Əqli Mülkiyyət Agentliyi: Qədim mətnlər
və klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa edir
Ümumdünya Kitab və
Müəlliflik Hüququ Günü və Beynəlxalq
Əqli Mülkiyyət Günü münasibətilə
vebinar keçirilib
Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında” mövzusunda vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn tədbir 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil olunub.
Tədbirin aktuallığını diktə edən amil əsrlərboyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə, Azərbaycan xalqının torpağına, mədəni irsi və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.
Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Vətən müharibəsində qələbədən sonra Azərbaycan xalqının tarixi dövr yaşadığını bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun Qarabağı Ermənistanın işğalından azad etdiyini, işğalçı dövlətin kapitulyasiya aktını imzalamağa məcbur olduğunu, hərbi yolla azad edilməyən digər ərazilərin 10 noyabr Bəyanatına əsasən Azərbaycana qaytarıldığını vurğulayıb: “Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik”. Monoetnik dövlət quran işğalçı Ermənistanın hərbçiləri torpaqlarımızdan qovulub və bununla çoxsaylı köhnə və yeni hay-erməni mifləri dağılır, hətta yaradılan monoetnik dövlət quruculuğu da yardımçı olmur.
Ermənilərin məkrli planlarının mahiyyəti onda idi ki, monoetnik mühitdə, yalnız hay-erməni əhli məkanında uydurma fikirlərə əsaslanaraq və digər xalqların siyasi tarixini və tarixi coğrafiyasını təhrif etməklə, hay-erməni millətinin sözdə rolunu şişirdərək, hay-erməni “müstəsnalığını”, hayların “xüsusi missiyasını”, “ilk bəşəriyyət ocağını”, “böyük Ermənistanı” və s. mifologemləri əhali arasında yaymaq daha asan və əlverişli idi. Bu sırada xüsusi yerə malik olan “Dağlıq Qarabağın təhrif edilmiş tarixini” və son 30 ilə yaxın müddətdə beyinlərə yeridilən “yenilməz erməni ordusu” mifini xüsusi qeyd etməliyik.
Gözümüz önündə rəşadətli Ordumuz 44 gündə erməni ordusunun yenilməzliyi haqqında mifi şam kimi əritdi. Belə də olmalıdır, çünki bizim işimiz haqq işidir, tarixi ədalətin bərpasıdır. Erməni düşüncəsindəki mümkünsüz olanı Azərbaycan dövləti bacardı və bununla dünya tarixi dərsliklərinə bir səhifə kimi düşəcək parlaq nümunə yaratdı. Yaşadığımız tarixi dövr - miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür.
Qeyd edilməlidir ki, məkrli planlara görə, erməni dövlətində yeganə millət olaraq qalan və yaşayan etnosun şüuru millətçilik dumanına bürünərək bəhrələr gətirməli idi. Çünki saxta mifologemlərlə razılaşmayanların etiraz səsi çıxmır, digər etnosların etiraz edə biləcək fikirləri səslənmir, heç bir etiraz dalğası formalaşmır. Nəticədə siyasi mifologiya zəfər çalır, hay-erməni dünya etnik mənzərəsini müəyyən edir, erməni etnosunun zahiri reallıqları dərk etməsini və davranış mexanizmlərini formalaşdırır. Süni surətdə “müstəsnalıq” və “əzabkeşlik” haqqında miflər, digər xalqlara münasibətdə ambisiyalar və iddialar xalqın şüuruna yeridilərək, təbii adilik alternativinin qarşısına sipər çəkir, “xüsusi missiya” mifi isə beynəlxalq hüququ, yəni müasir dünya quruculuğunun təməl daşı olduğunu rədd edir. Bu növ mifologemləri dəstəkləyən, onlara yol açan hakimiyyət və elita nəticədə özü də həmin uydurmaların qurbanına və dustağına çevrilir. Məsələ də bundadır ki, şüurlu şəkildə işlənilən ideologiya şüursuz yaranan və əhalidə kök salan dünya mənzərəsini əvəzləməkdə çətinlik çəkir. Nəticədə hamı siyasi folklorun qəfəsinə düşür.
