QƏHRƏMANLIQLARI İLƏ NUR SAÇAN ŞƏHİDLƏR

 

 

 

Bəşər aləmində baş verən bütün müharibələr insanlara fəlakət gətirib. Müharibə ölüm, qan-qadadır, anaların göylərə bülənd olan fəryadı, göz yaşıdır. Amma nə qədər itkilər, dağıntılar olsa da, doğma torpaq, sərhədlərimizin bütövlüyü uğrunda aparılan müharibələr haqq savaşıdır və hər bir xalq da öz sərhədlərini düşmən basqılarından qorumağa borcludur. 44 günlük Vətən müharibəsində igidlərin canı-qanı bahasına 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması xalqımıza böyük sevinc yaşatdı. Bu ağır döyüşlərdə Azərbaycanın bütün bölgələrindən vətənin müdafiəsinə qalxan oğullarımız əsl qəhrəmanlıq göstərdilər. Haqq savaşında çoxlu şəhid verdik. Mənim yaşadığım Sabirabad rayonundan da 43 igidimiz şəhid oldu... Bu günlər rayonda bir çox şəhid ailəsində oldum, onların valideynləri, doğmaları ilə görüşdüm. Ürəkağrısı, həm də qürur, fəxarət hissilə şəhidlərin keçdiyi döyüş yolu ilə tanış oldum. Onların yaşadıqları qısa, həm də şərəfli ömür yolunu gələcək nəslə tanıtmaq qərarına gəldim. Bu yazıda onlardan bir neçəsini oxucularımıza təqdim etməyi mənəvi borcum hesab edirəm. Vətən yolunda canlarından keçən bütün şəhidlərin ruhu qarşısında baş əyir, onları tərbiyə edən, vətənə sadiq oğullar kimi yetişdirən anaların gözlərindən, əllərindən öpürəm...

“Azərbaycan Bayrağı” ordenli Aqşin Quliyev

İnsan torpaq həsrətli yaralarından içəri süzülən işıqdan ətrafına boylananda, o işığın altında hər şey nura boyanır, dünya dəyişir, məmləkət azadlığa qovuşur, insanlar pislikdən, xıltdan təmizlənir, saflaşır. Quliyev Aqşin Dilavər oğlu da belə işıqlı insanlardan idi. O, 12 dekabr 1996-cı ildə Çiçəkli kəndində dünyaya gəlib. Çiçəkli Sabirabadın mərkəzdən uzaqda olan kəndlərindəndir. Başqa kəndlər kimi, Çiçəkli də bağ-bağatlı, insanları isə istiqanlı və mehribandır. Aqşinin bir müddət əvvələdək yaşadığı bu kəndə axşama yaxın gəldim, atası Dilavərlə darvazanın önündə görüşüb, təzə tikilmiş hündür evin həyətinə keçirik, pilləkənin başında əlləri qoynunda, qara paltarlı, qara yaylıqlı orta yaşlı qadın qarşılayır bizi. Çox kədərli görünür, üçümüz də Aqşinin divar boyu böyüdülmüş və divarında irili-xırdalı çoxlu sayda şəkilləri asılmış otağa daxil oluruq. Otağın şəkillər olan tərəfində qoyulmuş uzun masanın üstündə Aqşinin müxtəlif vaxtlarda çəkdirdiyi fotoları, şəxsi əşyaları və Quran kitabı var. Müharibədə qan-qada görməsinə baxmayaraq, şəkillərdə mülayim görünən Aqşinlə göz-gözə gəlirəm, qəlbən salamlaşıram...

