Erməni əsirliyində səkkiz gün
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları sovet Ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı bölmələrinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Xocalı Ağdam-Şuşa yolu üzərində Əsgəranla Xankəndi arasında mühüm yaşayış məntəqələrindən biri idi. Qarabağda yeganə aeroport burada yerləşirdi.
Burada azərbaycanlılar yaşayırdı. Xocalı həm də xalqımızın ən qədim məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Şəhər əhalisinin sayı 7 mini ötmüş və buraya xeyli qaçqın da pənah gətirmişdi. Şəhərdə çoxlu yaşayış binaları tikilmiş, sənaye müəssisələri işə salınmışdı. Buna görə də Xocalıya respublika əhəmiyyətli şəhər statusu verilmişdi.
Fevralın 25-də axşam
şəhər güclü top atəşinə tutuldu.
Aeroport və ona yaxın olan evlər dağıdıldı. Təkcə
aeroportun müdafiəsi
zamanı alay
toplarının atəşi
ilə 150-ə yaxın
adam öldürüldü.
Güclü top atəşindən
sonra quldurların şəhərə hücumu
başladı. Düşmənlər
şəhərə daxil
olduqdan sonra da hər küçə,
məhəllə, ev uğrunda döyüşlər davam
edirdi. Xocalılılar hər qarış
Vətən torpağını
qəhrəmanlıqla qoruyurdular.
Erməni quldurları heç
kimə rəhm etmir, qapıları bağlayıb adamları öz evlərinin içində yandırırdılar.
Erməni terroru nəticəsində
milli və dini mənsubiyyətinə
görə bir gecədə 700-ə yaxın
dinc insan qətlə yetirilmişdir. 1275 nəfər
insan əsir və girov götürülərək
işgəncələrə məruz qalmış, onlardan 150 nəfərin, o
cümlədən 68 qadın
və 26 uşağın
taleyi bu günədək məlum
deyil. Qırğın zamanı 487 nəfər
müxtəlif dərəcəli
bədən xəsarəti
almış, 8 ailə
tamamilə məhv edilmişdir. 130 uşaq valideynlərindən
birini, 25 uşaq isə hər ikisini itirmişdir. Soyqırıma məruz qalanların
əksəriyyətini qadınlar,
yaşlılar və uşaqların təşkil
etməsi erməni vəhşiliyinin göstəricisidir.
Ulu öndər
Heydər Əliyev Azərbaycanda rəhbərliyə
qayıtdıqdan sonra
erməni quldurlarının
xalqımıza qarşı
törətdiyi Xocalı
soyqırımı barədə
həqiqət dünya
dövlətlərinə və
beynəlxalq ictimaiyyətin
nəzərinə çatdırılmışdır. 1994-cü il martın 1-də Xocalı soyqırımı
ilə əlaqədar
xüsusi fərman imzalamış və Azərbaycan Respublikasının
Milli Məclisinin qərarı ilə “26 Fevral- Xocalı Soyqırımı Günü”
elan edilmişdir.
Ümummilli liderimiz Xocalı
soyqırımı haqqında
demişdir: “Bütövlükdə
Azərbaycan xalqına
qarşı yönəldilmiş
Xocalı soyqırımı
öz ağılagəlməz
qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər tarixində
tayı-bərabəri olmayan
bir vəhşilik aktıdır. Bu soyqırımı,
eyni zamanda, bütün bəşəriyyətə
qarşı tarixi bir cinayətdir”.
Xocalı
şəhər sakini
Dürdanə Ağayeva:
“12 yanvar 1972-ci ildə
Xocalı şəhərində
anadan olmuşam. Ailədə
bir qız, üç oğul övladı olmuşuq.
Mən
13 yaşında olanda
atam Xankəndidə yerləşən xəstəxanada
erməni həkimi tərəfindən ürək
əməliyyatı olunmuş
və bir gün sonra vəfat etmişdir. Atamızı itirdikdən sonra
bizə babam sahib çıxdı. 1988-ci ildə orta məktəbi bitirib, 6 ay tikiş fabrikində çalışdım, sonra
Xocalı Poçtunun
telefon zəngləri bölməsində işlədim.
1989-cu ildən bu sahədə çalışıram. Mənfur
erməni quldurları
1 noyabr 1990-cı il tarixdə Xocalının bütün
yollarını bağladı
və şəhər
tamamilə blokadaya alındı.
Bir gün növbədə idim. O vaxtkı
daxili işlər naziri zəng elədi. Mən ona Xocalıdakı
vəziyyətin getdikcə
pisləşdiyini, bizə
kömək göndərilməsinin
vacibliyini bildirdim.
O, mənə: “Bir telinizə də zərər verə bilməzlər. Qorxmayın, möhkəm dayanın,
narahat olmayın, silah da, kömək
də göndəriləcək.
Mərd Xocalı qızları, ürəkli
olun, qorxmayın”-dedi.
Vəziyyət gündən-günə pisləşir,
əhali çətin
günlər yaşayırdı. Erməni quldurları
şəhərin elektrik
xəttini də kəsdilər. Xocalıda aclıq
başladı, çətin
günlər yaşayırdıq.
