Şöhrəti səmada və zirvədə
yaşayan igid
O hələ hərbi xidmətə getməmişdən öncə dağlar oğluna xas olan həvəslə, vüqarla uca dağların, əzəmətli qayaların zirvələrini çox gəzib-dolaşmışdı. Həmyaşıdları da, kəndin illəri verib yaş qazanan ağsaqqalları da söyləyirlər ki, Zahir Muxasın, qonşu Baş Daşağılın “Göy bayır”,”Armıx”, “Qızıl qaya”,”Qısır dağ” yaylaqlarının güllü-çiçəkli düzlərini, yamaclarını, Qartallar yuvası olan qayalarının qoynuna ilan kimi sarılan cığırlarını yaxşı tanıyırdı, hətta son vaxtlar bu yerlərə getmək istəyənlərə bələdçilik də edirdi. Bir sözlə, Zahir cəsarətli, qorxmaz, ürəkli oğlan idi.
Bax, hərbi xidmətə də qohum-əqrəbası, dost-tanışları, ürək sirdaşları ilə zirvə həvəsli, vətən, el-oba, torpaq məhəbbətli ürəklə sağollaşıb yola düşmüşdü. Bu zirvələrdən aldığı güc, qüvvət, cəsarət, sanki gələcək hünər yoluna yeni işıq yandırmışdı. Deyirlər ki, Zahir özü həmişə kişilik məktəbi sayılan Azərbaycan ordusunun əsgəri olmağı, daha uca, həm də şərəfli zirvə kimi qiymətləndirirdi. Bu arzu, istək və məhəbbət gənc Zahirin dağlar qoynunda ünvanlanan Muxas kəndindən başlanan cəsarəti, igidlik yolunu bir-birindən maraqlı, yadda qalan səhifələrlə əhatə olunan kişilik məktəbində, Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissələrindən birindəki yollarla qovuşdurdu. Boy-buxununa, bədəninin qamətinə, qollarının qüvvəsinə görə, bir də qorxmazlığı, cəsurluğu ilə xüsusi təyinatlı əsgərlərlə bir sırada xidmət etməyə başladı və beləliklə Oğuz rayonunun Muxas kəndində yaşayan Eyvaz atanın, Ruhanə ananın sonbeşikləri olan Zahir Feyzullayevin hərbi həyatla bağlı ömür kitabının ilk səhifəsi açıldı. İlk addımların mətinliyi, cəsarəti gələcəyin peşəkar xüsusi təyinatlısının yetişəcəyindən, kənd həyatının zirvələrindən də uca zirvələrə getdiyindən soraq verirdi. Söhbətimizi Zahirin əzizlərinin, ürək sirdaşlarının, kənd ağsaqqallarının, döyüş yoldaşlarının, elə xidmət etdiyi hərbi hissənin rəhbərlərinin, Naxçıvan Muxtar Respublikası rəsmilərinin, yaddaşlarından, xatirələrindən öyrəndiyimiz, eşitdiyimiz bəzi konkret faktlarla təsdiqləmək yerinə düşər.
Xüsusi Təyinatlı Qüvvələrin digər əsgərləri kimi, Zahir Feyzullayev də üç dəfə Türkiyədə kurslarda olmuş və həmişə də öz nümunəviliyi, hərbçiyə xas verilən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməyi, ən başlıcası da cəsurluğu, qorxmazlığı ilə fərqlənmişdir. Xidmət etdiyi hərbi hissədə keçirilən bütün yarışlarda Zahir Feyzullayev həmişə öncüllərdən olmuşdur. Əlbəyaxa döyüşlərin, ən yaxşı kəşfiyyatçı, manqa komandiri, səmti müəyyənləşdirmə, hərbi beşnövçülük yarışlarında onun da adı birincilər sırasında çəkilmişdir. Bütün bunlar müvafiq hərbi hissənin, hətta Naxçıvan Muxtar Respublikasının yüksək idarəetmə qurumlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Erməni işğalçılarının Naxçıvandakı torpaqları işğal altına almaq cəhdlərinə qarşı mübarizədə digər əsgər yoldaşları kimi, Zahir də öz mübarizliyini göstərmişdir. Buna görə o, bir sıra orden və medallara layiq görülmüşdür. 2018-ci ilin iyunun 26-da “Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı”, 2019-cu ildə “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı” aldığı neçə-neçə fəxri fərmanlar hərbçi ömrünün ilk bəzəkləridir.
