Bir ağacın iki
qolu: Azərbaycan-Türkiyə
Belə bir deyim var: Pul hər şeyi həll etmir, ancaq çox şeyi yoluna qoyur. Onu qazanmağın yolları müxtəlif olduğu kimi, təyinat ünvanı da fərqlidir. Dünyanın ən pullu adamlarının həyat və fəaliyyətinə nəzər salanda bunu aydın görürük. Nə qədər əl çirki desək də pul adamı ucaldır, tanıdır, yüksəklərə qaldırır, eyni zamanda başını dumanlandırır, hiss və duyğudan məhrum edir, nüfuzunu aşağı salır.
Corc Soros! Kimdir o? Maliyyəçi, investor, iş adamı, yoxsa maliyyə möhtəkiri? Fəaliyyəti bir sıra ölkələrdə heç də birmənalı qarşılanmayan, dünyanın ən zəngin şəxsləri arasında adı 29-cu yerdə duran xeyriyyəçi Corc Soros ehtiyacın da, repressiyanın da nə olduğunu yaxşı bilən, məqsədinə çatmaq üçün hər cür yollara əl atan fürsətçinin biridir. Diqqət edin, Corc Soros doğulduğu Macarıstandan faşizm əhval-ruhiyyəsinin getdikcə yayılmağa başladığı, buna paralel olaraq antisemitizmin genişləndiyi bir zamanda üzləşə biləcəkləri təhlükədən, repressiyadan xilas olmaq üçün, saxta sənədlər düzəldərək Böyük Britaniyaya köçür, gələcək uğurlarının, karyerasının əsaslarını burada qoyur, illər sonra keçirdiyi maliyyə əməliyyatları nəticəsində İngiltərənin pul vahidi funt sterlinqin dəyərini 12 faiz aşağı salmaqla bir gecədə 1,1 milyard dollardan çox vəsait qazanmış olur.
İngiltərənin tarixində Qara çərşənbə kimi yaddaqalan 1992-ci il sentyabrın 16-sını Soros ağ çərşənbə adlandırır və onun adı İngiltərə bankını dağıdan şəxs kimi tarixə yazılır. Ən böyük məqsədi varlanmaqdan ibarət olan C.Sorosun əlverişli fəndlərindən biri dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli siyasi, maliyyə və araşdırma qruplarının rəhbərlərindən aldığı məlumatlar əsasında bank əməliyyatları həyata keçirmək və külli miqdarda vəsait əldə etməkdən ibarətdir. O, bunu çox böyük ustalıqla edir, qurduğu hörümçək toruna düşən ölkələrin aqibəti isə heç də yaxşı olmur. Digər bir tərəfdən, C.Sorosun muzdlu menecer olduğu, beynəlxalq maliyyə bazarlarına nəzarət edən, ancaq kölgədə qalmaq istəyən qruplaşmaların planlarını həyata keçirdiyi də iddia edilir. Hər bir halda C.Sorosun maliyyə uğurlarının əsasında sağlam rəqabətin izləri görünmür və o mahir fırıldaqçı obrazının gözəl prototipidir.
Soros Fondunun əsas fəaliyyət mexanizmi iqtisadi asılılıq üzərində qurulub. Belə ki, fond hədəfə aldığı ölkələrdə sabitliyi pozmaqla iqtisadiyyatda inkişafın qarşısını alır və yaranan durğunluq şəraitində isə istehsal azalır, işsizlik çoxalır, ölkənin maliyyə resurslarına tələbatı artır. Bu zaman beynəlxalq maliyyə institutları Qərbin maliyyə möhtəkirləri - investisiya fondları dərhal hərəkətə keçərək milli dövlətlərin borclanmasına və asılı duruma düşməsinə səbəb olurlar. Sorosun maliyyə möhtəkirliyi bütün dünyaya məlumdur. Məhz buna görə də dünyanın bir çox ölkələrində Soros fondlarının fəaliyyəti dayandırılıb, ya da məhkəməyə verilib.
