QƏHRƏMANIN XATİRƏSİ DAİM ƏZİZ TUTULUR

 

Mirzə Cəbiyev 1925-ci ildə Astara rayonunun Hamoşam kəndində dünyaya göz açıb. 1943-cü ildə İkinci Dünya müharibəsinə səfərbərliyə alınmış, Belorusiyadan Berlinə kimi döyüş yolu keçərək şəxsi igidlik, şücaət, qəhrəmanlıqlar göstərmişdir. 1945-ci ilin aprel ayında Keniqsberq şəhəri uğrunda gedən döyüşlərdə komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə, şəxsi igidlik və qəhrəmanlıq nümunələri göstərdiyinə, yaralanmasına baxmayaraq, sovet bayrağını şəhərin ən hündür qalası üzərinə sancdığına görə Mirzə Ağamurad oğlu Cəbiyev ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

 

Astaralılar qəhrəman oğlunu daim ehtiramla yad edir, xatirəsini həmişə əziz tuturlar. Doğma Hamoşam kəndində uyuyan Mirzə Cəbiyevin qəbirüstü abidəsi rayon icra hakimiyyətinin yaxından köməkliyi ilə götürülərək ətrafı abadlaşdırılmışdır. Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdir müavini, istedadlı yazıçı-publisist Mərasim Hacızadə “Qartal zirvəyə qonar” adlı kitabında qəhrəmanın keşməkeşli həyat yolundan, alman faşistlərinə qarşı döyüşlərdə göstərdiyi igidliklərdən, dinc quruculuq illərində fədakarlıqlarından, xeyirxah əməllərindən bəhs edir.

 

Fevral ayının 10-da qəhrəmanın anım günü Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, qəhrəmanın qohumları, doğmaları, kənd ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət etmiş, önünə əklil, gül dəstələri qoymuşlar.

 

İcra başçısı qeyd etmişdir ki, Mirzə Cəbiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ən gənc azərbaycanlı olub. ümummilli lider Heydər Əliyev ona həmişə hörmət və ehtiram bəsləyib. 1975-ci ildə müharibə qəhrəmanları ilə görüşündə Azərbaycanın müdrik rəhbəri Heydər Əliyev Mirzə Cəbiyev haqqında demişdir: “Mən inanmazdım ki, Azərbaycanın ən ucqar kəndindən olan sadə kəndli balası 19 yaşında Sovet İttifaqı Qəhrəmanı olacaq, bu əyani sübutdur ki, Azərbaycan həqiqətən qəhrəmanlar yurdudur. Sən bu yurdun qəhrəman oğullarından birisən, səni təbrik edirəm”.

 

M.Cəbiyev müharibədən qayıdandan sonra müxtəlif vəzifələrdə çalışmış, uzun illər doğma kəndində təsərrüfata rəhbərlik etmişdir. Hamoşam və ətraf kəndlərin sosial-iqtisadi və mədəni inkişafında böyük əməyi olmuşdur. Keçən əsrin 60-cı illərində çox böyük çətinliklə, heç bir texnikadan istifadə olunmadan mürəkkəb relyefə malik Hamoşam kəndinə ilk dəfə avtomobil yolunun salınması onun təəssübkeşliyi, əzmkarlığı, doğma yurda sonsuz bağlılığı sayəsində mümkün olmuşdur.

 

İcra başçısı Mirzə Cəbiyevin nəinki yaşadığı kənddə, rayonda, eləcə də respublikamızda hörmətli, nüfuzlu ağsaqqal kimi tanındığını bildirmişdir. Dəfələrlə Bakıya köçmək, layiqli vəzifə təklif olunsa da o, doğma kəndindən ayrılmamış, el-obaya xidmət etməyi özünə borc bilmişdir.

 

Mənalı ömrünü doğma kəndinin inkişafına sərf edən, el-oba yolunda fədakarlıq göstərən Mirzə Cəbiyev kimi qətiyyətli, mərd, cəfakeş insanlar heç vaxt unudulmayacaq. Qəhrəmanın şərəfli ömür yolu gənclər üçün parlaq nümunədir. Təsadüfi deyil ki, onun doğma nəvəsi Çinar Əliyev Hamoşam kəndinin Qarabağ müharibəsində verdiyi şəhidlərdən biridir.

 

İllər, qərinələr keçsə də, Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyevin qəhrəmanlığı unudulmayacaq, xatirəsi daim ehtiramla yad ediləcəkdir.

 

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2021.- 12 fevral.- S.6.