Lakin siyasi folklor, uydurulmuş dünya mənzərəsi yalnız daxili istehlaka yönələrək işləsə də, kağızdakı uydurma nəzəri tezislərə, həqiqətdən uzaq, feyk növlü saxtalaşdırmalara, çoxlu sayda yalançı kitab və çıxışlara əsaslanaraq qurulsa da, həqiqi həyatla qarşılaşdığı halda acı nəticələrə gətirib çıxarır. Miflər dağılır, reallıq üzə çıxır.
Bugünkü möhtəşəm tarixi zəfərimizin nəticəsi uydurmaların dağıdılmasıdır. Bunun bariz nümunəsi Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “yenilməz erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıldı. Və nəhayət, “əzabkeşliyə hazır olan, özünü fəda və qurban edən xalqın” mifi də puç oldu, çünki 10 mindən artıq fərarisi olan millət 30 il əvvəl işğal edilmiş torpaqları qorumağa qadir deyildi.
Bu miflərin dağılması və dediklərimizin təsdiqi yalnız yenilməz sərkərdə, Ali Baş Komandan kimi deyil, ümumiyyətlə Azərbaycanın lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual üstünlüyü, cəsur və qətiyyətliliyi, xalqın əsl rəhbəri olmasındadır.
Təsadüfi deyil ki, görkəmli filosof-maarifçi J.J.Russonun dediyi kimi, “bacarıqsız əllərdə olan hakimiyyətdən təhlükəli şey yoxdur”. Çünki belə hakimiyyət təcəssüm etdiyi ideyaya yox, yalnız öz maraqlarına qulluq etməklə, faydasız və dayanıqsız olur. Çünki həyat göstərdiyi kimi, bu növ rəhbərlərin səhvlərinin acı nəticələrini millət çəkir və millət ödəməli olur. Tarix və gerçəklik göstərdiyi kimi, rəhbərin xüsusi məsuliyyət daşıyıcısı olması dövlətin taleyinin onun çiynində olmasından irəli gəlir. Çünki dövlət başçısı ölkəni irəli aparmaq üçün hər zaman düzgün qərar qəbul etməklə, ölkəni idarə etməlidir və bu qabiliyyət isə seçmək qabiliyyətidir, gələcəyi görmək qabiliyyətidir. Bu qabiliyyət siyasət və hüququn kəsişməsindən irəli gəlir. Dövlətimizin başçısı bizə qalib xalq düşüncələrini bəxş etdi, baş ucalığı gətirdi və xoşbəxt etdi.
Bunları paşinyanlar unutmamalıdırlar. Nəhayət, qazanılmış zəfər Azərbaycan xalqının son hərbi hadisələrdə erməni hərbçiləri ilə toqquşmalarda bütövlüyünün, püxtələşməsinin, vətənpərvərliyinin və ruhən gücünün nümayişidir. Ölkəmizdə mövcud olan tolerant, multikultural mühitin Ermənistandakı millətçi əhval-ruhiyyə ilə müqayisədə hədsiz üstünlüyünün nümayişidir.
Bu gün bölgədə yeni ictimai-siyasi vəziyyət yaranıb və Azərbaycan öz qüvvəsini barbar-işğalçıların bizə viran qoyub getdiyi əraziləri bərpa etməyə yönəldib. Biz faktiki olaraq bu ərazilərdə Azərbaycan xalqının məhv edilmiş maddi mədəniyyət irsi, dağıdılmış, yaxud tamamilə yer üzündən silinmiş müsəlman və türk mədəniyyətinin abidələri ilə qarşılaşırıq. Azad edilmiş torpaqlarda sakinləri azərbaycanlıların əcdadlarından biri olan və torpaqlarının hüquqi varisinin Azərbaycan dövləti olduğu Qafqaz Albaniyası irsinə aid edilən çoxlu abidə və xristian mədəniyyəti nümunələri - kilsələr, monastırlar və s. var.
Azərbaycan dövləti bütün zamanlarda öz müsəlman mədəniyyətinə və islama qədər olan, o cümlədən xristian keçmişinə aid mədəni irsinə Azərbaycan xalqının irsi kimi diqqət və hörmətlə yanaşıb, onu qoruyub. Və bu baxımdan torpaqlarımızdakı xristian abidələrinin guya dağıdılması barədə bəzi dairələrin riyakarcasına fəryad qoparmaları təəccüb doğurmaya bilməz. Üstəlik hələ sovet dövründən bəri, xüsusən də işğal dövründə xristian keçmişin əksər nümunələrinə erməniləşdirmə məqsədilə erməni saxtakarları tərəfindən yenidən “əl gəzdirilib” və onlar manipulyasiyaya məruz qalıb.
