Görkəmli alim, təcrübəli maarifçi
Hər bir ziyalı, xüsusilə elm adamları üçün düşünmək, onu ifadə etmək, sosiallaşdırmaq başlıca məziyyətdir. Çünki düşünmək hər bir ziyalının başlıca qabiliyyəti, onu ifadə etmək tələbatı, yaymaq isə başlıca azadlığıdır. Bu mənada düşüncə özü böyük inancın təməlidir, çünki məhz onun sayəsində daxilimizdəki həqiqətlərə baş vurur, onu aşkar edirik.
Akademik Elşad Qurbanovu bir qərinəlik dövrdə yüksək düşüncə, intellekt sahibi kimi tanımış, düşündüyünü ifadə etmək məharətinin məntiqinin də gücünü müşahidə etmişəm. Elşad Qurbanovun düşüncə qabiliyyəti onun bacarığının məhsulu, istedadının ifadəsidir. Böyük düşüncə böyük ürəkdən, böyük xarakterdən nəşət edir. Bu mənada hər şeyi dərk edən insan özünü dərketmədə çətinlik çəkir, bunun üçün gərək özünü dərketmə və intuisiya imkanlarına sahib olasan. Bu, Elşad müəllimdə yetərincədir.
Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək təhsil təşkilatçılığı bacarığına, mədəniyyətə malik, həssas, qayğıkeş bir insan olan Elşad Məcnun oğlu Qurbanov sadə kənd həyatından qaynar şəhər mühitinə qədər keçdiyi ömür yolunda həm müəllim, həm alim, həm də vətəndaş kimi mənalı bir həyat yaşamışdır.
Elşad Qurbanov 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1968-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunun Aşağı Qışlaq kənd orta məktəbini, 1973-cü ildə Bakı şəhərində 8 nömrəli tibb məktəbini, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1979-1982-ci illərdə istehsalatdan ayrılmaqla Azərbaycan SSR EA Botanika İnstitutunda botanika ixtisası üzrə aspiranturada təhsil alıb. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən Botanika kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər BDU-nun Botanika kafedrasının müdiri vəzifəsində işləyir.
O, 1984-cü ildə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildən professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib, 2019-cu ildə “Əməkdar elm xadimi” adına layiq görülüb.
Elşad Qurbanov əsl müəllim kimi həm öyrədən, həm də öyrənəndir. Onun yazmış olduğu elmi əsərlər, dərsliklər dünya standartlarına uyğun olaraq ali məktəblərin geniş kitab şəbəkəsinin yaranmasına kömək edib. O, öz ömür yolunu nurlu gələcəyə istiqamətləndirərək çalışır, yazmış olduğu əsərlər öz elmiliyi, sadə və başa düşülməsinə görə diqqəti cəlb edir.
“Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, bəzi bitki növlərinin yeni yayılma areallarını müəyyən etməklə, Azərbaycan elminə böyük töhfələr verib. Əsərdə Atropatan florasına aid olan 2595 bitkinin Azərbaycan və latın dillərində adları qeyd edilib, 6 mindən çox herbari nümunəsi toplanaraq herbari fonduna verilib. Bu isə onu deməyə əsas verir ki, Elşad Qurbanov müəllim olmaqla yanaşı, həm də əsl tədqiqatçı, elm adamıdır. O, öz enerjisini xalqdan, elmdən əsirgəməyib.
O, Azərbaycanda geobotanika elminin inkişafında digər alimlərlə yanaşı, böyük əmək sərf edib. Eksperimental botanika sahəsində tədqiqatlar apararaq gözəl nəticələr əldə edib, arid və nadir meşə sahələrini öyrənərək Kiçik Qafqazda yayılmış bir sıra nadir ağac və kol növlərini tədqiq etmişdir. Vələs, fıstıq, ağcaqayın və digər növ ağacları təyin etməklə araşdırmalar aparıb.
Yorulmaz tədqiqatları nəticəsində xeyli monoqrafiya, dərslik və dərs vəsaiti işıq üzü görmüşdür. Bunlardan “Bitki ekologiyası (geobotanikanın əsasları ilə)”, “Rastitelğnıy Mir basseyna reki Naxiçevançaə”, “Bitki morfologiyası”, “Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri”, “Flora i rastitelğnostğ Atropatanskoy provinüii (na territorii Azerbaydjana)”, “Ali bitkilərin sistematikası”, “Dərman bitkiləri”, “Geobotanika”, “Bitki morfologiyası” və s. kitablar qələminin məhsuludur.
