Xocalı: Yeni
araşdırmalar, məlum olmayan həqiqətlər
(Respublika Hərbi
Prokurorluğunun erməni terroruna qarşı
apardığı istintaq materialları əsasında
politoloqun təəssüratı)
Respublika Hərbi Prokurorluğunun apardığı tədqiqatlar dünyaya kimin kim olduğunu bir daha açıb göstərir, əsl terrorçuları və onların maliyyə mənbələrini, eləcə də onları dəstəkləyənlərin əsl xislətini ifşa edir. Ümummilli lider Heydər Əliyev xatırladır: “...Azərbaycan həmişə sülhün və ədalətin keşiyində olub. Bizim torpaqlarımız və insanlarımız hər cür terrora məruz qalıb. Azərbaycan Sizlərdən nə istəyir?.. İstəyir ki, hər kəsi öz adı ilə çağırasız. Terrorçu dəstələrin siyahısı hazırlanarkən, ermənilərin bir qayda olaraq, törətdikləri cinayətlərin əsl mahiyyəti açılıb, göstərilsin. Mən Konqres kitabxanasında Amerika xalqı üçün bir kitab qoydum. İstərdim xalq o kitabı oxusun... O həqiqəti, Xocalı ədalətini, Qarabağ həqiqətini dərk etsin”.
Bu kitab Azərbaycan Respublika hərbi prokurorluğunun materialları əsasında hazırlanmış və Avropa Şurasının deputatları arasında paylanılan “Genosid... Ekosid” adlı kitab idi.
Kitabda qoyulan mövzunun yaddaşlardan silinməyən uzun bir tarixi olsa da, bu mövzuya yanaşma xətti, onun ideyası yenidir. Artıq dünyada özünə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun Vitse-Prezidenti, Fondun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” çağırışına münasibət əvvəlki illərdən tam fərqlidir və həmişə yenidir.
Erməni terrorçuları işğal etdikləri Azərbaycan torpaqlarında, Dağlıq Qarabağın yaşayış məntəqələrində, xüsusilə Xocalı ərazisində kütləvi qırğınlarla törətdikləri genosidlə BMT sənədlərinin, Konvensiya və qərarların, layihə, müharibə və işgəncələr əleyhinə çıxarılan hökmlərin, direktivlərin üstündən saymazyana xətt çəkdilər. İnsan hüquqları ilə bağlı bütün beynəlxalq öhdəliklər tamamilə pozuldu. Xocalıda pozulan insan hüquqları sahəsindəki beynəlxalq normativlərə gəlincə, onlar belə qeyd edilir: - İnsan hüquqları sahəsində əsas baza prinsiplərini əks etdirən beynəlxalq müqavilələr. Məsələn, BMT Nizamnaməsi; 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamə; BMT Nizamnaməsinə müvafıq olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il tarixli Bəyannamə; 1975-ci il tarixli ATƏM-in Helsenki Yekun Aktı və s;
Düşmən bizim üçün sürgünlər təşkil etsə də, bizləri, övladlarımızı, ailələrimizi diri-diri yandırsa da, kütləvi qətliamlar törətsə də, canımızdakı və qanımızdakı “Vicdan”, “Namus”, “Millət”, “Torpaq”, “Şərəf”, “Ləyaqət”, “Ədalət”, “Kişilik”... sözlərini çəkib çıxara bilmədi... Qeyd edim ki, bu sözlərin hər biri Beynəlxalq terrora və onun bir qolu olan erməni terroruna qarşı mübarizədə ən ciddi səngərdir. Mən ulu öndəri və onun ən layiqli siyasi varislərini məhz bu məğlubedilməz səngərdə görürəm. Fikrimcə, dünyada elə bir ikinci nəsil yoxdur ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi ilə yanaşı orada beş nəfər elmin, təhsilin və tərbiyənin ən yüksək pilləsində dayanaraq “Akademik” kimi şərəfli bir adı daşısın. Varmı? Hələ ki yoxdur... (Şübhəsiz, bütün bunlara düşmən heç vaxt sevinməz). Bu gün bu siyasi elita itirilmiş torpaqlarımız uğrunda, yandırılan və viranə qalan Xocalı haqqında, ümumən Dağlıq Qarabağ haqqında, köçkün və qaçqın insanlar haqqında, tökülən şəhid qanı haqqında... ədalət prinsipilə beynəlxalq kürsülərə yol alıb. Onlar dünyaya anlatmaq istəyirlər ki, yer üzündə, bəşəriyyətə nəfəs verən, ona dayaq olan bir söz də var: “Ədalət”. Hələ ki, bu söz düşmən lüğətində yox dərəcəsindədir. Olsaydı onlar bu amansız, qatı cinayətləri törətməzdilər. Mənim fıkrimcə, alimlərimiz, tədqiqatçılarımız, elm adamlarımız Azərbaycanın Şərəf və Ləyaqəti uğrunda vuruşurlarsa, ağsaqqallarımız və ağbirçəklərimiz, qadınlarımız kişilərimizlə birlikdə Namus və Kişilik uğrunda döyüşlərə atılıblarsa, cavanlarımız, gənc oğlan və qızlarımız ilə Ədalət və Torpaq uğrunda mübarizədə meydanlardadır. Geriyə yol yox dərəcəsindədir. Bu yolu isə Azərbaycana ulu öndər və onun ən layiqli siyasi varisi İlham Əliyev açdı.
