Ana dilimiz - milli varlığımız
1978-ci
il aprel ayının 27-də qəbul edilən Azərbaycan SSR
Konstitusiyasına ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”
bəndi daxil edilmişdir.
Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman əzilsə, repressiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlaya bildi və tarixin müəyyən dönəmində böyük bir qürur hissi ilə söylədi:
Yaddan
çıxmaz ana dilim,
Doğransam da dilim-dilim.
Dilin
formalaşmasında mühitin rolu
Azərbaycan dili öz varlığını qorumaq
üçün ardıcıl mübarizə aparmış, mənsub
olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli
dünyəvi elmin dili səviyyəsinə yüksəlmişdir. Bu işdə
bədii söz ustalarının, ədəbiyyatımızın
karifeylərinin əvəzsiz xidmətləri vardır.
Ədəbi dilin inkişafında dövri mətbuatın rolu
da az deyildir.
Bəllidir ki, milli ədəbi dil ana dili ilə ədəbi
dilin qarşılıqlı münasibətlərində
formalaşır. Dilin yaşaması, onun qorunması
mühitdən, xüsusən də ailədə ana dilinə
münasibətdən çox asılıdır. Azərbaycan dilini sevən, onun inkişafı
üçün mühüm işlər görən,
sözün əsl mənasında böyük insan Heydər
Əliyev bu sahədə də nümunə idi. Çünki dilə sevgi ilk növbədə onun
böyüdüyü mühitdə varlığına
hopmuş, sonrakı mərhələlərdə isə o bir
dövlət rəhbəri, bir vətəndaş kimi dilimizin
qoruyucusu, təbliğatçısı olmuşdur.
İnsan xarakteri onun özünü və ətraf aləmi
dərk etməyə başladığı ilk uşaqlıq
çağlarında formalaşır. Fərdin
daxilindəki genetik kod, subyektiv amillər və bir də
mühit, ailə tərzi, məişət xüsusiyyətləri
burada əsas amillərdir.
Əliyevlər ailəsində uşaqlar hamısı
istedadlı idilər. Valideynlər elə bir atmosfer
yaratmışdılar ki, yaxşı oxumamaq, sadəcə
mümkün deyildi, nə qədər ehtiyac içində
olsalar da valideynləri uşaqlarının işləməsinə
qıymırdılar, əksinə onlara hədsiz qayğı
ilə yanaşırdılar. Yeganə tələb
onların oxuması idi. Təbii ki, bu
işdə ananın - İzzət xanımın rolu misilsiz
idi.
Heydər Əliyev uşaqlıqdan mütaliəni
çox sevirdi, o vaxtlar əldə edilə bilən
bütün bədii ədəbiyyatı oxumuşdu. Otuzuncu illərdə
məktəbin ən yaxşı şagirdləri ilə
birlikdə respublikanın hər yerində
savadsızlığın ləğvi üzrə kampaniyada da
iştirak etmişdi. Bu, o zaman Azərbaycanda yeni, latın əlifbasına keçidlə əlaqədar
idi. Belə ki, ərəb əlifbası ilə
oxuyub yazmağı bacaran yaşlı nəslin nümayəndələri
savadsızlara çevrilmişdilər və yeni əlifbanın
kütləvi surətdə öyrədilməsinə
başlanmışdı.
Dilə münasibəti heç zaman dəyişmədi,
ailə qurduqdan sonra övladlarının ana dilində təmiz
danışmasının qayğısına qaldı. Bu gün
ölkə başçısı İlham Əliyevin rus,
ingilis, Azərbaycan dillərində məzmunlu
çıxışları, digər bir neçə xarici
dildə danışması da ulu öndərin ana dilinə
sevgisinin təzahürüdür.
1997-ci ildə
respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş
tələbələrin bir qrupu ilə görüşündə
çıxış edən ulu öndər Heydər
Əliyev demişdi: “... Şübhəsiz ki,
siz xarici ölkələrdə dil öyrənməlisiniz.
Mən keçmişdə də demişəm
və bu gün də deyirəm, şəxsən arzum ondan
ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin,
ancaq birinci növbədə öz ana dilini - dövlət
dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin,
cazibədar dilimiz var... Xarici ölkələrdə
təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən,
eyni zamanda, başqa dilləri öyrənərkən öz
dilinizi heç bir başqa dilə dəyişməyin.
Xalqın, millətin, insanın öz ana dilindən əziz
heç bir şeyi ola bilməz...”
Heydər Əliyev doğma dilimizin təkcə qoruyucusu
deyildi, həm də onun təbliğatçısı idi. O, belə görüşləri
gənclərimizin təhsil aldığı şəhərlərdə
də keçirirdi. Hər bir görüşdə
məqam düşdükcə dillə bağlı fikirlərini
söyləməkdən çəkinməz, tövsiyələrini
verməkdən usanmazdı. Gənclərlə,
xüsusən də xaricdə oxuyan, yaxud oxumağa
hazırlaşan gənclərlə görüşlərində
dil məsələsi əsas yerdə dayanırdı. Başqa dilləri öyrənmək, eyni zamanda, ana
dilini gözəl bilmək və onu qorumaq. O, istəyirdi
ki, bu hər kəsin həyat amalına çevrilsin.
