Respublikamızın meliorasiya
və su təsərrüfatı
dayanıqlı inkişaf yolunda
5 iyun Su Təsərrüfatı və
Meliorasiya İşçiləri Günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə hər il iyun ayının 5-i ölkəmizdə “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi geniş qeyd olunur. Bu gün respublika iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatının inkişafında meliorasiya və su təsərrüfatının rolu danılmazdır.
Dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmiz sürətlə inkişaf etməyə və müasir dünyaya uğurla inteqrasiya etməyə başladı. Ulu öndərimizin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmizin dağılmış iqtisadiyyatı bərpa olunmağa, maliyyə vəziyyəti sabitləşməyə, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artmağa, xalqın həyat səviyyəsi isə yaxşılaşmağa başladı. İqtisadi transformasiyanın sürətləndirilməsi sayəsində planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün münbit şərait formalaşdı. O dövrdə iqtisadiyyatımızın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.
Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və şəxsi nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.
Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbərimiz Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoymuşdu.
Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Hələ V-VI əsrlərdə bu ərazilərdə tikilmiş suvarma kanallarının izləri indiyə qədər qalmaqdadır. Düzənliyin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, dünya şöhrətli siyasətçi, ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Respublikamızda meliorasiya və irriqasiya işləri təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Həmin illərdə bu sahədə geniş quruculuq işləri aparılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları tikilib istifadəyə verilmişdir. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən başlayaraq ölkəmizin ictimai, iqtisadi və siyasi həyatında bir canlanma yarandı. Respublikamızda xalq təsərrüfatının bütün sahələrinə, eləcə də meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi diqqət və qayğı göstərilməyə başlanıldı. Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi 1969-1972-ci illər ərzində Meliorasiya və Su Təsərrüfatı sahəsinin inkişafı naminə bu sahəyə kifayət qədər vəsait ayrıldı. Yeri gəlmişkən, bu vəsaitin Sovet hakimiyyətinin 50 il ərzində bu sahəyə qoyduğu vəsaitdən 2 dəfə çox olması xüsusi qeyd olunmalıdır. Ulu öndərimizin səyi ilə respublikamızda uğurla aparılan geniş quruculuq işləri sayəsində iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, müasir tələblərə cavab verən meliorasiya və irriqasiya sistemləri tikilib xalqın istifadəsinə verildi və bunun da nəticəsi olaraq respublika ərazisində suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmış oldu.
1993-cü ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı yenidən bərpa olundu. Ümummilli liderimizin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı indi onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Dövlət başçısı cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir.
Bildirməliyəm ki, mənim təşəbbüsümlə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir”.
Kənd təsərrüfatının və aqrar sahənin inkişaf etdirilməsinin ən mühüm şərtlərindən biri torpaqdan maksimum dərəcədə səmərəli istifadə edilməsidir. Elə möhtərəm Prezidentimiz İlham Əliyev də torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini qeyd edərək demişdir: “Kənd təsərrüfatının intensiv yollarla inkişaf etməsi çox vacibdir. Azərbaycanda torpaqlar çox deyil, biz torpağın hər bir qarışından səmərəli istifadə edilməsi üçün lazımi tədbirlər görməliyik”.
Ölkə başçımızın Azərbaycanda aqrar siyasətin əsas hədəfini müəyyən edən bu tövsiyəsi əsasında respublikamızda kənd təsərrüfatının və aqrar sahənin hərtərəfli, dinamik inkişafına xüsusi önəm verilir. Kənd təsərrüfatının və aqrar sahənin inkişafında isə meliorasiya və su təsərrüfatının xüsusi rol oynadığını nəzərə alsaq, bu sahənin perspektiv inkişafının meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələrin səmərəliliyindən və onların hazırlanma keyfiyyətindən birbaşa asılı olduğunu deyə bilərik. Məhz elə buna görə də respublikamızda təsərrüfatın bütün sahələrinə olduğu kimi meliorasiya və su təsərrüfatı sahəsinə də həmişə xüsusi diqqət və qayğı göstərilir, bu sahənin daha da inkişaf etdirilməsi üçün olduqca mühüm tədbirlər həyata keçirilir.
