XOCALI SOYQIRIMI

 

Hər il Qüdsdə (Yerusəlim) Xolokostun, yəhudi soyqırımının ildönümünü qeyd edirlər. Dünyanın əksər ölkələrinin nümayəndələri bu məclisdə iştirak edirlər. Ermənistandan gələn nümayəndələr də olur. Onlar bir qayda olaraq çıxış üçün fürsət axtarıb qondarma erməni soyqırımı haqqında yeni yalanlar uydurmağa çalışırlar. Amma onların arzusu gözündə qalır. Çünki anım mərasimləri Xolokost qurbanlarının əziz xatirəsinə həsr olunur. Üstəlik yəhudilər öz soyqırımlarından başqa soyqırımı, xüsusən də qondarma erməni soyqırımını yaxına belə buraxmaq istəmir. Onlar eyni sözləri Xocalı soyqırımı haqqında da deyir, amma Xocalıda baş verən vandalizmə daha böyük ürəkağrısı ilə yanaşırlar. Çünki XIX əsrdən başlayaraq heç bir müharibə və yaxud qarşıdurmada qarşı tərəfin qulağını, başını kəsib skalpını (alın dərisini) qənimət kimi götürməyiblər. Hamilə qadınların döşlərini kəsib, qarnını yarıb hamiləliyini süngüyə taxmayıblar. Amma erməni faşistləri bunu edib. İndi çoxları bu fikirdədir ki, faşizm ideyaları nə İtaliyada, nə də Almaniyada yaranıb, faşizmin vətəni elə Ermənistandır.

Rusiyalı məşhur yazıçı A.Proxanov “Rossiya-1” kanalının “İmperiyanın əsgərləri” verilişində Dağlıq Qarabağ hadisələri başlayana qədər azərbaycanlıların kompakt yaşadığı Qafan rayonunda gördüklərindən bəhs edərək deyir ki, “mən ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin canlı şahidi oldum. Onlar azərbaycanlılara min bir təzyiqlər edir, onları öz doğma torpaqlarından qovurdular. Bu etnik təmizləmələrin ilk mərhələsi idi. Azərbaycanlılar - körpə uşaqlı analar, qocalar, kişilər qarlı dağ yollarında dona-dona Azərbaycana üz tutmuşdular. Bunları görmək dəhşət idi. Sonra iki xalq arasında dəhşətli müharibə başladı. Qorbaçov bu qanlı hadisələri dayandıra bilərdi. Hətta Xocalı qırğınını da. Bu onun tərəfindən yol verilmiş böyük cinayət idi”. Bəli, nə ermənilərin Qarabağ iddiası, nə də Xocalı soyqırımı olmaya bilərdi. Moskvanın, Qorbaçovun ermənipərəst siyasəti və bir də o vaxtkı rəhbərliyimizin siyasi iradəsizliyi olmasa idi. Dərin ürəkağrısı ilə qeyd etməyə bilmirsən. Ermənilər rusların 366-cı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdikdən sonra bu vəhşilikləri lentə alaraq bütün dünyaya müsəlman azərbaycanlıların xristian ermənilərə qarşı vəhşilikləri adı altında yayırdılar. Azərbaycanın o zamankı rəhbərliyinin göstərişi ilə Mərkəzi İnformasiya Agentliyi isə baş verənləri malalayaraq elə bir ciddi hadisənin baş vermədiyini, hərbi toqquşmalar nəticəsində 4 azərbaycanlının həlak olması haqqında yazırdı. Amma məsələnin daha ibrətamiz tərəfi ondadır ki, ermənilərin bu təbliğat həyasızlığının nümunəsi olan videoçarxı alan o zamankı Roma papası II İohan Pavel dərin bir sarsıntı içərisində ermənilərə yazırdı: “Sizlərin xristian dünyasının forpostu kimi xristian dəyərləri uğrunda necə fədakarlıqla mübarizə apardığınızdan vəcdə gəldim. Ümid edirəm ki, heç olmasa bir gün həmin torpaqlara gəlib bu əzəmətli mübarizəni aparan qəhrəmanlarının əziz xatirələri önündə baş əymək səadəti mənə nəsib olacaq”. Bu qoca Papa əsl həqiqətləri bildikdən sonra belə Azərbaycan xalqından üzr istəmədi. Hətta Azərbaycana səfər etməsinə rəğmən.

