QLOBALLAŞMA
DÖVRÜNDƏ AZƏRBAYCAN DİLİNİN
İNKİŞAFI
21 fevral Beynəlxalq
Ana Dili Günüdür
Dil hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən əsas amildir. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dünyada dillərin qorunması məqsədilə hər il 21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilini qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hüququ olduğunu bir daha xatırladır. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” - deyən ümummilli lider Heydər Əliyev ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasının istiqamətlərini müəyyənləşdirmişdir. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilinin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin verdiyi fərmanlar, sərəncamlar, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üçün əlverişli şərait yaradır. Ulu öndər verdiyi fərmanların reallaşması istiqamətində ciddi işlər gördü. Hər şeydən əvvəl, aidiyyatı olan insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə olaraq bir ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. Hər bir azərbaycanlı anlamalıdır ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil tarixdir, mənəviyyatdır, Azərbaycan xalqının varlığı və Azərbaycan adlı müstəqil dövlətin əsas simvoludur. Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsi olaraq Azərbaycan dili dövlətçiliyin əsas atributlarından biri kimi inkişaf edir, qorunur. Azərbaycan dili haqqında verilən fərman və sərəncamlarda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin varlığı və müstəqilliyi sadə və anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilir. Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısı artırılmış, Azərbaycan dilinin öyrənilməsi, aparılan elmi araşdırmaların fəallaşdırılması Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə səbəb olur. Azərbaycan dili ilə bağlı verilən fərmanlar Azərbaycan dilinə qayğını və onun qorunmasını, Azərbaycan dövlətinin aparıcı siyasi ideoloji vəzifəsi, milli-tarixi marağını özündə əks etdirir.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirilir. 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması qərara alınmışdır. Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Bu nəzərə alınaraq dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran problemlərin həllində Komissiya mühüm missiya daşıyır. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın inkişafına təsir göstərir. Terminlər ən çox tədqiqat işi aparılan zaman, ictimai-siyasi həyatda baş verən dəyişikliklərdə, həmçinin elmi-texniki, ictimai-siyasi ədəbiyyatların tərcüməsi prosesində, elmi-texniki tərəqqi prosesində, elmi laboratoriyalarda, istehsalat idarələrində, konstruktor bürolarında yaranır. Elm və texnikanın inkişafı ilə əlaqədar yeni anlayışların yaranması, elmlərin inkişafında məfhumların müəyyənləşdirilməsi dilin lüğət tərkibinin zənginləşməsi istiqamətlərinin müəyyənləşdirilməsini tələb edir. Elmi-texniki tərəqqi dedikdə, onun qlobal hadisə olduğunu xüsusi qeyd etmək lazımdır. Təkcə respublikada deyil, ümumən dünya miqyasında belə bir proses gedir və Azərbaycan elmi dilinin lüğət tərkibinin yeni anlayışlarla zənginləşməsində bu prosesin ciddi rolu müşahidə edilir. Belə ki, bir elmi kəşf hər hansı bir ölkədə (İngiltərədə, Yaponiyada) mövcud ola bilər, lakin onun adı prinsip etibarilə Azərbaycan dilində də mövcud olmalıdır. Bu nəzərə alınaraq, Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir. Qloballaşan dünyada milli elmi məktəblərin dünya elm-təhsil məkanına fəal inteqrasiyası sayəsində çoxsaylı informasiya resurslarından istifadə imkanları yaranmış və bu resurslardan bəhrələnmənin effektivliyi terminoloji vahidlik, dilin