Milli səhiyyəmizin etibarlı flaqmanı

 

Mərkəzi Klinik Xəstəxana 20 illik uğurlu fəaliyyəti ilə xalqın sağlamlığının keşiyindədir

 

 

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən səhiyyə siyasəti nəticəsində, müasir standartlara cavab verən tibb müəssisələrinin istifadəyə verilməsi, müasir tibbi cihaz, avadanlıq və kadrlarla təminatı səhiyyəmizin simasını tamamilə dəyişir. Ölkə rəhbərinin diqqəti və qayğısı ilə əhatə olunan geniş və məqsədyönlü tədbirlər sayəsində səhiyyə xidmətləri istiqamətində böyük inkişafa nail olunur. Məhz Mərkəzi Klinika da bu uzaqgörən siyasət sayəsində yaranmış və inkişaf edən çoxsaylı səhiyyə müəssisələrindən biridir.

 

 

 

Əhalinin sağlamlığı keşiyində ləyaqətlə dayanan nüfuzlu bir səhiyyə müəssisəsinin — Mərkəzi Klinikanın rəsmi fəaliyyətə başlamasından 20 il ötür.

 

Mərkəzi Klinika 2001-ci il iyun ayının 1-də ulu öndərin şəxsi təşəbbüsü və səyləri ilə beynəlxalq standartlara uyğun rekonstruksiyadan sonra Səhiyyə Nazirliyinin tam təsərrüfathesablı Mərkəzi Klinik Xəstəxanası kimi fəaliyyətə başlamışdır. Tibbin əsas istiqamətləri üzrə xalqımıza beynəlxalq standartlara uyğun xidmət göstərərək qısa müddətdə nəinki Azərbaycanda, eyni zamanda, Cənubi Qafqazda böyük nüfuza malik bir şəfa ocağına çevrilmişdir. Son illərdə həyata keçirilən səmərəli idarəçilik və fundamental işlər nəticəsində bu səhiyyə ocağında tibbi xidmətlər daha da genişləndirilmişdir. Belə ki, bu dövrdə ardıcıl olaraq Mərkəzi Klinikanın Ambulatoriyasının, Stomatologiyasının, regionlarda analoqu olmayan Mərkəzi Klinika Gəncə Xəstəxanasının istifadəyə verilməsi, yeni nəsil maddi-texniki baza ilə təmin edilməsi məhz son illlərdə aparılan məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur. Mərkəzi Klinika bu müddət ərzində səhiyyənin inkişafında inqilabi dəyişikliklərə səbəb olmaqla, səhiyyəmizin lokomotivinə çevrilmişdir.

 

Mərkəzi Klinikanın milli səhiyyəmizin simasını dəyişən və hətta səhiyyədə inqilab hesab edilən rolu və fəaliyyəti nədən ibarətdir və bunu necə başa düşmək olar?! Məsələni dərindən anlamaq üçün həmin dövrdə, yəni 2000-ci ilin əvvəlində ölkə səhiyyəsinin vəziyyətini göz önünə gətirmək kifayətdir. Bu vəziyyəti Mərkəzi Klinikanın rəsmi açılışı zamanı ulu öndər öz nitqində çox təsirli formada ifadə etmişdir: “Son illər belə bir halı müşahidə etməyə başladıq ki, Azərbaycanda bir çox xəstəliklərin müalicəsi mümkün deyil, hətta bəzi xəstəliklərə aid müayinənin aparılması da mümkün deyil”. Yaxın keçmişimizin acı mənzərəsi kimi səhiyyə müəssisələrində texnoloji avadanlıqların və cihazların aşınmaya məruz qalması və bu səbəbdən ölkə vətəndaşlarına tələb olunan səviyyədə tibbi xidmətin göstərilə bilməməsi üzündən onların xarici ölkələrdəki klinikalara üz tutması, eləcə də yüksəkixtisaslı tibbi kadrların işdən getməsi, nəhayət, ölkədən böyük həcmdə valyuta kütləsinin xaricə axını faktları yada düşür. Yaranmış vəziyyətlə barışıb ölkədə qalan tibb mütəxəssisləri müasir dünya səhiyyəsində tələb olunan nəzəri və praktik bilikləri əldə edə bilmir, professional keyfiyyətlərini itirir, bütövlükdə isə ölkənin səhiyyə sistemində reqressiv proseslər baş verirdi.

 

Bu vəziyyət istər təşkilati, istərsə də təcrübi baxımdan ölkəmizdə yüksək səviyyəli səhiyyə müəssisəsinin yaradılması zərurətini aktuallaşdırırdı. Məhz bu zərurəti hər zamankı uzaqgörənliyi və müdrikliyi ilə qiymətləndirən ulu öndər Mərkəzi Klinik Xəstəxananın yaradılması barədə qərar verdi. Mərkəzi Klinika isə bu etimadı doğruldaraq milli səhiyyəmizin inkişafında müstəsna rol oynayaraq keyfiyyətli dəyişikliklərə imza atdı.

