Muğam fəlsəfəsi
Muğam
fəlsəfəsi haqqında fikrimizi oxucularımıza
bölüşməzdən əvvəl qeyd edək ki, bu əsər
muğam və aşıq sənətlərinin dirçəlişi
və inkişafında böyük xidməti olan YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın muğam haqqında demiş olduğu
Muğam artıq bizim yox, bütün dünyanın sərvətidir...
bizim borcumuz və məqsədimiz muğamı qoruyub saxlamaq,
onu inkişaf etdirmək, onun gözəl və dərin fəlsəfəsini
bütün dünyaya çatdırmaqdır, dahiyanə fikri
ilə başlayır.
665 səhifəlik bu əsər xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə və YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ithaf edilmiş və 2011-ci ildə Elm nəşriyyatının qrifi ilə çap olunmuş fundamental əsərdir. Əsərin elmi məsləhətçisi uzun illər Respublika Ağsaqqallar Şurasının sədri olmuş akademik Budaq Budaqov, redaktorlar f.e.d., prof. Teymur Əhmədov və sənətşünaslıq doktoru İlham Rəhimli, rəyçilər isə Azərbaycanın Xalq artisti, Şöhrət ordenli, professor Tofiq Bakıxanov, görkəmli filosof akademik Fuad Qasımzadə, AMEA-nın akademiki, millət vəkili Nizami Cəfərov, f.e.d, prof. Sakit Hüseynov olmuşlar. Kitabda adları çəkilən görkəmli elm xadimlərinin və bəstəkarın rəyləri yer almışdır. Bu rəylərdə əsərin müəllifi sənətşünaslıq doktoru, prof. R.H.İmraninin ərsəyə gətirmiş olduğu adıçəkilən əsər və onun yaradıcılığı haqqında müsbət fikirlər vardır. Kitabda akademik Budaq Budaqovun təqdirəlayiq fikirləri ilə yanaşı, aşağıdakı qeydləri də diqqətimizi çəkdi: Muğamların cəmiyyətdə oynadığı böyük rolu xüsusi vurğulayan R.İmrani onları ayrı-ayrı elmlər aspektindən təhlil etməyə müvəffəq olmuşdur. Muğamların filologiya, riyaziyyat, astronomiya, folklorşünaslıq, tarix, fizika, musiqişünaslıq, psixologiya elmləri nöqteyi-nəzərindən elmi təhlilə cəlb olunması alimin geniş biliyə malik olmasını göstərməklə yanaşı, bu sənət abidəsinin hərtərəfli, fundamental şəkildə, ciddi formada öyrənilməsini ortaya çıxarmış oldu. Müəllifin kitabda təqdim etdiyi başlıqlar, yarımbaşlıqlar bu vaxta qədər musiqişünaslıqda başqa alimlərimiz tərəfindən işlənməmiş mövzulara aiddir.
Cəmiyyət və musiqi başlığı altında verilmiş bölmədə musiqinin psixoloji təsiretmə imkanları araşdırılmış və onun cəmiyyətdə rolu, əhəmiyyəti göstərilmişdir... muğamların insan təfəkkürünə təsir meyarları ilk dəfə olaraq ortaya çıxarılmışdır.
Muğamın insan dünyagörüşünə təsiri başlıqlı yazısında muğamların etik və estetik təsir vasitəsi öyrənilmiş və ilk dəfə olaraq onların tərbiyəvi və mənəvi əhəmiyyəti qeyd edilmişdir.
Mifoloji dünyagörüşündə muğam və aşıq sənəti başlığı altında verilmiş materiallarda insan yaranışının ən qədim dövrlərindən bəri muğamlara, aşıq havalarına cəmiyyətdə, hakim dairələrdə verilən yüksək qiymət göstərilir və əcdadlarımızın bu musiqi sənətinin janrlarına müqəddəs mənəvi varlıq kimi baxmaları elmdə ilk dəfə olaraq şərh edilir.
