Vətəndaş cəmiyyətlərində
islahatlar, müasir
çağırışlar
Agentlik QHT-lərin
dayanıqlı inkişafına stimul verəcək
Hər kəsin birləşmək, birgə fəaliyyət göstərmək hüququnun olması ölkəmizin müasir siyasi sisteminin mühüm nailiyyətlərindəndir. Bu hüquqdan geniş istifadə edilməsi özünü çoxsaylı siyasi partiyalarla yanaşı, minlərlə ictimai birliklərin mövcudluğunda aydın biruzə verir. İctimaiyyətin dövlət idarəçiliyi sisteminə cəlb edilməsi cəmiyyətdəki problemlərin həllində əhəmiyyətli rol oynayır. Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin ayrılmaz hissəsidir. Vətəndaş cəmiyyətinin vəzifəsi isə vətəndaşla dövlət arasında vasitəçi olmaq, hər bir fərdin maraqlarını qorumaq, hakimiyyət və cəmiyyət qarşısında onun maraqlarını təmsil etmək, daxili və xarici siyasətin formalaşmasına, icra orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməkdir.
Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olmuş, onun təşəbbüsü ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət dəstəyi göstərilməsinə başlanılmış, bu sahədə qanunvericilik bazası yaradılmışdır. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması, minlərlə qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması vətəndaş cəmiyyətinin inkişafına böyük təkan vermişdir.
Bu sahədə dövlət dəstəyi siyasətini davam etdirən Prezident İlham Əliyevin 2007-ci ildə 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” təsdiq olunmuş, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formaları, prioritetləri, dövlət dəstəyitəminatının əsas vasitələri və digər konseptual istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda ölkəmizdə dövlət qeydiyyatına alınmış 4600-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və müxtəlif sahələrdə ictimai maraqların müdafiəsində iştirak edir.
Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesinin vacib iştirakçılarından olan üçüncü sektorun - vətəndaş birliklərin fəaliyyəti, demək olar, cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Qeyri-hökumət təşkilatlarıın maarifçilik təşəbbüsləri, tarixi və milli-mənəvi dəyərlərin təbliği, ekologiyanın qorunması və sağlamlaşdırılması, ölkəmizin nailiyyətlərinin, xalqımızın arzu və ideallarının, Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması sahəsində həyata keçirdiyi layihələr, gördüyü faydalı işlər təqdirəlayiqdir. Təəssüf ki, ictimai maraqlara xidmət adı altında birləşən bəzi vətəndaş qruplarının siyasi alətə çevrilməsi, hətta milli maraqlarımıza zidd mövqedən çıxış etməsi halları ilə də rastlaşmışıq. Xüsusən, bir vaxtlar postsovet məkanında və ölkəmizə yaxın çoğrafiyada Soros Fondunun, digər buna bənzər qlobal strukturların maliyyələşdirdiyi “rəngli inqilab”ın Azərbaycana da ixrac edilməsi cəhdləri olmuş, ancaq iflasa uğramışdır. Özünə “yeni həyat” qurmaq istəyən xalqları belə “inqilablar”ın hansı müsibətlərə düçar etdiyi, hətta qardaş qırğınına gətirib çıxardığı, ölkəni, dövləti tənəzzülə uğratdığıən yaxın tarixin reallığıdır. Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində effektiv dövlət siyasətinin həyata keçirilməsi, ictimai birliklərinin potensialının milli mənafelərin təmininə yönləndirilməsi və dövlət dəstəyi ilə təmin olunması belə təhlükələrin önlənməsində mühüm vasitə olmuşdur.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qətiyyəti ilə rəşadətli ordumuzun təcavüzkar Ermənistanı diz çökdürməsi, zəfərlə başa çatan “Dəmir yumruq” hərbi əməliyyatı xalqımızın birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi adlandırdığımız bu müqəddəs savaş dövründə ölkəmizin vətəndaş cəmiyyəti instutları da ümumxalq səfərbərliyinə öz töhfələrini verdilər. Həmin günlərdə ölkə QHT-ləri döyüşən orduya dəstək olur, şəhidlərin dəfninin təşkilinə kömək edir, düşmən bombardmanlarına məruz qalan cəbhəyanı bölgələrdə əhaliyə tibbi, psixoloji yardımlar göstərir, düşmənin informasiya təxribatlarına qarşı fəal mübarizə aparırdılar. Ermənistanın törətdiyi beynəlxalq cinayətlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlara QHT-lər tərəfindən çoxsaylı müraciətlər ünvanlanmışdır. Bundan başqa, ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə bağlı hökumətin sosial sahədə həyata keçirdiyi ardıcıl və qabaqlayıcı fəaliyyətdə QHT-lərin yaxından iştirakı və dəstəyi təmin olunur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” 19 aprel 2021-ci il tarixli Fərmanı ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında yeni bir məhələnin başlanmasını şərtləndirir. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılıb və onun Nizamnaməsi təsdiq edilib.
Qeyri-hökumət təşkilatları ilə iş sahəsində islahatların məqsədi bu təşkilatların dövlət və cəmiyyət həyatında rolunu artırmaq, onların fəaliyyətini yeni dövrün çağırışlarına uyğunlaşdırmaq, eyni zamanda, ictimai təşəbbüslərə dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarını və mexanizmlərini təkmilləşdirməkdir.
