Nizami Gəncəvi yaradıcılığında qadın haqlarının təbliği

 

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli sözfikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilinNizami Gəncəvi ilielan edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır”.

 

XII əsrdə Azərbaycan ədəbiyyatının güclü bir qolu da saraylardan kənarda yaranır və Nizami Gəncəvi (1141-1209) kimi bir çox söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “XosrovŞirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.

 

Bütün dünyanın “Gəncəli dahikimi tanıdığı Nizaminin yaradıcılığı qlobal hadisə idi. Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda, Qərb ədəbi-mədəni dəyərləri öz kamil sintezini tapmışdır. Əslində Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində ayıq təfəkkürlə hadisələrə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq.

 

Nizami sənətinin ölməzliyini təmin edən elementlərdən biri də mütəfəkkirin öz yaradıcılığında dövrünün və gələcək dövrlərin humanistdemokratik istiqamətli fikirlərini, habelə sosial ədalət ideyalarını parlaq şəkildə təbliğ etməsidir.

 

Belə ki, insan haqlarının təbliği və müdafiəsi, şəxsiyyətin azadlığı, iradə müstəqilliyi mütəfəkkirin sosial-siyasi görüşlərinin sosial ədalət hissəsində öz parlaq təcəssümünü tapmışdır.

 

Dahi şairin əsərlərində qadın haqlarının təbliği də xüsusi yer tutur. Böyük filosofun yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edir.

 

Yarandığı ilk gündən bəşəriyyətin mövcudluğunu təmin edən əsas amil qadınlardır.

 

Qadın haqları hər cəmiyyətdə insanların öz inanclarına, ənənələrinə, mədəniyyətinə və həyat tərzinə uyğun olaraq fərqli şəkildə formalaşmışdır.

 

Məlumdur ki, Şərq və Qərb təfəkküründə qadına münasibət erkən inkişaf mərhələsində tamamilə fərqli olmuşdur. Belə ki, Şərq uzun əsrlər boyu qadını “örtülü” şəkildə görmək istəmiş və qadını əsasən nəsil artıran varlıq kimi qəbul etmişdirsə, Qərb bu incə məxluqu daha çox “diqqət mərkəzində” saxlamağa üstünlük vermiş və əsasən onu eyş-işrət obyekti kimi təsəvvür etmişdir. Göründüyü kimi, hər iki halda mütləq qadın azadlığı arxa planda qalmışdır. Elmi və bədii əsərlərin əksəriyyətində müəlliflər qadının kişiyə tabeçiliyini hər vəchlə əsaslandırmağa çalışmışlar. Elə buna görə də cəmiyyətdə qadın sosial həyatın əksər sahəsində mütəmadi olaraq diskriminasiyaya məruz qalmışdır. Xüsusən də Şərq reallığında qadınların davranış və rəftarına uzun illər boyu məhdudiyyətlər qoyulmuş, cahillik və nadanlığa geniş meydan verilmişdir. Elə məhz buna görə də islam, habelə xristian və yəhudi dinlərindən irəli gələn müəyyən təlimlərə istinad edən şəxslər qadınların həyat tərzinə, dünyagörüşünə təsir göstərmək imkanları əldə etmişlər. Bu səbəbdən də, bizim ölkəmizdə dini fikirlərin təbliği məqamlarında müxtəlif interpretasiya və fərqli şərh motivlərinin mövcudluğu diqqəti çəkir. Məlumdur ki, Azərbaycan Qərb və Şərq sivilizasiyasının kəsişdiyi nöqtədə yerləşir. Lakin ölkə əhalisinin əksər hissəsi müsəlmanlar olan bir məkanda təbii ki, islami dəyərlər daha çox üstünlük təşkil edir. Bir çox tədqiqatçılar, xüsusən Qərb araşdırmaçıları Şərq ədəbiyyatında qadının “ikinci dərəcəli” personaj kimi təqdim olunduğunu iddia edirlər. Bu, kökündən səhv olan iddiadır. Həmin qeyri-obyektiv düşüncələrin ən başlıca təkzibedici arqumenti kimi böyük Azərbaycan şairi N.Gəncəvinin “Xəmsə”sini nəzərdən keçirmək kifayətdir. Kişi və qadın münasibətləri Nizaminin əsərlərində humanist ideyalar işığında təqdim edilir. Onun qəhrəmanları gender ayrı-seçkiliyinə qarşı çıxan, daim özünü təkmilləşdirməyə cəhd edən, nəcib ideyalar uğrunda vuruşan insanlardır.