Ermənilər hər gecə
avtomat və pulemyotdan şəhəri
çarpaz atəşə
tuturdu. Biz telefonçular hər gün Ağdama və Bakıya Xocalıdakı vəziyyətə
dair məlumat verirdik. Ancaq nə Ağdam,
nə də Bakı bizim harayımıza səs vermirdi. Əhalinin əksəriyyəti gecəni zirzəmidə keçirirdi. Xocalı Müdafiə
Briqadasının komandiri
Tofiq Hüseynov, Əlif Hacıyev və Xocalının İcra başçısı
Elman Məmmədov tez-tez
stansiyaya gəlir, Ağdama və Bakıya zəng edərək, kömək
istəyirdilər. Ancaq “Möhkəm
durun, dözün, kömək və silah göndərəcəyik”-deyə yalandan başqa cavab ala bilmirdik. Bakıdan göndərilən Akif Quliyevin taborunun isə nə tankı, nə də hərbi texnikası vardı. O, tez-tez stansiyaya gələrək
Bakıya zəng edir, “Xocalının vəziyyəti gündən-günə
pisləşir, burada qorxunc şeylər yaşanır, kömək
və silah göndərin”-deyirdi. Amma o da eyni yalan
və vədlərlə
aldanırdı. Xocalı əhalisi
kömək gəlməsi
üçün gün
sayırdı. Nəhayət,
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni faşistləri Xocalı şəhərinə beş
istiqamətdən hücum
etdilər. Gecə saat 01:30 radələrində
şəhər əhalisi
doğma yurdu tərk edib, Ağdam istiqamətində
yola düşdülər.
Qışın şaxtasında buz
kimi Qarqarçayı
keçib meşəyə
üz tutduq. Meşədə isə qarlı
qış gecəsinin
şaxtasında adamların
bir hissəsi soyuqdan donaraq öldü. Fevral gecəsinin
şaxtası adamları
əldən salsa da, onlar özündə dözüm və qüvvə toplayaraq gedirdilər. İçimdə müdhiş qorxu var idi. Sanki qarşıda bizi böyük fəlakətin
gözlədiyini hiss edirdim.
Səhərə az qalmışdı.
Birdən yaxınlıqda atəş
səsləri eşidilməyə
başladı. Ermənilərin qəflətən açdığı
atəş hamını
pərən-pərən saldı.
Güllə yağış kimi
üstümüzə yağdı.
Ağappaq qarın üstü
bir anın içərisində qıpqırmızı
insan qanına boyandı. Erməni quldurları qocalara,
cavanlara, uşaqlara, südəmər körpələrə,
hətta, hamilə qadınlara belə rəhm etmədən dinc əhaliyə qarşı misli görünməmiş cinayət
törətdilər. Körpələrin, qocaların, qız-gəlinlərin
naləsi ərşə
dirənirdi. Səadət hamiləydi. O, iki aydan sonra ana
olacaq idi. Başından ağır
güllə yarası
aldı və oradaca can verdi.
Atışmanın ortasında qalmışdıq,
qorxudan başımızı
qaldıra bilmirdik.
Handan-hana səs eşitdik:- Silahınızın
olmadığını bilirik,
qorxmayın, sizi öldürməyəcəyik! Ayağa qalxın, sizi əsirlərlə dəyişəcəyik!-dedilər.
Hamı ehtiyatla ayağa qalxdı. Bizi sıraya düzüb
Əsgəran tərəfə
aparanda Şelli kəndi istiqamətindən
atəşə tutulduq.
Məncə, əsgərlərimiz erməniyə əsir olmaqdansa, ölməyimizin
yaxşı olmasını
düşünərək bizə atəş açırdı. Ancaq açılan
güllələr bizə
çatmadı. Heç birimizin
taqəti qalmamış,
gücümüz tükənmişdi.
Bu halda üç-dörd
kilometr gedəndən
sonra Əsgərana çatdıq. Orada erməni
qadınları bizi daş və dəyənəklə vurdular.
Əsgərlər də bizi təhqir edərək, yerə yatmağımızı
əmr etdilər.
Küçənin ortasında ağzıüstə
yerə uzandıq.
Xeyli müddət belə gözləyəndən sonra
bizi Əsgəran
Polis Şöbəsinə apardılar. Ora əsl
cəhənnəm idi.
Nələr yaşadığımı, nələr gördüyümü
bir Allah bilir. Ölümün pəncəsində səkkiz gün boyunca min bir əziyyət gördüm.
Yüz dəfə ölüb-dirildim.
Səkkiz günün içində
qocaldım. Orada yüzlərlə
Xocalı sakini gördüm. Hamı ağlayır,
fəryad qoparırdı.
Adamların üzündə qorxu və nifrət
var idi. Düşmənə əsir düşmək
ən böyük dərddir.
Xocalı qətliamında, o dəhşətli
və sonrakı səkkiz gün ərzində gözümlə
gördüyüm, şahidi
olduğum və başıma gələn
o qaranlıq gecəni
və unudulmaz müsibətləri ürəkağrısı
ilə qələmə
aldım. Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu İB və
Regional Hüquqi və
İqtisadi Maarifləndirmə
İB-nin dəstəyilə
“Erməni zindanında
səkkiz gün” adlı kitabım çap edildi.
Əvvəlki illərdən fərqli olaraq, builki mərasimlər tam fərqli
hisslərlə qeyd olunacaq. İnsanlar 29 illik nisgildən
sonra, Vətən müharibəsində əldə
olunmuş möhtəşəm
Qələbənin bəxş
etdiyi fərəhli hisslərlə soyqırımı
qurbanlarını və
şəhidləri yad
edəcəklər.
Kamil İSMAYILOV
Respublika.- 2021.- 20 fevral.- S.7.