Aqşin Quliyev 2003-cü ildə Ə.Şərbətov adına Çiçəkli kənd tam orta məktəbin birinci sinfinə getmiş və 2014-cü ildə təhsilini bitirmişdir. Dərslərindən əla və yaxşı qiymətlər alıb, bəlkə lap kafi aldığı vaxtlar da olub, amma həyat dərsindən qiyməti yalnız “əla” oldu onun... İdmana böyük həvəsi vardı, orta məktəbdə oxuduğu illərdə keçirilən “Şahin” Hərbi İdman və Turizm oyunlarının zona yarışlarında və 2012-ci ildə Şirvan UGİM-in yunan-Roma güləşi üzrə yarışlarında birinci yerə layiq görülmüşdür. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılan Aqşin səkkiz ay Ağdamda xidmət etmiş, sonra isə Xüsusi Təyinatlı Qoşunların sıralarına qəbul edildiyi üçün Bakıda yerləşən “N” saylı hərbi hissədə xüsusi təlimlərə qatılmışdır. Yüksək hərbi təlimlərdə uğurlu nəticələr göstərən Aqşin dörd günlük Aprel döyüşlərində də iştirak etmiş və bundan sonra təyinat üzrə Cəlilabad “N” saylı hərbi hissəyə dəyişdirilmişdir.

2018-ci ildə Türkiyə Respublikasının İzmir şəhərində, 7-11 May tarixində keçirilən “EFES-2018” ərazidə döyüş atışlı təlimlərdə MAXE kimi Azərbaycanı layiqincə təmsil etdiyinə və yüksək peşəkarlıq nümayiş etdirərək birinci yerə layiq görüldüyünə görə “Fəxri Fərman”la, Azərbaycana döndükdən sonra isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı” medalla təltif edilmiş və komandanlıq tərəfindən ona “Gizir” rütbəsi verilmişdir. Yenidən Cəlilabada dönən gizir ermənilərin dinc əhalini Tovuz rayonu istiqamətindən hədəf seçdiyi vaxtlarda da düşmənin dərsinin layiqincə verilməsində iştirak etmişdir.

Müharibə dəhşətdir, heç kəs müharibə istəmir, xalqımız da hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Lakin 30 ilə yaxın bir vaxtda düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız Vətən müharibəsi haqq savaşımız idi. Azərbaycan dövləti otuz ilə yaxın bir vaxt ərzində tarixən ona məxsus olan qədim torpaqlarını işğaldan azad etmək üçün ayağa qalxdı. Çünki Ermənistan dövləti beynəlxalq hüquq normalarına əməl etməyərək torpaqlarımızdan çıxmaq istəmirdi.

Xalqımız işğalda olan torpaqlarını azad görməyə təşnə idi, Ordumuz isə hər dəqiqə döyüşməyə hazır vəziyyətdə olduğundan elə ilk gündən qələbəyə şübhə yeri qalmadı. Bu müharibədə ordu, xalq və dövlətin birliyi zəfərimizi labüd etdi...

Bacarıqlı kəşfiyyatçı-istehkamçı Aqşin Quliyev İkinci Qarabağ müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissə ilə döyüşlərin ön sıralarında gedərək Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Qubadlı rayonlarının və kəndlərin düşməndən azad edilməsində böyük cəsarət və igidlik göstərmişdir. O, komandiri olduğu qrupla birgə dəfələrlə düşmən arxasına keçərək koordinatları müəyyən edib komandanlığa ötürmüş, düşmən səngərlərinə girərək əlbəyaxa döyüşdə çoxlu sayda erməni əsgərini məhv etmişdir. Əməliyyatların birində isə üç nəfər döyüşçü ilə 200-ə qədər düşmən əsgərinə qarşı vuruşaraq onları məhv etmişdir. Bu döyüşdə iki igidimiz şəhid olmuş, bir əsgərimiz də yaralanmışdır. Aqşin Quliyev 17 oktyabr 2020-ci ildə Füzulinin Qarğabazar kəndində düşmənin snayperdən açdığı atəş nəticəsində şəhidlik məqamına yüksəlmişdir. Ölümündən sonra Aqşin Dilavər oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Qəhrəman kəşfiyyatçı-istehkamçı doğulub boya-başa çatdığı Poladtoğay kəndində dəfn olunmuşdur.

