Müasirləşən, gözəlləşən Quba

 

Tanrı bu qədim diyardan heç nəyini əsirgəməyib. Zəngin təbiəti, dağlıq-dağətəyi-aran ərazilərində barlı-bərəkətli torpaqları, qurub-yaradan əməksevər insanları var bu gözəl yurdun. Şimal incisi Quba son illər çox inkişaf edib. Siması dəyişib, müasirləşib. Rayonda yeniliklər çoxdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Yeni-yeni layihələr həyata keçirilir. Şəhər, kənd və qəsəbələrdə abadlıq, quruculuq işləri aparılır. Əksər kənd və yaşayış məntəqələri qazlaşdırılıb. Son iki-üç ildə Rustov, Çiçi, Zərqova, Hacıhüseynli, Susay, Alpan, Xucbala inzibati ərazi dariələrinə daxil olan kəndlərə, son bir ildə isə Qonaqkənd qəsəbəsinə, həmin istiqamətdə olan yaşayış məntəqələrinə asfalt yollar çəkilib. Ucqar dağ kəndləri olan Yerfi, Söhüb, BuduqXaltana gedən yollar əsaslı təmir olunub. Vaxtilə keçilməz olan dağ çaylarının üstündə nəhəng körpülər salınıb. Hazırda əfsanəvi Xınalığa tamamilə başqa bir istiqamətdən- Susay kəndindən yeni asfalt yol çəkilir. Adamların yaşayıb-yaratmaq həvəsi birə-iki artıb. İndi gənclər kənarda deyil, doğma kəndlərində yaşayıb işləməyə qərar verirlər. İnfrastrukturun yaradılması kəndlərin iqtisadiyyatına da öz müsbət təsirini göstərib. Yeni müəssisələr, istehsal sahələri, sahibkarlıq subyektləri yaranıb. Turizm daha da inkişaf edib.

 

Quba şəhərinin siması tanınmaz dərəcədə dəyişilib. Küçələr, parklar, xiyabanlar yenidən qurulur. Köhnə məhəllələrdə yeni hündürmərtəbəli binalar ucaldılır. Şəhərin memarlığına yeni-yeni çalarlar əlavə olunur. Yeni tikilib istifadəyə verilmiş “Gənclər” parkı, “Asan xidmət” kompleksinin qarşısındakı park, əsaslı təmir olunmuş “28 May”, “Nizami” parkları, “Quba” meydanı şəhər sakinlərinin mənalı istirahət yerlərinə çevrilib.

 

Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Hüseynov deyir:

 

–Şəhərdə tikinti, quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Bu istiqamətdə son iki ildə xeyli görülüb. Yeni salınmış məhəllələrin arxa küçələrinin asfaltlaşdırılması sürətlə davam edir. Üç min nəfərdən çox əhalinin yaşadığı Dəvədabanı yaşayış massivində küçələrin asfaltlanması artıq başa çatmışdır. Şəhərin baş küçələrindən olan 3 kilometr uzunluğunda Vaqif küçəsi tamamilə yenidən qurulmuşdur. Hazırda şəhərin aşağı hissəsində 32-33-cü məhəllə adlanan ərazidə küçələrə asfalt örtük çəkilir. İndi demək olar ki, həmin ərazidə yerləşən küçələrin yarıdan çox hissəsinə asfalt döşənib. Onu da qeyd edim ki, abadlaşdırılan küçələrə Qarabağ müharibəsi qəhrəmanlarının, şəhidlərin adları verilib. Yeni küçələr Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, Vətən müharibəsi qəhrəmanları Mehrab Niftəliyev, Şahin Allahyarovdaha yeddi şəhidin adını daşıyır.

 

Nümayəndəlik şəhər təsərrüfatına xüsusi diqqət yetirir. Şəhərin təmizliyi və yaşıllaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Kommunal müəssisələri kombinatı tərəfindən məişət tullantılarının vaxtında daşınmasına ciddi nəzarət olunur. Parklar, xiyabanlar və yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilir. Şəhərin gecə işıqlandırılması, bədii tərtibatı, reklam materiallarının yerləşdirilməsi kimi mühüm məsələlər də diqqətimizdən yayınmır. Şəhərin gözəlliyinə xələl gətirən xırda ticarət obyektləri tədricən daha müasir, geniş tikililərlə əvəz olunur. Sakinlərə göstərilən ictimai nəqliyyat xidməti də yüksək səviyyədə qurulub. Şəhərin baş küçələrini əhatə etməklə əhaliyə müasir avtobuslar xidmət göstərir. Bu xidmətdən şəhər əhalisi həmişə razılıq edir.

 

Quba şəhərində diqqətçəkən, önəmli məqamlardan biri də köhnə, yararsız, istismar müddətini başa vuran binaların yeni, çoxmərtəbəli yaşayış evləri ilə əvəz olunmasıdır. Şəhərin girəcəyində “Yeni Quba” yaşayış kompleksindəki yaraşıqlı çoxmərtəbəli binalar şəhərin memarlıq mənzərəsini tamamlayır. Son vaxtlar daha bir çoxmərtəbəli yaşayış binası Vaqif küçəsində ucaldılıb.

 

Quba həm də respublikamızın geniş potensial imkanlara malik turizm məkanıdır. Turizmin inkişafı burada otellərin tikintisini zəruri edir. Şəhərin yuxarı hissəsində ucaldılan hündürmərtəbəli “Şahdağotel kompleksi elə bu məqsədə xidmət edir. Hazırda otelin yeni korpusu inşa olunur. Turizmin gələcək inkişafı nəzərə alınaraq 20 il bundan əvvəl salınmış Olimpiya İdman Kompleksi də yenidən qurulur.

 

Şəhərdə sosial quruculuq işləri ilə bərabər, yeni istehsal müəssisələrinin yaradılması, yerlərinin açılmasına da diqqət yetirilir. Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olanAbadpublik hüquqi şəxsin dəstəyi ilə araya-ərsəyə gələn qablaşdırma məhsullarının istehsalı müəssisəsi artıq istismara hazırdır. Əvvəllər fəaliyyət göstərən süd zavodunun yerində qurulan iri, müasir süd emalı zavodunun tikintisi də yaxın aylarda başa çatacaqdır.

 

Şəhərdə gedən geniş quruculuq işləri sakinləri qəlbən razı salır. Onlar öz qədim və doğma şəhərini bax beləcə - gözəl görmək istəyirlər. Qubalılar baş verən yeniliklər barədə fəxrlə danışır, bu qayğı və diqqətə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirirlər.

 

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2021.- 17 fevral.- S.6.