Qazilərimizə yüksək
texnologiyalı protezlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən Müharibəsi qazilərinin yüksək texnologiyalı protezlərlə təminatı davam edir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində müharibədə yaralanmış daha üç qazimiz - Ziya Ağami oğlu Kazımov, Rəşad Amin oğlu Əliyev və Kənan Nadir oğlu Musayev yüksək texnologiyalı protezlərlə təmin ediliblər.
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, agentliyin sədri Cavid Əbdül-Qədirov həmin qazilərlə görüşüb. O, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısından bəhs edib, bu qayğının daha bir təzahürü kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulduğunu deyib. Bildirib ki, ötən ilin dekabr ayından müasir protezlərlə təminat həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.
***
Zəfərimizin qəhrəmanlarından biri olan İslamov Qurbanəli Məzahir oğlunun da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə başlanıb.
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Vətən müharibəsində ağır yaralanaraq sol ayağını itirmiş Məzahir yaxın günlərdə həmin protezlə təmin olunacaq. Bu məqsədlə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazimizin ilkin müayinəsi aparılıb. Ona protezləşməyə hazırlanması üçün lazımi təlimatlar verilib.
Mustafa MUSTAFAYEV
Respublika.- 2021.- 6 fevral.- S.6.