daxili imkanları hesabına yeni sözlər yaratmaq, leksik-semantik tərcümənin adekvatlığı ilə müəyyən edilir. Müasir dövrdə elmlərin sürətli inkişafı, onun müxtəlif fənlərin qovuşuğunda yeni istiqamətlərinin formalaşması terminoloji bazanın modernləşməsi ilə müşayiət olunur - fundamental təsəvvürlər və konsepsiyalar daha da dəqiqləşdirilir, köhnə terminlərin semantik yükü dəyişir, bəzi hallarda yalnız orijinal dilə məxsus olan və ya hələ dəqiq tərifə malik olmayan yeni anlayışlar daxil edilir. Bu, informasiya mübadiləsini xeyli dərəcədə çətinləşdirir və elmi materialların tərcüməsində məna təhrifinə səbəb olur. Buna görə də müxtəlif dillər üçün terminoloji leksikanın unifikasiyasını özündə əks etdirən xüsusi terminoloji lüğətlərin yaradılmasına böyük ehtiyac var. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, Azərbaycan dilində işlənən, o cümlədən, yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir. İnkişafla bağlı mütəxəssislər və elmi tədqiqatla məşğul olan tədqiqatçıların araşdırmaları dil bazasının genişlənməsinə, yeni terminlərin, anlayışların yaranmasına səbəb olur. Məhz buna görə də, elmin bütün sahələrində çalışan tədqiqatçıların normativ sənədlərin tərtibi zamanı qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq, zəruri ehtiyaclarını təmin etmək məqsədilə elmi fəaliyyətdə istifadə olunan, elmi bazanı (termin, məfhum anlayışlarını əhatə edən) özündə əks etdirə bilən lüğətlərin ana dilində işlənib hazırlanması günün tələbidir. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında 2020-ci ildə “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti” (tərtibçilər professor Sayalı Sadıqova, dosent Şəbnəm Həsənli-Qəribova), “Rus-Azərbaycan-ingilis dillərində metropoliten terminləri lüğəti” (tərtibçi Fuad Tağızadə), “İzahlı mühasibatlıq terminləri lüğəti” (tərtibçilər: dosent Pərvin Muxtarova, professor Yusif Əhmədov, professor Cəmilə Namazova, dosent Mehman Məzahir Hüseynov), “Texnoloji terminləri lüğəti” (tərtibçi: Elsevər Baba oğlu Fərzəliyev) “Fizioloji terminlər lüğəti (rusca, ingiliscə, azərbaycanca)” (tərtibçilər: AMEA müxbir üzvü R.Y.Qasımov, b.e.d., prof. U.F.Haşımova, b.ü.f.d. Q.M.Palatnikov, t.ü.f.d. A.A.Qaysina, b.ü.f.d. Ş.B.Hüseynov, b.ü.f.d. N.R.Bağırova) müzakirə olunmuşdur.
Terminologiya Komissiyasının qərarı ilə “Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti” nəşr olunmuşdur. Müstəqillik illərində türk xalqları arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişafı üçün mühüm şərait yaranmış, türk dilləri arasında əlaqələr artmış, müxtəlif elm sahələrinin inkişafında inteqrasiya prosesi sürətlənmişdir. Türk xalqlarının bir-birinə yaxınlaşmasında, ictimai-siyasi, elmi-mədəni baxımdan həmrəy olmasında dil ünsiyyəti mühüm faktordur. Türk dillərində dilçilik terminlərinin yaranmasında hər bir dilin zəngin söz xəzinəsindən məqsədəuyğun şəkildə istifadə edilmişdir. Onların formalaşmasında dildaxili faktorların rolu böyükdür. Hər bir dilin zəngin söz xəzinəsi başqa sahələrdə olduğu kimi, dilçiliklə bağlı yeni terminlərin yaradılmasına da imkan verir. Bu nəzərə alınaraq, ilk dəfə “Azərbaycanca-türkcə izahlı dilçilik lüğəti” tərtib olunmuşdur. Lüğətin məqsədinə uyğun olaraq terminlərin izahında dəqiq, sadə izahlara üstünlük verilmişdir. Lüğətin tərtibi zamanı dilçilik terminologiyasında işlənən müxtəlif mənbəli terminlər toplanmış, onların mənası izah edilmiş, mənşəyi, mənbə dildəki mənası, əsas sözün mənasının aydın olması üçün misallar verilmişdir. Lüğətdə ortaq terminlər olduğu kimi saxlanılmışdır. Belə yanaşma terminlərin adlandırılması zamanı onların ilkin mənalarının nəzərə alınması zəruriliyini və etimologiyasını müəyyənləşdirməyə imkan verir.
