Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə daha da gücləndirilir
Korrupsiya bütün dünyada ağır sosial bəlalardan biri sayılır. Vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması - “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda bu təhlükəli əməlin xüsusiyyətləri belə müəyyənləşdirilib. Korrupsiyanın geniş yayılmış ən qısa tərifinə görə isə, bu, şəxsi maraq naminə öz xidmət mövqeyindən sui-istifadə etməkdir.
Ölkəmiz demokratik inkişaf yolunda inamla addımlayır, dövlət və cəmiyyət həyatı üçün ciddi təhlükə mənbəyi olan korrupsiyaya qarşı ardıcıl və təsirli mübarizə tədbirləri, institusional layihələr həyata keçirilir. Bu mübarizənin əsasında, ilk növbədə, möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi dayanır. Korrupsiyaya qarşı sistemli, genişmiqyaslı və səmərəli mübarizənin təmin edilməsi üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılıb, strategiya müəyyənləşdirilib, milli fəaliyyət planları hazırlanıb və gerçəkləşdirilib. Hazırda korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə ehtiva edən, Prezidentin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” icra olunmaqdadır. Bu mühüm sənəddə korrupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması, informasiya əldə edilməsinin təmin olunması, yerli özünüidarəetmədə hesabatlılığın, aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması, əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində məqsədyönlü, konkret tədbirlər müəyyənləşdirilib. Bu tədbirlər uğurla icra edilir.
“Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır”, - deyən Prezident İlham Əliyev ölkəmizin uğurlu və dayanıqlı inkişafı naminə belə xoşagəlməz hallara son qoyulmasının vacibliyini vurğulamaqla, bu məsələdə öz prinsipial və qətiyyətli mövqeyini daim nümayiş etdirir. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının, xüsusən, son illərdə həyata keçirdikləri antikorrupsiya əməliyyatları, dövlət orqanında tutduğu vəzifəni özü üçün gəlir mənbəyinə çevirən məmurların aşkarlanması və məsuliyyətə cəlb olunması əhali tərəfindən rəğbətlə qarşılanır və alqışlanır. Vətəndaşlarda və ümumilikdə cəmiyyətdə belə fikir formalaşıb ki, vəzifəli şəxslərin korrupsiya və rüşvətxorluğa qurşanması halları qaldıqca belə əməliyyatlar davamlı xarakter daşımalıdır.
Ötən həftə ölkə əhalisində dərin hiddət doğuran daha bir neçə rüşvətxorluq və korrupsiya faktı aşkar edildi. Bütün dünyada koronavirus pandemiyası ilə mübarizənin getdiyi, ölkə əhalisinin bu amansız xəstəliklə bağlı ciddi risklər yaşadığı, dövlətimizin başçısının, hökumətin bu riskləri aradan qaldırmaq üçün çevik, sistemli və təsirli tədbirlər həyata keçirdiyi bir vaxtda məlum oldu ki, bəzi tibb müəssisələrinin rəhbərləri peşə meyarlarına və vəzifə borclarına xəyanət edərək iş yerlərində korrupsiya şəbəkəsi yaradıblarmış... Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin - TƏBİB-in tabeliyindəki “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun və onlarla əlbir olan şəxslərin qanunazidd əməllərinin ifşa edildiyi bildirilir. Hazırda prokurorluq orqanları tərəfindən araşdırılan faktlar hələlik şübhəli şəxs qismində istintaqa cəlb edilmiş şəxslərin yoluxucu xəstəliyin geniş yayıldığı dövrdə yaranmış təbii narahatlıq və çaşqınlıqdan sui-istifadə edərək vətəndaşların haqlı narazılığına səbəb olduqlarını, bununla da dövlətin pandemiyaya qarşı geniş mübarizə siyasətinə kölgə saldıqlarını göstərir.
Qanunazidd əməlləri ifşa edilən digər tibb işçiləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov və Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Əliyevdir.
Hazırda prokurorluq orqanları qaldırılmış cinayət işlərini tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərini davam etdirir. Bununla belə, aşkar edilən korrupsiya və rüşvətxorluq halları səhiyyə sisteminin özünün ciddi “müalicəyə” - daxili sağlamlaşdırma tədbirlərinə ehtiyacı olduğunu göstərir və son illərdə vətəndaşların bu sahə ilə bağlı narazılıqlarının haqlı olduğunu təsdiqləyir. Dövlətimizin başçısının sərəncamı ilə səhiyyə nazirinin vəzifəsindən azad edilməsi əhalinin sağlamlığına cavabdehlik daşıyan qurumda köklü islahatların başlanmasından xəbər verir. Heç şübhəsiz, səhiyyə sistemində korrupsiya və rüşvətxorluğa şərait yaradan hallar dərindən təhlil ediləcək və müvafiq nəticələr çıxarılacaqdır. Eyni zamanda, bəzi vəzifəli şəxslərin qanunazidd əməlləri və mövcud neqativ hallar pandemiyanın davam etdiyi indiki mürəkkəb şəraitdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən vicdanlı və fədakar tibb işçilərinin fəaliyyətinin dəyərini azalda bilməz.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə cəmiyyətin, vətəndaşların da fəal iştirak etməsi vacibdir. Prezident İlham Əliyev ictimai nəzarətin zəruriliyini müxtəlif tədbirlərdəki çıxışlarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə dəfələrlə bəyan edib və deyib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Eyni zamanda xəbərdarlıq edib ki, belə siqnallar da ədalətli olmalı, qarayaxma kampaniyasına, kortəbii yanaşmaya yol verilməməlidir. Buna görə də ictimai nəzarət şəffaf və ədalətli şəkildə həyata keçirilməlidir. Dövlətimizin başçısı deyib: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”.
Bu gün sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən ölkəmizdə güclü dövlətçilik ənənələri və sosial-iqtisadi potensial yaranıb. Torpaqlarımızın işğaldan azad edilməsi iqtidasiyyatımızın inkişafına təkan verəcək, regionda inteqrasiyaya və qarşılıqlı faydalı əməkdaşlığa yeni imkanlar açacaqdır. Yeni reallıqlar bütün dünyaya öz hərbi, mənəvi gücünü göstərməyə nail olan respublikamızda rüşvətxorluq və korrupsiya kimi hüquqa və əxlaqa zidd halların da aradan qaldırılmasında ciddi nəticələr əldə etmək zərurətini irəli sürür. Bu məsələ ölkə Prezidentinin uğurla və gələcəyə inamla həyata keçirdiyi dövlət siyasətinin prioritetidir. Hazırda qətiyyətlə davam etdirilən ciddi islahatların xalqın dəstəyi ilə daha da genişlənəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını pozmaqla, korrupsiya hallarına yol verən şəxslər, məmurlar haqqında qətiyyətli və təsirli hüquqi tədbirlər həyata keçiriləcəyinə əminik.
Möhtərəm RƏCƏBOVA
Respublika.- 2021.- 27 aprel.- S.6.