmışdır. Zavod həmin şirkətlərin mütəxəssislərinin məsləhət və tövsiyələri əsasında Qəbələnin nadir şəraitinə malik lap qədimlərdən şərabçılıqla məşğul olunan ünvanında, Böyük Qafqazın ətəklərində Savalan Vadisində böyük üzüm plantasiyaları salmağa müvəffəq olmuşdur. Bu gün “Savalan” da çoxlu çeşiddə istehsal olunan məhsullar dünyanın bir çox ölkələrinə göndərilir.
Bu kimi faktlar çoxdur. Bütün bunlara görə qədim Qəbələ müasirləşib daha da gözəlləşməklə, güclənməklə, dünyaya açılan pəncərələri ilə dünyanı özünə gətirməyə nail olub. Ölkəmizdə aparılan iqtisadi islahatlar, xüsusilə də qeyri- neft sektorunda həyata keçirilən bir-birindən dəyərli layihələr Qəbələnin aqrar həyatını da zənginləşdirir.
Bəli, Qəbələdə son illər aqrar sahənin inkişafına da böyük diqqət göstərilir. Kənd təsərrüfatına göstərilən dövlət qayğısının artması nəticəsində rayonda həmin sahədə xeyli irəliləyiş nəzərə çarpır. İndi rayonda min hektarlarla bağ sahələri, üzüm plantasiyaları mövcuddur. Həm əhalinin bu məhsullara olan tələbatının ödənilməsi istiqamətində, həm də rayonda həmin sahələrin məhsullarını emal edən sənaye müəssisələrinin xammalla təchizatı baxımından meyvə və üzüm sahələrinin genişlənməsinə və məhsuldarlığın yüksəldilməsinə diqqət artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir. İxracyönümlü kənd təsərrüfatı məhsulları istehsalının artırılması diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan sahənin mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq rayonda əlavə olaraq yeni fındıq bağları salınmışdır. Qəbələdə son illər barama və tütün istehsalına da başlanmış və bu sahələrin keçmişdəki şöhrətini qaytarmaq üçün bütün imkanlardan səmərəli istifadə olunur.
“Bu gün Azərbaycan dünyada özünəməxsus layiqli yerini tutur”- deyən ulu öndər Heydər Əliyevin uğurlu sosial, iqtisadi və siyasi proqramının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki,ölkəmiz dünyanın aparıcı dövlətləri ilə bir sırada inamla addımlayır, yeni-yeni zirvələr fəth edir. Bunu sosial-iqtisadi həyatından qısa da olsa söhbət açdığımız Qəbələnin timsalında aydın görürük. Bütün bunları hamı kimi qəbələlilər də ölkə Prezidenti İlham Əliyev diplomatiyasının yorulmaz siyasi-iqtisadi fəaliyyətinin bariz nümunəsi kimi dəyərləndirirlər.
Rasim AMANOV
Respublika.- 2021.- 25 aprel.- S.5.