2021-ci ilin sosial və
investisiyayönümlü büdcəsinin perspektivləri
Dövlət
başçısı cənab İlham Əliyev bildirib ki,
işğaldan azad edilən torpaqlarda böyük
qayıdış, böyük inkişaf proseslərinə
başlanılmalıdır və bütün bu işlər
daha fəal və daha məqsədyönlü şəkildə
aparılmalıdır
2020 -ci
ildə Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi,
Ali Baş Komandanın rəhbərliyilə 44 gündə Vətən
torpaqlarının işğaldan azad edilməsi tariximizə
böyük hərflərlə yazılan QƏLƏBƏ
oldu. Bu şanlı Qələbə Azərbaycan
dövlətinin və xalqının güclü iradəsini,
əzmini bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin hökumət qarşısında
qoyduğu əsas və ən ümdə vəzifələrdən
biri işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa
edilməsi üzrə işlərin həyata keçirilməsi,
həmin regionda müvafiq infrastrukturların
yaradılmasıdır. Bütün bu işlərin həyata keçirilməsi
üçün ölkənin maliyyə imkanlarının əhəmiyyətini
vurğulayan cənab İlham Əliyev bildirib ki, bunun
üçün 2021-ci ilin büdcəsi kifayət qədər
böyük imkanlar yaradır: “Həm sosialyönümlü
büdcədir, həm kifayət qədər investisiyalar
üçün imkan yaradır, həm də dövlət
investisiya proqramı xətti ilə, eyni zamanda xüsusilə
azad edilmiş torpaqlarda görüləcək işlərə
daha da böyük dəstək vermək üçün vəsait
nəzərdə tutulub”.
Bununla əlaqədar
Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən, 2021-ci ilin təsdiq
olunmuş dövlət büdcəsində məqsədli
olaraq bərpa, yenidənqurma işlərinin aparılması,
eyni zamanda həmin regionun Azərbaycan iqtisadiyyatına
reinteqrasiyasının təmin edilməsi üçün 2,2
milyard manat vəsait nəzərdə tutulub.
Vətən
müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin
qarşısında tab gətirə bilməyən Ermənistan
ordusu hərbi cinayətlər törədərək mülki
əhalini, şəhər, rayon və kəndlərimizi atəşə
tutdu, öz çirkin əməllərindən qalmadı. Bu təcavüz nəticəsində Azərbaycanın
mülki əhalisinə, dövlət əmlakına,
infrastrukturumuza, sahibkarlarımıza maddi-mənəvi zərər
və ziyan vurmuşdur. Bu zərərlərin
qiymətləndirilməsi və gələcəkdə kompensasiya
edilməsi istiqamətində Azərbaycan Prezidentinin 6 noyabr
tarixli Sərəncamı ilə Dövlət Komissiyası
yaradılmış və ona müvafiq konkret
tapşırıqlar verilmişdir. Sərəncamla verilən
tapşırıqların icrası ilə əlaqədar dərhal
İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı
nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin,
Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti
orqanlarının nümayəndələrindən ibarət
11 şəhər və rayonda 13 işçi qrupu
yaradılmışdır. İşçi
qruplarına mərkəzi icra orqanlarının - nazirlərin
və komitə sədrlərinin müavinləri səviyyəsində
rəhbərlik edilir. Ümumiyyətlə,
qiymətləndirmə ilə əlaqədar işlərə
200-dən çox məsul şəxs cəlb olunmuşdur.
Ötən müddət ərzində zərər
çəkmiş vətəndaşların özlərinin
iştirakı ilə 10 min 300-dən artıq obyektə
baxış keçirilmiş və qiymətləndirmə
aparılmışdır. Qiymətləndirmədən
sonra müvafiq aktlar tərtib edilmiş və təqdim
olunmuşdur. Ən çox zərər
çəkmiş Tərtər rayonunda dəymiş
ziyanın ilkin proqnozdan dəfələrlə çox
olduğu nəzərə alınaraq, orada işlər indi də
davam etdirilir. Toplanmış materiallara əsasən,
dağılmış və qəzalı vəziyyətə
düşmüş, o cümlədən ziyan dəymiş əmlakın
bərpa dəyəri əsasında, nəqliyyat vasitələri,
kənd təsərrüfatı texnikası və digər
daşınmaz əmlak isə orta bazar qiyməti prinsipinə
uyğun olaraq qiymətləndirilmişdir.