İkinci fəsil Azərbaycanın qədim musiqi səs sistemləri və lad nəzəriyyəsi adlandırılmışdır. Azərbaycan elmində ilk dəfə fəslə daxil olan başlıqlar yeni elmi nailiyyətlərə aiddir. Burada verilən təhlillər, elmi müddəalar, təkcə musiqi nəzəriyyəsi baxımından yox, həm də milli musiqi tarixinin öyrənilməsi cəhətdən son dərəcə əhəmiyyətlidir. Akademik 4 səhifəlik rəyinin sonunda belə yazır: R.H.İmraninin Muğam fəlsəfəsi əsəri Azərbaycan elmində yeni sözdür. Burada qaldırılan məsələlər öz aktuallığı, problemlərin qoyuluşu və həlli baxımından seçilir. Əsər Azərbaycan muğamlarının dünya ictimaiyyətinə çatdırılması və onun təbliği sahəsində böyük əhəmiyyət daşıyır.
Muğam fəlsəfəsi əsərinə rəy verən bəstəkar T.Bakıxanov bu əsərin hər fəslinə diqqət yetirərək müəllifin elmə gətirdiyi yenilikləri qeyd etməklə yanaşı, əsərin musiqi sahəsində böyük əhəmiyyətə malik olduğunu göstərmişdir. Bu xüsusda görkəmli bəstəkarımızın rəyindən bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. O, yazır: Əsərin ikinci fəslində müəllif musiqişünaslıqda işlənməmiş və elmdə ilk dəfə olaraq tədqiqata cəlb olunmuş mövzuları vermişdir. Bir bəstəkar kimi qeyd edim ki, araşdırılan hər bir mövzu musiqişünaslığımız üçün qiymətli tədqiqatlardır.
Musiqi səs sistemlərinin folklor musiqisində və peşəkar sənətdə inikası bölməsində qədim musiqi səs sistemləri elmdə ilk dəfə olaraq işlənmişdir. Milli və peşəkar musiqimizin bünövrəsi olan səs sistemlərinin nəzəri əsaslarının verilməsi musiqi nəzəriyyəmizin uğuru sayıla bilər.
Azərbaycan aşıq musiqisinin lad nəzəriyyəsi mövzusu da, fikrimizcə, çox maraqlıdır. Müəllif musiqişünaslıqda ilk dəfə olaraq aşıq sazının pərdə quruluşu sistemini araşdırmış və onun ən qədim səs sistemi olduğunu riyazi hesablamalar vasitəsilə üzə çıxarmışdır. Fikrimizcə, müəllifin əldə etdiyi nəticələr çox qiymətlidir. O, ilk dəfə olaraq sazın qolunda olan pərdə quruluşunun bütün musiqi alətlərindən fərqli şəkildə, yəni pərdələrin diatonik səs sistemində ardıcıl sıra ilə düzülüşündən yox, onların Şur muğamının lad bünövrəsi əsasında qurulmasından yarandığını sübuta yetirmişdir. Bununla da hələ çox qədim ənənəmizdə Şur muğamının, ladının olması faktını təsdiqləmiş və Böyük Türk dünyası üçün bu ladın bir musiqi təfəkkürü olması faktını ortaya çıxarmışdır.
Muğamların beynəlmiləl xüsusiyyətləri bölməsində müəllif Azərbaycan muğamlarının Şərq və Qərb dinləyiciləri tərəfindən asanlıqla qavranılması səbəblərini elmi şəkildə açmağa müvəffəq olmuşdur. Muğamların dərk olunmasında insan amili və ruh bölməsində isə o, zənnimizcə, çox aktual və maraqlı bir məsələni tədqiqata cəlb etmişdir. Muğamları yaradan insandır, onun yaratdığı muğamların dinləyicilər tərəfindən qavranılması, dərk edilməsi və onlara estetik təsir dairəsinin izahı musiqişünaslıqda ilk dəfə olaraq burada öz əksini tapmışdır.
Muğam fəlsəfəsinin üçüncü fəsli bütünlükdə dilçiliklə bağlıdır. Müəllifin ilk dəfə Dil və musiqi dili nədir? sualına cavab tapması şəksizdir.
Kitabın dördüncü fəslində milli musiqi formaları və muğamlar nəzəri cəhətdən təhlil edilir. Əsərin beşinci fəslində zərb-muğamlarla, şikəstələrin fəlsəfi mahiyyəti, məzmunu geniş təhlil edilir. Əsərin altıncı fəslində Allahla insan arasında vasitə olan musiqidən istifadə formaları öyrənilir. Burada dini mərasimlərdə, musiqidən istifadə formaları araşdırılarkən İslam dini və musiqi, Sufilik və musiqi sənəti mövzuları təhlil edilmişdir. Fikrimizcə, müəllif çox dəyərli və elmi məntiqə söykənən faktlarla öz fikirlərini dəqiq və obrazlı şəkildə izah etməyə müvəffəq olmuşdur.