Yolun başlanğıcında, ən çətin, keşməkeşli cığırlarında, sıldırımlı, buzlu-qırovlu qayalarında isə... Ulu Öndərimiz Heydər Əliyevin özü dayandı... Mən hərbi prokurorların istintaq materiallarını, araşdırmalarını oxuduqca hiss edirdim ki, onlar düşmənə qarşı, satqınlara qarşı amansız, barışmayan bir strategiya ilə hücuma keçiblər.
Xocalı soyqırımını bağışlamaq heç cür mümkün deyildi. Prezident İlham Əliyev hər çıxışında, hər görüşündə irqindən, dinindən və dilindən asılı olmayaraq təkrar-təkrar xatırladırdı: “...Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min azərbaycanlı şəhid olmuş, 22 minə qədər adam yaralanmış, bir milyona yaxın adam isə qaçqın düşmüşdür. İndi qaçqınlarımızın, məcburi köçkünlərimizin sayı bir milyondan artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz viran olmuşdur... Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı faciələrin qarşısının alınmasında, o cümlədən, Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın ozamanki rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar... Faciə haqqında dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlık və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər...”
Bu çağırış gələcək nəslə əsl xəbərdarlıq idi. Düşmən bu xəbərdarlıqdan həmişə qorxub. Məhz buna görə də, Xocalı soyqırımını təsdiq edən fakt və sənədləri təkzib etmək üçün ABŞ-ın və Fransanın erməni diaspor təşkilatları hələ 2003-cü il fevralın 26-da Vaşinqtonda bir araya gələrək, iş adamlarını və siyasətçiləri özündə birləşdirən “Xüsusi komitə” yaratdılar. Komitə üzvlərinin vəzifəsi, əsasən, beynəlxalq miqyasda Xocalı ilə bağlı baş verənləri təkzib etmək, bütün günahları Azərbaycanın üzərində saxlamaq idi. Amma alınmadı. Millət artıq oyanmışdı. O, indi ağı qaradan seçə bilirdi. O vaxt dünyanın ən məşhur telekanallarında, mətbuat səhifələrində bəşəriyyət üçün belə bir sual qoyulmuşdu: “Cənablar! Azərbaycanda nə baş verib?..” Və yaxud, “Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından, külü göyə sovrulan Xocalı olaylarından xəbəriniz varmı?..”
Amma dünya hələ də baş verənlərə biganə idi. Heç nə baş verməmiş kimi, hamı susurdu. Ölkə başçısı Xocalı faciəsinin bütün dünyada tanınması və ona beynəlxalq hüquqi-siyasi qiymətin verilməsilə bağlı, eləcə də bu faciənin təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmağın Milli Fəaliyyət Proqramını vermişdi. Bu proqramın həyatda öz təsdiqini tapması bir tərəfdən Xocalı müdafıəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuz, digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə bir daha təkrar olunmamasına xidmət edərdi.
