Görkəmli şəxsiyyətləri və
qədim məkanları ilə tanınan tarixi
Tuğ kəndi
Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. AZƏRTAC olaraq Azərbaycan Ordusunun işğaldan azad etdiyi şəhər və kəndlərimizdən mütəmadi reportajlar hazırlayır, ölkə və dünya ictimaiyyətini bölgənin mədəniyyəti, tarixi abidələri, təbiəti, eləcə də erməni işğalçıları tərəfindən 30 ilə yaxın dövrdə həyata keçirilən vandalizm barədə məlumatlandırırıq. Budəfəki səfərimiz qədim abidələri, gözəl təbiəti, zəngin təhsil ənənələri olan Tuğ kəndinədir.
Qısa məlumat: Xocavənd rayonunun Tuğ kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əsas özəlliklərindən biri onun Azərbaycan və dünya tarixi üçün xüsusi əhəmiyyətə malik məşhur Paleolit düşərgələri olan Azıx və Tağlar mağaralarının yaxınlığında yerləşməsi, kəndin ərazisində erkən orta əsrlərə aid bir neçə alban məbədinin olmasıdır. Tuğ kəndində işğala qədər əhali üzümçülük, taxılçılıq, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğul olub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana fəaliyyət göstərib. 1991-ci il oktyabrın 30-da ermənilər tərəfindən işğal edilən kənd Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları zamanı 2020-ci il noyabrın 9-da azad olunub.
Doğma yurda qayıdış
Sürücü avtomobili Tuğ kəndinin mərkəzində saxlayır. Bizimlə birlikdə gələn kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Yolboyu doğma kəndlərinin gözəlliklərindən, işğalaqədərki xoşbəxt günlərindən, xoş xatirələrdən bəhs edən sakinlər həyəcanlı idilər. Çünki 29 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri doğma yurda qədəm qoyurdular.
Kənd sakini Cəmil Bayramov yaxınlıqdakı evinə tələsir. Biz də onunla gedirik. Uçuq evin divarına yaxınlaşıb, “Bura bizim evimizdir, ermənilər dağıdıb”, - deyir. Sonra onun yanındakı ikimərtəbəli evi göstərir: “Bura isə Azərbaycan Xalq Cümhuriyyətinin nəqliyyat naziri Xudadat bəy Məlikaslanovun evidir. Sovetlər dövründə bu ev kolxoz idarə heyətinin binası kimi istifadə edilib. 1960-cı illərdə Məlikaslanovun ailə üzvləri evi geri qaytarıb təmir elədilər. Xudadat bəyin nəvələri yay fəslində gəlib qalırdılar. Görünür ki, işğaldan sonra evdə erməni ailəsi yaşayıb. Ev salamat qalsa da, quruluşu dəyişdirilib”.
Küçələrin, evlərin quruluşu və memarlıq üslubu diqqəti cəlb edir
Tuğ kəndində küçələrin, evlərin özünəməxsus quruluşu və memarlıq üslubu diqqəti cəlb edir. Evlər, divarlar hamar qaya daşı ilə hörülüb. Dağlar, daşlar və yaşıllıqlar vəhdət təşkil edir. Qədim tikililərlə zəngin Tuğ kəndində insan özünü başqa zamanda, başa dünyada hiss edir.
İşğala qədər Qarabağın ən abad yaşayış məntəqələrindən olan Tuğ kəndi sanki keçmişdə qalıb. İşğal dövründə burada ermənilər yaşasalar da, kəndin inkişafı üçün heç bir iş görülməyib. Əksinə, hər tərəf xarabalıqları xatırladır. Azərbaycanlılara məxsus evlərin çoxu dağıdılıb.
Cəmil kişi ilə söhbət edə-edə kəndi gəzirik. “Bu görünən dağılmış bina mənim nənəmin evi idi. Evin yanındakı yanmış bina isə məktəb olub. Səkkiz il bu məktəbdə oxumuşam. Məktəbin ətrafındakı evlər Səlim bəyin, Astan bəyin və Mehdi bəyin evləri olub. O görünən bina isə mədəniyyət evi idi. Orada respublikamızın tanınmış musiqiçiləri vaxtaşırı konsert verirdilər. Ermənilər mədəniyyət evinin binasını da dağıdıblar. Bu isə qədim Alban məbədidir. Ermənilər məbəddə rekonstruksiya işləri aparıb, özününküləşdirmək istəyiblər...”.
