Mülki insanlara qarşı törədilən erməni vəhşiliyi

 

Dövlətimizin başçısı vurğulayıb ki, Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib

 

Məlum olduğu kimi, bu il yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Müşavirədəki giriş nitqində dövlətimizin başçısı demişdir: “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır”. Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun zəfər yürüşü nəticəsində 30 il Ermənistanın tapdağı altında qalan Qarabağımız 44 gün ərzində işğaldan azad edildi. Otuz illik Vətən həsrətinə son qoyuldu. Eyni zamanda, 2020-ci ildə dünya dövlətləri kimi, Azərbaycan iqtisadiyyatı da koronavirus pandemiyası ilə üzləşdi. Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən qərarlar, həyata keçirilən qabaqlayıcı və sistemli tədbirlər dünyada baş verən tənəzzülün ölkəmizin iqtisadiyyatında kəskin formaya keçməsinin qarşısını aldı. Ölkə rəhbərimizin dediyi kimi, baxmayaraq ki, 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb.

 

Deyilənlər ötən ilin statistikasında da özünü göstərir. Belə ki, 2020-ci ildə ölkəmizdə qeyri-neft sənayesi iqtisadiyyatın şaxələndirilməsi və liberallaşdırılması sayəsində 11 faizdən çox artmışdır. Bundan başqa, kənd təsərrüfatı 2 faiz, orta əməkhaqqı və orta pensiya 13-14 faiz artmışdır. Məlum olduğu kimi, koronavirusla mübarizəyə müəyyən vəsaitlər xərclənmiş, torpaqlarımızın işğaldan azad edilməsi üçün Vətən müharibəsi aparılmış, bir sıra sosial paketlər icra olunmuşdur. Bütün bunlara baxmayaraq, ölkəmizin valyuta ehtiyatı qorunulmuş və hətta Dövlət Neft Fondunun vəsaiti 0,5 faiz çoxalmışdır.

 

Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev həm də 2021-ci ilin vəzifələrindən danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, bölgəyə əhalinin rahat və təhlükəsiz qayıdışı, həmçinin, cəbhə bölgəsindən uzaqda olan şəhər, rayon və kəndlərimizin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı konkret tədbirlər planı hazırlandığını bildirmişbu istiqamətdə əlaqədar qurumlara zəruri tapşırıqlarını vermişdir.

 

Onu da xatırladaq ki, hələ Birinci Qarabağ müharibəsi dövründə bu bölgədəki çoxsaylı şəhər və kəndlərimiz “böyük Ermənistan” xülyasına düşən və xəyallarını reallaşdırmağa çalışan erməni faşistlərinin nəzarəti altına keçmişdir. Müharibə nəticəsində 1 milyondan çox azərbaycanlı əhali doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilmişdi. 30 ilə yaxın bir müddətdə erməni vandalları şəhər və kəndlərimizi, tarixi abidələrimizi, hətta qəbiristanlıqlarımızı belə dağıdıb yerlə-yeksan etmiş, sərvətlərimizi daşıyıb aparmışdır.

 

Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsində şanlı Ordumuzun qarşısında tab gətirə bilməyən Ermənistan silahlı qüvvələri hərbi cinayət törədərək bizim mülki əhalini (Gəncə, Bərdə və Tərtər şəhərləri və sairləri), şəhər, rayon və kəndlərimizi ağır silahlarla, top və mərmilərlə atəşə tutaraq öz xislətlərini göstərdilər. Bu silahlı təcavüz nəticəsində mülki əhalimizə, dövlət əmlakına, infrastruktura, sahibkarlara çox ciddi zərər vurulmuşdur. Dəymiş zərərlərin qiymətləndirilməsi və gələcəkdə konpensasiya edilməsi istiqamətində ölkə rəhbərimiz 6 noyabr 2020-ci il tarixdə sərəncam imzalamışdır. Sərəncama əsasən Dövlət Komissiyası yaradılmış və Prezident tərəfindən komissiyaya konkret tapşırıqlar verilmişdir. Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının tərkibində olan Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Respublika Prokurorluğunun, “ASAN” Xidmət və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. İşçi qruplarına mərkəzi icra orqanlarının - nazirlərin və komitə sədrlərinin müavinləri səviyyəsində rəhbərlik edilir. Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar işlərə 200-dən çox məsul şəxs cəlb olunmuşdur. Buraya xarici ekspertlər də dəvət edilmişdir. Qısa müddət ərzində təxminən 15 mindən çox obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmədən sonra müvafiq aktlar tərtib olunmuşdur. Komissiya belə qənaətə gəlmişdir ki, Tərtər rayonunda dəymiş ziyan proqnozlaşdırıldığından qat-qat yüksəkdir. Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası orta bazar qiyməti prinsipinə uyğun hesablanmışdır. Komissiyanın ilkin hesablamalarına görə-dövlət əmlakına - əsasən yol infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və digər infrastruktur obyektlərinə dəymiş ziyan təqribən 27,4 milyon manat civarındadır. Dağılmış və qəzalı vəziyyətdə 264 ev vardır. Gəncə şəhərində 10 çoxmənzilli bina tam dağıdılıb. Fərdi yaşayış evlərinin sayı 9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə, məktəblərə və sosial obyektlərə, 518 kənd təsərrüfatı obyektinə ziyan dəymişdir.

 

Bir məsələni də diqqətə çatdıraq ki, tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına da ziyan dəymişdir. Bu ziyanın dərhal ödənilməsi ilə əlaqədar Azərbaycan Prezidenti 14 dekabr 2020-ci il tarixli sərəncam imzalanmışdır. Sərəncama əsasən bu işlərə 9 milyon 100 min manat vəsait ayrılmışdır. Bu vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə üzvünə 1500 manatziyan dəymiş digər ailələrə isə 1000 manat ayrılması nəzərdə tutulmuşdur. Komissiya tərəfindən bu kateqoriyadan olan 6143 ailə müəyyənləşdirilmişdir. Bu proses bank vasitəsilə konkret ailə üzvlərinə plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və maliyyə strukturlarının nəzarəti altında icra olunur.

 

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələlərə münasibət bildirən Prezident İlham Əliyev demişdir: “Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmalıdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyanın nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər”.

 

Vətən müharibəsində həmişə Azərbaycanın haqq işini dəstəkləyən ölkələr sırasında İtaliya hökuməti ilk yerlərdə durur. Təsadüfi deyildir ki, İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümyəndə heyəti ötən il dekabrın əvvəlində ölkəmizdə səfərdə olarkən Gəncəyə və Ağdama getmiş, Ermənistanın törətdiyi hərbi cinayətləri öz gözləri ilə görmüşlər.

 

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri ötən il sentyabrın 27-dən başlayaraq azərbaycanlı dinc əhaliyə qarşı qadağan olunmuş hərbi sursatlardan istifadə etmişdir. Onların arasında kaset bombaları, fosforlu mərmilər də olmuşdur. Hansı ki, bu silahların mülki ərazilərə qarşı istifadə olunması beynəlxalq-humanitar hüquq prinsipinə ziddir. Ermənistan silahlı qüvvələri ölkəmizin əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları qadağan olunmuş ağır artilleriya qurğuları və raketlərdən atəşə tutaraq dağıntı və yanğınlar törətmişlər.

 

Ötən müddət ərzində Azərbaycandakı diplomatik korpus rəhbərləri, hərbi atteşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncə, Mingəçevir şəhərlərində, Bərdə və Tərtər rayonlarında və digər yaşayış məntəqələrində olmuş, erməni vəhşiliyi - Ermənistan silahlı qüvvələrinin günahsız mülki insanlaraenerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının törətdiyi cinayət izləri ilə tanış olmuşlar.

 

Möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqində bir daha vurğulamışdır ki, bu 9 mindən çox ev ki, onlara ziyan dəyib, əlbəttə, bu evlərin bərpası bizim əsas vəzifələrimizdən biri olmalıdır.

 

R.YUSİFLİ

 

Respublika.- 2021.- 18 fevral.- S.5.