Bu yerdə o zamankı SSRİ prezidenti M.Qorbaçovun, Kreml siyasi elitasının, Sovet ordusu və onun yerlərdəki hərbi hissələrinin adını çəkmədən keçinmək olmur. Çünki onların bu dəhşətli qırğına görə ya siyasi məsuliyyətləri, ya da birbaşa cinayət xarakterli rolları var. Məsələn, o zamankı müdafiə naziri G.Yazov bu yaxınlarda verdiyi müsahibələrindən birində M.Qorbaçovun Ermənistanın mədəniyyət xadimləri ilə görüşünü xatırlayır və qeyd edir ki, o, S.Kaputikyanın Dağlıq Qarabağla bağlı növbəti ahu-zarına həvəslə qulaq asaraq “Siz yəqin ki, Artsaxı nəzərdə tutursunuz” replikasını atıb. M.Qorbaçovun bu replikasından vəcdə gələn bu qoca şovinist “Siz hətta Qarabağın tarixi adını da bilirsiniz” deyərək bu təftişçi baş kommunistə təzim edir. Yəqin ki, Raisa Qorbaçova orada olsaydı daha ürəkbulandırıcı sözlər söyləyərdi. Bu səbəbdən də onların bu və digər sözləri Xocalı soyqırımına aparan yollar barədə müəyyən ipucları verir. Bu ölkənin sözdə demokrat kommunisti B.Yeltsin Dağlıq və bütün Qarabağda erməni dərəbəyliyinin baş alıb getməsinə nəinki siyasi, həm də hərbi dəstək verib. Bu səbəbdən onların hamısının hərəkətləri 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətlərinin qarşısının alınmasına və cəzalandırılmasına dair” Beynəlxalq Konvensiyanın təsiri altına düşür. Həm o zamankı SSRİ qanunvericiliyində, eləcə də suveren ölkəmizin qanunvericiliyində ali rəhbərliyin milli münaqişələrin qarşısının alınmasında vəzifə məsuliyyətsizliyi də ciddi cinayət tərkibi yaradır. Amma əsl günahkarlar hələ də azadlıqdadır.

Keçək Xocalı soyqırımında Sovet Ordusunun iştirakı məsələsinə. Əlbəttə baş rolda o zaman Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alay idi. İlk dövrlərdə muzdlu rus əsgəri xidmətlərindən yararlanan ermənilər, sonradan bu cinayət şəbəkəsini daha da genişləndirərək beynəlxalq muzdlu dəstələri də onların sıralarına qatırlar. Bu torpaqlarda dislokasiya olunan rus qoşunları və muzdlu dəstələr azərbaycanlılara qarşı əməliyyatlardan milyonlarla rubl pul qazanırdılar. Dinc əhaliyə qarşı qırğınlarla barışmayaraq ağ bayraq qaldırıb azərbaycanlılar tərəfə keçən 366-cı alayın 3 əsgərinin verdiyi məlumata görə:

1) Azərbaycanlıların yaşayış məntəqəsinə 1 top atəşi - 1300 rubl,

2) BTR-in bir gecəlik icarəsi - 5 min rubl,

3) Piyadaların Döyüş Maşını - PDM-dən ibarət 6 döyüş qrupunun bir hərbi əməliyyatı üçün - 1 milyon 500 min rubl,

4) Kiçik rütbəli zabitlərin təlimatlarına - 4 min rubl və sair ödənilirdi...

Bəli, Rusiya ilə İran arasında “Gülüstan” (1813), “Türkmənçay” (1828) sülh müqavilələrindən sonra rusların köməyi ilə Qarabağa köçürülən ermənilər Sovet hakimiyyəti illərində Zəngəzur və bir sıra Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsinə nail olduqdan sonra dəfələrlə Dağlıq Qarabağı da həmin ərazilərə qatmağa cəhd etmiş, lakin nail ola bilməmişlər. Ancaq Qorbaçov “perestroykası” onların əl-qolunu əməlli-başlı açdı. Xaç ataları R.Koçaryan və A.Melkumyan olan bədnam “Krunk” (Durna), “Miatsum” (Birlik) hərəkatlarının ilk mitinqləri sonradan rusların da yaxından köməyi ilə Azərbaycana qarşı əsl təcavüzə çevrildi. Xocalı soyqırımı bu qanlı təcavüzün zirvəsi oldu. XXI əsrdə ilk soyqırımı hadisəsi belə baş verdi.