Alban xristian abidələrinə gəldikdə isə tarixi həqiqət azərbaycanlıların keçmiş abidələrini qorumaq istəməməsində deyil, əksinə, bu abidələrin ermənilər tərəfindən planlı şəkildə təhrif olunmasında, üzərindəki köhnə yazıların məhv edilməsi və abidələrin erməni mənsubiyyətinin “sübutlarına” çevrilməli olan yeni yazıların həkk edilməsindədir.
Mövcud şəraitdə həm vizual, həm də maddi baxımdan abidələrin vəziyyətinin monitorinqinin, yəni özünəməxsus təftişinin keçirilməsi, eləcə də qədim mətnlər və klassik mənbələr əsasında tarixi sübutların tədqiq edilməsi son dərəcə aktualdır və bu gün həmin məsələlər bizim diqqət mərkəzimizdə olacaq.
Erməni alimləri və siyasətçiləri həmişəki kimi alban ərazilərini özününküləşdirir, saxta erməniçilik “mənbələri” əsasında dünyaya yalan yayırlar.
Bunların iddialarına erməni müəllifi F.Ekozyantsın yazdıqları ilə cavab vermək yerinə düşərdi (“İsrael Ori. Larets Pandorı”. Kniqa 1). Kitabda, müəllifin qeyd etdiyi kimi, “bir mistifikasiya tarixi haqqında” söhbət gedir və bu cəfəngiyat avantürist İ.Ori başda olmaqla, erməni tədqiqatçıları tərəfindən Səfəvi və ondan sonrakı dövlətlərin müstəmləkəçilik və hökmranlığına qarşı aparılan milli azadlıq hərəkatı kimi təqdim edilir. Mistifikasiyanın mahiyyəti isə ondan ibarətdir ki, burada söhbət erməni xalqının azadlıq hərəkatından deyil, Qarabağ məliklərini öz planlarına cəlb etməkdən (İ.Ori məlik oğludur) gedir, eyni zamanda, azadlıq hərəkatından söhbət gedə bilməz, çünki “milli qəhrəmana” çevrilən İ.Ori öz məqsədləri naminə çalışan bir şəxsdir.
Həmin uydurmanın, Ekozyantsın yazdığı kimi, digər saxtakarlıqlar sırasında öz yeri var. Erməni müəllifindən sitat gətirirəm: “XVIII əsrin əvvəlinə qədər erməni xalqının yazılı tarixi heç bir zənginliyə malik deyildi və Armeniya və ermənilər haqqında nadir qeydlərdən ibarət idi. Və bu, əsasən Armeniya və onların sakinlərindən uzaq olan Avropa müəlliflərinin yazdıqları idi. Lakin XVIII əsr birdən-birə tarixi “kəşflər” partlayışına çevrildi və “xəyali dünyadan” öncə heç kimə məlum olmayan çoxlu erməni çarlıqları canlandırıldı və bunlar üzündən köçürənlər ordusunun fəaliyyətinin nəticəsinə çevrilərək, hətta onların qələmləri Nuh gəmisinin ətrafına, bəşər sivilizasiyasının mifik beşiyinə çatdırıldı”.
Ekozyants xüsusi qeyd edirdi ki, “bütün bu “mənbələr”in əmələ gəlməsi, daha doğrusu, ecazkar vasitə ilə “aşkarlanması” XVIII əsrdən XX əsrə qədərki dövrdə peyda olur, halbuki XVIII əsrdə bunlar haqqında heç kəsin məlumat və biliyi olmamışdır...”.
Bəs erməni tarixini ilkin “zənginləşdirənlər” kimlərdir və hansı zamandan başlayaraq, çoxlu mifologemlərlə dolmuş erməni tarixinin saxtakarlıq epoxası start götürüb?