Bu günədək
hesablanmış dəymiş ziyan 63,6
milyon manat həcmində qiymətləndirilir. Vətəndaşların
əmlakı ilə bərabər, dövlət əmlakına
da ciddi ziyan dəymişdir. Belə ki, dövlət əmlakına
- əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə
və digər infrastruktur obyektlərinə dəymiş ziyan
toplam olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir.
Ümumiyyətlə, bu günədək
aparılmış qiymətləndirmə 91 milyon manat təşkil
edir. Qeyd edək ki, dağıdılmış
və qəzalı evlərin sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən
10 çoxmənzilli bina Gəncə şəhərindədir.
Ümumi fərdi yaşayış evlərinin
sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat
vasitəsinə, digər 18 obyektə, məktəblərə
və sosial obyektlərə, 518 kənd təsərrüfatı
obyektinə ziyan dəymişdir.
Tamamilə dağıdılmış, zərər
çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına
dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar
9 milyon 100 min manat vəsait ayrılmışdır. O vəsaitdən qəzalı
vəziyyətə düşmüş yaşayış evlərinə
dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər
ailə üzvünə 1500 manat və ziyan dəymiş digər
ailələrə 1000 manat ayrılması
tapşırığı verilmişdir. Həmin
kontingent siyahıya alınıb və bu da 6143 ailədir.
Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə
plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və
maliyyə strukturlarının nəzarəti altında icra
olunur. Ermənistanın işğalçı
ordusunun ölkəmizə vurduğu ziyan qiymətləndirilir
və Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq
təşkilatlara və xarici nümayəndələrə
çatdırılır. Bu məsələlərin
və aparılan bu qiymətləndirilmələrin şəffaf
olması üçün “ASAN xidmət” vasitəsilə vahid
elektron baza da yaradılıb. Hazırda bu
işlər ardıcıl davam edir və bu barədə
ictimaiyyətə mətbuat vasitəsilə daim məlumatlar
verilir.
Dövlət başçısı cənab İlham
Əliyevin Sərəncamı ilə Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə
Qərargahının məlumatına görə gündəlik
məsələlərin həll edilməsi ilə
yanaşı, ortamüddətli planlaşdırma işlərinə
də başlanılmışdır. İlk növbədə,
qərargahın üzvləri toplaşaraq aidiyyəti üzrə
bütün məsələlərin mərkəzləşdirilməsi
məqsədilə müzakirələr aparmışlar.
Eyni zamanda, işin təşkilini təmin etmək
məqsədilə Əlaqələndirmə Qərargahı
nəzdindəki idarələrarası mərkəzdə
bütün istiqamətlər üzrə 16 işçi qrupu
yaradılmışdır. İlk növbədə,
minalardan və partlamamış sursatlardan təmizləmə
məsələləri ilə bağlı müzakirələr
aparılmış və artıq konkret planlar həyata
keçirilir. Həmçinin sosial,
iqtisadi, humanitar, hüquqi və digər məsələlər
üzrə işçi qrupları fəaliyyət göstərir.
Ən əsas da şəhərsalma
planlaşdırılması, bu çərçivədə
tarixi abidələrin qorunması və bərpası məsələləri
də diqqət mərkəzindədir. Eyni
zamanda, infrastruktur məsələləri və enerji təminatı
üzrə işlər aparılır. Qeyd
edək ki, bu gün qərargahın nəzdində fəaliyyət
göstərən işçi qruplarında 55 dövlət
qurumunun 160 nümayəndəsi iştirak edir.
Son bir ay ərzində gündəlik məsələlərlə
və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət
Planının hazırlanması istiqamətində işlər
aparılmışdır. Artıq bu fəaliyyət
planı hazırdır. Həmin planın əsasında
tədbirlər planı da hazırlanmışdır və
bütün aidiyyəti qurumlarla
razılaşdırılmışdır. Şəhərsalma planlaşdırması ilə
bağlı, ilk növbədə, işğaldan azad
olunmuş bütün ərazilər üzrə ümumi
planın hazırlanması istiqamətində işlərə
başlanılmışdır. Eyni zamanda,
artıq işğaldan azad olunmuş ərazilərə yerində
baxışlar keçirilir. Bir sıra
şəhərlərin yenidən salınması və
onların planlaşdırılması ilə bağlı
işlərə başlanılmışdır. Bununla yanaşı, bir sıra beynəlxalq və
xarici şirkətlərlə əlaqələr qurulmuş,
danışıqlara başlanılmışdır. Yerli mütəxəssislərin cəlb olunması
da təmin edilmişdir. Azərbaycan Prezidentinin Şuşa şəhərinə göndərdiyi
böyük qrup çərçivəsində şəhərsalma
üzrə mütəxəssislər tərəfindən
şəhərin baş planının hazırlanması
üzərində işlərə
başlanılmışdır. İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli
çəkilmiş və topoqrafiya işləri davam
etdirilmişdir. Eyni zamanda, ərazilərə
baxış keçirilərkən orada dəymiş
ziyanın qiymətləndirilməsi məsələsinə də
diqqət yetirilir. Mövcud vəziyyət
dəyərləndirilir və sənədləşdirilir.