Ötən əsrdə ermənilər Xocalını yer üzündən silmək üçün üç dəfə soyqırımı həyata keçiriblər. 1905-1906, 1917-1920 və nəhayət 1992-ci illərdə. Dünya tarixində belə bir hadisə görünməyib. Ermənilər hədəf kimi niyə məhz Xocalını seçirdilər? Niyə ermənilər Azərbaycanın torpaqlarını özününküləşdirmək üçün birinci növbədə Xocalını yer üzündən silmək istəyirdilər? Ona görə ki, bütövlükdə Dağlıq Qarabağ, o cümlədən də Xocalı Azərbaycanın mədəniyyət tarixidir. Belə ki, bura 3500 il yaşı olan abidələr, kurqanlar, yüksək sivilizasiyadan xəbər verən saxsı qablar, silahlar, qızıl-zinət əşyaları, şüşə parçaları ilə məşhur idi. Bu şəhərdə eradan əvvəl XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi, son bürünc və ilkin daş dövrünə aid dəfn abidələri - sandıq qəbirlər, kurqanlar və nekropollar tapılmışdı. Bu gün də həmin bölgənin Azərbaycana məxsusluğunu saysız-hesabsız tarixi və mədəniyyət abidələri ilə sübut etmək olar. Bu soyqırımı ermənilərə bu torpaqların onlara aid olmadığını sübut edən faktlardan birdəfəlik xilas olmaq üçün lazım idi.

Ermənilər bu yaşayış məntəqəsini məhv etməklə bir tərəfdən Azərbaycan tarixinin önəmli səhifələrindən birini silməyə, digər tərəfdən işğal planlarını həyata keçirmək üçün qarşılarındakı ən böyük maneəni aradan qaldırmaq, azərbaycanlıların müqavimət ruhunu sındırmaq istəyirdilər. Çünki Xocalı həm də strateji baxımından çox əhəmiyyətli mövqedə yerləşirdi. Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən Laçın rayonuyla həmsərhəd idi. 946 kvadratkilometr ərazisinin 40 faizi meşəlik olan Xocalı rayonunun qərb sərhədi boyunca Kiçik Qafqaz dağları uzanırdı. Rayonun ən yüksək zirvəsi 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlüyü olan Qırxqız dağlarıydı. Rayonda 100 çarpayılıq xəstəxana, 28 tibb məntəqəsi, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub, 37 kinoqurğu vardı.

Ən əsası isə Xocalı Ağdamdan Qarabağın tacı olan Qalaya - əzəmətli Şuşaya gedən yolun üstündə, Xankəndinin 10 kilometrliyində yerləşirdi. Ermənilər Şuşaya həmlə etmək istəyəndə sinəsini qabağa verən Xocalı olurdu - Xankəndi istiqamətində atəş açmaqla düşmənin irəliləməsini əngəlləyirdi...

Xocalılılara qarşı ilk erməni qətliamı ötən əsrin əvvəllərində başlayır. Rusiyadakı 1905-1907 inqilabının yaratdığı hərc-mərclikdən yararlanan ermənilər yenə Qarabağda azərbaycanlılara qarşı qətliamlara başladılar. Səbəb kimi də Şuşa şəhərindəki Cıdır düzündə at çaparkən yıxılıb üz-gözündən xəsarət almış ermənini erməni məhəllələrində gəzdirilərək onun türklər tərəfindən bu hala salınması haqqında yayılan şayiələr oldu. Bu dəfə də hədəf kimi təkcə Şuşa azərbaycanlıları deyil, Xocalı da seçildi. Aylarla davam edən vəhşi hücumlarla bu kəndi yerlə-yeksan etməyə çalışdılar. Amma qəhrəman xocalılılar müqavimət göstərib kəndlərini qoruya bildilər.

10 il sonra, yəni 1917-ci ildə ardıcıl davam edən rus inqilablarının yaratdığı qarışıqlıqlardan istifadə edən ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı yenə də Xocalıdan başladı. Qırğınlardan yenicə özünə gəlməyə başlayan Xocalı 1917-20-ci illərdə bir daha qanına qəltan edildi. Türkiyənin Qars, İğdır, Cənubi Azərbaycanın Urmiya, Ərdəbil vilayətlərini, indi Ermənistan adlanan Qərbi Azərbaycanı və bütün Azərbaycanı əhatə eləyən bu qırğınların səbəbkarlarından biri Stepan Şaumyan xatirələrində yazırdı: “Biz ələ düşən ilk bəhanədən, atlı dəstəmizin üzərinə basqın cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim Bakı Sovetinin yaxşı silahlanmış 6 min nəfər əsgərimiz vardı. Üstəlik, Daşnaksütyun partiyasının 4 min nəfərlik silahlı milli hissələri də bizim sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində iştirakı bu müharibəyə milli qırğın xarakteri verdi. Lakin bu milli qırğından qaçmaq mümkün deyildi...”