Heydər Əliyev inanırdı, inanırdı ki, vaxt
gələcək bu kadrlar Azərbaycana lazım olacaqdır. Və belə
bir vaxt gəlib çatdı. Azərbaycan
öz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə
oxumağa göndərilən həmin gənclər
respublikanın müstəqilliyinin möhkəmlənməsinə
öz faydalarını verdilər. Həmin kadrlarla
baş tutan görüşündə: “... əgər mən
bu iş üçün çalışmışamsa və
o, nəticə veribsə, bu mənim üçün
doğma, əziz işdir. Siz də mənim üçün
doğmasınız, əzizsiniz...” Görüşün
sonu isə ulu öndəri hər şeydən daha çox
düşündürən dil məsələsi ilə
bağlı fikirlərlə bitmişdi. O, hər zaman, hər
yerdə olduğu kimi, yenə də dildən
danışır, Azərbaycandan kənarda yaşayan azərbaycanlılara
tövsiyələrini verirdi: “... indi Azərbaycandan kənarda
yaşayan azərbaycanlılara yeganə tövsiyəm var - Azərbaycanı
heç vaxt unutmasınlar. Burada
çıxış edənlər çox gözəl
danışdılar. Bu, məni sevindirir.
Mən hesab edirdim ki, indi onlar bəlkə də
Azərbaycan dilini unudublar. Yox, Azərbaycan
dilində danışdılar. Bu məni
çox sevindirdi. Xatirimdədir, o illər
burada, bu salonda sizləri yola salarkən mən bir çox
tövsiyələr verirdim. Verdiyim
tövsiyələrdən biri də o idi ki, rus dilini mükəmməl
öyrənin. Bu sözləri sizə hər
dəfə demişəm. Bu gün isə
deyirəm ki, rus dilini mükəmməl öyrənmisiniz, Azərbaycan
dilini unutmayın, mükəmməl öyrənin. O vaxt
rus dilinin öyrənilməsinə ehtiyac var idi,
çünki siz həmin ali məktəblərdə
yaxşı təhsil almalı idiniz. Təhsil
aldınız, öyrəndiniz - bu, sizin
qazancınızdır. İnsan nə qədər
çox dil bilsə, bir o qədər zəngin olar. Amma Azərbaycan dilini nəinki unutmayın, müasir
Azərbaycan dilini öyrənin. Bütün
diasporlarda Azərbaycan dili hökm sürməlidir.
Çünki dilini unudan adam, şübhəsiz
ki, milli keyfiyyətlərini də xırda-xırda unudur. Buna yol vermək olmaz!”
Ulu
öndərin ən böyük arzusu bu idi: hər bir azərbaycanlı
öz ana dilini, dövlət dilini mükəmməl bilsin. O,
bununla kifayətlənmirdi. İstəyirdi ki, Azərbaycan
dilində danışmağı başqalarına da öyrədək.
Müstəqillik dövründə xarici ölkələrdən
respublikamıza gəlib işləyən dövlət
nümayəndələrinin, səfirliklərdə
çalışanların Azərbaycan dilini öyrənməsini,
bu dildə danışmasını bir yenilik kimi qəbul edir,
buna çox sevinirdi. Deyirdi ki,
keçmiş zamanda ədəbiyyat tarixini öyrənərkən
fəxr edirdim ki, vaxtilə Lermontov bir müddət Azərbaycanda
olmuş, Quba zonasında yaşamışdır. O,
öz dostuna yazmışdır ki, mən burada Azərbaycan
dilini öyrənirəm. Bunun özü də tarixdə nadir
hadisədir: “İndinin özündə də bizim dili öyrənməyə
çalışırlar. Bəziləri
artıq bizim dildə danışırlar. Bu, çox gözəldir, çünki biz öz
dilimizin hörmətini qaldırmalıyıq. Ona görə ki, bizim dilə hörmət edilsin,
dilimizi öyrənsinlər, mənimsəsinlər. Mən
əminəm ki, başqa ölkələrdə də bizim
dilimiz nə qədər geniş yayılsa, öyrənilsə
Azərbaycan ədəbiyyatını, mədəniyyətini
ana dilimizdə oxuyanlar, öyrənənlər
respublikamızın necə zəngin mənəviyyata, ədəbiyyata,
mədəniyyətə malik olduğunu dərk edəcəklər...”
Nitq mədəniyyəti
xalqın ümumi mədəniyyətinin ayrılmaz hissəsidir
“Artıran
söz qədrini, sidq ilə qədrin artırar”
Məhəmməd Füzuli.