Muğam fəlsəfəsi əsərinin yeddinci fəslində muğamların tarixi, mənsubiyyəti və ilk not yazı sistemi əsaslı formada öz əksini tapır. Hər bir mövzu və ya qaldırılan problemin şərhi elmi-faktoloji baxımdan zəngindir. Müəllifin nəticə olaraq gəldiyi qənaətlər isə tutarlı faktlara söykəndiyi üçün çox dəyərlidir.
Əsərin səkkizinci fəslində müəllif dünya musiqişünaslığında analoqu olmayan məsələnin həllinə nail olmuşdur. O, qədim musiqi janrlarının bərpası məsələləri və musiqi tonlarının rəng rəmzi problemini araşdırarkən elmdə ilk dəfə olaraq XIV-XV əsrlər Azərbaycan və Anadolu türk musiqi janrlarının bərpasını hansı yollarla həyata keçirməyin mümkün olduğunu göstərmiş və nümunə olaraq Əlişir Nəvainin Mizənül-övsan əsərindəki qəzəllər əsasında Tuyuq, Qoşuq (qoşma), Cəngi, Məhəbbətnamə, Müstəzad, Arazvarı, Türkü musiqi janrlarının musiqisini, melodiyalarını bərpa edərək həyata qaytarmışdır. Bu, çox çətin və mürəkkəb bir məsələ olsa da, müəllifin bunların öhdəsindən layiqincə gəldiyi xüsusi olaraq təqdir olunmalıdır.
Muğam fəlsəfəsi kitabının ikinci hissəsi sırf fəlsəfi problemlər, qanun və kateqoriyalar əsasında işlənmişdir. Əsərin belə bir şəkildə işlənməsi Şərq və Qərb elmində ilk dəfədir ki, həyata keçirilir. Bu, çox mürəkkəb bir məsələdir. Bu səviyyədə əsər yazması müəllifin fəlsəfi biliklərə dərindən yiyələndiyinin göstəricisidir. O, burada həm musiqişünas, həm də filosof kimi yeni mühakimələr, elmi konsepsiyalar irəli sürür. Rəyin son cümləsində görkəmli bəstəkar qeyd edir ki, R.İmraninin Muğam fəlsəfəsi əsərinin elmi səviyyəsi onu göstərir ki, müəllif əsər üzərində çox ciddi çalışmış, yüksək elmi səviyyəni saxlamış və dünya musiqişünaslığında analoqu olmayan bu əsəri ortaya qoya bilmişdir. Bir bəstəkar kimi bu əsərin Azərbaycan elmində, muğamşünaslıqda layiqli yer tutacağına inanıram.
Əsərin redaktoru f.e.d., prof. T.Əhmədov Muğam fəlsəfəsi əsəri haqqında bunları demişdir: Muğam irsimizin zənginliyi və əhatə miqyası, perspektivi axtarışlara geniş imkan açır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva milli-mədəni irsimizin inciləri olan muğam sənəti və Üzeyir dünyası ilə bağlı tədbirdə muğamın qədim ənənələrini qoruyub saxlamaqla onu yeni ifalarla zənginləşdirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır.
Azərbaycanın tarixi qədər qədim olan muğam sənətinə bütün dünya xalqları böyük maraq göstərirlər. Məşhur muğam ustadlarımızın xarici ölkələrdə çıxışları heyrətlə qarşılanır. Heydər Əliyev Fondunun qayğısı unikal musiqi sənət janrının daha ətraflı, dərindən tədqiqinə, yayılmasına rəvac verir.
Muğam sənətinin tarixi, elmi-nəzəri əsasları ilə ardıcıl məşğul olan sənətşünaslıq doktoru Rafiq İmraninin irihəcmli Muğam fəlsəfəsi fundamental tədqiqatı musiqişünaslığa misilsiz töhfədir. Onun uzun illərdən bəri apardığı tədqiqat əsərlərində, o cümlədən, oxuculara təqdim etdiyi yeni əsərdə ayrı-ayrı bölmə və fəsillərdə muğam dünyasının qədimliyi, doğmalığı, əzəməti, tükənməzliyi, ilahi qüdrəti elmi şərhini tapmışdır.
