Resurs səmərəli təmiz
istehsalatın miqyası genişləndirilir
Bəşəriyyət üçün dayanıqlı inkişaf modeli təbii resurslardan səmərəli istifadə, azkarbonlu, dövri və tullantısız texnologiyaların inkişafını tələb edir. Müasir dövrdə ekoloji tarazlığın qorunub saxlanması, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə ümumbəşəri problemə çevrilmişdir. Dünyada əhali artımı ilə yanaşı, istehlakın kəskin artması, səhralaşma, biomüxtəlifliyin deqradasiyası, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların məhdudluğu kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Son 50 ildə ətraf mühitin qorunmasının bu və ya digər problemlərinə aid onlarla konvensiya, ikitərəfli və çoxtərəfli razılaşmalar və s. sənədlər qəbul edilmişdir. Dünya ölkələrinin çoxunda milli ekoloji qanunvericilik və siyasət sənədləri də ciddi surətdə inkişaf etdirilmişdir.
Hazırda bu sahədə əsas prioritet dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir.
Qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri istixana qazlarının emissiyalarının artması, bununla da yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnən prosesdir. İqlim dəyişmələri təbii ekosistemlərə, quraqlığa səbəb olur, məhsuldarlığa mənfi təsir göstərir ki, bu da cəmiyyətdə ekoloji zəmində stresslər yaradır. Problemin qarşısının alınması məqsədilə ötən əsrin sonlarında, ölkəmizin də qoşulduğu, 3 böyük Konvensiya -İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Səhralaşmaya qarşı mübarizə Konvensiyası və Biomüxtəlifliyin qorunması Konvensiyası qəbul edilmişdir.
Atmosferə atılan istixana qazlarının azaldılması və üzvi yanacaqlara qənaət olunması sənayedə azkarbonlu və yüksək enerji səmərəliliyinə malik proseslərin tətbiq olunmasını, habelə davamlı enerji mənbələri kimi bərpa olunan enerjidən istifadə olunmasını gündəmə gətirmişdir.
Su ehtiyatlarının inteqrasiyalı və hövzələr əsasında idarə olunması, “Su diplomatiyası”nın inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, su böhranı ilk üç vacib qlobal risklər arasındadır. Bununla bağlı, suların çirklənməsinin qarşısının alınması və mövcud ehtiyatlardan səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görülür.
Bərk məişət tullantılarının, xüsusilə də plastik tullantıların düzgün idarə olunmaması ətraf mühitə mənfi təsir göstərən səbəblərdən biridir. Plastik tullantıların təbiətdə yüz illər ərzində parçalanmaması, plastik məhsullardan, xüsusilə qablaşdırma materiallarından istifadənin ilbəil artması və plastik tullantıların düzgün idarə edilməməsi bu problemi daha da kəskinləşdirir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda plastik qablaşdırma tullantılarının miqdarının azaldılması ilə bağlı tədbirlər görülür, bu sahədə Milli Fəaliyyət Planı da qəbul edilmişdir.
Müasir dövrdə əhali artımı iqtisadiyyatın inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, nəqliyyat vasitələrinə tələbatın artması, enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırmışdır. Uzun müddətdir ki, dünyanın enerji balansında kömür, neft və qaz kimi yanacaqlar əsas yer tutur. Hazırda bu resursların ehtiyatlarının azalması, habelə yanacaq resurslarının qiymətlərinin qeyri-stabil olması, bu yanacaq növlərinin istifadəsinin ətraf mühitin çirklənməsində mühüm rol oynaması bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır. Beynəlxalq təşkilatların hesabatları göstərir ki, bu sahəyə ciddi miqdarda investisiya qoyulur və enerji sistemində bərpa olunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.
İqtisadi artımı zəiflətmədən, hətta stimullaşdıraraq sözügedən ekoloji problemlərin həlli Resurs Səmərəli və Daha Təmiz İstehsalata (RSTİ) keçid yolu ilə baş verə bilər. RSTİ kompleks tədbirlərin həyata keçirilməsi istehsalat fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmişdir ki, bu da iqtisadi, ekoloji və sosial faydalar əldə etməyə imkan yaradır. Təbii ki, bu tədbirlər iqtisadi cəhətdən rasional olmalı və məhsulların keyfiyyətini aşağı salmamalıdır.
RSTİ-nin başlıca məqsədləri : Resurs səmərəliliyi - istehsalatın bütün mərhələlərində resurslardan (xammal, enerji və su) istifadənin optimallaşdırılması; Tullantıların əmələ gəlməsinin minimallaşdırılması - tullantı və emissiyaların yaranmasının azaldılması vasitəsilə istehsalatın ətraf mühitə zərərli təsirinin minimallaşdırılması; İnsanların rifahının yaxşılaşdırılması - insanlar və ümumilikdə cəmiyyət üçün risklərin minimallaşdırılması, həmçinin insanların və cəmiyyətin inkişafına dəstəkdən ibarətdir.
