Sumqayıt hadisələri:
planlaşdırılmış təxribat
1988-ci il fevralın 27-29-da baş vermiş Sumqayıt hadisələrindən artıq 33 il keçir. Zaman göstərdi ki, bu olaylar böyük bir siyasi oyunun başlanğıcı, necə deyərlər “ilk akkordları” idi. Azərbaycana qarşı yönəldilmiş separatçılığa, terrorizmə, nəhayət işğalçılıq hərəkətlərinə haqq qazandırmaq üçün edilən provakasiya idi.
Sumqayıt hadisələrinə 33 ildən sonra nəzər yetirəndə təxribat törədib, qan axıdanların ermənilərin özü, onların xaricdəki havadarları və SSRİ rəhbərliyinin hansı məqsədlə olduğu çox açıq görsənir. İndi artıq obyektiv və şüurla düşünən hər ağıllı insanda bu az da olsa şübhə doğurmur. Bu üsul onlara dünya ictimaiyyətinə ermənilərin məzlum, azərbaycanlıların və türklərin vəhşi olduqlarını göstərmək, eləcə də gələcəkdə həyata keçirəcəkləri bütün vandal hərəkətlərə haqq qazandırmaq üçün idi. Tarix göstərir ki, bu, ermənilərin əsrlərlə bizlərə qarşı istifadə etdikləri bir üsuldur. Bu yerdə XX əsrin əvvəllərində yazıb-yaratmış görkəmli Azərbaycan publisisti Ömər Faiq Nemanzadənin böyük uzaqgörənliklə söylədiyi sözlər yada düşür. O, 1906-cı ildə “İrşad” qəzetinin səhifələrində çap etdirdiyi məqalələrin birində belə yazır: “Ermənilər, necə olursa-olsun, özlərinin Ermənistan yaratmaq planlarını mütləq həyata keçirəcəklər və bu məqsədə nail olmaq üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovub çıxarmağa cəhd göstərəcəklər. Biz bilməliyik və unutmamalıyıq ki, ermənilər istənilən alçaqlığa hazırdırlar. Onlar təxribatlara əl ataraq, müsəlmanları özlərinə qarşı qalxmağa təhrik edəcək, bilərəkdən böyük itkilərə yol verəcək, sonra da bütün Avropaya özlərini yazıq, məzlum, iztirablı bir xalq kimi göstərmək üçün ah-nalə çəkərək zarıyacaqlar. Onlar öz cinayətləri üçün tədricən plan hazırlayacaq və onu həyata keçirmək üçün yollar arıyacaqlar”. Görün müdrikcəsinə deyilən bu dörd cümlədə ermənilər necə dəqiq xarakterizə edilmişlər. Tarixə nəzər yetirdikdə ermənilərin Ö.F.Nemanzadənin dediyi kimi hərəkətlərini görürük. 1905-1906, 1914-1915, 1918-1920, 1948-1953 və nəhayət 1988-1993- cü illərdə ermənilərin planlı şəkildə həyata keçirdikləri təxribatlar sonradan azərbaycanlıların qırğını və torpaqlarımızın zəbti ilə başa çatıb.
Sumqayıt hadisələrini də eyni ssenari üzrə faşist xislətli, alçaq Eduard Qriqoryanlar və onların ənənəvi havadarları törədib. Ermənilər “Böyük Ermənistan” xülyasına düşəndən Dağlıq Qarabağı da digər Azərbaycan torpaqları kimi özününküləşdirmək istəmişlər. Digər Azərbaycan torpaqları dedikdə isə İrəvan (indi Yerevan), Vedi (Ararat), Basarkeçər (Vardenis), Zəngibasar (Masis), Qəmərli (Artaşad), Mollagöyçə (Maralin), Dərələyəz (Yexeknadzor) və bütövlikdə müasir Ermənistanın ərazisi nəzərdə tutulur. Axı, doğrudan da, tarixi sənədlərə əsasən 200-250 il qabaq Qafqazda ümumiyyətlə erməni və ya özlərinin adlandırdığı kimi “haylar” yaşamayıb.
Bizim torpaqlara ermənilər ilk dəfə 1804-1813-ci il Rus-İran və 1806-1812-ci il Rus-Türk müharibələri dövründə köçürülməyə başlamışlar. Bu proses SSRİ dövründə də davam edib.
1827-ci ilin oktyabrında İrəvan qalası süqut edəndən cəmi üç ay sonra, yəni 1828-ci il fevralın 10-da Rusiya və İran arasında bədnam Türkmənçay müqaviləsi imzalandı. 1828-1829-cu illərdə təkcə Şərqi Anadoludan, Ərzurumdan, Ərdəhandan, Qarsdan, Bayaziddən 14044 erməni ailəsi bizim dədə-baba torpaqlarımıza köçürüldü. N.Şavrov Rusiyanın bu müstəmləkəçilik siyasətindən belə yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yaxın olan xalqların yerləşdirilməsindən başladıq... 1826-1828-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində, 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürmüş və onların İrəvan quberniyasının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi”.