Prof. R.İmraninin Muğam fəlsəfəsi fundamental əsəri əlimizə yeni yetişdiyi üçün onu oxuyub bu haqda oxucularımıza muğamlarımız haqqında yeni xəbəri çatdırmaq istədik və əsərin müəllifi ilə əlaqə saxlayanda xəbər tutduq ki, o, qış tətilində vətənə gəlmişdir. Fürsətdən istifadə edərək 52 il ifaçılıq, elmi, pedaqoji iş stajı olan yubilyarı 70 yaşı münasibəti ilə təbrik etdik. Və onunla söhbətləşməyi vacib sandıq.
- Rafiq müəllim, bildiyimizə görə sizin heç bir fəxri adınız yoxdur. Amma musiqi sənətimizin, muğamlarımızın araşdırılıb tədqiq olunmasında böyük zəhmətlə ərsəyə gətirdiyiniz dəyərli əsərləriniz var.
-Fəxri adla bağlı sualınıza cavab verməyə düzü, ehtiyac duymuram. Sufilər öz həyatlarını müqəddəs Allaha bağladıqları kimi, mən də öz həyatımı Azərbaycan və Şərq aləmində şöbə və guşələrin toplam sayı 800-dən çox olan muğamların, sayı 21 olan böyük və kiçik muğam dəstgahlarının, sayı 200-ə yaxın olan qədim və müasir milli musiqi alətlərimiz və sayı 400-dən çox olan aşıq havalarımızın tarixinin və elmi-nəzəri əsaslarını sufiyanə eşqi və həyat tərzi ilə öyrənərək kitablarımda yazıb doğma xalqımıza çatdırmağı daha üstün tuturam. İnsan bu dünyadan o biri dünyaya köçəndə var-dövləti, orden, medalları, fəxri adları özü ilə aparmır ki... Həyatda ondan yadigar qalan yazıb-yaratdıqlarıdır. Nizami Gəncəvinin, M.Füzulinin, İ.Nəsiminin, musiqiçilərimizdən S.Urməvinin, Ə.Q.Marağainin, yüzlərcə sənət adamlarının məgər fəxri adları var idi? Biz, elm adamları ucuz şöhrət dalınca qaçmaqdansa, dəyərli elmi əsərlər yazıb ortaya qoymalı, xalqımızın qədim tarixini, mədəniyyətini ortaya çıxarmalıyıq ki, dünya xalqları bizim tariximizi, mədəniyyətimizi görüb həsəd aparsınlar. 35 ildən çoxdur ki, xarici ölkələrə səfərlərimdə Azərbaycan mədəniyyətinə aid yazılı və audiolent yazılarını öz arxivim üçün toplamışam. Bu gün respublikamızın Mərkəzi kitabxanalarında, arxivlərdə, o cümlədən akademiklərimizin, xalq artistlərimizin muğama, aşıq sənətinə aid mənim topladığım unikal kitablar və materiallar yoxdur.
Məndə Nəsrəddin şah Qacar dövrünə aid səsləri İngiltərədə xüsusi səs təmizləmə cihazlarından çıxmış muğamların lent yazıları, XIX əsrin sonu, XX əsrin aşıq musiqi havaları, Şumer dövrünün mədəniyyətinin Azərbaycana məxsus olmasına aid tarixi faktlar, rəsmlər, dastanlar, hekayələr, Avesta kitabəsində heca vəzni ölçüləri və musiqiyə, o cümlədən, ilk və Orta əsrlərə aid muğam materialları var ki, onları elmi müstəviyə çıxarmaqla xalqımıza və dünya ictimaiyyətinə tanıtmaq ən müqəddəs iş olardı. Cəsur igidlərimiz torpaqlarımızı düşmən işğalından azad etdikləri kimi, alimlər üçün də dövlətimiz, Heydər Əliyev Fondunun və AMEA rəhbərliyi lazımi