Ekozyantsın cavabı bəllidir: “İsrael Orinin 1711-ci ildə ölümündən sonrakı növbəti 1712-ci ildə Venesiya yaxınlığında, Müqəddəs Lazar adasında mxitaristlər ordeni fəaliyyətinə başlamış və 100 il keçməmiş yalnız onların “çalışmaları” nəticəsində Armeniyanın və erməni xalqının tarixi on minlərlə “qədim” əlyazmalarla “varlandı”, “təkmilləşdi” və “elmə çevrilməyə” hazır olduğunu nümayiş etdirdi”. Deməli, ilkin addımda 12 qaçqın rahibdən ibarət olan bu toplum qısa müddətdə mətbəə və kitabxana ilə zənginləşərək, tam hüquqlu monastır kompleksinə çevrildi. Özləri ilə gətirdikləri ilkin bir neçə kitab və əlyazmalar əsasında bir neçə rahib 1857-ci ildə artıq minlərlə “qədim əlyazmalara” çevrilən, Ekozyantsın istehza ilə qeyd etdiyi kimi, “biliklərdə ecazkar yolla bütün antik və orta əsr alimlərini üstələdi”.
Saxta əlyazmalarda mövcud olan uydurma və saxtalaşmalar erməniçilik və onların havadarları tərəfindən istifadə edilməyə başladı və ilkin yalan yayanlar sırasında tanınmış erməni publisisti və tərcüməçisi Q.Ezov idi, “hansı ki, Avropa və Rusiya arxivlərindən əksəriyyəti ondan əvvəl heç kim tərəfindən dərc edilməmiş, naməlum bir sıra “yeni” sənəd əldə edərək, özünün “Snoşeniya Petra Velikoqo s armyanskim narodom” (Spb., 1898-ci il) kitabında avantürist İ.Orini müsəlmanlara qarşı çıxan erməni xalqının cəsur milli qəhrəmanına çevirmiş oldu”.
Beləliklə, saxtakarlıqla dolu olan “erməni xalqının tarixi” ilkin, özü də ciddi redaktə və təftiş olunan bir neçə orijinal mətnlər istisna olmaqla, dünyaya məlum olmayan minlərlə saxta “tarixi əsərlər”ə çevrilərək yayılmağa başladı. Onu da xüsusi qeyd etməliyik ki, bu saxta əsərlərin orijinalları erməni dilində yox idi və ola da bilməzdi.
Bu yerdə biz Ekozyantsın maraq doğuran və həqiqətlə uyğunlaşan fikirlərini qoyub, digər erməni mənşəli alimin yaradıcılığına istinad edəcəyik. Söhbət ən tanınmış Amerika ermənişünası, Miçiqan və Çikaqo universitetlərinin professoru Ronald Qriqor Syunidən gedir (“Looking Toward Ararat. Armenia in Modern History”, İndian University Press, 1993). “Ararata baxış. Armeniya yeni tarixdə” adlanan əsərində mxitaristlərdən söhbət açaraq, alim klerikal elitanın erməni tarixinin formalaşdırılmasında xüsusi rolunu qeyd edir. O göstərib ki, (sitat) “mxitarist rahiblərin fəaliyyəti əslində erməni millətçiliyinin bünövrəsinin, əsasının yaranmasına səbəb olmuşdur...” və “sonrakı milli ənənənin inkişafında kilsəyə xidmət edənlərin yazılarına yeni aspektlər cəlb edilmişdi və yazarlar mətnlərdə olan mövzulara dönə-dönə qayıdaraq, bunların ətrafında əsərlər yaratmışdılar”.
Söhbət hansı mövzulardan gedir? Bu suala cavabı Syuni digər tanınmış Amerika alimi Robert Tompsona istinad edərək belə formalaşdırır: “...Armeniya kiçik ölkə olsa da çox qədimdir və burada çoxlu tarixi işlər görülüb (M.Xorenli), bu xalqa xristianlıq digərlərindən öncə qəbul etdirilib və bu da tanrı hökmüdür (Aqafangel), bu xalq dininə, soy ənənələrinə sadiqdir və əzabkeşliyə özünü qurban verməyə hazırdır (Elişe)”. Bu üç millətçi fikir qeyd etdiyimiz erməni uydurma tezislərindəndir”.