Stepan Şaumyanın “qaça bilmədiyi” bu milli qırğınların ümumi nəticəsi olaraq yüz minlərlə Azərbaycan türkü qətlə yetirildi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlanan dövlət yaradıldı və bu torpaqlarda yaşayan yarım milyondan çox Azərbaycan türkü amansızlıqla qətlə yetirildi. Bütünlüklə, Qars, İğdır, Urmiya, Ərdəbil, Qərbi Azərbaycan, Qarabağ da daxil olmaqla Azərbaycanın əksər əyalətlərini əhatə edib Bakı və Qubaya qədər uzanan ermənilərin azərbaycanlılara qarşı soyqırımında 2 milyondan çox insan qətl edildi. Buraya 1828-ci ildən başlayaraq 5 dəfə həyata keçirilən deportasiya qurbanlarını da əlavə etsək erməni qətliamlarının qurbanlarının sayı 2,5 milyona çatar. 1905-1920-ci illərdə azərbaycanlılara qarşı bu terroru rus hərbi birləşmələrinin tərkibində olan 100 minlik “Zinavrlar” ordusu, “Çetnik” və “Xmbabet” hərbi-terror dəstələri, rus silahlarıyla silahlandırılan Andranikin “könüllülər korpusu” və daşnakların 40 minlik silahlı qüvvələri həyata keçirmişdilər...

1920-ci ilə qədər olan bütün bu qırğınlardan - dəfələrlə törədilən yanğınlardan, qırğınlardan sonra da Xocalını yer üzündən silmək mümkün olmadı. Xocalı yenidən insan nəfəsilə isindi, genişləndi, böyüdü, şəhərə çevrildi.

Sonuncu, üçüncü həmlə isə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verdi. Bu dəfə 7 min nəfərlik Xocalı şəhərini ermənilər bütövlükdə məhv eləməyi bacardılar, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi, uşaq, qadın, ağsaqqal, ağbirçək demədən hamısını qırdılar, qətlə yetirdikləri insanların meyitlərini təhqir etdilər. Bütün bu vandalizm aktları Rusiyanın 366-cı motoatıcı alayının fəal iştirakı ilə həyata keçirildi. Erməni hərbi birləşmələri ilə sıx münasibətdə olan 366-cı alayın komandiri Zarviqorov Yuri “yardımına” görə məzənnələr də müəyyənləşmişdi. Son əməliyyata isə ermənilər daha çox vəsait xərcləməli olmuşdular. 1992-ci il fevralın 16-da komandir Zarviqorovun razılığı ilə 366-cı alayın nəzdində “Klukin, erməni cəbhəsi” adlı rota yaradılır. Rotanın əsgərləri Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları tərəfindən göndərilən ermənilərdən, silahları isə 366-cı alayın texnikasından ibarət olur. Bu rotaya Xaçik Vartanyan adlı qaniçən başçılıq edir. Fevralın 17-də isə Livandan gətirilən “muzdlu” qızlardan ibarət “Şuşanik” snayperlər dəstəsi yaradılır və alayın tərkibinə qatılır.

Bütün hazırlıqlar Xocalını məhv etməyə yönəlmişdi. Ancaq bu hazırlıqlara baxmayaraq, ermənilər Xocalıya döyüşə-döyüşə girməyə cəsarət etmədilər.

Xocalıya hücumu 366-cı alay həyata keçirdi. Fevralın 25-də, gecə saat 23 radələrində alay 11 istiqamətdən - Həsənabad kəndindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən, Qarqar çayının sol və sağından, Daşbulaq və Norqux yollarından, Daştəpə, Bozdağ və Əsgəran tərəflərdən Xocalıya hücuma keçdi. “Qrad” və “Uraqan” raket- artilleriya qurğularının güclü atəşi ilə müşayiət olunan bu hücumun qarşısında cəmi 12 avtomatı olan 30 nəfərlik özünümüdafiə batalyonunun əsgərləri və təyyarə limanını qoruyan 50 nəfərlik milis işçiləri dayana bilmədilər. Ətraf aləmdən tamamilə təcrid olunan Xocalını 366-cı motoatıcı alay işğal etdi, onların ardınca gələn erməni hərbi birləşmələri isə yerli əhaliyə qarşı qırğınlar törətməyə başladı...