Ömrümün bir hissəsi su təsərrüfatı sahəsi ilə bağlıdır. Belə ki,1976-cı ildə Azərbaycan Respublikası Meliorasiya və Su Qurğuları İdarəsinin Tərtər rayonundakı 15 saylı TQİ-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, 1977-ci ilin avqust ayında nazirliyin göndərişinə əsasən Bərdə rayonundakı 17 nömrəli SMD-yə iş icraçısı vəzifəsinə təyin olunmuşam. 1987-1992-ci illərdə isə “Azərsutikinti” Dövlət Konserninin Bərdə rayonundakı 32 nömrəli TQİ-nin rəisi, 1992-1996-cı illərdə “Qarabağsutikinti” Trestinin müdiri, 1996-1998-ci illərdə “Azərsutikinti” Dövlət Konserninin Tərtər rayonunda yerləşən 15 nömrəli TQİ-nin müdiri vəzifəsində çalışmışam. “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Tərtər rayonundakı “Qarabağsutikinti” törəmə müəssisəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2010-cu ilə kimi bu vəzifədə işləmişəm. 2010-cu ildə “Qarabağsutikinti” törəmə müəssisəsinin bazasında “Qarabağ E.R.” MMC yaradılmış və həmin vaxtdan cəmiyyətin direktoru vəzifəsində çalışıram.
Bərdə şəhərində “Uşaq incəsənət məktəbi”, Ağcabədi rayonunda Qarqar çayında sahilbərkitmə işləri, Bərdə rayonunda qaçqın və məcburi köçkünlər üçün 7 mərtəbəli 42, Bakı şəhəri Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün 5 mərtəbəli 80 mənzilli yaşayış binaları, Bərdə şəhərində sahilbərkitmə işləri və sair yüzlərlə obyekt, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişləri əsasında—Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan qaçqın və məcburi köçkünlərin təsərrüfatları su təminatının yaxşılaşdırılması məqsədi üçün beton kanal, hidrotexniki qurğu və körpülər, Goranboy rayonunun ərazisində suvarılan torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə Xanarx kanalının, hidrotexniki qurğuların, körpülərin və selötürücülərin tikinti işləri və s. obyektlər bu idarənin əməyinin bəhrəsidir. Tərtər rayon ərazisində Tərtər çayının sağ sahilində sel sularından mühafizə məqsədi üçün sahilbərkitmə işləri, hidrotexniki qurğular, körpülər və selötürücü qurğular, Tərtər rayonunun Evoğlu, Küçərli və Qaraqoyunlu kəndlərində əkin sahələrinin yeraltı qaynama sularından təmizlənməsi və torpaqların meliorativ yaxşılaşdırılması üçün “Qrunt sularının səviyyəsinin aşağı salınması” layihəsi və Bərdə rayonun yeraltı qaynama sularından təmizlənməsi və torpaqların meliorativ yaxşılaşdırılması məqsədilə “Qrunt sularının səviyyəsinin aşağı salınması” layihəsi üzrə işlər, Ağdam rayonunun Ergi massivində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Qarabağ kanalına baş suqəbuledici qurğunun tikintisi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən keçən Qarqar çayında sel sularından mühafizə məqsədilə beton qoruyucu bənd, 24 metr aşırımında metal körpü və 1 ədəd səviyyəendirici qurğunun tikintisi, Bərdə şəhərində Heydər Əliyev adına milli parkın ərazisindən keçən Tərtər çayında beton sahilbərkitmə işləri, 2 ədəd səviyyəendirici qurğu, 85 metr uzunluğunda müasir üslubda tikilmiş asma körpü və onlarca bu kimi işlər də bu sıradandır.
5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə bu sahənin zəhmətkeşlərini təbrik edir, onlara uğurlar arzulayıram.
Vəli ALBƏNDOV,
“Qarabağ E.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru,
respublikanın Əməkdar mühəndisi,
YAP üzvü.
Respublika.- 2021.- 3 iyun.- S.9.