Müasir dövrdə terminologiyada gedən prosesləri səciyyələndirən əsas cəhətlərdən biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır. Bu cəhət özünü dilçilik terminologiyasında daha qabarıq şəkildə göstərir. Ona görə də, lüğətə mənşəcə latın, yunan, eləcə də ingilis, fransız, alman dillərindən bu dillərə keçən beynəlxalq terminlər, yazılışca və mənaca eyni olanterminlər də daxil edilmişdir. Həmin terminlər izah edilərək onların dəqiq mənası verilmiş, bəzi terminlərdə oxşar mənalar isə olduğu kimi saxlanılmışdır. Lüğətdə türk dilində qarşılığı olmayan, nadir istifadə olunan terminlərin orijinaldakı formaları və həmin ifadələrin qısa izahlı qarşılığı verilmişdir. Tərtib edilmiş lüğətdə elmi-tədqiqat və tədris prosesində daha çox işlənən 1800 termin toplanmış, azərbaycanca-türkcə qarşılığı müəyyənləşdirilmiş və izahı verilmişdir. İlk dəfə izahlı “Azərbaycanca-türkcə izahlı dilçilik lüğəti” tərtib olunmuşdur. Lüğət, tərcümə lüğəti olmaqla bərabər, dilçiliyin bütün sahələrini əhatə elən termini və onların çoxsaylı törəmələrini özündə cəmləşdirir. Bu terminlər elmi əsərlərdə istifadə olunduğu kimi, leksikoqrafik mənbələrdə də (lüğətlərdə) öz interpretasiyasını bu və ya digər dərəcədə tapır. Lüğət ikidilli olduğundan orada əvvəlcə hər bir terminin azərbaycanca, sonra onların türkcə qarşılığı verilmişdir. Lüğət hər bir termini özlüyündə müstəqil leksik material və quruluşa malik “söz-məqalə” və onların müxtəlif forma və məzmunlu söz birləşmələrini özündə cəmləşdirir. Hər bir “söz-məqalə” xüsusi quruluşlu və geniş semantik məzmuna malik olan leksikoqrafik vahidlərin toplusundan ibarətdir. Lüğətin bütün materialları latın qrafikası əsasında sıralanır. “Söz-məqalə”nin əsas informativ elementi olan “baş” söz , hər bir “söz-məqalə”nin önündə durur. “Baş” sözdən sonra “baş” sözün, söz birləşməsinin önündə gələn törəmələri birinci, “baş” sözün ikinci və ya daha sonrakı mövqelərdə işlənən törəmələri isə ikinci halda işlənir. Fikrimizcə, hər bir lüğətin ən yaxşı cəhəti lüğətin sözlüyünün düzgün tərcümə olunmasından və lüğət materiallarının düzgün sıralanmasından ibarətdir. Bu qısa izahat vərəqini oxuyan hər bir oxucu yəqin ki, lüğətdən istifadə zamanı heç bir çətinliklə üzləşə bilməyəcəkdir. Lüğətin müsbət məziyyətlərindən biri də budur ki, orada hər bir terminin anlamı, terminoloji funksiyası haqqında geniş məlumat verilir. Lüğətin tərtibi zamanı dilçilikdə işlənən müxtəlif mənbəli terminlər toplanmış, mənşəyi, mənbə dildəki mənası izah edilmişdir.
Komissiyasının qərarı ilə nəşr olunan “Rus-Azərbaycan-ingilis dillərində metropoliten terminləri lüğəti”ndə bu sahədə istifadə olunan terminlər toplanmış və rus-Azərbaycan-ingilis dillərində qarşılıqları müəyyənləşdirilmişdir. Hazırkı dövrdə Azərbaycan Respublikasında xarici investisiya hesabına icra olunan inşaat işlərinin miqyasının artması nəticəsində bu işlərdə əsasən ingilis dilində terminlərdən istifadəni nəzərə alınaraq, rusca-azərbaycanca-ingiliscə metropoliten terminləri lüğətinin tərtib və nəşr edilməsi zəruri hesab edilir. Müasir dövrdə elmi-texniki tərəqqi, metropoliten vasitələrinin konstruksiyasına tətbiqi bu sahədəki terminlərin dinamik zənginləşməsini zəruri edir. Hazırlanmış terminlər lüğətinə 13000-dən (on üç min) çox termin və terminoloji birləşmə daxil edilmlşdir. Metropolitendə yeni texnika və texnologiyaların tətbiqi nəticəsində terminlər sisteminə daxil olmuş yeni məfhumlar və anlayışlar əsas götürülmüş və ana dilinin lüğət tərkibi hesabına yeni terminlər yaranmışdır. Lüğətin tərtibi prinsipi nəzərə alınaraq, metropoliten infrastrukturu ilə bağlı işlədilən və anlayışı özündə əks etdirən terminlərə geniş yer verilmişdir. Terminlərin Azərbaycan dilinə tərcümə prosesində onların tam ifadə olunmasına xüsusi önəm verilmiş, lüğətin tərtibində metropolitenin mürəkkəb infrastrukturu nəzərə alınaraq onun bütün sahələrinə aid, struktur bölmələri ilə əlaqədar digər əsas sahələrlə bağlı elm və texnologiya, informatika haqqında anlayış və terminlər lüğətə daxil edilmişdir. Lüğətin hazırlanmasında son illərdə nəşr olunmuş müxtəlif təyinatlı elmi-nəzəri ədəbiyyatlardan, təlimat və normativ sənədlərdən istifadə edilmişdir. Təqdim olunan termin və anlayışlara aid məqalələr əlifba prinsipi ilə (hər terminin adı rus-Azərbaycan, ingilis dillərində) verilmişdir. Belə yanaşma ədəbiyyatda rus və ya ingilis dilində rast gəlinən terminlərin Azərbaycan və ingilis dilində qarşılıqlarının düzgün müəyyənləşdirilməsinə kömək edir. Lüğəti tərtib edən zaman müəllif yeni anlayışların ifadəsi üçün alınma terminlərdən çox sözseçmə prinsipinə - dilin lüğət tərkibində işlənən, ya da kalka yolu ilə yaradılan terminlərə üstünlük vermişdir.
Dünyada və ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı ilə bağlı olaraq lüğətlərin ana dilində işlənib hazırlanması zərurəti yaranmışdır. Xüsusilə, müxtəlif mülkiyyət formalı müəssisələrdə, o cümlədən, xalq təsərrüfatının müxtəlif sahələrində, büdcə sahəsində, idarəetmə dövlət orqanlarında, kiçik biznesdə mühasibat uçotu ilə bağlı yeni terminlər yaranır. Bu nəzərə alınaraq Terminologiya Komissiyasının qərarı ilə “İzahlı mühasibatlıq terminləri lüğəti” nəşr olunmuşdur. Lüğətin tərtibi zamanı beynəlxalq uçot, mühasibat uçotunun nəzəriyyəsi və müxtəlif nəzəri məktəblərin fəaliyyətini əks etdirən anlayışlar, əmtəəşünaslıq, istehsalın təşkili və idarəedilməsi, statistika, büdcə, vergi və gömrük hüququ, maliyyə hesabatı, auditlə bağlı terminlər toplanmışdır. Lüğətdə uçot və maliyyə hesabatına dair beynəlxalq tələblər və mühasibat uçotunun hüquqi tənzimlənməsi haqqında, o cümlədən uçot standartları ilə bağlı terminlər də daxil edilmişdir. Anlayışların böyük qrupu vergi və ödəniş növləri, müxtəlif rüsumlar (gömrük, nəqliyyat, o cümlədən sığorta və sairə ilə bağlıdır) ilə bağlıdır. Tərtib olunan lüğətdə iqtisadiyyatın planlaşdırma, mühasibat uçotu, maliyyə - kredit, bank, sığorta, beynəlxalq valyuta-kredit, audit, informasiya, riyazi - iqtisadi üsullar, iqtisadi təlim və nəzəriyyələr və digər sahələri əhatə edən 7000-ə yaxın termin toplanmış və izahı verilmişdir. Terminlərin hər biri haqqında izah xarakterli konkret şərhin verilməsi oxucuya anlayış haqqında ilkin informasiyanı əldə etməyə imkan yaradır. Bununla yanaşı hər hansı bir termin həmin sahədə bir neçə mənada işlənirsə, onların hər biri haqqında ayrıca məlumat verilir. Eyni terminin iqtisadiyyatın müxtəlif sahələrində fərqli mənalarda işləndiyi halları da lüğətdə öz əksini tapmışdır.
