ŞƏMKİR: QAZİLƏRƏ QAYĞI

 

30 ilə yaxındır ki, xalqımız doğma Qarabağımıza qayıtmaq həsrəti ilə yaşayırdı. Bu müddət ərzində mənfur düşmən böyük istehkamlar quraraq işğal etdikləri ərazilərdən əsla çıxmaq haqqında fikirləşmirdilər. Erməni ordusunun “yenilməzliyini” təbliğ etməklə sanki güc nümayiş etdirirdilər. Lakin 44 gün davam edən Vətən müharibəsi bu kimi mifləri alt-üst etdi. Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə igid Azərbaycan oğulları hay çəkərək döyüş meydanına atıldılar. Rəşadətli Azərbaycan əsgərləri igidliklər göstərərək adlarını tarixə yazdılar. Azərbaycan xalqı möhtəşəm qələbə sevincini yaşamağa nail oldu. Vətən müharibəsi başlayan kimi respublikanın bütün guşələrində olduğu kimi, Şəmkir rayonunda da yüzlərlə gənc vətəni müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollandı. Belə cəsur oğlanlardan birinin yaşadığı ünvana baş çəkdik.

 

Şəmkir rayonunun Yeni həyat kəndində qazi Həsənov İslam İlqar oğlu ilə maraqlı söhbətimiz oldu. Qazi İslam Həsənov 21 avqust 1996-cı ildə bu kənddə dünyaya göz açmışdır. 2013-cü ildə Yeni həyat kənd tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 2 bacının 1 qardaşıdır. Həddindən artıq səmimi, sadə, vətəninə bağlı bir gəncdir. 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Xidməti dövründə nümunəvi xidmətinə görə hərbi hissə komandanlığı tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. 2016-2018-ci illərdə polis sıralarında xidmət etmişdir. Öz istəyi ilə işdən çıxmışdır. İslam Həsənov 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. Qazimiz Gəncə şəhərində təlim keçdikdən sonra Füzuliyə getmişdir. O, minamyotçu olmuşdur. Füzulidən sonra Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

 

İslam Həsənov bildirdi ki, Daşaltı-Şuşa arasında gərgin döyüşlər gedirdi. Düşmən Azərbaycan əsgərlərini mühasirəyə alaraq əsir götürmək istəyirdi. Məlumat alan kimi dərhal İslamgilin taboru həmin əraziyə yola düşdü. Bu vuruşmada əsgərlərimizin 8 nəfəri yaralanmışdır. Həmin ağır döyüşlərdə düşmənin 150-dən artıq əsgəri məhv edilmişdir. Bu döyüşlərdə qəhrəmanımız avtomat silahla vuruşmuşdur. Həmin günün səhəri saat 7 radələrində təkrar ağır döyüşlərə girmişlər. Mənfur düşmən yenə də çoxlu sayda itki verərək geri çəkilmişdir. Onlar özlərinə sığınacaq quraraq əsgərlərimizə arxadan atəş açmağa başlamışlar. Lakin son anda igid əsgərlərimiz düşmənə layiqli cavab vermişlər. Bu vuruşmada Şuşa-Xankəndi arasında gedən çox gərgin vuruşmada 8 noyabr 2020-ci ildə düşmənin minamyotdan atdığı atəş nəticəsində qazimiz ağır yaralanmışdır. O, ağır yaralı olduğu halda əsgər yoldaşını döyüş meydanından çıxararaq onu ölümün pəncəsindən xilas etmişdir. Bundan sonra İslam huşsuz vəziyyətdə olmuşdur. O, gözlərini Hadrutda tibbi məntəqədə həkimlərin səyi nəticəsində açmışdır. Hazırda onun bədənində 129 ədəd qəlpə var. Qazimiz yaralanandan sonra nitqiniitirib danışa bilmirdi. Həkimlərin gərgin əməyi nəticəsində qazimizin nitqi bərpa olmuşdur. Şükürlər olsun ki, səhhətində xeyli irəliləmə var.

 

Sevindirici bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, İslam Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında müalicə alarkən xəstəxananın işçisi olan Sevinc Həsənovaya evlilik təklif etmişdir. Xanım heç bir tərəddüd etmədən qəhrəman qazimizlə ailə qurmağa razılıq vermişdir. Artıq onlar kəbin şəhadətnaməsini imzalamışlar.

 

Dövlətimiz İslam Həsənovun göstərdiyi şücaətləri nəzərə alaraq onu “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif etmişdir. Qeyd etmək lazımdır ki, qazimiz Şəmkir Rayon İcra Hakimiyyəti rəhbərliyinin ona yardımçı olduğunu yüksək qiymətləndirdi.

 

İslam Həsənov bütün bunları dövlətimizin qazilərə göstərdiyi yüksək qayğı kimi qiymətləndirir.

 

Vəli VƏLİYEV

 

Respublika.- 2021.- 10 fevral.- S.5.