Qərbi Azərbaycan torpaqlarından axırıncı aborigen (mənası-əzəli, köklü-deməkdir), yəni azərbaycanlı 1988-ci ildə çıxarılaraq qovuldu.
Dağlıq Qarabağı Ermənistana birləşdirmək daşnakların çoxdankı arzusu idi. Amma hər dəfə bunu reallaşdırmaq istəyəndə ermənilərin cəhdləri müxtəlif səbəblərdən boşa çıxırdı. Bolşevizm Cənubi Qafqazda bərqərar olan gündən, yəni 1920-ci ildən başlayaraq ermənilər dəfələrlə bu məsələni gündəmə gətirmiş, ancaq heç nəyə müvəffəq olmamışlar. O dövrdə onların ən böyük nailyyəti isə 1923-cü il iyulun 7-də Dağlıq Qarabağa Azərbaycanın tərkibində Muxtar Vilayət statusunun verilməsi oldu. Ermənilər üçün fürsət məhz 1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlişi və onun “yenidənqurma”sı ilə ələ düşdü. Ancaq ermənilər 1985-86-cı illərdə hələ də Dağlıq Qarabağla bağlı iddialarını açıq-açığına üzə çıxarda bilmirdilər. Çünki onda Azərbaycanın böyük oğlu Heydər Əliyev o dövrdə ən yüksək postlardan birini, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tuturdu. Və ermənilərə onun Garabağ məsələsi ilə bağlı sərt mövqeyi hələ 1965 və 1973-cü illərdən yaxşı bəlli idi. Həmin illərdə daşnakların Dağlıq Qarabağ məsələsinin növbəti dəfə qaldırmaq cəhdləri Heydər Əliyevin dəmir iradəsinə dəyib darmadağın olmuşdu. Ona görə Şaxnazaryanlar, Kaputikyanlar, Balayanlar, Aqanbekyanlar ciddi-cəhdlə onun hakimiyyətdən getməsinə çalışırdılar və buna Heydər Əliyev şəxsiyyətindən hər zaman qorxan ermənipərəst Qorbaçov vasitəsi ilə 1987-ci il oktyabrın 25-də nail ola bildilər. İstər Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr, istərsə də Sumqayıt hadisələri Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından az sonra baş verdi.
Heç əbəs deyil ki, H.Əliyevin vəzifədən kənarlaşdırılmasından cəmi bir neçə həftə sonra, Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi, akademik A.Ağanbekyan 1987-ci il noyabrın 17-də Parisdə, erməni Fransa İnstitutunun və erməni veteranları assosiasiyasının təşkil etdiyi qəbulda çıxış edərək belə sözlər demişdi: “Mən istərdim ki, Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır” (“Humanite”, 18 noyabr, 1987-ci il). Ermənistandan Dağlıq Qarabağa emissarlar daxil olmağa, yerli əhali arasında Moskvanın onları tam dəstəkləməyi haqqında təbliğat aparmağa başladılar. Az bir zamanda bu öz effektini göstərdi və hadisələr ildırım sürəti ilə inkişaf etdi. Stepanakertdə (Xankəndi) və Yerevanda mitinqlər başlandı. Mitinq iştirakçıları Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməyini tələb edirdilər. Rəsmi Bakı isə qəflət yuxusunda idi. Bütün bunlar Azərbaycanda əks reaksiya doğurdu və Bakıda, eləcə də ölkəmizin digər böyük şəhərlərində gənclərin və tələbələrin kor-koranə nümayişləri başlandı. Moskva susur, özünü neytral müşahidəçi kimi göstərirdi. Bu zaman, Əsgəranda iki azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Bir müddət sonra isə Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlıların öz dədə-baba yurdlarından kütləvi şəkildə qovulması prosesi başlandı. Rəsmi Bakı çaşqın vəziyyətdə idi. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlir, başlarına gətirilən fəlakətlərdən, zorakılıqlardan danışır, cavab aksiyaların keçirilməsini tələbi ilə nümayiş və yürüşlər keçirirdilər. Və nəhayət, 1988-ci il fevralın 20-də vilayətin xalq deputatlarının növbədənkənar sessiyası çağırılır və burada DQMV-nin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi haqqında qərar qəbul edilir.
Onlar durmadan vəziyyəti ona görə qızışdırırdılar ki, azərbaycanlıları qanlı aksiyalara sövq edib, bütün dünyaya qəddar, zalım obrazında təqdim edə bilsinlər. Fevralın sonunda bu planı həyata keçirmək üçün artıq hər şey hazır idi. Gərginlik yüksək həddə çatdırılmış, məkan da seçilmişdir - SUMQAYIT.
Bəli, 1988-ci il fevralın 27-29-da “ssenaristlər” Sumqayıt hadisələrini törətməyə nail oldular. Həmin günlər şəhərdə baş vermiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400 nəfərdən çox adam bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil sındırılmış və bir qismi yandırılmışdır. Bütövlükdə şəhərə ovaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.
Gəlin hadisələrin müəyyən ssenari ətrafında, planlı şəkildə həyata keçirildiyini sübut edən bir sıra məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edim ki, hələ hadisələrdən 5-6 gün qabaq şəhərdə heç kimin tanımadığı qrup peyda olmuşdu. Dəstələrə bölündükləri üçün onlara eyni vaxtda şəhərin müxtəlif hissələrində rast gəlmək olurdu.