Bu, ölkə başçısının qarşısında dayanan, onun taleyinə düşən tarixi bir missiya idi və o, bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirmişdi... Erməni separatçıları isə o vaxt və bu günün özündə belə tələsərək, dünyanm ən məşhur kitabxanalarında Xocalı faciəsini təsdiq edən kəşfıyyat sənədlərini, politoloqların açıqlamalarını, fotoşəkilləri, qovluqları ya məhv edirlər, ya da oğurlayıb aradan çıxarmaqla məşğul idilər. Maraqlı idi, bir ayın içərisində (2005-ci ilin aprel ayı) “böyük Ermənistan”ın ideoloqlarından olan Z.Balayanın dünyanın erməni mətbuatında 36 dəfə çıxışı verildi. Çünki o, qorxurdu. Bu gün də erməni siyasətçiləri tarixin və Azərbaycanda doğulan yeni nəsillərin üsyanından ehtiyat edirdilər. Və yaxud Kaliforniyanın Qlendil şəhər meri olmuş Ara Naçaryan ABŞ Prezidenti Barak Obama ilə bir kollecdə oxuduğundan istifadə edərək, Xocalı həqiqətlərini öyrənmək istəyən Prezidentə erməni diasporunun hazırladığı, hadisələri təhrif edən “Xocalı fotoalbomu” vermişdi. Kanadada erməni diasporunun orqanı olan “Abaqa” (“Gələcək”) qəzetində isə “Vətən yaddaşlarda” və “Qəriblər evi” cəmiyyətləri Xocalı hadisələrini ört-basdır etməyə cəhd edən ardıcıl yazılar verir, müsabiqələr keçirirdilər. Məsələn, məlumata görə, “Vətən yaddaşlarda” erməni cəmiyyətinin liderləri Avropa Şurasında təmsil olunan erməni millət vəkillərinə ünvanladıqları müraciətlərdə tələb edirdilər: “...Nəyin bahasına olursa-olsun, Siz Avropa Şurasının sənədlərindən “işğalçı” sözünü çıxarmağa çalışın. Bu da sizlərin erməni xalqı önündə ən böyük missiyanız olardı...”
Azərbaycanda böyük quruculuq işlərini və Ulu Öndərin siyasi proqramlarını, dövlətçiliyimiz üçün vacib olan ideyaları cəsarətlə həyata keçirən Prezident İlham Əliyevin Xocalı hadisələrinə yanaşma metodu zamanın tələblərinə uyğun olaraq, ardıcıl, kəskin və barışmaz oldu. Faktiki Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi Azərbaycanın yanacaq resurslarında gözü qalan Avropanın, Asiyanın, Amerikanın, Afrikanın və s. marağı olsa da, ədalətli yanaşma baxımından heç də asan məsələ deyildi. Dini və iqtisadi maraqların toqquşduğu, baş-başa dayandığı məqamlar hiss olunmaqda idi. Heydər Əliyev siyasi kursunun ən ləyaqətli varisi İlham Əliyev tərəfindən ardıcıl, zamanın tələblərinə uyğun olaraq cəsarətlə, şərəflə davam etdirilməsi erməni diaspor təşkilatlarını faktiki olaraq iflic vəziyyətində qoymuşdu.
Ermənilər bundan sonra dünyada anti-Azərbaycan təbliğatını daha da genişləndirmək məqsədi ilə yeni strateji taktiki seçimlər etmək zəruriyyətilə üzləşdilər.
Prezident İlham Əliyev isə Xocalı faciəsilə bağlı fıkirlərini bir daha açıqladı: “Haqq anı gəlib çatmışdır. Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə və ya təşkilat, beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan terrorizmdən çox əziyyətlər çəkmişdir. Ermənistanın təcavüzü başlandığı andan erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi terror aktları Ermənistan silahlı qüvvələrinin Azərbaycana genişmiqyaslı təcavüzünün əsas elementlərindən biridir. Bu terrorizmin nəticəsi kimi on minlərlə azərbaycanlı öldürülmüş, bir milyon adam qaçqın vəziyyətinə düşmüş, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur”.
Heydər Əliyev Fondunun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva isə tamam başqa bir missiyanı icra edir. O, artıq “Xocalıya Ədalət!” çağırışını ideoloji bir bazaya çevirmişdi. Bu çağırış, doğrudan da Beynəlxalq erməni terroruna qarşı mübarizədə güclü strateji bir model kimi diqqəti cəlb etdi.
Xatırladım ki, müəlliflərin ərsəyə gətirdikləri bu iki cildlik kitab elmi-tədqiqat əsəri kimi Beynəlxalq erməni terrorizminin vəhşiliklərini, cinayətlərini təsdiq və ifşa edən şahid ifadələri, sənədlər, sübutlar və faktlar toplusu kimi diqqəti cəlb edir. “Leyla Əliyeva: “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model”) adlı kitabı müəlliflərin vətəndaş yanğısıyla apardıqları gərgin elmi axtarışları, zəhmətləri sayəsində ərsəyə gətirib, dünya ictimaiyyətinə, tariximizə, gələcək nəsillərə təqdim etdikləri dəyərli töhfəsidir.
Həyat davam edir. “Xocalıya Ədalət!” artıq dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülümkarlığa, terrorçuluğa... qarşı mübarizəyə çağırır.