Aqşinin qardaşı Həzi də hazırda Azərbaycan Silahlı Qüvvələrinin Daxili Qoşun hissələrində MAXE kimi xidmət edir. Anası Fərqanə xanım, atası Dilavər övladları ilə fəxr edir, “Aqşinsiz yaşamaq çətindir, Vətənsiz yaşamaq isə ondan da çətindir”, deyən valideynləri Vətən müharibəsinin başa çatmasında Aqşinin də payı olduğundan qürur duyurlar. Nur içində uyu, Şəhidim!

Şəhid mayor Şahlar Cəfərov

Hərdən sözümə necə və nədən başlayacağımı bilmirəm. Bəzən axtardığım ünvan özü qarşıma çıxır, bəzən də xeyli axtarmalı oluram. Xəlfəli kəndində Şahların atası Fəzail kişi ilə yolun başlanğıcında rastlaşıram, sonra birbaş ünvana gəlirik, Şahların doğulub böyüdüyü və bir az əvvələ qədər də yaşadığı evə...

Şəhid Şahlar Fəzail oğlu Cəfərov 5 iyul 1975-ci ildə dünyaya gəlib. Uşaqlığını hamı kimi keçirib, iməkləyib, körpə ayaqları üstündə durub, ilk addımlarını atıb, valideynlərini sevindirib, yıxıla-dura böyüyüb. T.Nurullayev adına Xəlfəli kənd tam orta məktəbini bitirdikdən sonra tale onu Bakı Ali Hərbi Birləşmiş komandanlıq məktəbinə gətirib. 1993-cü ildə daxil olduğu bu məktəbi 1997-ci ildə leytenant hərbi rütbəsi ilə bitirib. Təyinatla Mingəçevir “N” saylı hərbi hissəyə göndərilən Şahlar beş il burda çalışıb və Kapitan hərbi rütbəsinə yüksəlib. Bundan sonra, 2002-ci ilədək hərbi vəzifəsini Tərtər rayonundakı “N” saylı, daha sonra isə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə yerinə yetirmişdir. Gəncədə altı il yarım vətənə xidmətdən sonra 2009-cu ildə Beyləqana gələn zabit bir il sonra Cəlilabad “N” saylı hərbi hissədə komandirin siyasi işlər üzrə müavini vəzifəsində bir il altı ay, daha sonra isə iki il müddətində Tovuzun ermənilərlə sərhəddə yerləşən Muncuqlu kəndindəki “N” saylı hərbi hissədə Qərargah rəisi kimi xidmət göstərmişdir. 2014-cü ildə iyirmi beş illik hərbi xidmətini nümunəvi başa vuran Şahlar Cəfərov ordudan tərxis olunmuş və yaşadığı Xəlfəli kəndinə qayıtmışdır...

Lakin daim qaynar və maraqlı hərbçi həyatı yaşayan zabit sakit kənd həyatına uyğunlaşa bilmir. Gənc yaşından sonrakı ömrünü yalnız təqaüdçü kimi yaşamaq ona dözülməz göründüyündən məktəblərin birində hərbi müəllim kimi çalışmaq üçün əlaqədar təşkilatlara müraciət etsə də, cəhdləri boşa çıxır. Bir qədər sonra isə böyük oğlu, 1999-cu il təvəllüdlü Seyfi də orta məktəbi bitirib ordu sıralarına çağrılır. 2019-cu ildə hərbi xidmətdən qayıdan Seyfi müharibə başlamazdan bir həftə öncə Beyləqanda hərbi təlim keçməyə çağrılır, bir qədər sonra isə atası Şahlar Cəfərov ehtiyatda olan zabit kimi orduya səfərbər olunur...

29 sentyabr 2020-ci ildən döyüşlərə qatılan zabit Füzuli və Hadrut istiqamətində gedən ağır döyüşlərdə Batalyon komandiri kimi iştirak etmişdir. Qırx dörd günlük Vətən müharibəsinin tarixini yazanlardan biri kimi Şahlar da düşmənə nifrət, qəzəb hissi ilə coşaraq igidliklə döyüşür. Cəsur döyüşçü 14 oktyabr 2020-ci ildə Hadrutda gedən qanlı döyüşlərin birində qəhrəmanlıqla şəhid olmuşdur. 20 oktyabr 2020-ci ildə isə kənd qəbiristanlığında torpağa tapşırılır. Allah rəhmət eləsin...