Terminologiya Komissiyasının qərarı ilə nəşr olunan “Texnoloji terminlər lüğəti” (Elsevər Baba oğlu Fərzəliyev, Bakı, Turxan NPB, 2020, - 256 səh.) çoxdilli tərcümə lüğəti və qismən izahlı lüğət olmaqla texnologiya sahəsində işlənən terminləri əhatə edir. Lüğətə qida sənayesinin və bu sənaye sahəsi ilə sıx əlaqəsi olan kənd təsərrüfatı sahəsinin, xalq təbabətinin və səhiyyə sahəsinin müxtəlif bölmələrinə aid olan çoxsaylı terminlər daxil edilmişdir. Qida mühəndisliyi ixtisası üzrə “Texnoloji terminlər lüğəti” rus, Azərbaycan və latın dillərində tərtib edilmiş ilk lüğətdir. Bura daxil edilmiş bütün terminlərin Azərbaycan və latın dilində tərcüməsi verilmişdir.
Azərbaycan dilinin və onun ayrılmaz tərkib hissəsi olan elmi dilin inkişafı yeni terminoloji lüğətin yaradılmasını tələb edir. AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fiziologiyanın müxtəlif sahələrində çalışan yüksək ixtisaslı kollektivinin hazırladığı lüğət bu yolda mühüm addımdır. İnsan və heyvan fiziologiyası ilə bağlı ilk rusca-azərbaycanca lüğət 1960-cı ildə akademik Abdulla Qarayev və professor Məhərrəm Mustafayev tərəfindən tərtib edilmişdir. Sonrakı illərdə respublikanın bir sıra elm və təhsil müəssisələrində fiziologiya üzrə elmi tədqiqatlar geniş vüsət almışdır. Müxtəlif elmi istiqamətlər elmi terminlərin, xüsusilə fiziologiya sahəsində işlənilən terminlərin rus və ingilis dillərindən tərcümələrini ya hərfi, ya semantikası təhrif olunmuş şəkildə elmi leksikona gətirilmişdir. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlər haqqında AMEA Rəyasət Heyətinin 18 noyabr 2015-ci il tarixli, 17/1 saylı qərarının “Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi” bəndini əsas tutaraq fizioloji terminlərin yeni üçdilli (rusca, ingiliscə, azərbaycanca) izahlı lüğətinin tərtib edilməsi təklifini irəli sürmüşdür. Təqdim olunan “Fizioloji terminlər lüğəti” (rusca, ingiliscə, azərbaycanca)” elmi və tədris mənbələrində istifadə edilən terminləri özündə cəmləşdirir. Lüğətdə “fizioloji terminlər” dedikdə yalnız sırf fizioloji prosesləri əhatə edən terminlər deyil, həmçinin fiziologiya ilə əlaqəli olan tibb, biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika və s. elm sahələrindən olan və fiziologiyanın müvafiq bölmələrində işləklik qazanan 4 minə yaxın termin öz əksini tapmışdır. Rus dilində işlənən terminlər ingilis və Azərbaycan dillərində müvafiq ekvivalentləri və Azərbaycan dilində qısa elmi izahı ilə verilmişdir.
Elmi-texniki tərəqqi dövründə Azərbaycan dili dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilir, Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz ehtiyatı, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları qorunur. Çünki Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Bu bayrağı dünyanın əksər qitələrində yaşayan Azərbaycan xalqı yaşadır. Azərbaycan dili tarixən çox mürəkkəb bir regionda, müxtəlif sistemli dillər mühitində bütün əngəllərə baxmayaraq formalaşmış və inkişaf etmişdir. Hazırda da Azərbaycan dilinin keşiyində durmaq dövlət siyasətinin məqsədyönlü fəaliyyətinə çevrilmişdir. Müstəqil Azərbaycanda dövlətçiliyin əsas atributlarından olan Azərbaycan dilinin hakim dil kimi qorunub möhkəmlənməsində, daha da inkişaf etdirilməsində, əcnəbi dillərin, xüsusilə ingilis və rus dillərinin ünsiyyətdə rəqabət apardığı bir zamanda dilimizə qayğı daha da artırılmalıdır. Elmin bütün sahələrinə dair məlumata malik olmaq, milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, xalqın mənəvi sərvətlərini yaşatmaq hər bir azərbaycanlının borcudur.
Sayalı
SADIQOVA,
Terminologiya Komissiyasının
sədr müavini,
filologiya elmləri
doktoru, professor.
Respublika.- 2021.- 21 fevral.- S.1;2.