Silahsız əhaliyə - qocaya, uşağa, hamilə qadına qarşı işgəncə rusların zabit şərəfini ləkələyən faktlar idi. Bu soyqırımı nəticəsində 613 nəfər şəhid oldu, onlardan 56 nəfər xüsusi qəddarlıqla və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə başsız qaldı. 1275 nəfər əsir düşdü. Öldürülənlər arasında qulağı kəsilənlər, başının dərisi soyulanlar vardı.

Xocalı bir əsrdə üçüncü dəfə erməni vəhşiliklərinin qarşısında aciz qaldı və əvvəlkilərdən fərqli olaraq, bu dəfə ayağa qalxa bilmədi.

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi “Məxfi arayış”ında yazır: “Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”. Amma bu birinci ləkə deyildi...

Ədalət naminə deyilməlidir ki, dünya mətbuatında da ermənilərin bu vəhşiliyi geniş işıqlandırılırdı. Məsələn, Fransanın “Krua İ-Evenaman” jurnalı 29 fevral 1992-ci il sayında yazırdı: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər”. Yenə Fransanın “Le Mond” qəzeti 14 mart 1992-ci il) tarixli sayında yazırdı: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.

İngiltərənin “Sandi-tayms” qəzeti 1 mart 1992-ci il tarixli sayında “Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər”. “Faynenşl tayms” qəzeti isə 9 mart 1992-ci il tarixli sayında “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar... Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Qəzetin 4 mart 1992-ci il sayında yer alan məlumatda azərbaycanlıların çoxunun meyitinin eybəcər hala salınması, körpə qızın ancaq başının qalması faktı qeyd olunur. İngiltərənin “Valer aktuel” jurnalı (14 mart 1992-ci il): Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər...

Rusiya qəzetləri də baş verənlərə münasibət bildiriblər. “İzvestiya” qəzeti 4 mart 1992-ci il tarixli sayında yazırdı ki, “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür.

Həmin qəzet 13 mart 1992-ci il sayında mayor Leonid Kravetsin fikirlərinə yer verir: “Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

“İzvestiya” qəzetinin hadisə yerinə gələn müxbiri V.Bellax isə müşahidələrini belə qeyd etmişdi: “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi... Xocalıda bir-birinin üstünə qalaqlanan və od vurulub yandırıldığı, traktorla kürünərək dərəyə yuvarladıldığı barədə məlumat verilən insanların itkin düşən xocalılılar olduğunu söyləyirdilər”.

Bu faktları dünya ictimaiyyətinə çatdıran xarici qəzet və jurnalların sayı yüzlərlədir. Dünya ictimaiyyəti bütün faktları bilməsinə baxmayaraq, yenə də işğalçını müdafiə etməkdə davam edir, Vətən müharibəsində öz torpaqlarını azad edən milli ordumuza, ölkəmizə olmazın böhtanlarını atırlar.

Qarabağ hadisələrinin provakatorlarından biri, türk dünyasının qatı düşməni başabəla yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında həyasızcasına yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Bu qandonduran hadisələri özünü yazıçı adlandıran, əslində insanlıq simasını itirmiş bir cani yazırdı.

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində müəllif Xocalı soyqırımından yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türkün) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi... Bütün bu rəzilliklərin qarşısında Ermənistanın baş naziri Paşinyan iddia edir ki, Xocalını ruslar törədib.

İndi biz bütün dünyanı inandırmaq istəyirik ki, ermənilər Azərbaycanın 20 faiz torpaqlarını işğal edib oradan 1 milyondan artıq insanı etnik təmizləməyə məruz qoyduqlarından müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu, 44 günlük müharibə dövründə həmin torpaqları azad etdi və mənfur düşməni tam təslim olmağa məcbur etdi.

Burada Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının dünya ictimai rəyinin məlumatlandırılmasına verdiyi töhfəni xüsusi qeyd etmək lazımdır. Məhz bu kampaniyanın nəticəsidir ki, ABŞ-ın 16 ştatının qanunvericilik məclisləri Xocalı soyqırımını tanıyıb, bir sıra ölkələrin parlamentləri, o cümlədən Türkiyə və Pakistan parlamentləri qırğını pisləyən qətnamələr qəbul edib.

 

Qabil HÜSEYNLİ,

Azərbaycan Texniki Universitetinin

professoru, fəlsəfə elmləri doktoru.

 

Respublika.- 2021.- 26 fevral.- S.6.