Məlumat üçün bildirək ki, işğaldan
azad edilmiş torpaqların bərpası və inkişafı
konsepsiyası dövlət başçısı cənab
İlham Əliyevin tapşırığına uyğun olaraq
hazırlanıb. Onun hazırlanması və müzakirəsi
prosesində iqtisadi şurada bütün rəylər nəzərə
alınıb və aidiyyəti üzrə təqdim edilib.
İşğaldan azad olunmuş ərazilərin
bərpası və inkişafı istiqamətində dövlət
tərəfindən həyata keçiriləcək tədbirlər
və həmin rayonların iqtisadi potensialı ölkəyə,
xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici
investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası
və inkişafı ilə bağlı kompleks
yanaşmanı təmin etmək üçün dörd mərhələdə
fəaliyyətin həyata keçirilməsi nəzərdə
tutulur. İlkin mərhələdə idarəetmə
və təhlükəsizlik, infrastruktur məsələlərinin
həllini, növbəti mərhələlərdə isə
sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən
qurulması və inkişafı məsələsini
özündə ehtiva edir. Hər bir
bölgənin təbii ehtiyatları, ənənəvi
iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları, o
cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinin
artıq tikintisinə başlanılmışdır. Avtomobil və dəmir yollarına
yaxınlığı nəzərə alınaraq, hər bir
iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə
tutulub. Həmçinin bu işlərin görülməsi
zamanı dövlət vəsaitlərinə qənaət edilməsi
və investisiyaların səmərəliliyinin
artırılması məqsədilə yol-nəqliyyat,
kommunal infrastrukturu, ənənəvi və alternativ enerji
istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi
və sair sahələr üzrə investisiya layihələrinin
həyata keçirilməsində dövlət-özəl
sektor tərəfdaşlığından geniş istifadə
edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə
işğaldan azad olunmuş ərazilərə xüsusi
güzəştli iqtisadi rejimin tətbiqi təklif olunub.
Mütəxəssislərin
təhlillərinə görə 2021-ci il
üçün makroiqtisadi göstəricilərimiz
planlaşdırılarkən məhz işğaldan azad
olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri
ölkənin qeyri-neft sektorunda və ümumiyyətlə,
iqtisadiyyatında fəal artım drayverlərinin biri rolunu
oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta
Fondunun, Dünya Bankının Azərbaycan
iqtisadiyyatının 2021-ci il
üçün proqnozlarına nisbətən (bu 2020-ci ilin
oktyabr ayında olub) İqtisadiyyat Nazirliyinin proqnozları daha
nikbindir. Demək olar ki, artım tempini iki dəfə
daha yüksək proqnozlaşdırırlar. Əgər
onlar artım tempini 1,7-2 faiz arasında
proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə
əsasən ölkəmizin mütəxəssisləri
iqtisadi artım tempini 3,4 faiz planlaşdırır. Gələcəkdə məhkəmə təzminatlarının
məhkəmə proseslərinin aparılmasını nəzərə
alaraq, İqtisadiyyat Nazirliyi bu işi öncədən vahid
metodoloji əsasda qurur. Paralel olaraq həm yerli qiymətləndirici
şirkətlərin, dövlət müəssisələrinin
burada, ilk növbədə, Əmlak Məsələləri
Xidmətinin kompetensiyaları çərçivəsində,
özəl sektorun cəlb edilməsi və digər aidiyyəti
dövlət orqanları ilə birlikdə hər bir istiqamət
üzrə bu fəaliyyətin həyata keçirilməsinə
başlanıb. Bu prosesin ilkin mərhələsində
indiyə qədər keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin
və tədqiqatların ümumiləşdirilməsi, təhlili
və paralel olaraq ərazilərə təhlükəsiz
çıxışın təmin edilməsi ilə birlikdə
artıq həmin qiymətləndirilmələrin yerində
aparılması həyata keçirilir.