Orduda olduğu müddətdə qüsursuz xidmətə görə 1 və 2-ci dərəcəli medallara və digər təltiflərə layiq görülən Şahlar Cəfərov, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şahlar Cəfərov sevib seçdiyi Dilbər xanımla ailə qurmuşdu, onların üç oğlu vardır. Seyfi hərbçi olsa da, ortancıl oğlu Səməndər atasının arzusuna görə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur.

Səməndər atasının keyfiyyətlərindən - mərdliyi, alicənablığı, ailəcanlı olmasından, vətənpərvərliyindən danışıraq deyir ki, o, torpaqlarımızın işğal altında olması ilə heç vəchlə barışmırdı. Vətən müharibəsi başlayanda çox sevinirdi. Deyirdi ki, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik, qələbə bizim olacaq.

Babanın öz adını verdiyi sonbeşiyi Fəzail altıncı sinifdə oxuyur. Bütün söhbətimiz boyu yaşlı gözlərini üzümə dikib sakitcə bizi dinləyən bu oğlan sualıma baxışlarını yayındırmaqla cavab verdi... Bu dolu gözlərdən nələr oxunmurdu...

Şəhidin atası “Vətən sağ olsun”- deyir, beş oğlum var, amma Şahların yeri ayrı idi. Bir qarışqanı belə incitməzdi, ədəbli-ərkanlı, qayğıkeş oğul idi... Vətən sağ olsun!

Həyat yoldaşı Dilbərin solğun bənizindən oxuyuram hər şeyi, orda Şahlarlı günlərin bəxtəvərliyinə Şahlarsız günlərin necə kölgə saldığını görürəm, amma o da nə danışırsa, elə hey “Vətən sağ olsun!” deyərək sanki qəlbinin ağrılarını azaltmağa çalışırdı...

Müharibələr zorla başlayır, ağılla bitir deyirlər. Azərbaycanın öz ərazi bütövlüyü uğrundakı haqq savası da Ali Baş Komandanın düşünülmüş, ağıllı siyasi gedişləri və qəbul etdiyi qərarları nəticəsində, Ordumuzun cəsur əsgərlərinin gücü, qüdrəti sayəsində zəfərlə başa çatdı. Kaş ki, qanla yuyulan torpaqlara bir daha yağı ayağı dəyməyəydi! Qələbən mübarək, Azərbaycan!..

Şəhid Qüdrət Həsənov

Hindistanın azadlıq hərəkatının lideri, Hindistanda rəsmi şəkildə “xalqın atası” elan edilən filosof Mahatma Qandi İmam Hüseynin həyatını öyrəndikdən sonra belə demişdir: “Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim”.

İkinci Qarabağ müharibəsi şəhidlərindən yazmağa başlayandan bu fikir düşüncəmi sarmışdı. Şəhidlərimiz də elə Hüseyn yolunu getdilər. Uzun illər tarixi ərazilərimizi - cənnət Qarabağımızı işğal edən düşmən özünü qalib hesab edirdi. Bərəkətli torpaqlarımızla vandalcasına davranan düşmən utanmadan gah yurd yerlərimizdən videoçarxlar çəkib paylaşır, gah Cıdır düzündə kef məclisi düzəldir, ev-eşikləri talan edir, ekoloji terror törədərək meşələri talayır, yandırır, ağacları kəsib, doğrayaraq Ermənistana daşıyır və bütün bunlardan vəhşicəsinə zövq alırdı. Amma nə edirlər-etsinlər, atalar demiş, haqq nazilər, amma üzülməz...

Əlbəttə, səbirin də bir həddi var, axır ki, xalqımızın səbri dolub-daşdı, tükəndi. Ali Baş Komandan əmr verdi, Vətən müharibəsi, xalqımızın haqq savaşı başladı, hamı bir nəfər kimi ayağa qalxaraq, Prezidentimizin ətrafında sıx birləşdi.