Azərbaycan tarixinin qan yaddaşından qarşımızdakı bu kitabların səhifələrinə köçürülmüş erməni şovinistlərinin müxtəlif dövrlərdə xalqımıza qarşı törətdikləri fıziki, mənəvi, ekoloji terrorlar faktlarını təsdiq edən sənəd və sübutlarla tanış olduqca, onlara qarşı nifrətimizi bir daha artırır. Bu tarixi vəhşilikləri, Xocalı soyqırımını törədən cinayətkarların və onların havadarlarının Beynəlxalq tribunallarda mühakimə edilib cəzalandırılmaları üçün qüvvələrimizi səfərbər edib, beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarımızı erməni təcavüzkarlarından azad etməliydik.
“Xocalıya Ədalət!” kampaniyasının yüksək səviyyədə təşkil edilib keçirilməsi nəticəsində bir çox dövlətlərdə haqq, ədalət naminə ictimai fıkrin formalaşması rəsmi dairələrdə də bu məsələyə tarixi həqiqətlər baxımından yanaşma zəruriyyəti yaradırdı. Azərbaycan Respublikası Prokurorluğunun tədqiqat materialları isə meydana sübut və dəlilllər qoymuşdu. “Ədalət” sözü müqəddəs kəlmədir. Misir ehramlarının birində hansısa bəşər övladı öz qanı ilə, kimlərdənsə öyrənib, əzbərlədiyi “Mən ədalət istəyirəm” ifadəsini yazmışdı...
Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində ermənilərin törətdikləri ağır cinayət faktları ilə bağlı prokurorluq və digər hüquq-mühafızə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlayaraq istintaq aparmışlar.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu “Xocalıya Ədalət!” çağırışı çərçivəsində Beynəlxalq təşkilatlarla daxildəki dövlət qurumları arasında əlaqələrin yaradılmasında, girov və əsirlərin azad edilməsində də xüsusi fəallıq göstərir. Bu işlərdə hərbi prokurorluğun əməkdaşlarını kənarda qoymaq olmaz. Fond öz nüfuzuna görə, artıq insanlarımızın ümid yerinə çevrilib. İstintaq materiallarına görə, Heydər Əliyev Fonduna 11 min adamın işgəncələrin tətbiq edilməsinə dair iddia ərizəsi təqdim olunub. Bu ərizələrin araşdırılmasına tibb müəssisələrinin həkim-ekspertləri, mütəxəssisləri ilə yanaşı, müvafiq dövlət qurumlarının səlahiyyətliləri də cəlb olunub. İnsanlara küt və möhkəm alətlə göstərilmiş təzyiq nəticəsində dərialtı yumşaq toxumaların və dərinin yarılması, cırılması və bərk əzilməsi daha tez bədənin çıxıntı şəklində olan hissələrində müşahidə olunub. Çünki dərinin küt alətdə dərialtı toxumaların altında olan sümük arasında sıxılması baş verib. Lakin kifayət qədər güclü təzyiq göstərildiyi üçün dərinin yarılması bədənin istənilən hissəsində müşahidə olunub. Asimmetrik çapıqlar, qeyri-adi sahələrdə çapıqlar və çapıqların diffuz yanması, bunlar hamısı erməni separatçılarının xocalılılara qarşı xəsarətlərin bilərəkdən yetirilməsinə dəlalət edir.
Yandırmalar elə bir işgəncə formasıdır ki, dərinin üzərində bərpaedilməz dəyişikliklər əmələ gətirir. Siqaretlə yetirilən yanıqlar çox vaxt uzunluğu 5-10 mm olan, hipopiqmentasiya mərkəzi və qeyri-dəqiq periferiyaya malik olan ləkələr şəklində, dəyirmi, yaxud oval çapıqlar qoyur. İşgəncələrə dair həm də siqaretlə yandırma üsulu ilə bədəndə şəkillərin çəkilməsi barədə faktlar var. Erməni terror birləşmələrinin əsir və girovuna çevrilmiş 8 min Xocalı sakini bundan əziyyət çəkir. Qızdırılmış əşya ilə yandırmadan sonra, nəzərəçarpacaq atrofik xarakterli çapıqlar görünür. Bu çapıqlar hipertrofık, yaxud hiperpiqmentasiyalı qıraq zonalar şəklində olan sərhədlərə malik zədənin yetirilməsi üçün istifadə olunan əşyanın formasına uyğun olurlar. Həkimlər qeyd edirlər ki, bu cür izi, məsələn, elektrik cərəyanı ilə qızdırılmış dəmir çubuqla, yaxud alışqan vasitəsi ilə qoymaq olar. Çapıqların sayı çox olduqda differensial diaqnostika aparmaq çətin olur. Öz-özünə yaranmış iltihab prosesində səciyyəvi qıraq zonalar olunur və yalnız nadir hallarda nəzərəçarpacaq şəkildə toxumanın itməsi müşahidə olunur. Yandırmalar həm də hipertrofik və keloid çapıqların əmələ gəlməsinə gətirib çıxara bilər.