1988-1991-ci illər - təzyiqlər, təqiblər və işğal...
Cəmil Bayramov söhbət zamanı bildirdi ki, kənddə azərbaycanlılarla ermənilər bir yerdə yaşasalar da, 1980-ci illərin sonlarına qədər milli zəmində heç bir insident olmayıb. 1988-ci ildən başlayaraq kəndə ayaq açan “Krunk”, “Daşnaksütyun” təşkilatlarının üzvləri erməni əhali arasında təbliğat aparır, təxribatlar təşkil edirdilər. Kənddə ilk qanlı hadisə 1989-cu il noyabrın 17-də törədildi. 9-cu sinif şagirdi Teyyub Süleymanov məktəbdə ermənilər tərəfindən qətlə yetirildi. Ermənilər getdikcə daha da azğınlaşırdılar. Azərbaycanlıların evlərini daşlayır və yandırır, kənddə Ermənistanın bayrağını asırdılar. 1991-ci il mayın 1-də “Dəyirmana bənd” deyilən yerə ermənilərin qoyduğu partlayıcının partlaması nəticəsində iki kənd sakini həlak oldu. İyulun 23-də iki sakin avtomobil yuduqları zaman odlu silahla qətlə yetirildi. Ermənilər onların meyitləri üzərində qeyri-insani hərəkətlər də etmişdilər. Sentyabrın 7-də məktəbdən aşağıdakı bostan sahəsində iki nəfər öldürüldü. Oktyabrda azərbaycanlılara məxsus bir neçə ev yandırıldı, 1 nəfər evində öldürüldü. Nəhayət ermənilər oktyabrın 30-dan 31-nə keçən gecə meşə tərəfdən kəndi atəşə tutmağa, Azərbaycanlılar yaşayan evləri yandırmağa başladılar. Köməksiz sakinlər kəndi tərk etməli oldular. Beləcə, kənd də işğal edildi.
135 yaşlı Tuğ kənd məktəbi
Kənd sakini Vahid Göyüşovla Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından olan Tuğ məktəbinin ermənilər tərəfindən yandırılmış binasının qarşısında söhbət etdik. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik ediblər. Fəaliyyət göstərdiyi 135 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş edib. Məktəbin görkəmli məzunlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol, poçt və teleqraf naziri, parlamentin üzvü olmuş, sonrakı illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş texnika elmləri doktoru Xudadat bəy Məlikaslanovdur.
Tuğ məktəbinin məzunlarından olan Vahid Göyüşov bildirdi ki, uşaqlığı, gəncliyi bu kənddə keçib. “Gördüyünüz bu dağılmış məktəbdə təhsil almışam. 8-ci sinfə qədər bu məktəbdə, 9-10-cu sinifləri isə başqa məktəbdə oxumuşuq. Məktəb 1978-ci ilə qədər köhnə binada fəaliyyət göstərib. Ulu Öndərin Sərəncamına əsasən 1975-1978-ci illərdə Tuğ kəndində müasir tipli yeni məktəb binası inşa edildi. Ermənilərlə eyni məktəbdə, amma ayrı-ayrı siniflərdə dərs keçirdik. Qarabağda erməni separatizmi başlayanda ermənilər bir azərbaycanlı şagirdi bıçaqla qətlə yetirdilər. Bundan sonra azərbaycanlı şagirdləri başqa binaya köçürdülər. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi işğal ediləndən sonra köhnə məktəbin binası gördüyünüz kimi, ermənilər tərəfindən yandırılıb. Allaha şükürlər olsun ki, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində kəndimiz işğaldan azad edildi və mən bu gün öz doğma yurduma gəlmişəm. Əminəm ki, tezliklə kəndimizdə həyat yenidən qayıdacaq”.
Qədim Tuğ kəndindən fotoları təqdim edirik.
AZƏRTAC
Respublika.- 2021.- 23 fevral.- S.6.