Adətən Soros fondu məşhur media qurumlarını, nəşrlərini, beyin mərkəzlərini maliyyələşdirir. Beləliklə, həmin qurumlar Soros Fondunun maliyyə dəstəyi göstərdiyi beşinci kolonun əsas bazasına düşürlər. Və o hədəfə aldığı ölkəyə ilk öncə informasiya məkanında hücuma keçir və dünya ictimaiyyətində həmin ölkə haqqında mənfi obraz yaratmağa çalışır.
2012-ci ildə Avroviziya mahnı müsabiqəsi ərəfəsində Azərbaycan məhz belə bir situasiya ilə üzləşdi. Belə ki, Azərbaycanın əleyhinə qara piar aparan Amnesfy İnternational, Human Rights Watch kimi beynəlxalq təşkilatların ölkəmizə qarşı dezinformasiyalarının əsas məqsədi də Qərbin neoimperialist məqsədlərinə xidmət edirdi.
Onu qeyd edək ki, Azərbaycanda Açıq Cəmiyyət İnstitutu başda olmaqla xarici donorların qrant ayırdığı layihələrin əksəriyyəti formaldır, real problemləri əhatə etmir. Vətənpərvər, hərbi yönümlü QHT-lərin layihələrinə qondarma insan haqları müdafiəçi təşkilatları bir dəfə də olsun maliyyə ayırmayıblar. Bu fakt isə özlüyündə çox şey söyləyir.
C.Sorosun dünyaya bəlli olan narkotik sevdasının əsasında da insan haqlarının dayanmadığını görürük. Onun narkotik vasitələrin leqallaşdırılmasını dəstəkləməsi də bunu göstərir. Məqsəd bəşəriyyətin ən böyük bəlası olan narkotikləri müdafiə etməkdir. Təəssüf doğuran odur ki, insan haqlarını yalnız lazım olanda yada salan bu müdafiəçilər sonra da demokratiyadan danışıb dünyaya azadlıq dərsi keçməyə cəhd edirlər.
2010-cu il hesabatında ABŞ Dövlət Departamenti Azərbaycanda 33 min narkotik maddə istifadəçisi olduğu barədə yanlış məlumat yaymışdır və bu, Açıq Cəmiyyət İnstitutunun xidməti sayəsində olmuşdu. Yəni təşkilat beşinci kolona düşən nümayəndələrdən verdiyi qrant qarşılığında aldığı yalan məlumatlara əsaslanmışdır. Reproduktiv sağlamlığın təbliği adı altında maliyyələşdirilən layihə rəhbəri olan yerli QHT sədrlərindən birinin verdiyi saxta məlumatın statistik göstərici kimi qeydə alınması isə aldığı qranta görə bütün milli-mənəvi dəyərləri ayaq altına salmağa hazır olan beşinci kolon nümayəndələri ilə sorosçuların Azərbaycan əleyhinə çevrilən işbirliyinin nəticəsidir. Buraya erməni diasporu da daxil edilsə, mükəmməl bir üçlük yaranmış olur.
Açıq Cəmiyyət İnstitutunun əsas tərəfdaşlarından biri Karnegi Korporasiyasının prezidenti İran ermənisi Vartan Greqoriandır.
Korrupsiyanın idarə heyətində təmsil olunan digər bir erməni isə Edward P.Djerejiandır. Onlar Azərbaycanda beçinci kolon nümayəndələri ilə eyni məqsədlərə xidmət edirlər.
C.Sorosun milli-mənəvi dəyərlərə düşmən olması artıq çoxdan öz təsdiqini tapıb. Bunu Qərb mətbuatı da təsdiq edir. Onun fikrincə din, milli maraqlar, ailə relikt institutlardır və onları aradan qaldırmaq lazımdır. Bu baxımdan da Sorosun insan haqları təşkilatlarının əsas hədəfi milli mentalitetə qarşı yönəlmişdir.