şərait yaratsaydı, sözün həqiqi mənasında əsl alimlərimiz nə qədər həyatdadırlarsa, öz bilik və bacarıqları ilə ərsəyə gətirəcək elmi əsərləri ilə dünya xalqları arasında ən qədim tarixin, mədəniyyətin Azərbaycanla bağlı olması faktlarını üzə çıxarmaqla xalqımızın tarixinə xidmət etmiş olardılar. Yazılacaq dəyərli əsərləri dünya xalqlarının dillərinə tərcümə etdirib böyük tirajla yaymaq olardı. Muğamsevərlər məndən və ya digər alimlərimizdən onların əsərlərini istəyəndə verə bilmirik. Çünki dəyərli alimlərimizin böyük əksəriyyəti öz kitablarını ailə büdcəsinin hesabına çox az (100, 500) tirajla Azərbaycan dilində çap etdirir. Buna görə də Azərbaycanın tarixi və mədəniyyəti haqqında həqiqətləri dünya xalqları bilmir. Amma mənfur qonşularımız vaxtilə torpaqlarımızı zəbt edərək, bu torpaqların onların qədim torpaqları olması mifini yaratdıqları kimi, Azərbaycanın muğam, aşıq sənətinə, musiqi alətlərimizə, rəqslərimizə, xalçalarımıza və bir çox maddi və mənəvi irsimizə aid olan nə varsa, hamısına iddialı kimi, beynəlxalq simpoziumlarda, tədbirlərdə sahib çıxmağa çalışırlar. Bunlara son qoymaq üçün Heydər Əliyev Fondunun nəzdində Azərbaycan mədəni irsinin, tarixinin, mədəniyyətinin qorunması adlı bir elmi-praktik mərkəz yaradılsaydı, az bir zamanda biz ixtisas sahəsində hər cildi ən azı 600 səhifə olacaq 12 cildlik Azərbaycan Musiqi Tarixi əsərini ortaya çıxara bilərdik. 3 cildlik Rus Musiqi Tarixi ilə yazılması planlanan 12 cildlik Azərbaycan Musiqi Tarixi əsərlərini müqayisə etsək, bunun əhəmiyyətini başa düşmək o qədər də çətin olmaz. Bu əsərlərlə yanaşı, Mehriban xanımın tövsiyə etdiyi kimi, qədim muğamlarımızı, aşıq havalarını bərpa edib mədəniyyətimizin qızıl fonduna daxil edərdik. Mən təvazökarlıqdan uzaq olsa da, bir məsələni xatırlatmalıyam. Karsda sədri olduğum Beynəlxaq Simpoziumda məşhur muğamşünas YUNESKO-nun ekspertlərindən biri olan Jan Dürinqə dedim ki, hər cildi 700 səhifə olacaq 3 cildlik Muğam-Makam Ensiklopediyasını nəşrə hazırlamaq istəyirəm, gəl bu işi bir yerdə görək. Nə materialın varsa, çap edək. Cavabında dedi ki, sən varsan məni neyləyirsən?.
Dediklərimin tam mənada məsuliyyətini daşıyıram. Amma atalar gözəl deyib: tək əldən səs çıxmaz. Muğam-Makam Ensiklopediyası və Türk dünyası Aşıq Ensiklopediyası kimi əsərlərin ərsəyə gətirilməsi üçün materiallar azlıq təşkil edir. Yazılı və not materiallarının bilgisayarda yığılması üçün texniki və elmi işçilərin bir mərkəzdə çalışmaları lazımdır. Bir adam bu işləri 10 ilə başa çatdırarsa, kollektiv şəkildə bu işləri 3-4 ilə ərsəyə gətirmək olar...
-Rafiq müəllim, perspektivdə olacaq daha hansı əsərlərinizlə musiqisevərlərimizi sevindirməyi planlaşdırırsınız?