Hüseyn (ə) ilk şəhidlik məktəbinin banisi idisə, Azərbaycanın haqq işi uğrunda döyüşən cəsur əsgərlərimiz də bu məktəbin yetirmələri oldular. Belə oğullardan biri Həsənov Qüdrət Səfər oğlu 1995-ci il, sentyabr ayının 5-də Qardaşkənd kəndində dünyaya gəlmişdi. Doqquzillik təhsilini də P.Əhmədov adına Nəsimikənd tam orta məktəbində almışdı. Bütün uşaqlar kimi, o da qışda yağan qara sevinib, yazda sapsarı, zərif iydə çiçəklərinin ətrini alıb. Qızılgüllərdən dəstə bağlayaraq sevimli müəlliminə aparıb. Yaşı artdıqca düşüncələri cilalanıb, vətəninimizin 20 faizinin düşmən tapdağında qalması ürəyində qubar bağlayıb. Gənc Qüdrət Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul olunaraq təhsilini davam etdirmişdi. Kolleci bitirəndən sonra, 2014-cü ilin yayında həqiqi hərbi xidmətə çağırılmış və əsgərliyinə Naxçıvanda “N” saylı hərbi hissədə sürücü kimi başlamışdır Qüdrət Həsənov. Vətənə bağlı, həyatsevər və ünsiyyətcil oğlan idi. Yoldaşları da, komandirləri də ondan razı idilər...

2016-cı ildə vətən borcunu yerinə yetirib evinə dönən Qüdrət kənddə çox qala bilmir və şəhərə qayıtmaq qərarına gəlir. Atası onun istəyinə qarşı çıxmır və Qüdrət Bakıya gələrək şirkətlərin birində mühafizəçi kimi işə düzəlir. Bir qədər bu vəzifədə işləyəndən sonra elə həmin şirkətin daxilində sürücü kimi işinə davam edir. Qüdrətin Bakıya can atmasının əsl səbəbi sonradan bəlli olur, heç demə o, Aynurə adlı bir qıza bir könüldən min könülə aşiq olubmuş. Sevgisi qarşılıqlı olan gəncin 2019-cu ildə toyu olur və yeni bir ailənin təməli qoyulur...

Amma ermənilərin həyasızlığı, sərhəd rayonlarında hər gün törədilən qanlı cinayətlər, günahsız insanların, dinc əhalinin atəşə tutulması, tökülən nahaq qanlar Qüdrətin də gündüzünü gecə kimi qaraltmışdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin qismən səfərbərlik haqqında əmrini eşidən kimi, Qüdrət Həsənov da cəbhəyə getmək üçün Hərbi Komissarlığa müraciət edir və 29 sentyabr 2020-ci ildə valideynlərinin xeyir-duasını alaraq cəbhəyə yola düşür. O, Ağcabədi rayonundakı hərbi hissədə bir neçə gün təlim keçəndən sonra döyüşlərə qatılmış və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. 29 oktyabrda Qubadlı uğrunda gedən ağır döyüşlərin birində şəhidlik məqamına yüksəlsə də itkin kimi qeydə alınmış və nəşi yalnız 29 noyabrda ailəsinə təhvil verilmişdir...

Qüdrət Səfər oğlu Həsənov Nəsimikənd qəbiristanlığında, babası Bədəl kişinin yanında torpağa tapşırılmış və ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Mən bu adın ünvanına uzun və narahat yollarla gedib çıxdım, Qüdrətin bir vaxt yaşadığı ata yurduna dönən yolun kənarında, iri dəmir çərçivədə xoşbəxtcəsinə gülümsəyən şəkli qarşıladı bizi və evin yerini də özü nişan verdi. Qapıda isə bizi atası gözləyirdi. Salamlaşaraq həyətə keçirəm. İlahi, bir zaman xoş günlərin şahidi olan geniş, səliqəli həyət-baca, ikimərtəbəli ev indi necə də kədərli görünür... Mən ailəni mirvaridən düzülmüş bir boyunbağı kimi təsəvvür edirəm, bir nəfərin yoxluğu o mirvarinin birinin sapından qırılıb düşməsinə bənzəyir. Onu bir daha əvvəlki tək düzmək olmur...

