Dil milli sərvətimizdir

 

Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türkü, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi təkmilləşdirilmişdir. Hazırda 50 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. Bu dil dünyanın ən qədim dillərindən biridir.

 

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonra dilimizbuxovlardan qurtularaq inkişaf mərhələsinə qədəm qoymuşdur.

 

Dilin müstəqil dövlətdə hansı səviyyədə işlədilməsini, hansı statusa malik olmasını müəyyənləşdirərək güclü qanunvericilik bazası yaradılmış, onun tətbiqi sahəsində bütün sivil cəmiyyətlərə xas olan normalar müəyyən  edilmişdir.

 

Bütün bunlar ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Belə ki, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olmasına dair maddənin daxil edilməsi də, sonralar müstəqil respublikamızın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi də Heydər Əliyevin şəxsi təşəbbüsü və əzmkarlığı sayəsində mümkün olmuşdur.

 

Ümummilli liderin Azərbaycan dilinə, onun saflığının qorunmasına və inkişafına olan qayğısı bununla bitməmişdir. O, dilimizin elmi əsaslarla inkişafına, dövlət dili statusuna uyğun tətbiq edilməsinə hüquqi zəmin yaratmaq məqsədilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamış, Dövlət Dil Komissiyası yaratmış, dilin tətbiqi və inkişafı ilə bağlı dövlət orqanları qarşısında konkret vəzifələr qoymuşdur. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyən “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edilmişdir.

 

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum fərmanında deyildiyi kimi “Rəsmi və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir”.

 

Rəsmi üslubun təkmilləşdirilməsi, sənədlərin tərkibindəki nöqsanların aradan qaldırılması, bu sahədə olan pərakəndəliyin qarşısının alınması, mətbuatda, televiziya verilişlərindəki dil xətalarının, danışıq dili ilə ədəbi dil normaları arasındakı uçurumun aradan götürülməsi zəruri problemlərdir.

 

Sözsüz ki, hər bir azərbaycanlı öz ana dilinin qayğısına qalmalı, onun qanunlarının pozulmasına yol verməməli, dilimizin qorunması yolunda əlindən gələni etməlidir. Bu işdə dil-ədəbiyyat müəllimlərinin də üzərinə böyük məsuliyyət düşür. Mənimlə həmsöhbət olan, ibtidai siniflərdə dərs aparan, təcrübəli müəllimə Elnadə Əliyevanın fikirləri də bu mənada dəyərlidir:

 

—Dilimizə yad olan, yabançı sözləri uşaqlar qəbul etmək istəmir. Ən təmiz dil uşaqların dilidir. Onların dili qandan gəlir, ana südündən gəlir. Uşaq dili də nağıl dili kimi yüyrək olur, kövrək olur, amma alınma sözlər, terminlər dilimizi yükləyir, ağırlaşdırır. Belə sözlərə uşaq dili çətin yatır. Uşaq dili nağıldan, tapmacadan, layladan şirinlik alıb, hələ bulanmayıb, durudur, təmizdir, təravətlidir. Nağıl kitablarını həvəslə oxuyan uşaqlar orta məktəb dərsliklərində alınma sözlərlə, uğursuz, dolaşıq cümlələrlə üzləşəndə çaşıb qalır, çox zaman əzbərlədikləri şeirin, oxuduqları dərsin məzmununu başa düşmürlər. Özəlliklə dərsliklərimizdə mətləb aydın, dil şirinduru olmalıdır. Artıq söz və ifadəyə yer qalmamalıdır. Dərsliklərimizdəki mətnlər qəlizdir, çox zaman nəinki uşaq, heç böyüklər üçün də anlaşıqlı olmur.

 

Dilin gözəlliyini qorumaq üçün mətbuatımız, radio və televiziyamız da çox görməldir. Dilimizin qədrini biliriksə, onun saflığını qorumaq istəyiriksə, onu uşaqlarımıza çatdırmağı, mənimsətməyi, sevdirməyi də bacarmalıyıq. Dil qəfəs sevmir, o nəfəsimizdə yarandığına görə azad da nəfəs almalıdır. Boğula-boğula, çəkinə-çəkinə danışmaqla dilimizi təmizləyə, cilalayıb, gözəlləşdirə bilmərik. Bu yerdə ulu öndər Heydər Əliyevin bir fikirini xatırlatmaq yerinə düşər: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2021.- 18 fevral.- S.5.