Ötən ilin sentyabrın 27-də başlanıb cəmi qırxdörd günə rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən müharibəsi haqqında söhbət açdığımız Zahir Feyzullayevin hərbi xidmətlə bağlı ömür yolunda ürəklərdə əbədi heykəlləşən günlər kimi pozulmaz izlər qoydu. Zahir hələ kənddə olanda ordu sıralarına gələnə kimi qarış-qarış gəzdiyi dağların, qayaların zirvəsindən də uca bir zirvəni bu müharibədə fəth etdi. Bu şəhidlik zirvəsi oldu. Minlərlə azərbaycanlı igidi kimi daha qürurla, qorxmazlıq və mübarizliklə döyüşlərə atıldı. Düşmən tapdağında olan torpaqların azadlığı uğrunda canını belə verməyə hazır olduğunu söylədi. Belə də etdi. Fizuli, Zəngilan, Xocavənd döyüşlərində o da özünə şanlı tarix yazdı. Çətin aşırımlar, döyüş səhnələri ilə üzləşdi. Onlarca düşmən əsgərinin və texnikasının kələyini kəsdi, əyilmədi, döyüşkən ürəyinə, yeni təpər, polad biləkli qollarına yeni qüvvət gəldi. Amma oktyabrın 20-də Xocavənd döyüşlərinin birində mühasirəyə düşən əsgərlərini xilas edəndə düşmən gülləsinə tuş gəldi Yaralanıb yıxılsa da çətinliklə də olsa özünü yoldaşlarına çatdıra bildi. Son sözlərini, söhbətlərini, vəsiyyətlərini döyüşçü qardaşlarına söylədi. Köynəyini, qol saatını onlara yadigar qoydu. Bir də xahiş etdi ki, arzusunu yerdə qoymasınlar. Qarabağın azadlıq bayramında onu da unutmasınlar. Bilməyənlərə bir sirrini də açdı: nişanlı olduğunu, qələbədən sonra toyu olacağını da söylədi. Anama, atama deyin ki, Ordumuzun qələbəsi, bütün bunları əvəzləyəcək. Evimizə gedərsiz, valideynlərimə toxtaqlıq verərsiz, salamlarımı nişanlıma çatdırarsız, narahat olmasınlar.
Yuxarıdakı fikirlər Zahirin dəfninə, həmçinin qələbədən sonra da atası Eyvaza, anası Ruhanəyə təskinlik verməyə gələn hərbiçi yoldaşlarının, komandirlik etdiyi bölmənin əsgərlərinin söhbətlərindən eşitdiklərimizdir.
Zahirgilin kəndinə yolunu salsan, kiminlə həmsöhbət olsan, bu ailənin zəhmətkeşliyi, təmizliyi, sədaqətliyi, bir də mayasının Vətən məhəbbəti ilə yoğrulduğundan başqa söz eşitməzsən. Bu keyfiyyətlər Zahirin Mədət babasının, Zərniyar nənəsinin, gecələr sübhədək beşiyinin başında layla deyib böyüdən anası Ruhanənin, qayğısına qalıb, əsl kişi kimi böyüməsinə nail olan Eyvaz atanın bəxş etdikləri əmanətlərdir. Bu sözləri kəndin veteranlarından olan Mehralı Səmədov kövrələ-kövrələ söylədi. Əlindəki şəkillər albomunu vərəqləyə-vərəqləyə, zahirin qorxmazlığını, cəsurluğunu, peşəkarlığını əks etdirən şəkillərini göstərə-göstərə - doğrudan da nər oğlu nər olub Zahir - dedi. Söhbətinə davam edib - atalar yaxşı deyiblər ki, ot kökü üstə bitər.
Zahirgilin evində bu gün şəhidlik zirvəsində uyuyan, ürəklərdə əbədi heykəlləşən igidin doğulub boya-başa çatdığı ocaqda xeyli oturduq, valideynlərinin yoldaşlarının xatirələrini eşitdik. Bu gün də yaxınlardan, uzaqlardan onun xatirəsini yad etməyə, şəhidlik zirvəsindəki məzarını ziyarət etməyə gələnlərin sayı onlarladır. Ən yaxın həmyaşıdlarından, sirdaşlarından biri olan Cümşüd kövrələ-kövrələ söylədi ki, o canlı-cüssəli, polad bədənli dostumuz həmişə qəlbimizdədir, demək olar hər gün onunla olan xatirələrimizin, sorağından, özümüzdə təskinlik tapırıq, yenə onunla birlikdə kəndimizin gözəl təbiəti qoynundakı günlərimizi yada salırıq.
Bəli, Zahir cismən dünyasını dəyişib, ruhən hamının qəlbində əbədi heykəlləşib, səsi, sorağı dildə, ağızlardadır, aydın səmanın ənginliklərində sevilə-sevilə əzizlənir. Bu qəhrəmanlıq unudulmayıb və heç vaxt da yaddaşlardan silinməyəcək. Digər müharibə iştirakçıları, şəhidləri və qaziləri kimi, Oğuz rayonunun Muxas kəndinin igid balası Zahir Feyzullayevin də layiq görüldüyü “Vətən uğrunda” medalı, “Azərbaycan bayrağı” ordeni qəhrəmanlıq, igidlik, qorxmazlıq, ömrünə yeni bəzəklər oldu. Özü üçün əbədi qurduğu şəhidlik zirvəsindəki məkanının heç vaxt pozulmayan bəzəkləri.
Otuz ilə yaxın ən ağır dərdi sinəsində daşıya-daşıya nəhayət, ona böyük məharətlə sinə gərən millətimiz, axır ki, şəhid və yaralı oğulların, döyüşkən rəşadətli ordumuzun şücaəti sayəsində azadlıq nurunu görə bildi. Qarabağ torpaqlarına yenidən öz səsimizi, ətrimizi, nəfəsimizi gətirdi. Bu zəfərdə izi olanlardan biri də Zahir Feyzullayevdir.
Rasim AMANOV
Respublika.- 2021.- 19 fevral.- S.4.