Görkəmli alim-pedaqoq
İyirminci yüzilliyin ortalarından başlayaraq Azərbaycan riyaziyyat elminin və riyaziyyatın tədrisi metodikası elminin bir sıra sahələri inkişaf edərək formalaşmış və elmi sistemə salınmışdır. Azərbaycanda riyaziyyat elminin və riyaziyyatın tədrisi metodikası elminin müəyyən sahələrinin inkişafında tanınmış görkəmli alim-pedaqoqlardan biri də Azərbaycan Texniki Universitetinin texnoloji transfer şöbəsinin müdir müavini, Mühəndis riyaziyyatı kafedrasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, pedaqogika üzrə elmlər doktoru, 3-cü dərəcəli “Əmək” ordenli, professor Müdafiə Cəmil oğlu Mahmudovdur.
Müdafiə müəllim xoşbəxt insandır, çünki o, bütün fəaliyyəti dövründə qəlbini, zəkasını, sözünü, əməlini xalqımızın və Vətən övladlarının maariflənməsinə, onların dünyagörüşünün və məntiqi təfəkkürünün inkişafına həsr edib və həsr edir. Onun xeyirxah və faydalı əməlləri gənclərə örnəkdir. O, tələbələrin ən çətin anlarında onlara mənəvi dayaq durur, problemlərinin həllində yol göstərir.
Müdafiə müəllim gənclik dövründəki tükənməz enerjisini indi də saxlayır. Xoşbəxt o adamdır ki, həyatda böyük hadisələrlə qarşılaşdıqda sağlam düşüncə ilə problemi aradan qaldırmağın yollarını tapır, özünü çaşdırmır. İnsan öz işindən zövq alırsa, onda dayanmadan onu davam etdirməlidir. Bu baxımdan professor Müdafiə Mahmudov təcrübəli, dünyagörmüş, işin əvvəlini, sonunu bilən, keçmişi, gələcəyi düşünən bir alim-pedaqoqdur. Onun mütəmadi olaraq dövlət mətbuatında dərc olunan məqalələri, ölkəmizin təhsilinin inkişafında rolu olan, əhəmiyyət kəsb edən monoqrafiyaları, kitabları həmişə oxucular tərəfindən dəyərləndirilib.
Müdafiə müəllim indiki AMEA-nın həqiqi üzvü F.Maksudovun və AMEA-nın müxbir üzvü M.Cavadovun rəhbərliyi ilə 1977-ci ildə “Nazik silindrdə və sonsuz layda xətti elliptik tənliklər üçün bəzi sərhəd məsələlərinin həllinin asimptotikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2009-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində böyük müvəffəqiyyətlə “Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri” (riyaziyyatın tədrisi metodikası üzrə) mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
Müdafiə Mahmudov 1981-1989-cu il tarixlərində indiki AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1989-2006-cı il tarixlərində Azərbaycan Texniki Universitetinin riyaziyyat kafedrasında dosent vəzifəsində işləmiş, qısa müddətdə kafedra müdirinin müavini və elmi-metodik şuranın sədri vəzifələrində çalışmışdır. Həmin illərdə o, bakalavriat təhsil pilləsi üçün 3 cildlik dərs vəsaitləri hazırlamış, Odessa, Tombov, Zəncan, Moskva və digər yerlərdə keçirilən elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Müdafiə müəllim Moskva, Kiyev, Alma-Ata şəhərlərində tez-tez elmi məzuniyyətlərdə olur, elmi-tədqiqat işi üçün qiymətli materiallar toplayırdı.