Kamran İmanov söylədiklərinin sonunda erməni tarixşünaslarının qərb tarixçilərinin ünvanına Ermənistan tarixinin saxtalaşdırılması ilə bağlı ittihamlarında və aldıqları cavablarda dayanaraq deyib: “Erməni tarixşünası Armen Ayvazyan “Osveşeniye istorii Armenii v Amerikanskoy istorioqrafii (Kritiçeskiy obzor)” əsərində bir sıra tanınmış qərb armenistlərini və qafqazşünasları, o cümlədən milliyyətcə erməni olanları, professorlar Ronald Qriqor Syuni, Robert Tompson, Ceyms Rassel, Riçard Ovanisyan və digərlərini Ermənistan tarixini düşünülmüş saxtakarlıqda ittiham edir. Əsas arqumenti isə “Erməni yaylasının erməni xalqının formalaşma mənbəyinin olmaması barədə müasir tarixi, elm tərəfindən əsaslandırılmış müddəanı şübhə altına almaq və əvəzində elm tərəfindən rədd edilmiş ermənilərin gəlmələr olması versiyasının təkidlə reanimasiyasıdır”. Özü də Azərbaycan və Türkiyə alimlərinin təqdimatları əsasında. Qeyd olunur ki, “erməni mədəniyyəti həmin qərb alimlərinin əsərlərində yalnız İran, Bizans, Assuriya, ərəb və digər mədəniyyətlərdən götürmələr ardıcıllığı şəklində göstərilir. Tarixi Armeniya qeyri-mərkəzləşmiş, zəif ölkə qismində təqdim edilir, İran və Roma imperiyalarının əlindəki oyuncağa çevrilir”. Bununla da 5 min illik erməni tarixi alçaldılır, “halbuki, Hayasa, Urartu və Ervanduni çarlıqları zamanında erməni ordusunun sayı bir neçə on minlərlə olmuş, Artaşesid, Arşakuni və Baqratuni (söhbət Pers mənşəli şəxslərdən gedir) dövrlərində isə 100 mindən 200 minə qədər döyüşçü sayı ilə ölçülmüşdür”.
Bu müəlliflərin mövqeyi akademiklər Qraçik Simonyan, Manvel Zulalyan və digərləri tərəfindən dəstəklənib. Buna cavab olaraq, 4-6 oktyabr 2003-cü ildə “Erməni tədqiqatlarının yenidən dərk edilməsi: keçmişi, bu günü və gələcəyi” adlı Harvard, Kembric, Massaçusets universitetlərindəki konfransda bir sıra əksəriyyəti milliyyətcə qərbdən olan alimlər hay-erməni şovinist və millətçi elminə tutarlı cavablar söyləyiblər. Belə ki, professorlar Bardakçiyan, Rassel, Robert Xyuseni qeyd ediblər ki, Ermənistan Respublikasının ermənişünaslığında “ksenofobiya, ultramillətçiliklə səciyyələnən “elm” hakim meyilə çevrilərək, özünü məhv etməyə yönəlib”.
Robert Qriqor Syuninin fikrinə görə, “Erməni alimləri millətçilik təfəkkürü bataqlığındadılar”.
Bunların səbəbləri alimin qeyd etdiyi və gördüyü kimi, “ermənilərin qabarıq şəkildə mövcud olan millətçilik köklərinin olmaması və tarixi biliklərin uydurmalarla əvəz edilməsindən irəli gəlir”. “...Bu xalq öz tarixi keçmişi və irsi ilə adətən qürur duyduğu halda heç bir təsəvvürə malik deyildir”.
Deyilənlərə nə isə əlavə etmək çətindir və bəlkə də ehtiyac duyulmur. Lakin bir fikri çatdırmaq istəyirik, hansı ki, “Regnum” İA-nin məlumatında vaxtı ilə dərc edilib və həmin informasiya mənbəyində: “istorioqrafiyadakı [erməni] elmi fikir intellektual təcavüzə məruz qalır və ABŞ dövlət departamenti tərəfindən maliyyələşdirilərək, öz əksini erməni tarixinin qədim vaxtlardan başlayaraq, təhrif edilməsinə gətirib çıxarır”. Bu məlumat qısaca olaraq, bir sıra erməni tarixşünasların Yerevanda keçirilən ermənişünasların beynəlxalq konqresində birgə elan edilmiş bəyanatından irəli gəlir.
Deməli, obyektiv mövqedə duran tanınmış qərb alimlərinin yanaşması, o cümlədən erməni mənşəli olanlar, millətçilik bataqlığında olan milli ermənişünaslıq elminə təsir göstərməyə qadir olmayıb. Odur ki, həmin millətçilik bataqlığından bəhrələnən Paşinyanın təqdim etdiyi “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası” Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin tamamilə doğru olaraq qeyd etdiyi kimi, “sanki saxta tarix dərsliyidir” və bu növbəti uydurmalarla dolu sənəd erməni millətçiliyinin dəyirmanına su tökür, geniş ictimaiyyətə çatdırılır”.