 

Nizami daim qadın azadlığını təbliğ etmiş, vəsf etmiş, onun qadın qəhrəmanları fəal həyat mövqeyi seçən, kişilərlə bərabər səviyyədə dayanan, hətta bəzi məqamlarda öz ər və qardaşlarından daha tədbirli və uzaqgörən insanlardır. Nizami qadının azadlığı haqqındakı fikirlərini türk köçəri tayfalarında olan qıpçaqlar barədə gözəl bir hekayəti ilə anladır. Həmin hekayətdə deyilir:

 

Qafqaza getmək üçün Çindən hərəkət edən İskəndər ordusu qıpçaq çölündə düşərgə salır. İskəndər buradakı qadınların açıq gəzərək kişilərdən qaçmadığını görür. Əsgərlərinin ehtiyacından ehtiyat edən imperator qonağı olduğu məmləkət əhalisinin irznamusuna təcavüzə yol verməmək üçün qıpçaq bəylərini toplayır. İskəndər Qıpçaq bəylərinə böyük iltifat göstərməsi barəsində fikirlərini bildirdikdən sonra qadınlarının örtülü gəzməsini tövsiyə edir: “Qadın daşdan, dəmirdən də olsa yenə qadındır. Qadının üzü örtülü olmalıdır” deyir. “Özünü başqalarına göstərən bir qadın nə özünün, nə də ərinin şərəf və heysiyyətini qoruya bilməz!” deyə xəbərdarlıq edir. Çöllülər padşahın bu sözlərini diqqətlə dinlədikdən sonra, nə cavab versələr yaxşıdır? Qıpçaq bəyləri İskəndərə deyirlər: “Padşaha itaət edirik. Zati-alisinə sədaqətli olmağa and içmişik, əhdimizdə dayanmışıq. Fəqət üz örtmək bu əhdə daxil deyildir, çünki bu, qıpçaq adətinə uyğun gəlmir. Sənin adətin üz qapamağı tələb edirsə, bizim adət də göz qapamağı tələb edir. Başqasının üzünü görməmək lazımdırsa, üzü deyil, gözü qapamaq gərəkdir. Padşah bizə qəzəblənməsin: üz örtülsə, arxayamı baxılacaq?! Bizim gəlinlərin otağında yad bir kəs yoxdursa, bu kifayətdir. Padşahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizlətmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as!”.

 

Qeyd etdiyimiz kimi, dahi şair öz əsərlərində bu günaktual olan qadın hüquqlarını təbliğ etmiş və demək olar ki, Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən şəxs olmamışdır. Şairin yaradıcılığının ilk qəzəlindən tutmuş “Xəmsə”sinin bütün poemalarında qadın hüquqları öz əksini tapmışdır. Maraqlıdır ki, bir çox şair və yazıçıların həyat tərzi ilə yazdıqları üst-üstə düşmür, tamamilə ziddiyyət təşkil edir. Bu sahədə də Nizami Gəncəvi ən qabaqcıl yerlərdən birini tutur. Belə ki, Dərbənd şahı şairin arvadı olmuş Afaq xanımı kəniz kimi ona hədiyyə edir. Nizami Gəncəvi Afaqın çox saf və təmiz olduğunu görür, ona nəinki qulluqçu kimi, onu özünə ömür-gün yoldaşı edir. Şair, Afaqla çox xoş günlər keçirdiyini daim öz əsərlərində xatırlayır. Oğlu Məhəmmədə də ananı, vətəni, qadını sevməyi tövsiyə edir. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Şair bunu dönə-dönə etiraf edir. Nizami Gəncəvi sevgisinə sadiq qalaraq yazır:

 

Bircə arvad al ki, olasan əziz,

 

Çox arvadlı kişi qalar kimsəsiz.

 

İlk poemasıSirlər Xəzinəsi”ndə qadın surəti onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq hüququnu tələb etməsi “Sultan Səncər dul qadınmənzuməsində çox inandırıcı bir şəkildə verilmişdir:

 

Zülm edib bir dul qarıya çox                                  uddurmuşdular qan,

 

O da Sultan Səncərin tutaraq                                               yaxasından,

 

Dedi: “Səndə zülm az                                           görməmişəm qulaq as,

 

Səndə gördüyüm zülm əsla                                            hesaba sığmaz.