Soros hər yerdə olduğu kimi, Türkiyədə beşinci kolonun yaradılmasına daha cidd-cəhdlə çalışır. Burada da əsas hədəflərdən biri yenə də Azərbaycandır. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasına havadarlıq edən Sorosun maliyyə dəstəyi ilə Türkiyədə yaradılan Türk İqtisadi və Sosial Tədqiqatlar Fondu (TESEV), Türkiyə İqtisadi Siyasət Tədqiqatları Vəqfi (TEPAV) Qərbin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına və Azərbaycanın bu prosesdən kənarda tutulmasına xidmət edir. Bu qurumlar irəli sürdükləri müxtəlif layihələrlə Azərbaycan cəmiyyətinin qeyd olunan prosesə sərt reaksiyasını yumşaltmağa çalışırlar.
Türkiyə-Ermənistan yaxınlaşmasına şəxsi töhfəsini verməyə çalışan Sorosun maliyyələşdirdiyi Avropa Tələbələr Forumu (AEGEE) 2009-cu ildə Türkiyədəki yeganə erməni kəndində (Vakıflı, Hatay) erməni və türk tələbələrin düşərgəsini təşkil etmiş və bu tələbələri Türkiyə-Ermənistan arasında futbol oyununa yollamışdı. Bu faktın Azərbaycan cəmiyyətində heç də birmənalı şəkildə qarşılanmaması yəqin ki, çoxlarının xatirindədir. Əslində, Sorosun Türkiyə planları da milli maraqlara zərbə üzərində qurulub. Öz məqsədini əsasən təhsil müəssisələri vasitəsilə həyata keçirməyə çalışan C.Sorosun Türkiyənin Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyə dəstəyi alan üç (Bilgi, Boğaziçi və Sabançı universitetləri) universitetindən biri Sabançı Universitetinin açılışında söylədiyi sözlər də bunu təsdiq edir: Mərkəzi Avropa Universiteti Şərq blokunun dağılmasında mühüm rol oynadı. Türkiyədə də köklü dəyişikliklər və islahatlar üçün bu universitetə çox iş düşəcək. Burada onun köklü dəyişiklik və islahatlar deyərkən nəyi nəzərdə tutduğu heç də gizli deyil və Sorosun maraqları çərçivəsindədir. Bir sözlə, Sorosun Türkiyədəki beşinci kolonunun üzvləri Ermənilərdən üzr istəyirik kampaniyasının iştirakçıları, Xocalı soyqırımı ilə bağlı Taksim yürüşünün əleyhinə çıxanlar və s. qüvvələrdir ki, onlar da Türkiyə demokratik açılım adı altında bu ölkənin bölünməsinə çalışırlar. Türkiyə-Ermənistan yaxınlaşmasına nail olmaq istəyənlərin bir məqsədi Azərbaycana zərbə vurmaqdırsa, digər məqsədi isə Türkiyəni çökdürməkdir. Yəqin ki, Soros onun hamiləri, tərəfdaşları incə bir mətləbi unudurlar: Atatürkün Azərbaycanın kədəri-kədərimiz, sevinci-sevincimizdir və ulu öndər Heydər Əliyevin Bir millət iki dövlət kəlamlarının hikmətini. Bu kəlamlar əslində iki qardaş ölkə üçün əsas prinsipdir və onu heç bir qüvvə poza bilməz. Bunu 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi də sübut etdi. Hər bir döyüşdə fiziki, texniki qüvvə ilə yanaşı, mənəvi dəstəyin nə qədər böyük rola malik olması dünya hərb tarixində dəfələrlə təsdiq olunub. Türkiyə dövləti, xalqı bu mənəvi dəstəyi Azərbaycan dövlətindən, xalqından, əsgərindən əsirgəmədi.