M.Mahmudov əsl türk oğlu kimi vətənini, xalqını, millətini sevir. Məhz buna görə də 2017-ci ildə onun “Zəngəzur tarixində Şıxlar: dünən və bu gün” böyük həcmli kitabı işıq üzü görmüşdür. Müdafiə müəllim tükənməz enerjiyə malikdir. Onun dövlət mətbuatında çıxan məqalələri hamı tərəfindən sevilərək qarşılanır. 2008-ci ildə çap olunmuş “Bolonya prosesi və Azərbaycan” adlı monoqrafiyası diqqətəlayiqdir. Respublikamızda ilk dəfə Bolonya prosesinə belə əhatəli yanaşılmışdır. Ali təhsildə innovasiya və modernləşməyə aid Müdafiə müəllimin məqalələri ölkəmizin təhsil sferasında işləyən həmkarları tərəfindən böyük maraqla qarşılanır. 2013-cü ildə Müdafiə müəllim elmi fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (hazırda Təhsil İnstitutu) ilə bağladı. Müsabiqə yolu ilə institutun Ali və orta ixtisas təhsili şöbəsinə baş elmi işçi seçildi. Bir müddət sonra institutun Müəllim hazırlığı kurikulumu şöbəsinə müdir vəzifəsinə təyin edildi. Müdafiə müəllim xeyirxah, sadə, təvazökar, yüksək insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olmaqla yanaşı, həm də alın təri ilə yaşayan əməksevər alim-müəllimdir. ARTPİ-də işlədiyi vaxtlarda onun “Təhsilin modernləşməsinin aktual problemləri” və “Dünyada təhsil sistemləri” monoqrafiyaları işıq üzü gördü. Müəllim hazırlığı kurikulumu və Azərbaycan təhsil sistemində internaturanın tətbiqi məsələlərinə həsr olunmuş məqalələri respublikanın təhsil ocaqlarında geniş müzakirələrə səbəb oldu və bəyənildi.
2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə, pedaqogika və psixologiya elmləri üzrə ekspert şurasının üzvü olmuşdur. Hazırda Naxçıvan Müəllimlər İnstitutu nəzdində fəaliyyət göstərən doktorluq üzrə müdafiə şurasının üzvüdür.
Müdafiə müəllimin elmi-tədqiqat işlərinin nəticələri onun 220-dən çox elmi əsərində, o cümlədən 25-dən çoxu xarici nəşrlərdə öz əksini tapmışdır. O, 15 dərs vəsaitinin, 10 monoqrafiya və AzTU üçün hazırlanmış 9 fənn proqramının müəllifidir. Onun rəhbərliyi ilə elmlər doktoru, fəlsəfə doktoru və magistr elmi dərəcəsinə malik olanlar var. Hazırda onun elmi məsləhətçiliyi ilə 3 nəfər elmlər doktoru proqramı, elmi rəhbərliyi ilə də 3 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertasiyası üzərində işləyir.
2015-ci ildə Azərbaycan Texniki Universitetində fəaliyyətə başlayan Müdafiə müəllim, bir il sonra riyaziyyat kafedrasına müdir təyin edildi. Kafedranın işi canlandı. Auditoriyanı bacarıqla, pedaqoji ustalıqla idarə edən, müəllim-tələbə münasibətlərini yüksək səviyyədə quran, nəzəri və metodik hazırlığı ilə seçilən Müdafiə müəllim tez bir zamanda kafedra üzvlərinin, universitetin pedaqoji kollektivinin və tələbələrin hörmətini qazandı.
Ali texniki məktəblər üçün yazdığı “Riyaziyyatın tədrisi metodikası” monoqrafiyası respublikada ilk əsər idi. Bakalavriat və magistratura pillələri üçün nəzəri və praktik istiqamətdə “Riyaziyyat” dərs vəsaitlərini qələmə aldı.
Müdafiə müəllim kafedranın elmi-pedaqoji həyatında yaxından iştirak etməklə, təhsilin bakalavriat və magistratura pillələrində yüksək səviyyəli mühazirə və məşğələ dərslərini aparmaqla, öz pedaqoji ustalığını daim təkmilləşdirməklə yanaşı, mütəmadi olaraq elmi fəaliyyətlə də məşğul olur. O, ömür boyu müəllim titulunu şərəflə, vicdanla çiyinlərində daşıyan əməksevər bir alim və pedaqoqdur. Onun 2015-ci ilin oktyabrında “Müəllim hazırlığı kurikulumu” mövzusunda ATİ-da keçirilən təqdimatı respublika alim-pedaqoqları tərəfindən təqdir olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamı ilə Mahmudov Müdafiə Cəmil oğlu 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunmuşdur.
Əməksevərliyi, işgüzarlığı, bacarığı ilə seçilən, öz işi ilə zövq alan yorulmaz alim-pedaqoq, pedaqogika üzrə elmlər doktoru, professor Müdafiə Cəmil oğlu Mahmudovu yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona cansağlığı, ən xoş arzular və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!
Akif
ABBASOV,
Azərbaycan Respublikasının
Təhsil
İnstitutunun elmi katibi,
pedaqogika üzrə
elmlər doktoru,
professor,
Əməkdar müəllim.
Nizami
ŞIXƏLİYEV,
Azərbaycan Texniki Universitetinin
fəxri professoru,
Əməkdar müəllim.
Respublika.- 2021.- 16 fevral.- S.6.