Vətən sevgisi
II Qarabağ Vətən müharibəsi 30 ilə yaxın qəlbimizdə daşıdığımız dərd-sərimizə məlhəm oldu. Doğrudur, müharibədə tökülən qanlar, itkilər yaramıza məlhəm ola bilməz. Amma dərdimizin başqa əlacı yox idi. 44 günlük müharibə günlərində yüzlərlə, minlərlə Azərbaycan igidi adını milli tariximizə, Qarabağ tarixinə qızıl hərflərlə yazdı.
O, igidlərdən biri də Eltun Elnur oğlu Əliyevdir. Nədən Eltun Əliyev haqqında yazmaq istədim? Şəhid Eltunun babası babamgilin qonşusu olub. Tanış ünvan idi, haqqında nəsə yazmaq borcunda olduğumu hiss edirdim.
Onu boya-başa çatdıran valideynləri - ailəsi ilə görüşüb söhbət etdim.
Anasının dolmuş gözlərində oğlu Eltun Qəhrəman oğul kimi heykəlləşmişdi:
Eltunu əsgəri xidmətə yola salanda hələ yeniyetmə olduğunu düşünürdüm. Əslində elə idi. Həyat, əsgərlik, sonra da döyüşlər balamı tez boya-başa çatdırıbmış. Cəbhə dostları onun haqqında danışdıqca, oğlumun ucalmış boyunu, enli kürəyini gözümün önündə canlandırırdım. Əslində arıq, cılız bədəni vardı. Amma dostları onun haqqında danışdıqca, elə bildim ki, əlimi uzatsam, boyuna çatmaz. Boy-buxunlu, cüssəli sandığım oğlum şəhid olmuş, Vətən yolunda canını qurban vermişdi.
Atası Elnur bəy isə özünü zorla toxtaq tutaraq kədərli səslə danışırdı: Təbiətcə sakit olan Eltun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib. Eltunun nəşini komandiri və döyüş yoldaşları gətirmişdilər. Komandiri dedi ki, Eltun arıq, balaca canıyla düşmənə qan uddururdu. Ordumuz hər dəfə xeyli irəliləyirdi. Mən də bundan böyük fəxr duydum. Doğrudur, valideyn üçün bala dağı ağırdır, amma Vətən sağ olsun, Eltun kimi şəhid oğullarımızın, qazilərimizin hesabına bu qara ləkəni millətin üstündən silə bildik.
Bəli, söhbətdən anladım ki, dəfn mərasimində Eltunun səngər yoldaşları da iştirak ediblər, onun şücaətindən ürəkdolusu danışıblar. Ailə üzvlərinin də özlərini təmkinli aparmasına, toxtaq görünməsinə səbəb dostlarının son ana qədər onunla olması idi. Ata-ana, kiçik qardaş həyəcanla, qürurla Eltundan danışırdılar, söhbət zamanı onunla bağlı unutduqları nə varsa, yenidən xatırlayır, sanki Eltunu yanlarında hiss edirdilər. Birini hıçqırıq boğanda, digəri xatirələri yenidən közərdirdi. Həmin anlarda bütün şəhidlərin işıqlı simaları gözlərimin qarşısından ötüb keçirdi.
Qardaşı Fərid də yaman kövrəlmişdi. Hıçqırığının içində qürurla deyirdi ki, Eltunla təkcə qardaş deyil, həm də dost idik. Onunla aramızda cəmi bir yaş fərqimiz olsa da, mənə böyüklük edib. Hazırda yaşadığımız balaca evimizi də Eltun alıb. Telefon dükanında satıcı işləyirdi. Evi dolandıran da Eltun idi...
Anası dolmuş gözlərini qapıya sarı dikmişdi. Balasından doymayan qadın elə hey ondan danışırdı: Balam uşaqlıqdan zəhmətkeş olub. Sonuncu dəfə telefonda danışanda məndən halallıq istədi. Dedim, oğul, ancaq qələbə ilə geri dön. Mənə dedi ki, sağ-salamat qayıdım, balaca evimizi qardaşımla birgə yenidən tikib böyüdəcəyik...
Öyrəndim ki, Eltunun valideynləri xəstə olduğundan ailəni, demək olar ki, dolandıran Eltun imiş. İgid demə qardaşından da halallıq istəyibmiş. Elə bil evlərinə qayıtmayacağı ürəyinə damıbmış...
-Amma bir neçə gündən sonra şəhidlik xəbərini eşidəndə arxam-dayağımın uçub-yıxıldığını hiss etdim. Qardaşımın itkisi ağır olsa da, fəxr edirəm ki, mən şəhid Eltunun qardaşıyam...
Şəhid Eltun Əliyev 2001-ci il avqustun 29-da Sumqayıt şəhərində anadan olub. 2019-cu ildə Sumqayıt şəhər 24 saylı orta məktəbdə təhsil alıb. Elə həmin ilin payızında da həqiqi hərbi xidmətə çağırılıb. Eltun cəbhənin Tərtər istiqamətində yerləşən “N” saylı hərbi hissədə - ön xətdə baş atıcı olub. Sərrast atıcılığına görə onun şəkli hərbi hissədə şərəf lövhəsinə vurulmuşdu. Sentyabrın 27-dən II Qarabağ Vətən müharibəsinə qatılıb. Eltun ən şiddətli döyüşlərin getdiyi Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Hamı kimi Eltunun da bir amalı olub: işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək!
19 yaşlı gənc əsgər Eltun Əliyev oktyabrın 16-da Suqovuşan uğrunda döyüşdə şəhid olub, namərd düşmənin gülləsinə tuş gəlib. Şəhadətin mübarək, əziz dost!
Eltun Əliyev 2021-ci il oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Üzünü görməsəm də, tanımasam da, qəhrəmanlığınla, göstərdiyin şücaətinlə səni bütün gəncliyimizin dostu sandım, Şəhidim!
Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif olunanlar arasında Eltun Əliyev də var. Allah rəhmət eləsin!
Babası Heydər Məşədi Cəlil oğlu müəllim kimi yüzlərlə Vətən övladına dərs deyib. Vətən sağ olsun, müəllim baba!
Atilla SÜLEYMANLI
Respublika.- 2021.- 19 fevral.- S.4.