RSTİ-nin həyata keçirilməsindən üç sahəni əhatə edən bir çox faydalar əldə edilə bilər. İqtisadi faydalara-istehsal xərclərinin azaldılması, yeni bazarlara çıxış, bazarda rəqabət qabiliyyətinin yüksəlməsi, ətraf mühitin mühafizəsi sahəsində faydalara, resursların sərfiyyatının azaldılması, təhlükəli maddələrdən istifadənin və tullantıların utilizasiyası həcmlərinin azaldılması, istehsalat tullantılarından istifadə və təkrar emal səviyyələrinin artırılması, enerji istehlakının və istixana qazlarının əmələ gəlməsinin azaldılması; sosial faydalara isə müəssisələrin imicinin yaxşılaşması, regionda yeni, daha qənaətbəxş iş yerlərinin yaradılması və həyat standartlarının yaxşılaşdırılmasını misal çəkmək olar.
Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi əsas prioritetlərdəndir. Bu sahənin inkişafı ilə əlaqədar bir çox strateji sənədlər qəbul edilərək həyata keçirilməkdədir. Sahə üzrə əsas strateji sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”dir. Strateji sənəd kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, ağır sənaye və maşınqayırmanın inkişafı və digər bir sıra sahələri əhatə edir.
Ölkəmiz üçün ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli də prioritetdir. Bunun bariz nümunəsidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası 20-dən çox ekoloji konvensiyalara, ikitərəfli və çoxtərəfli razılaşmalara qoşulmuş, ətraf mühitin qorunması və bərpası üzrə müxtəlif qanunlar, qanunaltı aktlar, texniki-normativ sənədlər və digər normativ-hüquqi aktlar qəbul etmişdir.
Cari ilin 02 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Bunlar - Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Göründüyü kimi, növbəti onillik üçün ölkənin Milli Prioritetlərinə həm iqtisadi artım, həm də təmiz ətraf mühit məsələləri daxildir.
Bununla əlaqədar Resurs Səmərəli və Daha Təmiz İstehsalata keçid ölkəmiz üçün olduqca aktualdır.
Ölkəmizdə bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq fəaliyyətlərin həyata keçirilməsinə başlanılmışdır.
Belə ki, 2013-2017-ci illərdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın ekolojiləşdirilməsi” proqramı (EaP GREEN) çərçivəsində, ölkəmizdə də müxtəlif fəaliyyətlərin həyata keçirilməsinə nail olunmuşdur. EaP GREEN proqramı Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda iqtisadiyyatın “yaşıl” formasına keçid prosesini sürətləndirməyə dəstək göstərmişdir. Proqram çərçivəsində icra olunan fəaliyyətlər iqtisadi artım və ətraf mühitin deqradasiyası arasında dayanıqlı qarşılıqlı münasibətin pozulması, istehsalat və rəqabət qabiliyyətinin artırılması, təbii kapitaldan daha səmərəli istifadə olunması, iqtisadi göstəricilərin və həyat keyfiyyətinin yaxşılaşması, həmçinin iqtisadiyyatın dayanıqlılığının artırılması məqsədini daşımışdır.
Bu fəaliyyətlərin davamlılığının təmin edilməsi məqsədilə Avropa İttifaqının dəstəyi ilə EU4Environment proqramına start verilmişdir. Proqram Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda təbii kapitalın qorunması və daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaq məqsədini daşıyır. 2019-2022-ci illəri əhatə edəcək proqramda, hədəflər, prioritetlər və ümumi əməkdaşlıq məqsədlərinə uyğun olaraq tərəfdaş ölkələr tərəfindən müəyyənləşdirilmiş nəzərəçarpacaq nəticələrin əldə edilməsinə 5 icraçı təşkilat- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və Dünya Bankı cəlb edilmişdir.
EU4Environment proqramının “Dairəvi İqtisadiyyat və Yeni İnkişaf İmkanları” çərçivəsində UNIDO Azərbaycanda “KOB-lar arasında Resurs Səmərəli Təmiz İstehsalat”ın miqyasını genişləndirərək KOB-ların fəaliyyətində RSTİ və eko-innovasiya yanaşmalarından istifadə potensialının artırılması üzərində işləməyi nəzərdə tutur. Azərbaycanda təxminən 35 müəssisəyə biznes modellərinin yenidən işlənməsinə yardım göstəriləcəkdir. RSTİ metodologiyasının tətbiqi məhsuldarlığı, məhsul keyfiyyətini və KOB-ların rəqabət qabiliyyətini artırmağa kömək edəcəkdir. Bu kontekstdə RSTİ klublarının dəstəklənməsi, dairəvi iqtisadiyyatın tətbiqi, yerli ekspertlərin təlimi, müəssisələrdə RSTİ qiymətləndirilməsi, məlumatlılığın artırılması, bilik mübadiləsi və s. kimi fəaliyyətlərin icrası planlaşdırılır.
İslam MUSTAFAYEV,
AMEA-nın müxbir üzvü, professor
Respublika.- 2021.- 13 fevral.- S.5.