Qüdrətli Azərbaycanın varlıq simvolu
Hər səhər erkən efirdə doğma bir musiqi - Azərbaycan Respublikasının Dövlət Himni səslənir! Və pərdə-pərdə küçələrə, meşələrə, dağlara səpələnir. Bax, elə bu məqamda Dənizkənarı Milli Parkın ən gözəl nöqtəsində fəxrlə dalğalanan üçrəngli bayrağımız bu bənzərsiz musiqinin sədaları altında daha da canlanır, qürurla yellənir, bir az da möhtəşəm görünür... Əhməd Cavadın ölməz misraları Üzeyir musiqisilə həmahəng olub ürəkləri riqqətə gətirir:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Səslənir!.. Və səsləndikcə səni uzaq-yaxın keçmişimizi əks etdirən bir həqiqətlə üz-üzə qoyur. Bu anda əski bir xəritəni gətirirsən göz önünə. Xəritədəki Azərbaycan heç də bizə dərslərdə anladılan məhdud sərhədli məmləkət deyildi: Bakısı, Gəncəsi, Lənkəranı, Qazağı, Şuşası, Laçını, Qusarı, Qubası, Naxçıvanı, Xankəndisi ilə yanaşı, Zəngəzuru da, Göyçəsi də onun doğma “qucağında” idi... Sonralar çox şey dəyişdi, yaş üstünə yaş gəldi, ana yurdumuz Azərbaycanın xəritəsi də olub-keçənləri xatırlatdı bizə. Uzun illər bu xəritəyə baxmaq adama cəhənnəm əzabı kimi göründü. Şuşanın qəmli şikəstəsi, Xocalının yanğılı çığırtısı, Kəlbəcərin kövrək harayı, Laçının, Ağdamın, Füzulinin dərd-ələmli ah-zarı, qolları buxovlu Xankəndinin, Ağdərənin, Xocavəndin göz yaşları ... içimizi dağıdıb tökdü.
Yenə də xəritənin önündəyik, o səni alıb aparır, gah son əsrimizin hadisələrindən xəbər tutur, gah keçmişin ən dərin qatlarına baş vurur, gah da bu günlərimizin iştirakçısına çevrilirsən. Xəyalında tarixi çözələyirsən...
O gün də hər şey elə əvvəlkitək olmalı, Yer kürəsi həmişəki qaydada fırlanmalı, günəş də çıxmalı, səhər də elə adətilə açılmalıydı. Həyat və zaman öz qovşağındaydı... lakin o gün - planetimizin Azərbaycan adlı məmləkəti üçün bambaşqaydı. Vaxt qanad taxıb uçurdu, Yer kürəsi də fırlanma sürətini artırmışdı elə bil. O gün doğulanların da qismətinə başqa bir yazı yazılırdı: müstəqil Azərbaycanın övladları...
Təqvimdə 1918-ci il 28 may günü idi...
Məhz o gün azadlıq məfhumu bizim üçün ulu müqəddəslik rəmzinə
çevriləcək, millətimizin
azadpərvər ideyalarından
dünya xəbər tutacaqdı. Azərbaycan Demokratik Cümhuriyyətinin
varlığını səciyyələndirən
“Bir kərə yüksələn bayraq bir daha enməz”
aforizmi özünün
əfsanəvi məzmunu
ilə min-min ürəkdə
yuva quracaqdı.
1918-ci il mayın
28-də yaradılmış Azərbaycan Cümhuriyyəti
bütün Şərq
aləmində tarixin səhifəsinə ilk demokratik
respublika kimi daxil oldu. Həmin çağlarda
Azərbaycan torpaqlarının
ümumi sahəsi
114.7 min kvadratkilometr idi.
Bakı ilk dəfə rəsmi surətdə Azərbaycanın
paytaxtı elan edildi, onun yaxın
gələcəkdə abadlaşdırılmasının
və yenidən qurulmasının perspektiv
planı hazırlandı. Torpağımız, xalqımız dinc quruculuq işinə əzmlə başladı.
Əfsus
ki, bizim neftimizə diş qıcıyan istilaçılar
silah gücünə
bu səadəti əlimizdən aldılar.
ADR-in süqutundan sonra
M.Ə.Rəsulzadənin Stalinlə
görüşünün təfsilatı ictimaiyyətə
bəllidir, ancaq yenə də xatırlatmaq yerinə düşərdi. Stalinin “...bu il yarımlıq hakimiyyətiniz
ərzində xalqa nə verdiniz?” - sualına Məhəmməd
Əmin bəy: “Çox şey verə bilmədik, amma milli azadlığın
nə olduğunu başa saldıq. Azca da milli istiqlal
dadızdırdıq. Bir kərə yüksələn
bayraq bir daha enməz” - deyərək özünün
klassik cavabını vermişdi.
28 May! Artıq bu şərəf tariximiz bir əsrlik
ömrünü arxada
qoyub, ikinci yüzilliyini yaşayır.
Amma necə? Bu gün biz
1918-ci ildə millətləşmə
fürsəti qazanan, fəqət cəmi iki il sonra bundan məhrum
olan, xalqının arzusu qəlbində qalan, nəhayət XX əsrin sonlarına yaxın ikinci dəfə müstəqilliyə
nail olan bir dövlətin vətəndaşlarıyıq.
Bəli, indi zaman başqadır. Yenə də
canfəşanlıqla müstəqilliyimizə
son qoymaq naminə dəridən-qabıqdan çıxan
qüvvələrin arzuları
gözlərində qaldı.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanın
müstəqilliyi əbədidir
və dönməzdir!..
