Ən uca, şərəfli zirvə

 

Şəhidlik Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, həm də ən şərəfli zirvədir.  Məhz onların canı və qanı hesabına qazanılan azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur, tariximizin ən qürurlu səhifəsinə çevrilir.  Şəhidlər bizim həm nisgilimiz,  kədərimiz,  ürək ağrımız,  həm də qürurumuz,  vüqarımız,  fəxrimizdir.

 

Vətən uğrunda ən ali məqam,  ən uca zirvə şəhidlikdir. Şəhid qanı tökülən torpaq Vətən olur,  şəhidlik qəhrəmanlıq, həm də qürur,  mənəviyyat qalası kimi zirvədə dayanır. Qocaman tarix şəhidliyi Azərbaycan övladlarının taleyinə əbədi həkk edib, nəsildən-nəslə bu şanlı qisməti yaşamışıq.

 

Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar,  minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu.  Dinc sakinlər hədəfə alınıb,  onların evlərinə,  əmlaklarına və infrastruktura ciddi ziyan dəydi. İşğalçı Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.  Vətən müharibəsində igid oğullar şəhid olub,  yaralanaraq sağlamlığını itirib.  Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin,  əsgər və zabitlərimizin,  qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

 

Azərbaycan Ordusunun polkovnik-leytenantı Mehman Nəriman oğlu Qənbərov Qarabağın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə fəal iştirak edib. Ailəsi ilə birlikdə uzun illər ərzində məcburi köçkün həyatı yaşayan Mehman gələcək həyatını hərbə bağlayıb. Ali hərbi məktəbdə qazandığı təlim və təcrübə onun peşəkar zabit kimi yetişməsində mühüm rol oynayıb. Vətən müharibəsinin ilk günlərindən cəbhədə düşmənin hərbi qüvvələrinə qarşı döyüşlərdə şücaət göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlərdə igidlik nümayiş etdirib, düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak edib. Sentyabrın 30-da polkovnik-leytenant Mehman Qənbərov şiddətli döyüşlərdə qəhrəmanlıqla həlak olub. Bərdə rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

 

Mehman Qənbərov 1981-ci il mayın 27-də Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Həyat yolu asanhamar olmayıb, on üç yaşı olanda Ermənistanın hərbi təcavüzü nəticəsində ailəsi ilə doğma kəndlərindən didərgin düşüb, işğal onun taleyini dəyişdirib. Düşməndən intiqam almaq üçün hərbçi olmağa qərar verib. Xidmət illərində göstərdiyi peşəkarlığa görə  yeddi medalla təltif olunub.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə müzəffər silahlı qüvvələrin polkovnik-leytenantı Mehman Qənbərov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. İki oğlu yadigar qalıb.

 

Qəhrəmanlıq, vətənpərvərlik, şəhidlik Mehman Qənbərovun həyatının mənasını, ölməzliyini, ucalığını əks etdirir.

 

S.BABAYEV

 

Respublika  2021.- 19 dekabr.- S.8.