Vətən ona
oğul dedi...
Vətən müharibəsində igidlik göstərərək həlak olan şəhidlər haqqında məlumat toplayanda və onların döyüş yolu haqqında məqalə hazırlayanda belə bir mənzərə ilə üzləşdim. Qanını, canını torpaqlarımızın azad edilməsi yolunda qurban verən şəhidlərin böyük əksəriyyəti gənclərdir, özü də bığ yeri yenicə tərləyən, ilk məhəbbətin sehrinə düşən bu oğlanların Vətən məhəbbətini təsvir etməyə sözün də gücü çatmır, bu qəhrəmanlıq haqqında həyəcansız danışmaq mümkün deyil. Həyat dərsindən əla qiymət alan şəhidlərin hər birinin cəsarəti və şücaəti, haqq savaşında göstərdiyi hünər bir dağ zirvəsi kimi əzəmətlidir.
Ağdam rayonundan I və II Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzünə qarşı aparılan döyüşlərdə minlərlə insan həlak olub, bir ailədən ata və iki oğlu, ailənin tək oğulu və yaxud iki qardaş torpaqlarımızın işğalçılardan azad edilməsində iştirak edib, şəhid və qazi olub. Bəzən ürəkağrısı, bəzən də göz yaşları içində şəhidlər haqqında danışan valideynlərin dözümünə, bir-birinə təsəlli verməsinə, qəlbləri titrədən "Vətən sağ olsun" kəlmələrindəki polad kimi sınmaz gücə, mənəvi ucalığa, sarsılmaz həyat eşqinə qibtə etməmək mümkün deyil. Şəhidlər haqqında danışanda yadıma çox ibrətamiz, qanadlı bir kəlam düşür: dizi üstə yaşamaqdansa ayaq üstə ölmək yaxşıdır. Şəhidlər bu həyat fəlsəfəsini cəmiyyətimizə aşıladılar, gələcək nəsillərə örnək oldular.
Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürətilə və qələbəylə başa çatdı. Qalib Sərkərdəmizin fədakarlığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi. Düşmənə ağır zərbə vuran igidlərdən biri də Əzim Fikrət oğlu Həsənovdur.
Əzimin ailəsi Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində öz doğma yurd yerlərindən didərgin düşüb, məcburi köçkünlüyün ağır iztirabları ilə üzləşib, çətin həyat şərtləri altında yaşamağa məcbur olub. Məcburi köçkün ailəsi əvvəlcə Balakən rayonuna pənah aparıb. Əzim də 13 iyun 1998-ci il tarixində Balakən rayonunda anadan olub. Sonra Mingəçevir şəhərində məskunlaşan ailədə böyüyən Əzim burada 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib. Əlaçı məzun elə həmin il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Azərbaycan Dillər Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətinin başa çatmasına sayılı günlər qalsa da Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının başlandığını eşidən kimi Bakı şəhərində xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborunda döyüşlərə qatılıb.
Döyüşlər zamanı ön xətdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidlik nümayiş etdirib, düşmənin canlı qüvvəsini məhv edib. Qızğın döyüşlər zamanı çətin vəziyyətə düşən Əzim özünü və əsgər yoldaşlarını düşmən mühasirəsindən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas etsə də özü düşmən snayperçisinin gülləsinə tuş gələrək həlak olub.
Azərbaycan Ordusunun zabiti Əzim Həsənov Vətən müharibəsi zamanı xüsusilə, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə cəsarət və şücaət göstərib, həmlə taborunun qarşısına qoyulan tapşırıqları layiqincə yerinə yetirib. Əzim Həsənov oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlər zamanı hünər və əzmkarlıqla döyüşərək şəhid olub. Qəhrəman döyüşçü Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun zabiti Əzim Həsənov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Həyatını Vətən üçün fəda edən, döyüş meydanında düşməndən qisas alan, qəhrəmanlığı ilə öyündüyümüz şəhid Əzimin ata, baba yurdu Ağdam işğalçılardan azad edilib. Şəhidlər, siz ölmədiniz, siz ölməzlik, əbədilik, ucalıq qazandınız və ən ali məqama yüksəldiniz!
Salman ALIOĞLU
Respublika .- 2021.- 19 dekabr.- S.8.