-Muğamları, aşıq sənətini, klassik musiqini yaradan insandır. İnsanlar müxtəlif irqlərə, mədəniyyətlərə, milli ənənələrə malik olduqları üçün bütün xalqlar tarix boyu öz ənənəvi mədəniyyətlərini yaratmışlar. Misal olaraq bir məsələni oxucularımıza çatdırmaq istərdim. Amerika, Avropa və rus alimlərinin əksəriyyəti Şərq mədəniyyətinə aid olan mədəni irsin bir çox sahələrini, xüsusən Şumer musiqi mədəniyyətini, tarixini, not yazılarını deşifrə edərkən əllərində qədim mənbələr olmadığı üçün yunan mədəniyyətində olan not yazı üslubunun İraq mədəniyyətini də aid etmişlər. Şumer musiqisinin not yazılarını deşifrə edən Anna Kilmer, Kurt Zaks, Fransiz Qalpin və başqaları dünyada bu sahənin ən məşhur biliciləri sayılır. Bizim bu sahədə apardığımız tədqiqatlar sübut edir ki, onlar öz məqalələrində etitaf edirlər ki, əllərində başqa elmi sübutlar, dəlillər olmadığı üçün onlar Şumer not yazılarını deşifrə etmək üçün e.ə. I minillikdə yunan elmi nailiyyətindən istifadə edərək onların tətbiq etdikləri not yazısını şumerlərə tətbiq etmişlər. Beləliklə, Şərq musiqi mədəniyyətinin öz tarixi köklərini yunan mədəniyyətindən götürdüyü uydurma nəzəriyyəni təsdiq etmişlər. Bizim tədqiqatlar isə bu nəzəriyyənin yanlış olduğunu üzə çıxardı. Bu məqsədlə Türkiyədə 2014-cü ildə ilk dəfə sədri olduğum Beynəlxalq simpoziumda elmi məntiqə söykənən tarixi və musiqi nəzəriyyəsi faktları ilə sübut etdik ki, e.ə. IV-III minilliklərdə Şərq xalqları öz musiqi mədəniyyəti nailiyyətlərini yunanlardan yox, əksinə, yunanlar öz mədəniyyətini daha qədim olan Şərq, özəlliklə də Türk mədəniyyətindən götürmüşdür. Bundan sonra etnik musiqi mədəniyyətin tarixini öyrənmək üçün Etnomuzopsixologiya elminin əsaslarını işlədim. Yəni etnik musiqi tariximizi musiqi psixologiyası əsasında öyrənməklə daha doğru elmi nəticələrin əldə olunmasına imkan verdiyini ortaya çıxardıq. Fikrimizi yekunlaşdıraraq qeyd edək ki, bu baxımdan 12 cildlik əsərin birinci cildinin İnsan və Musiqi fəlsəfəsi olması qərarına gəldik və bu sahədə, maraqlı elmi faktlarla oxucularımızı tanış edəcəyik.
Çoxcildliyin ikinci cildi Azərbaycan Musiqi Tarixi əsəridir. Bu kitabda Azərbaycan xalqının soykökündə duran qədim tayfalar, prototürklər, onların musiqi mədəniyyəti haqqında əldə etdiyimiz məlumatların kitabda verilməsi nəzərdə tutulub.
Çoxcildliyin üçüncü cildi Azərbaycan Xalq Musiqisinin nəzəri əsasları kitabıdır. Burada ilk dəfə olaraq Azərbaycan musiqisinin diatonik, enharmonik və pentatonik lad quruluşları verilir. Tetraxordların daha sadə birləşmə üsulları göstərilir. Bununla yanaşı, Azərbaycanın Şumer və ondan sonrakı dövrlərdə lad quruluşları kitaba daxil edilir.
Çoxcildliyin dördüncü cildi Muğam tarixi əsəridir ki, əvvəlki əsərimizdən fərqli olaraq daha kamil olub, yeni faktlarla, müqayisəli təhlillərlə və muğam ifaçılarına məlum olmayan yeni muğam adları və notaları ilə zəngindir.
Çoxcildliyin beşinci cildi Muğam fəlsəfəsi əsəridir. Bu haqda danışdığımız üçün məlumat vermirik.
Çoxcildliyin altıncı cildi Aşıq Sənətinin tarixi və nəzəri əsasları əsəridir.
Çoxcildliyin yeddinci cildi Aşıq-təsəvvüf fəlsəfəsi əsəridir.
Çoxcildliyin səkkizinci cildi
Azər
baycan instrumental musiqi tarixi və etimologiyası əsəridir.
Çoxcildliyin 9-10-11-ci cildləri Muğam-Makam Ensiklopediyasıdır.
Çoxcildliyin 12-ci cildi Türk Dünyası Aşıq Ensiklopediyasıdır.
Qeyd edilən
əsərlərin yazılmasında
və nəşrində
bir qədər əvvəldə adları
qeyd edilən təşkilatların yardımı
və dəstəyi olarsa, biz bunları 3-4 ilə yazıb ortaya çıxara bilərik. Yox, əgər dəstək
olmasa, Allah ömür
verərsə bu əsərlərin neçə
cildini yaza biləriksə, onları xalqımıza təqdim etməyi planlaşdırmışıq.
Şəfəq Nasir
Respublika.- 2021.- 17 fevral.- S.5.