 

İlk növbədə dünyada tibbi texnika istehsalçısı nəhəngləri kimi tanınan firmaların (Siemens, GE, Toshibo, Karl Storzs.) son nəsil avadanlıqları dövlətin qayğısı nəticəsində Mərkəzi Klinikaya gətirildi və xalqımızın istifadəsinə verildi. Xəstəliklərin erkən diaqnostika və müalicəsi sahəsində böyük texnoloji imkanlara malik cihazlar Kompüter-Tomoqrafiya, Maqnit-Rezonans, Doppleroqrafiya, Ultrasəs və Rentgenoskopiya, Angioqrafiyas. kimi ən müasir cihazlar məhz ölkəmizdə ilk dəfə Mərkəzi Klinikada tətbiq olundu. Son dərəcə geniş texnoloji imkanlara malik maddi-texniki baza əsasında Mərkəzi Klinika nəinki respublikamızın, hətta bəzi ölkələrin klinikalarını belə qabaqladı.

 

Eyni zamanda bu texnologiyadan məharətlə istifadə edən və tibbi xidmət göstərən minlərlə peşəkar kadr ordusu hazırlandı və formalaşdırıldı. Mərkəzi Klinika tərəfindən yüzlərlə gənc həm respublikadan kənara göndərilməklə, həm də müəssisənin öz daxilində tərtib edilən ciddi təlim proqramları vasitəsilə müasir biliklərə yiyələndi və peşəkar mütəxəssis kimi yetişdirildi. Ölkəmizdə fəaliyyət göstərən səhiyyə müəssisələrinin minlərlə əməkdaşı Mərkəzi Klinikada kurslara göndərildi və hazırda bu davam edir. Ölkə rəhbərliyinin tövsiyəsi ilə tibbi kadr hazırlığı ilə məşğul olan aliorta ixtisas təhsil müəssisələri öz istehsalat təcrübələri üçün məhz əsas baza kimi Mərkəzi Klinikaya müraciət edir. Bu günədək yüzlərlə həkim və orta tibb işçisi istehsalat təcrübələrini, interna və rezidenturalarını Mərkəzi Klinikada keçərək yüksək səviyyəli mütəxəssis kimi hazırlanmışlar. Sevindirici haldır ki, Mərkəzi Klinikada hazırlanan kadrlar eyni uğuru inkişaf etmiş ölkələrin nüfuzlu klinikalarında da qazanır və belə kadrların sayı bu gün onlarladır.

 

Tibbi xidmətin fəlsəfəsi kökündən dəyişərək, xəstə hüquqlarının və məmnuniyyətinin əsas olduğu keyfiyyətli, etibarlı, təhlükəsiz və əlçatan səhiyyə xidmətləri xalqımıza təqdim olundu. Səhiyyə menecmenti və səhiyyə idarəçiliyində köhnə idarəçilik metodlarından imtina edilərək, tibbi xidmət və idarəetmə funksiyalarının ayrıldığı, səhiyyə müəssisəsində keyfiyyət və sistemliliyi əsas götürən müasir menecment metodları tətbiq edildi. Ölkəmizdə tibbi xidmət sahəsində saysız-hesabsız ilklərə və yeniliklərə imza atıldı. İyirmi il ərzində ölkəmizdə həyata keçirilən mürəkkəb tibbi xidmətlərin və cərrahi əməliyyatların əksəriyyəti məhz ilk dəfə Mərkəzi Klinikada həyata keçirildi. Bu illər ərzində “Bu tibbi xidmət ölkəmizdə ilk dəfə Mərkəzi Klinikada həyata keçirilir” və ya “Mərkəzi Klinikada tibbdə unikal hesab edilən cərrahi əməliyyat həyata keçirildikimi anonsları sıx-sıx eşitdik.

