Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə məşhurdur

 

Laçın bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz bir məkandır. Laçının bünövrəsi 1924-cü ildən qoyulmuşdur. Şəlvə dərəsi, Qırxqız yaylağı nadir gözəlliyi ilə insanları qoynuna səsləyir. Buranın şəfalı havasına, uca qayaların qoynundan süzülüb gələn Narzan bulaqlarının ruh təzələyən sularına görəsən dünyanın başqa bir guşəsində də təsadüf etmək olarmı? Ümumiyyətlə Laçın kəndləri, dağ və meşələri, çayları ulu Tanrının qüdrəti ilə yaradılmış cənnət, təbii muzeydir.

 

Laçının bir şəhər kimi yüksəliş dövrü isə mübaliğəsiz demək olar ki, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin respublika rəhbərliyində olduğu dövrə təsadüf edir. Məhz 1970-80-ci illərdə Laçının sosial-iqtisadi inkişafı sürətlə davam etmiş, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmiş, Şuşa-Laçın yolu əsaslı təmir edilmiş, çoxsaylı sosial obyektlər inşa olunmuşdur.

 

Laçının sərvətlərindən danışarkən 1961-ci ildə təşkil edilmiş qoruğu xatırlamamaq olmaz. Burada təbii Narzan sularından və bütün dünyada nadir olan qırmızı palıd meşələrindən başqa 400-dən çox dağ keçisi, 500-ə qədər cüyür, bir o qədər qaban, mindən artıq turac, 2500-ə qədər kəklik mühafizə olunardı.

 

Laçının əmək qəhrəmanları haqqında hər yerdə xoş söz-söhbətlər gedirdi. Kənd təsərrüfatının inkişafına səy göstərilir, heyvandarlıq və əkinçilikdə uğurlu nəticələrə imza atılırdı.

 

1971-ci il 16 noyabr. Azərbaycan KP MK və Nazirlər SovetiDağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” qərar qəbul edir. Elə həmin tarixdə respublika rəhbərliyinin “Laçın rayonu zəhmətkeşlərinə mədəni məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında” qərar qəbul edir. Həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonundakı təsərrüfatların maddi-texniki bazasını xeyli möhkəmləndirmək mümkün oldu.

 

İşğaldan əvvəl Laçın dağlarına 2-3 istiqamətdən yol tapmaq olardı. Kəlbəcərdən, Qubadlıdan, bir də Xankəndi-Şuşa tərəfdən.

 

Yay aylarında Qırxqız yaylağında, atlas geyimli dağlarda elat bu yerlərə köç edər, qonaq-qara əlindən tərpənmək olmur, sədəfli sazlar köynəkdən çıxanda bir məclis qurulardı ki, gəl görəsən. Dağ zirvəsinə doğru uzanan dolanbac maşın yolunun hər döngəsinə çatanda gözlərin qarşısında yeni mənzərə canlanır, ilan kimi qıvrıla-qıvrıla axan gurultulu dağ çayları, sal qayalıqlar, sıx meşəliklər diqqəti cəlb edirdi...

 

Hər gün həm qəzəbli, qüdrətli, həm mülayim, nəğməkar Həkəri çayının sahillərinə təbiətin vurğunu olan neçə-neçə mehmanlar gəlirdi.

 

Laçının həmişə dağ vüqarlı, sidq ürəklə torpağa bağlı olan mərd insanları olub. İkinci Dünya müharibəsində 3660 Laçın sakini odlu səngərlərə, cəbhəyə yollanmış, onlardan 2426 nəfəri sağ qayıtmışdır. Laçının igid övladı, qvardiya baş serjantı Əvəz Verdiyev isə Polşa torpaqlarında gedən döyüşlərdə şücaət göstərmiş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Orada əbədiyyətə qovuşmuşdur.

 

90-cı illərin əvvəllərində ermənilərin xəyanət tonqalı Laçında da yandırıldı. Daşnaklar Moskvadakı havadarlarının dəstəyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün min bir təxribata əl atdılar. 7 rayonumuz, mədəniyyət beşiyi olan Azərbaycanın Şuşa şəhəri faşist xislətli ermənilər tərəfindən işğal olundu. Alınmaz qala olan mənfur düşmənlərin əlinə keçdi. Ölüm-dirim savaşında neçə-neçə qorxmaz, igid Laçın oğulları Vətənin ərazi bütövlüyünü qoruyarkən şəhidlik zirvəsinə yüksəldi.

 

Yurd itkisi çox çətindir, işğala məruz qalan laçınlılar Azərbaycanın 58 şəhər və rayonunda sığınacaq tapdılar. Ümidlərini heç vaxt itirmədilər, həmişə yurd eşqi ilə yaşadılar, əmin oldular ki, gec-tez haqq-ədalət öz həllini tapacaq, doğma Laçına qayıdacaqlar... Həmyerliləri adı tarixə düşmüş Sultan bəy kimivaxtsa hər qarışında ayaq izləri qalmış doğma Laçına, dağlar diyarına qayıdacaqlar.

 

Artıq 30 ilə yaxın idi ki, torpaqlarımızın 20 faizi ermənilərin işğalı altında idi. 2020-ci il sentyabrın 27-də mənfur ermənilər tərəfindən mövqelərimiz artilleriya atəşinə məruz qaldı. Mülki şəxslər, hərbçilər arasında itkilər oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində müzəffər Azərbaycan Ordusu əks-hücuma keçdi. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimiz hər gün irəli getdi, düşmənə sarsıdıcı zərbələr endirildi. Ordumuz şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi, öz doğma torpaqlarını işğalçılardan azad etdi. Düşmən tapdağında olan ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir.

 

İşğaldan azad olunmuş Laçın rayonu hər birimizi sevindirir. Laçın ölkəmizin böyük rayonlarından biridir, ərazisi 1800 kvadratmetrdir. İşğaldan öncə bu məkanda kənd təsərrüfatı və digər sahələrdə yüksək zirvələr fəth olunardı. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən çox əhali yaşayırdı. İndi isə Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Çox tezliklə laçınlılar əzəli yurd yerlərinə, ata-baba yurdlarına qayıdacaqlar.

 

Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinlik yaradır. Çünki infrastruktur dağıdılıb, binalar sökülüb. Hazırda Laçının ərazisində yaşamaq üçün şərait yoxdur. Ancaq Laçın bölgəsi bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılacaq.

 

Laçın rayonunda bizim böyük meşə sahələrimiz var. Ərazimizin 22 min hektarı meşə sahəsidir. Bu ölkəmizin böyük sərvətidir. Uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır.

 

Bəli, bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, işğaldan azad edilmiş Laçının bərpası dövrü. Əminliklə demək olar ki, Azərbaycan xalqı bu dövrdə birlik, həmrəylik, güclü iradə göstərəcəkdir. Burada yenidən həyat canlanacaq, rayonun ərazisi bərpa olunacaq, vətəndaşlar öz doğma yurd-yuvalarında yaşayıb-yaradacaqlar.

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 10 fevral.- S.5.