İlk milli cümhuriyyətin yaranması ilə bir sırada Məhəmməd Əmin
Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov,
Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli və digər onlarca qeyrətli Vətən övladının ağır,
çətin mübarizə
meydanına atılmaları
faktının özü
də XX əsr Azərbaycan intibahının
intişarının bir
qoludur. Bu ənənənin
davamını biz əsrin
sonunda bir daha gördük. Ümummilli lider Heydər Əliyev yenə də məhv olmaq təhlükəsilə
üz-üzə qalan
dövlətimizi, müstəqilliyimizi
qorudu, inkişaf etdirdi, onu əbədi
və dönməz etdi.
Xalqının ağır günündə
Vətənə dönən
ulu öndər çətin günlərini
yaşayan Naxçıvanda
ilk dəfə ucaltdığı
üçrəngli bayrağımızla
sübut etdi ki, bir dəfə
ucalan bayrağımız
bir daha enməyəcək. Müstəqil dövlətin digər
atributlarını da qorudu, yaşatdı, onun prezidenti kimi Azərbaycanı dünya müstəvisinə
çıxartdı. Onu tanıtdı,
beynəlxalq nüfuzunun
artması naminə var-qüvvəsilə çalışdı,
Xalq Cümhuriyyəti
irsinə hörmətlə
yanaşdı, bu yolda xidmətləri olan Vətən oğullarının xatirəsini
əziz tutdu.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev hakimiyyətə gəldiyi
ilk gündən fəaliyyətində
bu prinsipləri əsas götürdü. 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi münasibətilə təşkil
olunan mərasimdə çıxış edən
ölkə başçısı
İlham Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq
müsəlman aləmində
demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq
fəxr edirik ki, bu respublikanı
Azərbaycan xalqı yaradıbdır. Bu, bir
daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi
xalqdır...”.
ADR-in qısa sürən hakimiyyəti dövrünü
yüksək qiymətləndirən
Prezidentin 2018-ci ilin ölkədə “Azərbaycan
Xalq Cümhuriyyəti
ili” elan edilməsi ilə bağlı sərəncam
imzalaması da deyilənlərin təsdiqidir.
Bu gün Azərbaycan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin
sədaqətli və
layiqli varisi kimi 1918-1920-ci illərdə
əsası qoyulmuş
demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə
həyata keçirir və inkişaf etdirir. Məhz Prezident İlham
Əliyevin Azərbaycanın
hərtərəfli inkişafını
təmin edən məqsədyönlü və
düşünülmüş siyasəti sayəsində
müasir Azərbaycan
beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul edilmiş, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla keçmişdir.
İndi Azərbaycan güclü dövlətlərdən biridir. Bunu 44 günlük
Vətən müharibəsi
də sübut etdi. Döyüşlər başladığı ilk gündən qələbə
gününədək ürəklər
cəbhə ilə bir döyündü, hər bir kənd,
qəsəbə, şəhər
azad olunduqca Müzəffər Ali Baş
Komandanımızla, Şanlı
Ordumuzla qürur duyduq. Cəbhə xəbərlərini səbirsizliklə
gözlədik...
Şuşaya gedən Zəfər yolunu, Azərbaycan ordusunun qəhrəmanlığını,
şücaətini, həlledici,
şərəfli döyüş
yolunu izlədik, kədərləndik, sevindik. Möhtəşəm qələbənin sevincini
yaşadıq. 30 illik həsrətə, ayrılığa son qoyuldu.
Ərazi
bütövlüyümüz bərpa olundu, azad edilmiş torpaqlarda üçrəngli
bayrağımız dalğalandıqca
ürəklər dağa
döndü. Axı, bunu
illərlə gözləmişdik.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Azərbaycan
Bayrağının Şuşada
dalğalanması möhtəşəm
qələbəmizin ən
pik nöqtəsi oldu. Ölkə başçısı,
Ali Baş Komandan Şuşada üçrəngli
bayrağımızı qürurla
qaldırdığı o anda
könüllərdə, ürəklərdə
ecazkar bir musiqi səslənirdi:
... Üçrəngli bayrağınla
məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən
hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman
oldu!
İndi daha yaxşı anladıq bu lətafətli səslənmənin
belə sevilməsinin
səbəbini. Bu səslənmə
ulu ocağımızın
əbədi Varlığını
dalğa-dalğa dünyaya
yayır: dostlar sevinir, düşmən xar olur. Bu Varlığın
çoxəsrlik yaşı
var. Daha neçə-neçə
əsrlər keçəcək,
bu, belə də qalacaq, Azərbaycan öz ömrünün səhifələrini
yazacaq: elə-beləcə
zəngin, keşməkeşli,
bəlalı-məlallı, qüdrətli-qeyrətli həyatına
davam edəcək. Və hər dəfə səsləndikcə o xəritə
gəlib dayanacaq gözlərimizin qarşısında,
oradakı boşluqlar
dolduqca, ilahi ədalətin zəfərinə
sevinəcək, Tanrıya
şükranlığımızı edəcəyik.
Yenə
də hər səhər efirdə Dövlət Himnimiz səslənəcək, dünyaya
yayılacaq, bayrağımız
dalğalanacaq, Qüdrətli
Azərbaycan dövlətinin
varlıq simvolu kimi...
Zümrüd QURBANQIZI
Respublika.- 2021.- 3 iyun.- S.1;2.