Elşad Qurbanov faktorunu səciyyələndirən başlıca cəhət müasirlik anlayışı ilə bağlıdır. O bir tərəfdən elmi mühitdə müasirliyi duyan, hiss edən, qiymətləndirməyi bacarandır, digər tərəfdən də müasirlik bir kateqoriya kimi onun elmi və şəxsi həyatını tamamlayan xarakterik keyfiyyətdir. Yeri gəlmişkən, o elmi tədqiqatlarında zərgər dəqiqliyi ilə çalışdığı kimi, nitqində, mühazirələrində, davranışında da nümunədir.
Qeyd etdiyimiz alim-ziyalı nüfuzu, xeyirxahlıq onun mənəvi keyfiyyətləri yönündə daha da zənginləşir. Xeyirxahlıq, insanlara sevgi, yaşının erkən çağlarından tanınmış ziyalının həyat amalına çevrilmişdir. Görkəmli alimin insanlarla ünsiyyət bacarığı, təmkini, yüksək mədəniyyəti, tələbkarlığı, gələcəyə inam eşqi ilk növbədə tələbələri üçün də böyük örnəkdir. Onun bu insani keyfiyyətlərinə təvazökarlığı, sadəliyi, adamları dinləmək bacarığı da əlavə olunmalıdır. Düzlük, doğruçuluq, saflıq, zəhmətsevərlik bütün təvazökar insanlar kimi onun aurasını daha da cəlbedici edir, alimliyini, müəllimliyini, vətəndaşlığını tamamlayır. Akademik Elşad Qurbanov həm də dərin düşüncəyə, aydın fikrə, peşəkar tədqiqatçı səliqə-sahmanına malik insandır. Məzmunlu, maraqlı, həm də yüksək elmi-praktik səviyyəsi ilə seçilən mühazirələri ilə tələbələri cəlb edən müəllim-ziyalıdır.
O, hər şeydən öncə Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin kafedra müdiri kimi təcrübəli maarifçi olaraq gəncliyimizi işıqlı sabaha hazırlayır, onlara əzmkarlıq, qətiyyət, vətənpərvərlik öyrədir. Onun arzuları da səma qədər sonsuzdur. Bu arzulara müstəqil respublikamızın dayaqlarının daha da möhkəmlənməsi, xalqımızın milli yüksəlişi istəyi qol-qanad verir. Əlbəttə, bu yaxınlarda müzəffər Ali Baş Komandan - ölkə Prezidenti və Milli ordumuz tərəfindən Qarabağımızın erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hər birimizin, o cümlədən ziyalılarımızın həyat eşqini daha da artırmışdır. Elşad Qurbanov da işğaldan azad olan ərazilərimizin bitki örtüyünün bərpası ilə bağlı görüləcək çoxşaxəli işlərdən böyük şövqlə danışır.
Tədqiqatlarının geniş aspektdən təhlili belə düşünməyə əsas verir ki, ictimai-tarixi düşüncə, maarifçilik ruhu, pedaqoq-bioloq alimin müxtəlifyönümlü və çoxçeşidli əsərlərinin başlıca qayəsidir. Məncə, onu demək yerinə düşər ki, Elşad müəllimin fəaliyyətinin başlıca məqsədi öncə milli mənafe olduğundan araşdırmalarında milli təəssübkeşlik ruhu, əzmi olduqca qabaritləşir. Sələflərinin ideyalarına daim sədaqət göstərən bu müdrik ziyalı xələflərinin fikirlərinə də böyük hörmət və qayğı ilə yanaşır.
Elşad Qurbanovun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyinə və bitki örtüyünün öyrənilməsinə həsr olunub. A.Qrossheym məktəbinin layiqli davamçısı kimi BDU-nun Botanika kafedrasının nəzdində olan Herbari Fondunun qorunub saxlanmasında, yeni, nadir və nəsli kəsilməkdə olan növlərlə zənginləşdirilməsində onun müstəsna xidmətləri var.
