CƏMİYYƏTİN
APARICI QÜVVƏSİ
Gənclər ölkəmizin sürətli inkişafında, tərəqqisində, ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. Dövlətimizin siyasətində gənclərlə bağlı məsələlərə xüsusi önəm verilir.
Müstəqil Azərbaycanın iqtisadi və maliyyə imkanları yüksəldikcə, bütün sahələrin inkişafına kapital qoyuluşu artır. Gənc nəsil də bu prosesdən kənarda qalmayıb. Hərtərəfli, yüksək intellektli, vətənpərvər gənclərin yetişməsi üçün yeni, müasir layihələr həyata keçirilir. Gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiyası istiqamətində çox mühüm işlər görülür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan gənclər siyasətinin başlıca istiqamətlərindən biri gənc nəslə dövlət dəstəyinin gücləndirilməsindən, onlara müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin, liderlik keyfiyyətinin aşılanmasından ibarətdir.
Aparılan səmərəli işin nəticəsində gənclər son illər elm, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edib. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində qazanılan şanlı qələbədə ordumuzun sıralarında mətinləşmiş gənclərin misilsiz xidmətləri olmuşdur. Onlar 44 günlük haqq savaşında yüksək igidlik, şücaət, qəhrəmanlıq göstərərək düşməni diz çökdürmüş, torpaqlarımızı işğaldan azad etmişlər.
Hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Müdrik rəhbərin imzaladığı qanunda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları müəyyənləşdirilmiş, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması öz əksini tapmışdır.
1996-cı il fevral ayının 2-də Azərbaycan gənclərinin I Forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də ulu öndər fevral ayının 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında sərəncam imzaladı.
Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə “Gənclər siyasəti haqqında” imzaladığı qanun, Azərbaycan Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramları, digər sərəncam və sənədlər gənclərə göstərilən diqqət və qayğının parlaq təzahürüdür. Bu tarixi sənədləri Azərbaycan gənclərinin həyatında yeni mərhələyə doğru dönüş hesab etmək olar.
Bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasəti ölkəmizi inkişafa aparan təməl prinsiplərdən biri kimi qəbul olunur. Gənclər cəmiyyətin və dövlətin gələcəyidir. Güclü cəmiyyətin və güclü dövlətin formalaşdırılması üçün sağlam ruhlu gənclərin olması çox vacib və əhəmiyyətlidir. Sevindirici haldır ki, gənclər dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, ana dilimizi, ata-babalardan miras qalmış gözəl adətlərimizi layiqincə qoruyub yaşadırlar.
Yola saldığımız il müəyyən çətinliklər və uğurlarla yadda qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il ölkəmizdə “Könüllülər ili” elan olunmuşdur. Lerikdə də gənclərin iştirakı ilə könüllülük hərəkatı geniş vüsət alıb. Onlar könüllülük proqramlarına cəlb olunur, təcrübə toplayır, karyera irəliləyişlərinə doğru ilk addımlarını atırlar. Yaradılmış əlverişli biznes mühitində gənclər özəl sektorda fəaliyyət göstərərək ölkəmizin iqtisadi inkişafına dəyərli töhfələr verirlər.
Ötən il dünyanı bürümüş koronavirus infeksiyası təəssüf ki, ölkəmizdən də yan keçmədi. Narahatlıqlar, həyəcanlar arxada qaldı. İnfeksiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli şəkildə tədbirlər görüldü. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin təmin olunması Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dərin məhəbbətinin, dövlətə sədaqətinin bariz nümunəsidir. Cənab Prezident hər bir vətəndaşın qayğısına qalır, sağlamlığını hər şeydən üstün tutur və təhlükəsizliyinin təmin olunması üçün var qüvvəsini əsirgəmir.
Rayonumuzun gəncləri pandemiyanın qarşısının alınması istiqamətində dövlət başçısının yürütdüyü siyasətə fəal qoşularaq onu dəstəkləyir, birlik və həmrəylik nümayiş etdirirlər. Sevindirici haldır ki, gənclərimiz sözün həqiqi mənasında “ön cəbhə”də çalışan müəyyən dövlət strukturlarının, eləcə də həkimlərin yanında olur, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına dəstəyini əsirgəmirlər. Yaşlı nəslinin nümayəndələrinə, aztəminatlı ailələrə, tənha yaşayanlara yardımların çatdırılmasında, maarifləndirmə işlərinin aparılmasında gənclər təmənnasız xidmətilə könüllülük hərəkatının aparıcı qüvvəsi kimi çıxış edirlər.
Müstəqil Azərbaycan gəncliyi fəal ictimai-siyasi fəaliyyəti, həm də vətənpərvərliyi ilə tarixə imza atır. 27 sentyabr 2020-ci il tarixdə başlamış, 44 gün davam edən və Ermənistanın rusvayçı kapitulyasiyası ilə başa çatan Vətən Müharibəsi dövründə gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Müharibənin ilk günlərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinə könüllü ordu sıralarına yazılan yüzlərlə gəncin yolasalma mərasimləri təşkil olunmuşdur.
Azərbaycanın haqq səsinin dünya iştimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası istiqamətində Gənclər və İdman Nazirliyinin start verdiyi kampaniyaya lerikli gənclər fəal qoşularaq idarənin rəsmi facebook, istagram, tvitter səhifələrində mütəmadi paylaşımlar etmişlər.
Azərbaycan Bayrağı və Zəfər Günü münasibətilə Lerik şəhərində rayon gənclərinin yürüşü təşkil olunmuşdur. Vətən Müharibəsində igidlik, şücaət göstərərək tərxis olunan əsgər və zabitlərin təntənə ilə qarşılanması üçün “Müzəffər əsgəri zəfər çələngi ilə qarşıla” aksiyasına start verilmiş, onlara “Zəfər çələngi” təqdim olunmuşdur. Aksiya rayon ictimaiyyəti, gənclər tərəfindən böyük sevinclə, rəğbətlə qarşılanmışdır.
Vətən Müharibəsində canından və qanından keçərək şəhidlik zirvəsinə ucalanları geniş ictimaiyyətə yaxından tanıtmaq üçün idarənin rəsmi facebook səhifəsində şəhidlərin tanıtma aksiyası aparılmışdır.
Dekabr ayının sonunda məktəblilər arasında Vətən Müharibəsində qələbəyə həsr olunmuş “Zəfər günü” adlı onlayn şeir müsabiqəsi keçirilmişdir. Müsabiqəyə onlayn qaydada 58 şeir təqdim olunmuş, qaliblərə idarənin diplomları təqdim olunmuşdur.
Gənclər daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizin hər yerində olduğu kimi Lerik rayonunda da gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində mühüm işlər görülür, dövlətçiliyə sadiq, yüksək intellektə və geniş dünyagörüşünə malik gənc nəsil formalaşır. Lerikli gənclər daim öz sevimli liderinə-cənab Prezidentə güvənir, dövlət başçısının ətrafında sıx birləşərək həm doğma rayonumuzun, həm də müstəqil Azərbaycanın inkişafına öz layiqli töhfələrini verirlər.
Natiq İsaqov,
Lerik rayon gənclər və idman
idarəsinin rəisi.
Respublika.- 2021.- 2 fevral.- S.6.