“Ssenaristlər” bu hadisələrə elə güclü hazırlaşmışdılar ki, qanlı aksiyalar törədən qrupların hər birində videooperator var idi. Və onlar zorakılıq və talanlar baş verəcək konkret yerlərdə çəkilişə hazır olurdular. Təsadüfi deyil ki, şəhərdə baş verən olaylardan dərhal müxtəlif ölkələrin telekanalları ilə yayımlandı.
Eyni zamanda, bəzi faktlar şəhərdə yaşayan ermənilərin böyük əksəriyyətinin bu hadisələrdən çox-çox əvvəldən xəbəri olduğunu təsdiqləyir. Məsələn, fevral ayından qabaq erməni milliyətindən olan vətəndaşların şəhər dükanlarından böyük məbləğdə malları kreditlə alması, əmanət banklarından pullarını çıxarılması və köçüb getməsi faktları versiyanın doğruluğunu aydın şəkildə göstərir.
Bu hadisələri həyata keçirmək üçün məkanın məhz Sumqayıt şəhəri seçilməsi təsadüfü deyildi. Burada kimya və metallurgiya sənayesinin inkişafı ilə bağlı keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən onlarca millətin nümayəndəsi məskunlaşmışdı. Bir də Sumqayıt gənclik şəhəridir. Gənclərin beyninə milli zəmində təsir etmək daha asan olduğu üçün təşkilatçılar bu amili də nəzərə almışdılar. Burada baş verənlər ölkənin digər bölgə və şəhərlərinə də tezliklə yayıla bilərdi. Xoşbəxtlikdən, onlar bu istəklərinə nail ola bilmədilər.
Sumqayıtda baş verən hadisələrdən danışarkən hüquq-mühafizə orqanlarının, xüsusilə də prokurorluğun birtərəfli münasibətini qeyd etməmək olmaz. İşlərin bütövlükdə Moskvanın sərəncamına verilməsi, respublika prokurorluğunun prinsipsiz mövqe tutaraq yaxasını kənara çəkməsi nəticəsində min nəfərdən çox sumqayıtlı təhqir dolu istintaq və işgəncələrə məruz qaldı. Qanlı olayların əsas təşkilatçısı və icraçılarından olan “Paşa” ləqəbli Eduard Qriqoryan cəmi 12 il həbs cəzası aldığı halda bu işlərdə əli olmayan Əhməd Əhmədov ən ağır cəzaya - güllələnməyə məhkum edildi.
Olayları diqqətlə öyrəndikdə bu hadisələrin həyata keçirilməsində ən azı iki maraqlı tərəfin mövcudluğu tam bəlli olur. Onlardan birincisi və elə ən qlobalı M.Qorbaçovun rəhbərliyi ilə dünya sosialist sistemi və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr idi. İkinci maraqlı tərəf isə, sözsüz ki, Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən erməni millətçiləri olmuşdur. Axı, həqiqətən də, bu hadisələrdən sonra SSRİ kimi nəhəng, necə deyərlər “topdağıtmaz” bir dövlət dağılaraq siyasi meydandan yox oldu. Qarabağ müharibəsi başlandı, 20 faizə qədər torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildi, XX əsrin ən böyük qətliamlarında biri olan Xocalı faciəsi və minlərlə azərbaycanlının ölümü ilə nəticələnən neçə-neçə digər qanlı olaylar baş verdi.
Bütün bu tarixi faktları nəzərdən keçirərkən daha dəhşətli bir məqam üzə çıxır. O da ermənilərin heç vaxt öz murdar məqsədlərindən özbaşına dönməyəcəyidir. Ermənistan işğalçılıq siyasətlərini hazırki dövrdə də usanıb, çəkinmədən davam etdirməyə çalışır. Düzdü, indi onlar öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkirlər. Çünki dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş-yavaş anlamağa başlayır. Lakin Ermənistanın müstəqil olmadığını dünyanın maraqlı siyasi qüvvələrinin masası olduğunu yaddan çıxarmaq olmaz və bu faşist rejimi böyük təhlükə mənbəyidir. Bu gün Azərbaycan dəyişib və 25-30 il əvvəlki yarıdağılmış, iqtisadiyyatı böhran içində boğulan ölkə deyil, müasir, dinamik inkişafda olan, güclü orduya malik sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir. Heydər Əliyev dühası ilə yaranan bu dövlət çox sevindiricidir ki, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə idarə olunaraq görünməyən bir templə tərəqqi edir.
İndi Azərbaycan hər sahədə ermənilərin iftira və böhtanlarına kəsərli cavab verib, onların qaniçən arzularını ürəyində qoya bilir. Ötən il sentyabrın 27-də Ermənistanın son geniş hərbi təxribatına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Ulu öndər Heydər Əliyev təbiri ilə desək “Tarixi dəyişmək qeyr-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq”.
Söhrab Səfiyev
Respublika.- 2021.- 28 fevral.- S.3.