Fərmanda qeyd olunduğu kimi, ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynayıb, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak ediblər. Bununla belə, qeyri-hökumət təşkilatlarına göstərilən dövlət dəstəyi ilə bağlı əldə olunan nəticələrin təhlili və ümumiləşdirilməsi bu sahədə fəaliyyətin daha təkmil əsaslar üzərində qurulmasını, habelə qeyri-hökumət təşkilatlarının potensialından daha səmərəli istifadə edilməklə dövlətin və cəmiyyətin həyatında onların aktiv fəaliyyəti üçün tənzimləyici mexanizmlərin təkmilləşdirilməsini zəruri edir. Eyni zamanda, qeyri-hökumət təşkilatları ilə biznes qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinə də ehtiyac duyulur. Bunun biznes qurumlarının cəmiyyət qarşısında sosial məsuliyyətinin artırılmasına və cəmiyyətdə həmrəylik ruhunun daha da güclənməsinə böyük təsiri vardır.
Ekspertlərin fikrincə, Agentliyə verilən səlahiyyətlər dövlət idarəçiliyində şəffaflığın təmin edilməsinə və bu sahəyə ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi, QHT-lərin təşviqinə və ictimai şuraların fəaliyyətinin dəstəklənməsinə geniş imkanlar açır. Bundan başqa, Agentlikdə idarəetməni həyata keçirəcək Müşahidə Şurasının üzvlərinin Nizamnamədə təsbit edilmiş hüquq və səlahiyyətləri onun çevik və effektiv fəaliyyət mexanizminin formalaşdırılmasnı, qərarların qəbul olunmasına kollegiallığı təmin edəcəkdir. Şura üzvlərini Azərbaycan Respublikasının Prezidenti tərəfəindən vəzifəyə təyin edilməsi isə Agentliyin mötəbərliyinin təminatı kimi dəyərləndirilir. Nizamnaməyə əsasən, Müşahidə Şurasının 11 üzvündən səkkizinin qeyri-hökumət təşkilatlarından təyin edilməsi ictimai birliklərə, vətəndaş cəmiyyəti institutlarına dövlət səviyyəsində göstərilən etimadin növbəti təzahürüdür.
Publik hüquqi şəxs statusunda yaradıldığı üçün Agentliyin saxlanma xərclərinin və fəaliyyətinin dövlət büdcəsi ilə yanaşı, qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi də mümkün olacaqdır. Yeri gəlmişkən, ölkəmizdə son illərdə geniş tətbiqinə başlanmış publik hüquq bir sıra inkişaf etmiş ölkələrdə də mövcuddur. Publik hüquqi şəxslər idarəçilik sektorunda fəaliyyət göstərən, dövlətin adından çıxış edən, dövlətin və ya onların qurumlarının yaratdığı orqanlar olmaqla həm də özünümaliyyəşdirmə imkanlarına malikdirlər. Bu da dövlət büdcəsinə qənaət olunmasına, özəl sektorun iqtisadi imkanlarından ictimai maraqlarına uyğun daha səmərəli istifadə edilməsinə şərait yaradır. Agentliyin yaradılması, həmçinin fəaliyyətinə xitam verilən Şuranın hüquqi statusunda müşahidə olunmuş boşluğun aradan qaldırılmasını, qeyri-hökumət təşkilatları ilə iş sahəsində müasir və çevik idarəçilik mexanizminin tətbiqini təmin edir.
Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin yeni dövrün çağırışlarına uyğunlaşdırılması onların ən müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, beynəlxalq təcrübənin ən yaxşı nümunələrindən bəhrələnməklə ictimai təşəbbüskarlığın forma və məzmununu daha da dolğunlaşdırmağı, ictimai tələbata çevik reaksiya göstərməyi, dövlət-vətəndaş münasibətlərində şəffaflığın təminində fəal iştirak etməyi və digər aktual məsələləri nəzərdə tutur. Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar - Cənubi Qafqazın tarixində yeni dövrün başlanması və bundan irəli gələn məsələlər QHT-lərin diqqət mərkəzində olmalıdır. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağın dirçəlişi, yüz minlərlərlə məcburi köçkün həmvətənimizin doğma yurda qayıdışa hazırlanması və bu prosesin uğurla həyata keçirilməsi, Ermənistanın hərbi cinayətlərinin ifşası və bunlar barədə dünya birliyinə dəqiq, təkzibolunmaz faktların çatdırılması, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, həmçinin sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşlara dəstək və qayğının genişləndirilməsi QHT-lərin qarşısında mühüm vəzifə kimi dayanır.
Öz sələfinin zəngin və mütərəqqi təcrübəsindən səmərəli şəkildə istifadə edəcək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ilk gündən öz fəaliyyətini dövlətimizin başçısının etimadına və xalqımızın mənafeyinə uyğun quracağına, vətən cəmiyyətinin inkişafına yeni töhfələr verəcəyinə inanırıq.
Möhtərəm RƏCƏBOVA
Respublika.- 2021.- 25 aprel.- S.6.