O gün Qüdrətin nənəsi və valideynləri ilə xeyli söhbət etdim. Nənələr üçün nəvələrin yeri bir başqadır. Qüdrətin yoxluğundan sonra Gülcahan nənə də ömrünün qışını yaşayır, kədərinə, qəminə sığınan nənə nəvəsindən danışmaqdan doymur. Deyir, babası ilə bir-birinə çox bağlı idilər, mən də ki, elə bilirdim onu dünyaya özüm gətirmişəm. O da məni elə ana kimi sevirdi, sirrini-sovunu mənə deyirdi. Nəvələrimin arasında Qüdrətin yeri başqaydı.

Anası Şamama xanım, atası Səfər oğulları ilə qürur duyur, yarımçıq arzularına heyfslənir, amma hamımız Vətənə qurban olaq, Vətən sağ olsun, deyərək başlarını dik tuturlar...

Şəhid Ağa Hüseynov

Azərbaycan xalqı bineyi-qədimdən sülhsevərdir, lakin doğma yurdlarımıza iddialı olan işğalçılara qarşı da barışmaz olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi də bizi torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizəyə səfərbər etdi.

Hüseynli Ağa Aydın oğlu 7 sentyabr 2001-ci ildə Moranlı kəndində dünyaya gəlib. İki qız övladından sonra düşmən çəpəri olacaq oğlu doğulub Səadət xanımın. Ana qəlbinin hərarəti, nuru ilə boy atan oğul da ayla, illə deyil, günlə boy atıb böyüyüb. Ana onu yurduna elə bir məhəbbətlə böyüdüb ki, Vətənə layiq oğul olsun. Ağa hələ məktəb illərində idmanın Cüdo növü ilə məşğul olub, uğurlara imza da atıb, müxtəlif təltiflərə layiq görülüb. Ş.Hüseynov adına Moranlı kənd tam orta məktəbini bitirən Ağa 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgərliyini Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə çəkirdi, kəşfiyyatçı-snayper idi, düşməni gözündən nişan almaq üçün yiyələnirdi bu hərbi sənətə... İdmançı olması burada da karına gəlirdi.

Müharibə başlayan gündən elə birbaşa xidmət etdiyi hərbi hissədən döyüşlərə qatılan Ağa, Tərtər, Füzuli, Cəbrayıl istiqamətində döyüşüb. Gülləsi boşa getməyib, düşməni elə gözündən, ürəyindən nişan alıb. Amma özü də düşmən gülləsinə tuş gəlib və Füzuli uğrunda gedən ağır döyüşlərin birində şəhid olub. 8 oktyabr 2020-ci ildə doğulub böyüdüyü kənddə də dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib...

Anası Səadət xanım yeganə oğlunu itirdiyi üçün kədərlidir, uşaqlıqdan onu böyütmək üçün çəkdiyi əziyyətlərdən danışır, xatırlayır və göz yaşlarını saxlaya bilmir: “Onu doqquz ay idi ki, görmürdük, böyük ümidlə xidmət vaxtının bitməsini gözləyirdik...”. Amma həm də qürurludur ana. Çünki oğlu Vətənin azadlığı uğrunda şəhid olmuşdur. Şəhidlər isə əbədi yaşayırlar...

İndi Ağa cismən aramızda yoxdur, qısa ömründən kəsik-kəsik xatirə lentləri qalır, lakin arzuları yaşayır. Onun adı Azərbaycanın tarixi qələbəsini qanı ilə yazan oğullarımızdan biri kimi gələcək nəsillər tərəfindən həmişə xatırlanacaq!

 

Şahnaz ŞAHİN.

 

Respublika.- 2021.- 5 fevral.- S.5.