Vebinarın açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev tədbirin mövzusunun təhsil baxımından da aktual olduğunu bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi tədrisin mövzusunda yenilik yaradıb. Növbəti tədris ilindən Zəfər tarixi mövzusu tədris olunacaq. Gələcək nəsillərin hazırlanmasında Azərbaycan tarixi fənninin məzmununun təkmilləşməsi olduqca vacib məsələdir. Bu baxımdan birinci məsələ bu fənnin məzmununda tarixi ardıcıllıq və ən vacib olan mesajların təhsilalanlara çatdırılmasıdır. İkinci məsələ tarixin çatdırılmasına uşaq, yeniyetmə prizmasından baxılmasıdır. Şagirdlərdə maraq yaradılması üçün bu mövzu mürəkkəb məzmunda deyil, aydın, hamının başa düşdüyü şəkildə çatdırılmalıdır. Burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində hansı səbəblərdən onu itirdiyimiz, həmin dövrün ictimai-siyasi vəziyyəti, uzunmüddətli danışıqlar prosesi, bu dövrdə baş vermiş hadisələrin vətəndaşlarımıza çatdırılması və uşaqlarımıza mənimsənilməsidir.
Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva vebinarın mövzusunun aktuallığını vurğulayıb. Qeyd edib ki, Ermənistan işğal dövründə Qarabağ ərazisində azərbaycanlıların izini silmək məqsədilə saxtalaşdırmalar aparıb. Lakin Azərbaycan dövlətinin həyata keçirdiyi işlər nəticəsində mədəni irsimiz beynəlxalq aləmdə təbliğ edilib.
Sevda Məmmədəliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər sayəsində mədəni irsimizin UNESCO-da təbliğ edildiyini diqqətə çatdırıb.
Nazir müavini, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlər barədə məlumat verib. Qeyd olunub ki, dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib, bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Ümumilikdə 828 mədəniyyət müəssisəsi monitorinq edilib. Məlum olub ki, mədəniyyət müəssisələrinin hamısı dağıdılıb. Klassik şərq, İslam memarlığı üslubunda tikilmiş karvansara, məscid, türbələr məhv edilib.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik Hüququ Gününün və Beynəlxalq Əqli Mülkiyyət Gününün təsis edilməsinin və Azərbaycanda qeyd olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 113-cü ildönümü olduğunu və ədibin 100 illiyinin 2008-ci ildə UNESCO-da qeyd edildiyini xatırladıb.
Vebinarın mövzusunun aktuallığını vurğulayan Elnur Sultanov bu günlərdə ABŞ Prezidentinin bəyanatında tarixi faktların saxtalaşdırılmasının təəssüf doğurduğunu söyləyib.
Qarabağda dünya və yerli əhəmiyyətli abidələr olduğunu deyən Elnur Sultanov bu abidələrin də Azərbaycanın digər mədəniyyət nümunələri kimi, UNESCO-nun Dünya İrs Siyahısında yer alacağına əminliyini bildirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağın maddi-mədəni sərvətlərinin əsl sahibləri olan azərbaycanlıların ora böyük sevinclə qayıdacağını və aparılan işlərə töhfə verəcəklərini vurğulayıb.
Çıxış edənlər vebinarın işinə uğurlar arzulayıblar.
Vebinarda professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Kərim Şükürovun “İşğaldan azad edilmiş sənət abidələri, daşınan və daşınmaz tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Qarabağ xristian abidələri barədə” məruzələri dinlənilib.
Vurğulanıb ki, Azərbaycana qarşı erməniçilik saxtakarlığı formalaşmış bir fəaliyyət proqramıdır. Ona qarşı səmərəli mübarizə üçün bütün sahələrdə əldə edilmiş təcrübə əsasında konseptual platforma hazırlanması və həyata keçirilməsi zəruridir. Bununla da Azərbaycana qarşı mövcud erməniçilik saxtakarlığını aradan qaldırmaq və təşkil ediləcək yeni saxtakarlıqların önlənməsi daha səmərəli olacaq.
