AZƏRBAYCAN GƏNCLİYİ DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Bəşər tarixində hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Hər bir cəmiyyət yeni nəslini öz mədəniyyəti ruhunda tərbiyə edir. Qədim spartalılar gənclərə nizam-intizam, qəhrəmanlıq və cəsarət, amerikalılar sahibkarlıq bacarığı və rəqabət, çinlilər loyallıq, yaponlar isə əməkdaşlıq təlqin edirlər. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Azərbaycan gənci daima döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev biz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət verir: “Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”. II Qarabağ müharibəsindəki şanlı qələbəmiz buna bariz nümunədir. Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçən, vətən üçün könüllü şəhidliyi qəbul edən gənclərimiz qürur mənbəyimiz, səcdəgahımızdır.

 

 

 

Biz gənclər çox xoşbəxtik ki, indiki müstəqillik dövründə formalaşırıq. Bəzi hallarda xəyalımıza belə gələ bilməz ki, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuşdur. Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz bizim hamımız, o cümlədən gənclərimiz üçün ən böyük xoşbəxtlikdir. Müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur. Hər bir xalqın tarixində onun borclu olduğu uzaqgörən, qurucu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ümummilli liderimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi. Hələ ötən əsrin 70-80-ci illərində onun diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Ümummilli liderin təşəbbüsü əsasında 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlayıb. Forumlarda Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev yeni nəsil qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndər 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - 2 fevral tarixini Azərbaycan Gəncləri günü elan edib. Gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən bu fərman gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə müsbət təsir göstərib.

 

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait gənclərə böyük diqqət və qayğının nəticəsidir. Hazırda öz sıralarında yüz minlərlə gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtaliyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz layiqli töhfələrini verməkdədir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri ilk növbədə vətənpərvərlikdən irəli gəlir.

 

Dövlətin gənclər siyasətinin reallaşdırılması sahəsində təhsil aldığım doğma Bakı Dövlət Universitetinin xüsusi payı vardır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı bu təhsil ocağında biz gənc nəslə hərtərəfli qayğı göstərilir, onların elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılmışdır. Universitetin yaradılmasının 100 illik yubileyində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev qeyd edib: “Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik”.

 

Mən 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin bakalavr pilləsində təhsil almışam və fərqlənmə diplomuna layiq görülmüşəm. 2016-cı ildə yüksək tədris göstəricilərimə, liderlik keyfiyyətlərimə, ictimai fəaliyyətimə, tələbə və müəllim kollektivinin rəğbətini qazandığıma görə “İlin Ən Yaxşı Tələbəsi” fəxri adına layiq görülmüşəm. 2018-ci ildə Bakı Dövlət Universitetinin ən yaxşı, məqsədyönlü və məsuliyyətli məzunu kimi Fəxri fərmanla təltif olunmuşam. Hələ tələbəlik dövründən elmə qarşı böyük marağım olub. 2014 və 2015-ci illərdə Bakı şəhərində Avropa Birliyi Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Hüquq Tədqiqatları İnstitutunun (UNİCRİ) və AMEA Botanika İnstitutunun Bioloji Məhsuldarlığın Fundamental Problemləri Şöbəsinin (hazırda AMEA Molekulyar BiologiyaBiotexnologiyalar İnstitutu) təşkilatçılığı ilə təşkil olunan elmi-praktiki seminarlarda fəallıq göstərdiyimə görə sertifikatlara layiq görülmüşəm. 2017-ci ildə Bakı Dövlət Universitetində keçirilən Gənc Alimlərin və Tədqiqatçıların VII Beynəlxalq Elmi Konfransında yüksək səviyyədə çıxış etdiyimə görə Təşəkkürnamə almışam. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2014-cü ilin əsas qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanda tərəvəz bitkilərində xəstəlik törədən təhlükəli virusfitoplazmalar və onların həşərat vektorlarının yeni molekulyarseroloji metodlarla tədqiqi” mövzusunda layihənin fəal icraçılarından biri olmuşam. 2018-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika ixtisası üzrə magistraturasına daxil olmuşam. 2020-ci ildə “Naxçıvan MR-in bəzi dərman əhəmiyyətli bitkiləri və onların molekulyar səviyyədə öyrənilməsi” mövzusunda magistr dissertasiya işini uğurla müdafiə edərək fərqlənmə diplomuna layiq görülmüşəm. Eyni zamanda, 2018-ci ildə “İlin Tələbəsi” adını almışam. Təhsildə və ictimai işlərdə fəallığa görə əlaçı təqaüdü ilə yanaşı, akademik Abdulla Qarayev adına təqaüdə layiq görülmüşəm. 2018-ci ildən “Elm - gənclərin sosial-intellektual inkişafına dəstək ictimai birliyinin fəal üzvüyəm. Magistraturada təhsil aldığım müddətdə də bir sıra beynəlxalq və yerli konfranslarda iştirak etmişəm. 2019-cu ildə AMEA-da keçirilən “Gənc bioloqların qış məktəbi - 2019” adlı layihədə fəal iştirakıma görə sertifikatla təltif olunmuşam. Təhsil ilə paralel olaraq 2016-cı ildən AMEA-nın Molekulyar BiologiyaBiotexnologiyalar İnstitutunda böyük laborant kimi əmək fəaliyyətinə başlamışam. Hazırda mən Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsində mütəxəssis kimi fəaliyyət göstərirəm. Eyni zamanda universitetin Biologiya fakültəsində Bitki morfologiyası və anatomiyası fənni üzrə laboratoriya dərslərini aparır, tələbələrimə yeni biliklər verməyə çalışıram. Hesab edirəm ki, mənim bütün uğurlarım ölkə rəhbərliyinin biz gənclərə olan diqqət və qayğısının təzahürüdür.

 

Bu gün ölkəmiz öz tarixinin şərəfli, qalibiyyətli və eyni zamanda mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunub möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. Bu gün biz - Azərbaycan gəncləri ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığımızı xalqımıza, dövlətimizə həsr etməyə hazır olduğumuzu əməli fəaliyyətimizlə sübut edəcəyik!

 

Əsmər HÜSEYNOVA,

 

Bakı Dövlət Universitetinin əməkdaşı.

 

Respublika.- 2021.- 2 fevral.- S.6.