MELİORASİYA
VƏ SU TƏSƏRRÜFATININ İNKİŞAFI
VƏTƏNDAŞ RİFAHINA XİDMƏT EDİR
Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılmasında meliorasiya və su təsərrüfatı sahəsində reallaşan layihələrin önəmi olduqca böyükdür. Bu gün meliorasiya və su təsərrüfatı işçiləri üzərinə düşən bu mühüm vəzifələri yüksək səviyyədə həyata keçirməkdədir.
Azərbaycanın tarixi inkişafına nəzər salsaq, respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını, meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində yüksək nailiyyətlər əldə olunmuş, onun əsaslı inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz fenomen şəxsiyyətin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə bu sahədə quruculuq işləri geniş vüsət almış, nəhəng layihələr hazırlanmış, iri su anbarları, hidroqovşaqlar tikilib istifadəyə verilmişdir. Xalqın təkidli dəvəti, taleyin hökmü ilə müdrik rəhbər, dünyamiqyaslı siyasətçi ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunmuşdur. Mövcud meliorasiya potensialının dağılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Aqrar islahatın bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutulmuş, islahatların normativ-hüquqi bazası yaradılmışdır. Elə həmin dövrdən başlayaraq, Meliorasiya və Su Təsərrüfatı rəhbərliyi və fədakar melioratorlar işlərini lazımi səviyyədə qurmuş və bu sahədə inkişafa nail olmuşlar. Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanı bu işlərin yüksəldilməsinə stimul vermişdir. Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar, ilk növbədə, meliorasiya və su təsərrüfatı sahəsinə yönəldilmişdir. Hazırda Azərbaycanda bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir.
Son illərdə ən böyük layihələrdən olan, strateji əhəmiyyəti və kapital qoyuluşu ilə nəhəng su anbarlarının tikintisi bunun bariz nümunəsidir. Bununla da minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaranmışdır. Digər tərəfdən, bu, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına imkan verib. Bütün bunlar sübut edir ki, ölkədə kənd təsərrüfatı istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, bu sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Məhz dövlətimizin başçısının qayğısı sayəsində bu cür mühüm strateji əhəmiyyət kəsb edən layihələr reallığa çevrilmişdir. Son illərdə Azərbaycanda əlavə torpaqların dövriyyəyə qoşulduğundan genişmiqyaslı suvarma kanalları, kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yüksək səviyyədə yerinə yetirilməsi, yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilməsi, əlavə subartezian quyuları qazılaraq istifadəyə verilməsi vacib məsələlərdəndir.
Göygöl rayonunda da, 2021-ci il ərzində suvarmanı tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemlər İdarəsi də nəzərdə tutulan tədbirlər planına uyğun olaraq işini günün tələbləri səviyyəsində qurmuşdur. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə, kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün vacib işlər görülmüş, əkin sahələrinin səmərəli suvarılmasını təmin etmək məqsədilə gecə və gündüz növbətçilik cədvəlləri tərtib olunmuşdur. Qarşıda duran ümdə vəzifənin - ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları olan aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri var qüvvələri ilə əzmlə çalışırlar. İşçilərin keyfiyyətli işləməsi üçün ideal şərait yaradılmışdır.
Göygöl Suvarma Sistemləri İdarəsi əkin sahələrinin suvarılmasını idarə balansında elektrik enerjisi ilə işləyən nasos stansiyası, subartezian quyusu, magistral və suvarma kanalları vasitəsilə həyata keçirir. Məhz, bu baxımdan kanallar və arxlar lildən, kol-kosdan və çöküntülərdən ideal şəkildə təmizlənmiş, suyun itkisiz təminatı və sel sularından və daşqınlardan qorunmaq üçün kanallarda təmizləmə və bərkitmə işləri aparılmışdır. Mövsüm başlamazdan öncə bütün avadanlıqlara baxış keçirilir, nasazlıqlar aradan qaldırılır. Ümumiyyətlə, bütün hidrotexniki qurğular saz vəziyyətdədir, bütün nasos stansiyaları işlək vəziyyətindədir. Mövcud texnikaların köməyi ilə ötürücü stansiyalar da daim saz vəziyyətdə saxlanılır.
Onu qeyd etmək lazımdır ki, hələ 2016-cı ildə Dozular kəndində torpaq sürüşməsi zamanı Dozular kanalı yararsız vəziyyətə düşmüşdür. Həmin ildən etibarən kəndlərdə suvarma suyu üçün təchizatda problemlər olmuşdur. Sonradan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşəbbüsü ilə həmin kəndlərin su təminatının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilmişdir. Belə ki, 2016-cı ildə cəmiyyət tərəfindən Çaylı kəndini 400 ha əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün 2 aqreqatlı Çaylı nasos stansiyası bərpa olunub. 2017-ci ildə 4 km uzunluğunda yeni boru çəkilmişdir. Müvafiq olaraq 2019-cu ildə Çaylı kəndində 1 km paylayıcı boru xətti çəkilib. Dozular kanalı əsaslı təmir olunmuş, kənd sürüşmə zonası olduğu üçün və su itkisinin qarşısını almaq məqsədilə 2019-cu ildə 1500 metr müasir tipli polietilen boru çəkilmişdir. Bu işlərin davamı olaraq layihə- smeta sənədlərə əsasən 2020-ci ildə daha 2000 metr boru çəkilmişdir. Layihə tam başa çatmadığı üçün 2021 -ci ildə əlavə olaraq 400 metr həmin borunun davamı olaraq çəkilişə başlamışdır. Ümumiyyətlə, həmin ərazilərin su təminatının yaxşılaşdırılması və su istehsalatçıların suya olan tələbatının ödənilməsi daim diqqət mərkəzində saxlanılır. Onu xüsusilə qeyd etmək yerinə düşərdi ki, Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin və rayon rəhbərliyinin bu işdə yaxından köməyi əvəzsizdir. Suvarma işçiləri bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışırlar. Ümumiyyətlə, görülən məqsədyönlü işlərin uğurlu nəticəsi kimi, Göygöl Suvarma Sistemləri İdarəsində tamamilə işgüzar mühit və şərait yaradılmışdır və əldə olunan potensial yeni, daha da uğurlu işlərin görülməsi hədəf seçilmişdir.
Bəli, türk dünyasının fenomeni, ümummilli lider Heydər Əliyevin çox qiymətli kəlamı ilə desək, “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır”. Tam əminliklə demək olar ki, bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və digər ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq. Praqmatik dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması və daha da inkişaf etdirilməsinə göstərdiyi sonsuz diqqət və qayğı fədakar melioratorların məsuliyyətini daha da artırır və daha yaxşı işləməyə sövq edir.
İlqar MƏHƏRRƏMOV,
Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi.
Respublika.- 2021.- 10 fevral.- S.6.