Alim 390-dan artıq elmi əsərin, 16 kitabın, 60-dan çox proqram və metodik göstərişin, 14 müəlliflik şəhadətnaməsinin müəllifi, 1 patentin, 17 kitabın elmi redaktorudur, o dəfələrlə Beynəlxalq və Respublika səviyyəli elmi konfranslarda (Avropa ölkələrində, Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda) çıxış edib. İkicildlik “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşrinin redaksiya heyətinin üzvüdür. Son zamanlar apardığı elmi-tədqiqat işləri dəfələrlə mühüm nəticə kimi AMEA-nın hesabatına daxil olunub.
Yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə Elşad Qurbanov dəfələrlə “İlin alimi”, pedaqoji fəaliyyətinə görə “İlin müəllimi”, təşkilatçılıq qabiliyyətinə gorə “İlin kafedra müdiri” fəxri adlarını alıb, Təhsil Nazirliyinin fəxri fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Onlarca doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olub, onun rəhbərliyi altında 40-dan çox magistrant və 14 fəlsəfə doktoru, 2 elmlər doktoru hazırlanıb.
2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri bölməsinin büro üzvü, 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Elmi Şurasının üzvüdür.
2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etməsinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, universitetin sosial-mədəni inkişafında fəal iştirak etməsinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.
2019-cu ildə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən həmin akademiyanın həqiqi üzvü (akademik) seçilib və Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif edilib.
Beləliklə, Elşad Qurbanovu xarakterizə edən üç başlıca vəziyyəti, - birincisi müəllimliyi, ikincisi alimliyi, üçüncüsü insanlığı, yəni fəal vətəndaş mövqeyi onun xarakterini tamamlayan başlıca keyfiyyətlər olaraq həyat və fəaliyyətini tamamlayır.
Sözlə söhbət etmək, sözlə həmfikir olmaq, dərdləşmək bir ayrı aləmdir. Elm adamları üçün bu, spesifik çalarları ilə seçilir. Dərslikdə, vəsaitdə, monoqrafiyada fikrin sözlə ifadəsi hər şeydən öncə obrazlı deyimdən çox, konkret məntiqi mühakimənin əsaslandırılmasına xidmət edir. Fikrin yüksək intellektə istinadən qarşılıqlı müqayisələrlə ifadə edilməsi sözə bir ayrı önəm verir, onu fikir, düşüncə, mühakimə materialına çevirərək xüsusi auditoriyaya sözlə yönəldir. Elşad Qurbanovun irili-xırdalı bütün tədqiqatlarında sözdən məharətlə istifadə etməklə, yüksək məntiqi mühakimələr irəli sürmək bir elmi üslub mahiyyəti daşıyır. Bu mənada onun elmi dili, öncə xəlqidir. Asan oxumaqla mənimsənilir. O, gündəlik fəaliyyətində də sözdən yüksək səviyyədə istifadə edən ziyalı kimi tanınır. O, həmişə məntiqli informasiyalara meyilli, yeniliyi daha öncə ictimailəşdirmək xüsusiyyəti ilə seçilir. Ona görə də onunla həmsöhbət olmaqdan da, onun elmi əsərlərini mütaliə etməkdən də doymaq olmur.
Elşad müəllim vətəndaş müəllim və alim olaraq ailəsində də ciddi və səmimidir. Onun övladlarına verdiyi tərbiyə də burada özünü göstərir. Oğlanları valideynləri üçün başucalığı gətirəndilər. Yüksək mənəviyyatlı, fəal vətəndaş mövqeyi ilə seçilirlər. Nəvələri isə Elşad müəllimin ailəsinin sevinc mənbəyidirlər.
Onun iştirak etdiyi məclislərdən adam həm çox şey öyrənir, ləzzət alır, həm də məmnun qalır. Yüksəldiyi səviyyə onunla yetirmələri, dost-tanışları, qohum-əqrəbaları arasına sədd çəkə bilməyib. O, həmişəki Elşad Qurbanov olaraq qalmaqda, bir sözlə qollu-budaqlı, ildən-ilə daha əzəmətli olan, daha sıx-sıx yaşıllaşan, kölgəsinə çoxsaylı insanları cəmləyən iri bir palıd kimi ətrafına sərinlik yaymaqdadır.
Həsən BAYRAMOĞLU,
Bakı
Dövlət Universitetinin
professoru,
pedaqoji elmlər doktoru.
Respublika.- 2021.- 11 fevral.- S.6.