Tarix boyu kimlərinsə yardımı hesabına yaşayan Ermənistan hakimiyyəti 1997-ci ildə Açıq Cəmiyyət Fondu - Ermənistanın fəaliyyətə başlamasından sonra açıq-aşkar şəkildə Soros Fondunun təsiri altına düşdü. Fondun dəstəyi ilə hakimiyyətə gələn N.Paşinyan və onun komandasının Sorosun idarəsində olması da, demokratiya adı altında ölkədə avtoritar rejim yaratması son vaxtların hadisələrilə təsdiqini tapdı. N.Paşinyanın vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən basqılar, aksiyaların dağıdılması, onun təşkilatçılarının həbs olunması və s. Soros demokratiyasının iç-üzünü göstərir. Ermənistanın məğlubiyyətindən sonra Sorosun Azərbaycana qarşı düşmənçiliyi daha da güclənib. Avropa Şurası Parlament Assambleyasında Sorosun maliyyələşdiyi deputatları Azərbaycan əleyhinə çıxışları da bunu təsdiq edir. Məhz həmin deputatların canfəşanlığı hesabına AŞPA-nın yaz sessiyasında Azərbaycandakı erməni əsirlərin məsələsi gündəliyə salınmışdır. Rəsmi Bakı ölkədə Ermənistana aid əsirlərin olmadığını və tutulanların terrorçular olduğunu dəfələrlə vurğulasa da, Sorosçu deputatlar terrorçuların azadlığa çıxmasında daha israrlı görünürlər. Erməni terrorçularla bağlı AŞPA-da Azərbaycana qarşı növbəti hücum cəhdinin arxasında da böyük demokrat Soros dayanır. İşin təəssüf doğuran digər tərəfi AŞPA-nın erməni lobbisinin, Soros kimilərin əlində alətə çevrilməsidir. Dünyanın gözü qarşısında nüfuzdan düşən bir qurumun çıxardığı qərarlar isə mənasız, boş cəhdlərdən başqa bir şey olmayacaqdır.
Vətən müharibəsinin gedişində, 2020-ci il oktyabr ayında Türkiyənin A. Haber telekanalına verdiyi müsahibədə: ...Soros bu gün Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı deyən Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanı Soros rejiminin məhsulu adlandırıb. Bu, bir həqiqətdir, amma o da bəllidir ki, Ermənistan hakimiyyəti ilə əlaqələri, erməni lobbisinin və onun əlaltılarının antazərbaycan və antitürkiyə fəaliyyəti ilə maraqları uzlaşan C.Soros mübarizə taktikasını bir qədər dəyişərək ermənilərin çoxdankl arzusunun gerçəkləşməsinə nail oldu. Belə ki, ABŞ-ın yeni prezidenti, hakimiyyətə gəlməsi üçün seçki kampaniyasında Sorosdan 70 milyon dollar yardım alan C.Bayden aprelin 24-də qondarma Erməni soyqırımını soyqırımı adlandıraraq himayədarı Sorosun ona göstərdiyi səxavətin əvəzini qaytardı: Amerika xalqı 106 il öncə bu gün başlayan soyqırımda həyatını itirən erməniləri ehtiramla yad edir. Məsələyə münasibət bildirən Türkiyənin Xarici İşlər naziri M.Cavuşoğlu deyib: Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz, tariximizi heç kimdən öyrənəcək deyilik. Siyasi fürsətçilik barışığa və ədalətə ən böyük xəyanətdir. Populizmə əsaslanan bu bəyanatı tamamilə rədd edirik.
Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma erməni soyqırımı ilə əlaqədar verdiyi bəyanatını qınayıblar. Onu tarixi səhv adlandıran Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib. Dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan da Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.
Bəli, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya göstərəcək ki, bu birliyin qarşısını heç bir qüvvə ala bilməz. Soros və sorosçular gözdən düşdükcə dünyada onların əməlləri baş ağrıtmaqdan başqa bir şey deyil. Necə deyərlər: Dəyirman öz işindədir, çax-çax baş ağrıdır.
Z.ABDULLAYEVA ,
Respublika.- 2021.- 27 aprel.- S.1;4.