YEVLAX: VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ ZİYARƏT OLUNUR

 

Azərbaycanda şəhid ailələri və qazilər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı deyilənlərin bariz nümunəsidir.

 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhid ailələrinə, Vətən müharibəsi zamanı yaralanan qazilərə mütəmadi baş çəkir. Növbəti dəfə yaralı qazilərdən olan Quluzadə Murad Akif oğlu, Mustafayev Emin Seymur oğlu, Əsgərzadə Alxan Elzamin oğlunu evlərində ziyarət etmişdir. Görüşdə şəhər rəhbəri sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından geniş söhbət açmışdır. Görüşdə onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində tədbirlər nəzarətə götürülmüşdür.

 

Qazilər və ailə üzvləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Siz, hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər” kəlamlarından qürur duyduqlarını bildirmişlər. Göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Zabit XƏLİLOV

 

Respublika.- 2021.- 10 fevral.- S.5.