Əsir və girov götürülmüş Xocalı qurbanlarının 3300 nəfərinin dırnaqları çıxarılıb. Dırnaq qundağının çıxarılması hallarında, sonradan əmələ gələn dırnaqlar nazik, deformasiyaya uğramış və lay-lay ayrılmış şəkildə olurlar. Dırnaqların çıxarılması hallarında, proksimal dırnaq yastığından toxumanın həddindən artıq böyüməsi baş verib ki, bu da dırnağın pteriqiumuna gətirib çıxarıb.
Xocalılıların bədənlərində iti əşya ilə yetirilmiş yaralar daha çoxdur. Belə yaralar o hallarda baş verir ki, dəri bıçaq süngü, şüşə qırığı kimi iti əşyalarla kəsilir. Ekspertlərin rəyinə görə, bura deşilmiş və kəsilmiş yaralar daxildir. Yaraların iti əşya ilə yetirilməsi, adətən yırtıq yaraların və çapıqların qeyri-bərabər yerləşməsindən müəyyən olunub və bu da fərqləndirici əlamət kimi xidmət edib.
Tədqiqat materiallarından göründüyü kimi, 2816 nəfər xocalılının sümüklərində salamat yer qalmayıb. Dindirmə prosesi zamanı əldə edilmiş materiallara görə, 514 nəfər xocalılının sümükləri sındırılıb, indi onlar şikəstdirlər. Sınıqların lokalizasiyası, forması və digər xarakteristikaları tətbiq edilmiş qüvvənin mahiyyətini və istiqamətini əks etdirib. Küt travmanın xarakterini və onun baş verdiyi vaxtdan keçən müddəti qiymətləndirərkən hipotetik mülahizələr göstərir ki, xəsarət yaş, cins toxumaların xüsusiyyətlərinə, insanın səhhətinə və travmaların ağırlığına görə fərqlənirlər.
Araşdırma materiallarında qeyd olunur ki, Xocalı qırğınlarında əsas işgəncə formalarından biri baş-beyin travmaları olub. Dəfələrlə alınmış baş travmaları, beyin qabığının atrofiyasına və aksonların diffuz zədələnməsinə gətirib çıxarıb. Travma yıxılma nəticəsində baş verdiyi halda, beyin zədələnir. Eyni zamanda, açıq travma nəticəsində də beyin silkələnməsi baş verir. Araşdırma materiallarına görə, 52 nəfər Xocalı əsiri elektrik cərəyanı ilə verilən işgəncədən öldürülüb. Elektrik cərəyanı bədənin istənilən hissəsinə birləşdirilmiş elektrodlar vasitəsı ilə verilir. Bu cür bədən hissələri, əsasən, əl pəncələri, ayaq pəncələri, əl və ayaq barmaqları, qulaqlar, məmələr, ağız, dodaqlar və cinsiyyət orqanları nahiyəsidir. Elektrik cərəyanı qısa yolla iki elektrod arasından keçir.
Erməni terrorçuları, quldur və soyğunçu dəstələri xocalılara elə işgəncələr veriblər ki, bəzən onları dilə gətirmək mümkün olmur.
Bütün bunlar Azərbaycan Respublikası Prokurorluğunun, Təhlükəsizlik orqanları və Daxili İşlər Nazirliyinin istintaq materiallarından götürülüb. AMEA-nın İnsan Hüquqları İnstitutunda isə Xocalı qırğınlarında ən adi insani hüquqları pozulmuş bu şəxslərlə ayrı-ayrılıqda dinləmələr olub. Heydər Əliyev Fondunun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” harayında beynəlxalq terrorun əzab və işgəncələrinə məruz qalmış bu kimi insanların haqlarının bərpasına və erməni terror dəstələrinin cinayət əməllərinin obyektiv araşdırılmasına ədalət tələb olunur.
Rövşən NOVRUZOĞLU,
Politoloq.
Respublika.- 2021.- 26 fevral.- S.7.