Tədbirdə, həmçinin Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər.
Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə türk xristian abidələrinin tədqiq edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, erməniçilik saxtakarlıqlarının üzə çıxarılmasında, habelə tədqiqatlar aparılmasında Əqli Mülkiyyət Agentliyinin, AMEA-nın ciddi tarixi missiya daşıdığı vurğulanıb.
AZƏRTAC
Published
in Elm və təhsil Read more...
Çərşənbə
axşamı, 27 Aprel 2021 10:09
Qarabağa
qayıdışla bağlı məcburi köçkünlər
arasında keçirilən onlayn sorğu başa çatıb
İşğaldan
azad edilmiş ərazilərə qayıdışın səmərəli
təşkili üçün repatriasiya potensialını
proqnozlaşdırmaq məqsədilə keçirilən
birinci sosioloji tədqiqat onlayn sorğu aprelin 25-i saat 20:00-da
dayandırılıb.
ADA
Universitetindən AZƏRTAC-a bildirilib ki, sorğuda 65 min nəfər
iştirak edib, sorğu səhifəsinə baxış
sayı isə 400 mini ötüb. İlkin məlumatlara
əsasən, iştirakçıların 54 faizi kişilərdən,
46 faizi isə qadınlardan ibarətdir. Sorğuda
iştirak edənlərin 45 faizini 40 yaşa qədər olan
ölkə vətəndaşları təşkil edir.
Hazırda onlayn sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ
yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların
təhlilinə başlayacaq və nəticəni müvafiq
dövlət qurumuna təqdim edəcək.
AZƏRTAC
Published
in Sosial həyat Read more...
Çərşənbə
axşamı, 27 Aprel 2021 10:07
Alman
portalı Ermənistanın saxta iddialarından yazır
“Nex24.news”
portalında Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının
müəllifliyi ilə “Azərbaycan: Ermənistanın “yoxa
çıxmış kilsə” ilə bağlı
ittihamları qəbuledilməzdir” başlıqlı məqalə
dərc olunub.
AZƏRTAC
xəbər verir ki, müəllif məqalədə Azərbaycanın
dini azlıqların hüquqlarına hörmətlə
yanaşmasına və onların dini abidələrini
qorumasına, habelə bu sahədə mövcud beynəlxalq
hüquqi öhdəliklərə riayət etməsinə
baxmayaraq, Ermənistan və havadarları tərəfindən
saxta məlumatlar tirajlanmaqla ölkəmizə qarşı
qarayaxma kampaniyasının davam etdirilməsindən yazır.
Qeyd olunur ki, “BBC News” bu il martın 25-də Azərbaycanın
Cəbrayıl şəhərində “Erməni kilsəsinin
yoxa çıxması” mövzusunda xəbər yayıb. Ermənistan
Xarici İşlər Nazirliyinin, eləcə də UNESCO
üzrə Ermənistan Milli Komissiyasının Azərbaycan tərəfindən
hər hansı “mədəniyyət cinayətinin” törədilməsi
barədə iddiaları qəbuledilməzdir. Cəbrayıl
rayonunda kilsənin “yoxa çıxması” ilə
bağlı iddiaya münaqişə kontekstində
yanaşılaraq nəticə
çıxarılmalıdır. İddianın saxta
olduğunu faktlarla sübuta yetirən müəllif diqqətə
çatdırır ki, sözügedən “ibadətgah” Ermənistanın
30 ilə yaxın dövr ərzində Azərbaycanın
suveren ərazisini işğal altında saxladığı
dövrdə - beş il əvvəl azərbaycanlılara məxsus
abidələrin dağıntıları üzərində,
qeyri-qanuni olaraq tikilib. Hətta o vaxt ATƏT-in Minsk qrupunun həmsədrləri
də Cəbrayıldakı “ibadətgah”ın hərbi birləşmənin
bir hissəsi kimi erməni əsgərləri
üçün inşa edildiyini bildirib və Azərbaycan
buna dövlət səviyyəsində etiraz edib. Bu baxımdan
heç bir vəchlə 5 il əvvəl
işğalçı tərəfindən şəxsi məqsədlər
üçün qanunsuz inşa edilmiş bir tikili tarixi-mədəni
abidə hesab oluna bilməz.
AZƏRTAC
Respublika.- 2021.- 27 aprel.- S.5.