 

Əvvəllər respublikamızda əlçatmaz hesab edilən tibbi xidmətlər, o cümlədən müasir ürək əməliyyatları, angioqrafiya, angioplastika, süni ürək köçürülməsi, süni mayalanma, orqan transplantasiyası və sair kimi çoxsaylı mürəkkəb əməliyyatlar uğurla həyata keçirildi. Neonatoloji reanimasiya və əməliyyatxananın geniş imkanları sayəsində ekstremal az çəkili (500 gr.) körpələr üzərində həcmli cərrahi əməliyyatlar müvəffəqiyyətlə icra olundu. Respublikamızda ən güclü və etibarlı reanimasiyaintensiv terapiya xidmətləri formalaşdırıldı. Burada mövcud olan maddi-texniki baza nəinki respublikamızın, hətta ən inkişaf etmiş ölkələrin reanimasiya şöbələri ilə müqayisə oluna bilər. Belə ki, hər biri tənəffüs aparatı və monitorizasiyaya uyğun monitorlarla təchiz olunmuş reanimasiya çarpayıları, həmçinin hemodializ, hemofiltirasiya, plazmafarez, MARS, ECMO, CPFA cihazları istənilən təcili hallarda istifadəyə hazır vəziyyətdədir. Tibbi laboratoriyanın maddi-texnikikadr potensialı ən müasir tələblərə cavab verir və nəticələr son dərəcə dəqiqliyi ilə fərqlənir. Sevindirici haldır ki, laboratoriya dünya laboratoriyalar qrupları arasında keçirilən Xarici nəzarət proqramında (Medical Services Profiency) iştirak edərək dəfələrlə sertifikat ilə təltif olunmuşdur.

 

Yuxarıda qeyd etdiklərimizin nəticəsi olaraq Mərkəzi Klinika ölkəmizdəki tibb müəssisələri arasında ilk dəfə səhiyyə sahəsində bütün tibbi xidmətlər üzrə eyni vaxtda iki beynəlxalq İSO sertifikatına layiq görüldü. Beləliklə də, Mərkəzi Klinikanın həm idarəetmə sisteminin, həm də göstərilən tibbi xidmətlərin, o cümlədən ambulator, stasionar və təcili yardım xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğunluğu beynəlxalq auditorlar tərəfindən təsdiq edildi.

 

Tibbi təbliğat və maarifləndirmə sahəsində yeni bir dövr başladı. Mərkəzi Klinika tərəfindən bu müddət ərzində 10-dan çox beynəlxalq və yerli əhəmiyyətli konfranslar təşkil edildiuğurla həyata keçirildi.

 

Mərkəzi Klinika tibbi sığorta sahəsində də ilkə imza atmış, ölkəmizin tibbi sığorta sisteminin formalaşdırılmasında yaxından iştirak etmişdir. Məlumdur ki, hazırda icbari tibbi sığorta sisteminə keçid ölkə səhiyyəsində ən aktual mövzulardan biridir. Xəstəxanada hələ 2002-ci ildən etibarən könüllü sığorta sistemi ilə tibbi xidmətə başlanılmış və bu günədək yüz minlərlə sığortalı xəstələrə tibbi xidmət göstərilmişdir. Bu sahədə xəstəxanada uzun illərdən bəri böyük təcrübə toplanılmış, sığorta ilə işləyən və geniş təcrübəsinə malik peşəkar mütəxəssislərdən ibarət heyət formalaşmışdır. Həm tibbi sığorta, həm də kadr hazırlığı sahəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

 

Onu da qeyd edək ki, bütün bu uğurların və fəaliyyətin nəticəsində Mərkəzi Klinika xalqımızın tibb sahəsində son ümid yerinə çevrilmişdir. Statistik rəqəmlərdən belə göründüyü kimi, təcrübəli həkimlər tərəfindən həyata keçirilən əməliyyatlar, göstərilən tibbi xidmətlər nəticəsində on minlərlə vətəndaşımız sağlamlığına qovuşmuş və şəfa tapmışlar. Nəinki vətəndaşlarımız, hətta rəqabət aparılan səhiyyə müəssisələri belə son ümid yeri kimi Mərkəzi Klinikanı seçir. Belə ki, bu müəssisələr uzun müddət müalicə etdikləri, lakin nəticə əldə edə bilmədiklərindən daha ağır vəziyyətə düşən xəstələrini son nəticədə bu müəssisəyə köçürürlər. Az əhəmiyyətli olmayan bir fakt da ondan ibarətdir ki, təkcə ölkə vətəndaşları deyil, əcnəbilər, diplomatik nümayəndəliklərin, nüfuzlu xarici şirkətlərin əməkdaşları da bu xəstəxanada göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını Azərbaycan həkimlərinə etibar edirlər.

 

Mərkəzi Klinikanın fəaliyyət göstərdiyi 20 il zaman baxımından o qədər də böyük müddət olmasa da, səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər baxımından geniş məzmuna və inqilabi xarakterə malikdir. Əvvəllər xəyal belə edilməsi mümkün olmayan tibbi xidmətlər və mürəkkəb cərrahi əməliyyatlar bu gün müvəffəqiyyətlə həyata keçirilir. Ən əsası isə vətəndaşlarımızla birlikdə, əcnəbilərin də milli səhiyyəmizə inam və etibarının güclənməsinə nail olunur.

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 3 iyun.- S.6.