Azərbaycanın dağ-mədən yataqlarının
qeyri-qanuni istismarı və dəyən zərərin qiymətləndirilməsində
xeyli irəliləyiş var. Hazırda dəqiqləşmə
işləri aparılır. Analoji olaraq
dağıdılmış mülkiyyət, torpaq istismarı,
istər dövlət mülkiyyəti, istərsə də
özəl mülkiyyət üzrə təbii sərvətlərə
dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət
həyata keçirilir. Qeyd edək ki,
ölkəmiz ərazi bütövlüyünü bərpa edəndən
sonra xalqımız hərtərəfli dividendlər əldə
edəcək və bu baxımdan su resurslarının
artırılması da bu sahələrdən biridir.
Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir. Nəhayət,
uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının
və bundan istifadə məsələlərinin yenidən
qiymətləndirilməsi diqqət mərkəzində olacaq.
Artıq qeyd etdiyiniz kimi, bir sıra
çaylarımız, 12 əsas çayımız var. Tərtərçay
- onun illik su axınının həcmi 577 milyon kubmetrdir.
Həkəri çayı - 341 milyon kubmetr, Qarqarçay - 54
milyon kubmetr, Quruçay - 54 milyon kubmetr, Xaçınçay
- 40 milyon kubmetr, Köndələnçay - 22 milyon kubmetr və
digər daha kiçik çaylar. Araz
çayının ölkəmizin ərazisindən keçən
hissəsinə də Azərbaycanın tam nəzarəti təmin
edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək.
Bu ərazilərdə müxtəlif dövrlərdə
su anbarları tikilmişdir. Xudafərin Su Anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası Su Anbarı tikilməkdədir - 62
milyon kubmetr. Sərsəng Su Anbarı 565
milyon kubmetr həcmindədir. Suqovuşan Su Anbarı - 6
milyon kubmetr, Xaçınçay Su Anbarı - 23 milyon kubmetr,
Köndələnçay kiçik su anbarları - 14,8 milyon
kubmetrdir. Təqribi hesablamalara görə, Azərbaycan
2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli
istifadə etmək imkanı əldə etmişdir. Eyni zamanda, su tələbatının daha etibarlı
imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin
təmin olunması baxımından çox əhəmiyyətlidir.
İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının
inkişaf etdirilməsi ilə bağlı dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq, işlərə artıq başlanılıb. Kənd Təsərrüfatı
Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə
faktiki əkinaltı torpaqların da çoxillik əkmələrin
peyk təsvirləri əsasında xəritələşməsini
aparıb. Hazırda həmin torpaqlarda əkinlərin
aparılması, o cümlədən çoxillik bitkilərə
aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə
ilkin işlərə başlanılıb.
Vətən müharibəsində qələbədən
sonra bütün digər səhələrdə olduğu kimi
energetika sahəsinin qarşısında da mühüm vəzifələr
durur. Bu vəzifələrin ən başlıcası azad
edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması
və regionun enerji potensialından mümkün qədər səmərəli
istifadədir. Həmin vəzifələrin
icrası üçün ilk növbədə, enerji
infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” Açıq Səhmdar
Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş
energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl
şəhərində və Hadrut qəsəbəsində həyati
vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd
zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin
yaradılması ilə bağlı tədbirlər davam
etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən
may ayınadək Füzuli rayonundakı “Şükürbəyli”
yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə
yüksək gərginlikli əlavə xətt çəkilir,
həmçinin yarımstansiyanın gücü
qaldırılır. Eyni zamanda Şuşa
şəhərinə 75 kilometr məsafədə 110
kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi
həyata keçirilir. Növbəti mərhələdə
isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Laçın, Şuşa, Ağdam və Kəlbəcər
rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin
çəkilməsi və yeni yarımstansiyaların tikilməsi
ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Bu ərazilərin təbii qazla təminatı ilə
bağlı hazırlanmış proqramda SOCAR tərəfindən
müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin
çəkilməsi də təklif olunur.
Dövlət başçısının tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək...
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki geniş və əhatəli yekun nitqində dövlət başçısı bildirib ki, Azərbaycanın inkişafı ilə bağlı planlarımız böyükdür. Cəmi iki aya yaxındır ki, müharibə başa çatıb. Amma görün nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb. Bu torpaqları tezliklə bərpa edəcəyik. Qarabağ bölgəsində cənnət yaradacağıq. Bu sözlərin yerinə yetirilməsi bizim hər birimizdən asılıdır. 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır: “Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir”.
Şükür
ƏLİZADƏ
Respublika.- 2021.- 18 fevral.- S.1;4.