Klassik şairimiz Məhəmməd Füzulinin “Söz”
rədifli qəzəlindən götürülmüş bu
misrada böyük hikmət var. Şair burada sözdən
istifadə bacarığına, söz seçiminə
xüsusi diqqət yetirməyin zəruriliyini və bunun mədəni
nitqin əsas şərtlərindən biri olduğunu göstərir. Ümumiyyətlə,
nitq mədəniyyəti xalqın ümumi mədəniyyətinin
ayrılmaz hissəsi kimi dəyərləndirilir.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinə rəhbərliyi dövründə xarici
ölkələrə səfərləri zamanı öz həmkarları,
yaxud digər siyasi xadimlərlə birgə bəyanatlarında
siyasi iradə nümayiş etdirirdi. Kamil nitq dəyərləri
baxımından o çıxışların həm də
siyasi əhəmiyyəti vardı.
Məsələn,
1995-ci il iyulun 2-də Rumıniya prezidenti
İon İliyesku ilə birgə keçirdiyi mətbuat
konfransında bəyanatla çıxış edən Heydər
Əliyev burada keçirdiyi görüşlərdən, səmərəli
söhbətlərdən məmnun qaldığını
dedi. O, adəti üzrə bu dəfə də Ermənistan-Azərbaycan
münaqişəsinə toxunaraq, fikirlərini belə
tamamladı: “Yeddi ildir ki, ara verməyən Ermənistan-Azərbaycan
münaqişəsi və bu münaqişənin əsasını
təşkil edən separatçılıq
inandırıcı surətdə, təsdiqləyir ki, harada
olmasından, kim tərəfindən törədilməsindən
asılı olmayaraq separatçılığın hər
hansı forması pislənilir, belə ki, indi ayrı-ayrı
etnik qrupların, ayrı-ayrı qüvvələrin məhz
separatçılıq niyyətləri nəticəsində
Yer kürəsinin müxtəlif bölgələrində
saysız-hesabsız münaqişələr, qaynar nöqtələr
meydana gəlmişdir. Təbiidir ki, bunlar
bütün dünyanı narahat edir və böyük təşviş
doğurur. Azərbaycan hər hansı
formada separatçılığın, hər hansı formada
terrorçuluğun əleyhinədir və hesab edir ki,
dünya birliyi indi Yer kürəsinin bir çox bölgələrində
yaranmış bu ağır vəziyyəti aradan qaldırmaq
üçün öz səylərini səfərbərliyə
almalıdır”.
Heydər Əliyevin siyasi hazırlığı,
intellekti, natiqlik məharəti daim dünya mətbuatının
diqqətini çəkirdi. 1969-cu ildə
respublikaya rəhbərliyə gələn Heydər
Əliyevin o zamankı mövqeyi dünyanın ən
aparıcı mətbuat orqanlarının səhifələrində
müxtəlif cür yozulsa da hər bir halda Heydər
Əliyev cəsarəti xüsusi vurğulanırdı. Həqiqətən, Sovet İttifaqının tərkibində
ola-ola sovet rejiminin çatışmazlıqlarını bəyan
etmək üçün yalnız Heydər Əliyev cəsarəti
lazım idi.
Bəli, 70 ildən artıq bir müddətdə yaşadığımız SSRİ dövründə dilimizi bizdən uzaq salmağa çalışdılar, o vaxt idarələrdə ana dili yasaq olunmuşdu. 1969-cu ildə ulu öndərimiz Heydər Əliyevin respublikaya hakimiyyətə gəlişi hər sahədə olduğu kimi, bu sahədə də dönüş yaratdı. Həmin ildə hazırkı Bakı Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən ümumittifaq tədbirində ulu öndərimizin ana dilində söylədiyi alovlu nitq böyük əks-sədaya səbəb olmuşdu. Bu addım o dövr üçün sözün əsl mənasında qəhrəmanlıq idi və təsadüfi hadisə deyildi. Heydər Əliyevin ana dilinə qayğısı sistemli xarakter daşıyırdı, sonrakı illərdə də davam etdi və 1978-ci ildə qəbul olunan Azərbaycanın yeni Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bundan sonra tədricən dövlət və hökumət idarələrində, rəsmi yığıncaqlarda dilimiz işlək bir dilə çevrilməyə başladı. Ümummilli lider Heydər Əliyev təkrar hakimiyyətə gəlişindən sonra da Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü.
Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. 2004-cü ildə latın əlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə böyük işlər görüldü.
Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyən rəhbər işçilərə şəxsi nümunədir. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən təmizləməyə borcludur. Bütün başqa dillərə ehtiramla yanaşmaqla bərabər, ana dilinə xüsusi diqqət yetirilməlidir. Dilimiz varsa, biz də varıq!.. Yaşa, yaşa, Ana dilim... Qayalardan daha sərt olan bir millətin andı, dağlarımızın gül-çiçək dənizi kimi rəngli dilim!..
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 27 aprel.- S.4.