 

Bir kefli darğa gəlib evimdə məni                         döydü-döydü,

 

Salıb təpik altına məni doyunca                                         söydü-söydü.

 

Mən günahsız qarının saçlarına                                                    atıb əl,

 

Üzü üstə sürüdü evdən çölə                                                       əlbəəl”.

 

Göründüyü kimi, Nizami Gəncəvi dul yaşlı olan qadının dili ilə hüquqlarını qorumaq üçün məmurların özbaşınalığını, şahın ölkəni necə idarə etdiyini söyləyir. İnsanları ölkəyə qadına düzgün münasibətin bərqərar olacağına çağırır.

 

Nizami Gəncəvinin ikinci poemasıXosrov Şirin”də qadınların azadlıq hüququ, onların öz haqqını tələb etməsi, ana kimi yüksək bir ada layiq olması cəmiyyətin aparıcı qüvvəsi olması, bəşəriyyətin onsuz yetim qalması ideyası çox bariz bir şəkildə göstərilmişdir. Nizami Gəncəvi bəşəriyyətin bütün təbəqələrini, o cümlədən qadını daim azad hüquqlu görmək istəmişdir.

 

Əsərin sonunda eyş-işrətlə məşğul olub Şirinə qədər Məryəm Şəkərlə evlənən Xosrov ölüm ayağında belə Şirini oyadıb ona bir içim su ver deməyə qıymır. Demək ki, qadın öz sevgi dürüstlüyü ilə Xosrov kimi bir insanı öz ecazkar gücü ilə tərbiyələndirə bilmişdir. Bu, hər şeydən əvvəl şairin özünün arzusu kimi səciyyələndirilməlidir.

 

Nizami Gəncəvinin üçüncü poemasındakı Leyli surəti Şərq qadınının fədakarlığı, analıq qayğısı, məişətdəki rolunu əks etdirir. Şair eyni zamanda qadın zorakılığına son qoyulması ideyasını tərənnüm etdirir. Bu baxımdan da deyə bilərik ki, Nizami Gəncəvi cəmiyyətdə qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə almışdır.

 

Şair dördüncü əsəriYeddi Gözəl”də bir yerdə dayanmayaraq dünya arenasına çıxıb qadın problemini planetimiz çərçivəsində həll etməyə çalışmışdır. Onun əsərdəki Çin, rus, fars, türk, hind, ərəb s. qadın nümayəndələri öz milli adət ənənələri ilə analıq qayğısı ilə yaşayırlar.

 

Şairin beşinci əsəriİskəndərnamə”dəki Nüşabə surəti xüsusilə diqqəti cəlb edir. Nizami Gəncəvi İskəndərnamə əsərində Nüşabənin dilindən İsgəndərə deyir:

 

Erkək tinətliyəm olsam da qadın,

 

Hər işi bəllidir mənə dünyanın.

 

Mən bir aslanam, düşünsən bir az,

 

Aslanın erkəyi, dişisi olmaz.

 

Göründüyü kimi, müasir dövrümüzdə geniş yayılan gender bərabərliyi ideyası XII əsrdə Nizaminin əsərlərində öz əksini tapmışdır. Onu da qeyd edim ki, gender bərabərliyi ilə bağlı hərəkatlar Avropada əsasən XIX əsrin sonlarında sufrajistlərin hərəkatından başlamışdır.

 

Amma çox təəssüflə qeyd etmək istərdim ki, bəzi cinayətlərin istintaq prosesində stereotip yanaşmalar mövcud olur çox təəssüf olsun ki, sosial şəbəkələrdə bir çox hallarda şahidi oluruq ki, qadını öldürən cinayətkara dəstək, ona haqq verəcək fikirlər səsləndirilir hətta onların arasında qadınlar da olur.

 

Lakin bu gün vətənimiz uğrunda döyüşən, canından keçən, 1992-ci ildə Xocalıda düşmənlərimiz tərəfindən fiziki, psixoloji zorakılığa məruz qalan qadınlarımızın, qızlarımızın qisasını layiqincə alan, torpaqlarına illərlə həsrət qalan analarımıza sonsuz sevinc bəxş edən, ön cəbhədə sevindirən igid, qəhrəman oğullarımız olduqca qadına hörmət, etimad daim olacaq.

 

Şəlalə QuluzadƏ,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Ədliyyə Akademiyasının

baş müəllimi, kiçik ədliyyə müşaviri.

 

Respublika.- 2021.- 13 fevral.- S.6.